Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkün gücü daha da möhkəmlənir...

Türkün gücü daha da möhkəmlənir...

03.02.2026 [09:31]

Türkiyə və Özbəkistan prezidentləri mühüm mesajlar veriblər

Qloballaşan dünyada türk dövlətlərinin birliyinin daha da güclənməsi bir zərurətdir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində əsaslı addımlar atılır. Eyni zamanda, türk dövlətləri ikitərəfli münasibətlər kontek?tində əməkdaşlığı genişləndirir. Bu ölkələrin əksəriyyəti qarşılıqlı əlaqələri strateji səviyyəyə yüksəltməkdədir.

Bütün bunların fonunda türk dünyasının böyük dövlətləri olan Türkiyə ilə Özbəkistanın əlaqələri də məmnunluq doğurur. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türkiyəyə rəsmi səfəri zamanı aparılan müzakirələr və imzalanan sazişlər bunun göstəricisidir.   Qeyd edək ki, ikitərəfli və nümayəndə heyətləri səviyyəsində keçirilən görüşlər və Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV toplantısından sonra iki ölkə arasında müxtəlif müqavilələrin imzalanması mərasimi olub. İki ölkənin liderləri “Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasının Birgə Bəyannaməsi”ni və “Türkiyə Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin əməkdaşlıq mexanizmləri haqqında Qərar”ı imzalayıblar. Sonra müxtəlif sahələr üzrə sənədlər imzalanıb.

Ərdoğan: TDT çərçivəsində də sıx əməkdaşlıq edirik

Prezidentlərin mətbuat konfransında Ərdoğan bu il həm də 1996-cı ildə imzalanmış Əbədi Dostluq və Əməkdaşlıq Müqaviləsinin 30-cu ildönümünün qeyd olunduğunu bildirərək, qardaş Özbəkistanın Mirziyoyevin bacarıqlı və güclü rəhbərliyi altında dövlət ənənələri ilə Mərkəzi Asiyanın regional inteqrasiyasında öncül rol oynadığını qeyd edib. Ərdoğan Türkiyə ilə Özbəkistan arasında həmrəyliyi gücləndirməklə yanaşı, həmrəyliyi davamlı olaraq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıqlarını ifadə edərək, mübadilə edilən razılaşmaların gələcək üçün yol xəritəsini müəyyən etdiyini bildirib. O, qeyd edib ki, hər iki ölkənin qurumları siyasi, iqtisadi, mədəni, insani və regional sahələrdə bütün ortaq məqsədlərə nail olmaq üçün birlikdə çalışırlar.

Xarici işlər nazirlərinin həmsədrlik etdiyi Birgə Strateji Planlaşdırma Qrupunun bu yaxınlarda görüşdüyünü xatırladan Ərdoğan xarici işlər, daxili işlər, müdafiə nazirləri ilə kəşfiyyat qurumlarının rəhbərlərindən ibarət 4+4 mexanizminin ilk iclasını Ankarada keçirdiklərini də söyləyib. “Son illərdə ticarət, müdafiə sənayesi, təhsil və mədəniyyət kimi sahələrdə bir çox layihələr həyata keçirmişik. Son 10 ildə ikitərəfli ticarət həcmimizi 3 dəfə artırmışıq. İnanıram ki, 5 milyard dollarlıq yeni hədəfimizə tezliklə çatacağıq. Türkiyə olaraq həm Özbəkistanın, həm də ata-baba yurdumuz olan Orta Asiyanın çiçəklənməsinə töhfə vermək üçün əlimizdən gələni etməyə qərarlıyıq”, - deyə o, vurğulayıb.

Türk Dövlətləri Təşkilatı çərçivəsində Özbəkistanla sıx əməkdaşlıq etdiklərini bildirən Ərdoğan, ötən ilin noyabrında Səmərqənddə keçirilən YUNESKO-nun 43-cü Baş Konfransında 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü elan edilməsində Mirziyoyevin mühüm rolunu qeyd edib. Ərdoğan sözlərinə belə davam edib: “İnsanlığımızın sınaqdan keçirildiyi bir vaxtda Prezidentin simasında özbək bacı və qardaşlarımı məzlumların yanında göstərdikləri cəsarətə görə ürəkdən təbrik edirəm. Qardaşım Mirziyoyevin Özbəkistanda fələstinlilər üçün sosial xidmətlər göstərmək üçün fond yaratmaq qərarını da yüksək qiymətləndirirəm. Təkcə qəlbimiz, dilimiz deyil, kədərimiz, dərdimiz birdir. Bunu üç il əvvəl mübarək Ramazan ayında yaşadıq. 53 mindən çox insanın həyatını itirdiyi 6 fevral zəlzələsindən sonra bizə yardım edən ilk ölkələrdən biri Özbəkistan oldu. Özbək qardaşlarımızın zəlzələ xəbərini eşidən kimi millətimiz üçün necə səfərbər olduqlarını çox yaxşı bilirik”.

Türk Dövlətləri Təşkilatının 2023-cü ildə keçirilən fövqəladə Zirvə toplantısında Özbəkistanın təklifi ilə fevralın 6-nın “Fəlakət Qurbanlarını Anma və Həmrəylik Günü” elan edildiyini xatırladan Ərdoğan, Özbəkistanın bununla da kifayətlənmədiyini, 308 evin tikintisini öz üzərinə götürdüyünü bildirib.

Mirziyoyev: Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Türkiyənin qlobal miqyasda getdikcə daha çox nüfuz qazandığını bildirərək, “Ölkəniz, sözün əsl mənasında, dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir” deyib. Ş.Mirziyoyev Türkiyənin təkcə müsəlman dünyasında deyil, qlobal miqyasda hər sahədə artan nüfuz qazandığını və dəyərli uğurlar əldə etdiyini vurğulayaraq, “Türk Əsri” strateji proqramının sistemli şəkildə həyata keçirildiyini söyləyib.  Bu vəziyyətin Özbəkistanı sevindirdiyini dilə gətirən Prezident bu nailiyyətlərə görə Türkiyəni özbək xalqı və şəxsən öz adından təbrik edib.

Ş.Mirziyoyev Türkiyə ilə Özbəkistanın eyni dili, qəlbi və niyyəti paylaşdıqlarını, problem yarandıqda nəticə əldə etmək üçün birlikdə çalışdıqlarını ifadə edərək, “Həqiqətən də eyni ana dilini və müqəddəs dini paylaşdığımız üçün bizi qardaş türk xalqından heç bir məsafə ayıra bilməz” söyləyib. İki ölkənin bütün hədəflərinin reallaşmasının həmrəylik, birlik, əməkdaşlıq nəticəsində olduğunu deyən Mirziyoyev, Türkiyə və Özbəkistanın son illərdə çox böyük işlər gördüyünü, lakin hədəflərinin daha yüksək olduğunu bildirib. O, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının  IV toplantısı çərçivəsində səmərəli müzakirələr apardıqlarını, İstanbulda Özbəkistan məktəbinin təməlqoyma mərasiminin və Hatayda tikilən yaşayış binalarının açılışının əlaqələrin tarixində silinməz iz qoyacağını da əlavə edib.

Mirziyoyev İstanbulda ilk özbək məktəbinin tikintisinin son illərdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin keyfiyyət baxımından yeni səviyyəyə yüksəldiyinin əyani göstəricisi olduğunu bildirib. O, Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universitetini açdıqlarını, Əlişir Nəvai Universitetində Yunus Əmrə İnstitutunun fəaliyyətə başladığını, Daşkənddə mövcud türk məktəbinin genişləndirilməsi üçün əlavə torpaq sahəsinin ayrılması barədə razılığa gəldiklərini də xatırladıb.

Hatayda “Özbəkistan” məhəlləsinin açılışı olub

Sonra liderlər Hatayda “Özbəkistan” məhəlləsinin onlayn formatda açılışını edib. Prezidentlər, həmçinin bir qrup sakinə evlərin açarlarını təqdim ediblər. Eyni zamanda, İstanbulda özbək məktəbinin onlayn formatda təməli atılıb.

Xatırladaq ki, 31 avqust 1991-ci ildə müstəqilliyini elan edən Özbəkistanı tanıyan ilk ölkə Türkiyə olub. Ölkələr arasında  diplomatik əlaqələr 4 mart 1992-ci ildə qurulub. Özbəkistanda səfirlik açan ilk ölkə də Türkiyə olub. Türkiyənin Daşkənddəki səfirliyi 1992-ci ilin aprelində, Özbəkistanın Ankaradakı səfirliyi isə 1993-cü ilin yanvarında fəaliyyətə başlayıb.

Bütövlükdə, bu il diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünü qeyd edən Özbəkistan və Türkiyənin münasibətləri daha da güclənir. İki ölkə arasında əlaqələrin genişlənməsi isə ümumilikdə, türk dünyasının güclənməsinə də əhəmiyyətli təsir göstərir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28