Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zəriflik və fədakarlıq simvolu

Zəriflik və fədakarlıq simvolu

28.04.2026 [11:59]

Bu gün dünya şöhrətli alim Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümüdür

Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyatından, elmi və ictimai fəaliyyətindən bəhs edərkən  mütləq qaydada “fədakar”, “fədai” kimi epitetlərdən istifadə etmək lazım gəlir. Bəli, o hər zaman öz işinə, elmi-ictimai fəaliyyətdə və ailə həyatında üzərinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşır və yaxşı nəticələr əldə edirdi. Zərifə xanım Əliyeva bir mayak idi - hamı ona bənzəmək, onun kimi sadə və böyük, zərif və fədakar  olmaq istəyirdi.

Bahar qızı adlandırılan, zəngin və mənalı ömür yolu keçən Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Bu gün Azərbaycan elminin və xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə özünün sanballı töhfələrini verən Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümüdür.

Peşə oftalmologiyasının təməlini qoyan görkəmli alim

Elm fədaisi olan Zərifə xanım Əliyeva sonradan çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirib. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.

Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq peşə oftalmologiyasının problemləri ilə ciddi məşğul olub. Məlumdur ki, ötən əsrin 70-80-ci illərində o dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin böyük səyləri sayəsində respublikamıza güclü sənaye inkişafı izlənilirdi.  Həmin dövrdə Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olub, əslində, elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub.

Dünyada bu sahədə ilk elmi-tədqiqat laboratoriyasını da məhz o, yaradıb. Zərifə xanım, həmçinin apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalə və monoqrafiya çap etdirib. Zərifə xanım Əliyevanın tədqiqatlarının mühüm bir istiqaməti yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərlə bağlı idi.

Elmi tədqiqatların nəticəsi olaraq Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirməyə nail olub. “Xroniki yod intoksikasiyasında oftalmologiya” mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü görüb. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir və bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr edib. Zərifə xanım Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb.

Peşə oftalmologiyası Zərifə xanımın ilklərə imza atdığı yeganə elmi istiqamət deyil. O, həm də alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk alimlərdən idi. Zərifə xanım “İridodiaqnostikanın əsasları” kimi fundamental elmi əsərin müəlliflərindən biri idi. Həmin dövrdə kitabın nəşri də elə Zərifə xanımın səyi nəticəsində mümkün olmuşdu.

Zərifə xanım Əliyevanın tədqiqatları, elmi axtarışları Azərbaycanda bir yenilik idi. Sonralar böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib.

Böyük xoşbəxtlik və böyük məsuliyyət

Azərbaycan xalqının əsrlərin sınağından çıxan zəngin  milli-mənəvi dəyərlər sistemi var və burada ailə dəyərləri ən üstün mövqedə dayanır. Zərifə Əliyeva da elmin zirvələrinə yüksələn, dünya şöhrəti qazanmış alim olmaqla yanaşı, həm də xalqımızın ailə dəyərlərinə son dərəcə sadiq qalan bir xanım idi.

Yeri gəlmişkən, Zərifə Əliyeva sıradan bir ailənin xanımı deyildi. O, Azərbaycan xalqının Ümummilli Lideri, respublikamızın o dövrdəki rəhbəri və sonralar keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Heydər Əliyevin həyat yoldaşı idi. Onunla unikal şəxsiyyət olan Heydər Əliyevin ulduzunun barışması saf sevgi əsasında baş tutmuşdu. Ulu Öndərin Özü aradan illər ötəndən sonra da Zərifə xanıma olan sonsuz məhəbbətini böyük sevinclə dilə gətirirdi. Heydər Əliyev kimi yüksək vəzifələrdə çalışan şəxsiyyətin ömür-gün yoldaşı olmaq Zərifə xanım üçün yalnız xoşbəxtlik deyildi, həm də böyük məsuliyyət idi.

Təbii ki, Zərifə Əliyeva və onun ömür-gün yoldaşı Heydər Əliyev bütün valideynlər kimi, öz övladları üçün ən yaxşı olanları arzulayırdılar və həm də bunun üçün gecə-gündüz böyük səy göstərirdilər. Onların bu zəhməti hədər getməyib. İki unikal şəxsiyyətin - Zərifə Əliyeva ilə Heydər Əliyevin ailəsində böyüyüb boya-başa çatan İlham Əliyev artıq iki onillikdən çoxdur ki, müstəqil Azərbaycana uğurla rəhbərlik edir və tarixə adını Müzəffər Lider kimi yazdırıb.

Övladının yüksək məqama çatması, Vətən, xalq üçün faydalı işlər görməsi hər bir valideynin arzusudur. Bu mənada deyə bilərik ki, Azərbaycan üçün milli ruhlu, müasir düşüncəli Lider yetişdirən Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva xoşbəxt valideynlər olublar.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 138 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30