Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dövlət-biznes əməkdaşlığına töhfə

Dövlət-biznes əməkdaşlığına töhfə

07.05.2026 [09:54]

“Caspian Agro Week” aqrar sahədə yerli və xarici şirkətlər arasında tərəfdaşlığı genişləndirir

Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro Week”in açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, sərgi yalnız məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır, sektorun müxtəlif istiqamətlərini əhatə edən forumlar, həmçinin ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir. “Caspian Agro Week” formatında keçirilməsi forumlar, panel müzakirələri və işgüzar görüşlər vasitəsilə aqrar sahənin aktual məsələlərinin daha geniş şəkildə müzakirəsinə imkan yaradır. Sərgi həftəsi çərçivəsində bu il bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri və rəsmi nümayəndə heyətlərinin iştirakı tədbirin beynəlxalq əməkdaşlıq platforması kimi əhəmiyyətini və aqrar sahədə tərəfdaşlıq imkanlarının genişləndiyini bir daha sübut edir. Əminəm ki, sərgi çərçivəsində keçiriləcək görüşlər və müzakirələr yeni tərəfdaşlıqların qurulmasına, innovativ təşəbbüslərin təşviqinə və aqrar sektorun davamlı inkişafına mühüm töhfə verəcək.

Fermerlər üçün görüş mərkəzi

Qeyd edək ki, “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda müxtəlif ölkələrdən olan dövlət qurumlarının nümayəndələri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı təmsilçisi və digər beynəlxalq təşkilatların əməkdaşları, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, yerli və xarici investorlar, fermerlər iştirak edir. Regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirən “Caspian Agro” sərgisi 2026-cı ildə tamamilə yeni konseptual yanaşma - “Caspian Agro Week” formatında təşkil olunur. Mayın 8-dək davam edəcək sərgi həftəsində 45 ölkədən 447 şirkət, eləcə də Azərbaycanın 51 bölgəsini təmsil dən 500-dən çox fermer öz məhsullarını nümayiş etdirir. Sərgi çərçivəsində təşkil olunmuş “Retail Center - Ticarət şəbəkələrinin görüş mərkəzi” isə şirkətlər və iş adamları arasında birbaşa ünsiyyətin yaradılması, biznes layihələri üzrə qarşılıqlı anlaşmaların əldə olunması və praktiki addımların atılması üçün mühüm fürsət hesab edilə bilər.

Azad ərazilərdə həyata keçirilən aqrar layihələr

Kənd təsərrüfatı naziri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələrin sayının artdığını və ölkəmizin kənd təsərrüfatı strategiyasında xüsusi yer tutduğunu da xatırladıb. Bildirib ki, həmin ərazilərdə istehsal və emal edilən kənd təsərrüfatı məhsulları ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və ekoloji dayanıqlılığın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda icra edilən layihələr kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu istiqamətdə dövlət tərəfindən fermerlərə və sahibkarlara geniş dəstək mexanizmləri tətbiq olunur. Subsidiyaların verilməsi, güzəştli kreditlərin təqdim edilməsi, kənd təsərrüfatı texnikasına əlçatanlığının artırılması, aqrar sığorta sisteminin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqinin təşviqi aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verir. Eləcə də, aqrar sahədə rəqəmsallaşmanın genişləndirilməsi, “ağıllı kənd təsərrüfatı” həllərinin tətbiqinə, su resurslarından səmərəli istifadəsinə , torpaq münbitliyinin qorunması və ekoloji cəhətdən dayanıqlı istehsal modellərinin təşviqinə geniş yer verilməkdədir.

Kiçik və orta biznesin satış imkanları genişlənir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, bu cür sərgilər nümunəvi platforma kimi  kiçik və orta biznes subyektlərinin satış imkanlarının genişləndirilməsi məhsul və xidmətlərin tanıdılmasına öz töhfəsini verir.KOBİA bu çərçivədə öz imkanlarını artıraraq 2018-ci ildən indiyə qədər 2 mindən çox kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif sahələrdə ixtisaslaşmış yerli və xarici sərgilərdə iştirakına dəstək olub. Bu, kənd təsərrüfatı və qida sektorunun ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun vacib sahələrindən biri kimi əhəmiyyətini artırıb. Ötən müddət ərzində ölkəmiz bu sahədə müxtəlif uğurlara imza atıb.

“Made in Azerbaijan” brendi xarici sərgilərdə maraq doğurur

Azərbaycan şirkətlərinin xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgilərdə də fəaliyyəti genişlənir və bu tədbirlər ölkəmizin ixrac potensialının nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev qeyd edib ki, may və sentyabr aylarında xarici ölkələrdə keçiriləcək beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim etməsi nəzərdə tutulur. Oktyabrda isə şirkətlərin 6-cı “Rebuild Karabakh” şərgisində iştirakı planlaşdırılır.Bu sərgilərin qeyri-neft sektorunun inkişafına və həmin malların ixrac imkanlarının genişləndirilməsinə öz töhfəsini verdiyini xatırladan AZPROMO rəhbəri bildirib ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 862 milyon dollar təşkil edib. Bu, ötən illə nisbətdə 10 fazidən çox artım tempi deməkdir. Hazırda Azərbaycan 73 ölkəyə qida və kənd təsərrüfatı məhsulları ixrac edir.Eləcə də, ötən il 50-dək yerli şirkət “Made in Azerbaijan” brendi ilə 6 beynəlxalq sərgidə iştirak edib ki, bu da ixracın təşviqində mühüm rol oynayıb. Cari il yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2026” - 31-ci Beynəlxalq Qida və İçkilər Sərgisində Azərbaycan şirkətlərinin təqdim etdiyi  məhsullar körfəz ölkələri ilə yanaşı, digər qitə dövlətlərinin biznes icması üçün də xüsusi maraq doğurub, mal mübadiləsinə dair anlaşmalar əldə olunub. Həmçinin, martda Azərbaycan məhsulları Almaniyanın Düsseldorf şəhərində keçirilən “ProWein 2026” - 30-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub, sərgidə 11 yerli şirkət iştirak edib. Həmin sərgidə də Azərbaycanın məhsullarının Avropaya ixracı məsələləri barədə müsbət qərarlar qəbul edilib.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 14 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31