Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Heydər Əliyev strategiyası: Zəfərin başlanğıcı

Heydər Əliyev strategiyası: Zəfərin başlanğıcı

07.05.2026 [11:13]

Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Müstəqilliyi qorumaq üçün güclü dövlət, güclü ordu və milli birlik lazımdır.” Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyini qoruyan, ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirən, davamlı iqtisadi modelin formalaşmasına zəmin yaradan məhz görkəmli dövlət xadimi, nəhəng siyasətçi Heydər Əliyevin siyasi iradəsi, strateji düşüncəsi oldu. Müstəqilliyin bərpasının ilk illərində siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, tarixi torpaqların işğalı, daxili ziddiyyətlər dövlətin mövcudluğunu təhlükə altına qoymuşdu. 1993-cü ilin iyununda Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtması ilə daxili çəkişmələrə son qoyuldu, dövlət institutları gücləndirildi, hüquqi çərçivə yaratmaq üçün fundamental addımlar atıldı. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi isə demokratik, hüquqi dövlətin qurulması istiqamətində mühüm addım idi. Bu tədbirlər sayəsində Azərbaycan uzunmüddətli inkişafını təmin etdi. O, postsovet məkanında həm daxili sabitliyi təmin etməyi, həm də böyük güclər arasında balanslı siyasət yürütməyi bacaran nadir siyasətçi kimi qiymətləndirilir.

Balans, praqmatizm və milli maraqların qorunması kimi fundamental prinsiplərə əsaslanan effektiv xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirdi. Ulu Öndər Azərbaycanın geosiyasi mövqeyindən səmərəli istifadə edərək ölkəni beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirdi. Əsas strateji addımlardan biri beynəlxalq şirkətlərin Xəzər dənizinin enerji ehtiyatlarına çıxışını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması oldu. Bu sənəd Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında dönüş nöqtəsi idi. Bu müqavilə yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyırdı. Dünyanın aparıcı şirkətləri və dövlətləri ilə qurulan əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, ölkənin təhlükəsizlik zəmanətlərini gücləndirdi. Azərbaycan qısa müddətdə beynəlxalq təşkilatlarda fəal iştirak edən, regional və qlobal layihələrdə söz sahibi olan bir dövlətə çevrildi. Bu addım investisiya axınını təmin etdi, infrastrukturun inkişafını və ölkənin iqtisadi müstəqilliyini gücləndirdi.

Ulu Öndərin iqtisadi siyasəti uzunmüddətli strateji planlaşdırma və təbii sərvətlərdən səmərəli istifadəyə əsaslanırdı. Neft və qaz sektorunun inkişafı iqtisadi artımın hərəkətverici qüvvəsinə çevrildiyi vaxtda paralel olaraq iqtisadi şaxələndirməyə də xüsusi diqqət yetirilirdi. Əlverişli investisiya mühitinin yaradılması, struktur islahatları və özəl sektorun inkişafı dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə verdi. Genişmiqyaslı infrastruktur layihələri həyata keçirildi, nəqliyyat və enerji sistemləri modernləşdirildi. Azərbaycan tədricən regional iqtisadi mərkəzə çevrildi, enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyalarında vacib rol oynadı. Bu, ölkəmizə təkcə daxili sabitliyi təmin etmək üçün yox, həm də beynəlxalq səhnədə təsirini gücləndirməyə imkan verdi. Beləliklə, Heydər Əliyevin liderliyi postsovet məkanında sabitləşdirici faktor kimi dəyərləndirilirdi.

Təbii ki, bu intensiv inkişafın fonunda milli kimliyin qorunması, dövlətçilik şüurunun möhkəmləndirilməsi və cəmiyyətin vahid məqsədlər ətrafında birləşdirilməsi də Ulu Öndərin müəyyən etdiyi siyasətin əsas prioritetlərindən biri idi. Bu xüsusda Azərbaycançılıq ideyasının sistemli şəkildə formalaşdırılması və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi məhz xalqımızın Ümummilli Liderinin adı ilə bağlıdır.

Milli-mənəvi dəyərləri, tarixə bağlılığı, dövlətə sədaqəti və vətəndaş həmrəyliyini özündə birləşdirən bu ideoloji platforma Heydər Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə formalaşdırılaraq milli ideologiya səviyyəsinə yüksəldi. Azərbaycançılıq müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid dövlət və ümummilli maraqlar ətrafında birləşməsini təmin edən bir ideyadır. Bu, xüsusilə çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində sabitliyin və harmoniyanın qorunmasında mühüm rol oynayır.

1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi ağır sınaqlar dövründə məhz bu ideologiya xalqın birliyini təmin edən mühüm amilə çevrildi. Milli ideologiyanın möhkəmləndirilməsi nəticəsində vətəndaşlarda milli təəssübkeşlik, dövlətə bağlılıq hissi daha da gücləndi, müstəqilliyin qorunması ümummilli məqsədə çevrildi.

Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri də dünya azərbaycanlılarının birliyidir. Böyük siyasətçi xaricdə yaşayan soydaşlarımızın milli kimliklərini qoruması və Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi üçün ardıcıl siyasət həyata keçirdi. Bu siyasət nəticəsində diaspor təşkilatlanması gücləndi, azərbaycanlıların beynəlxalq aləmdə koordinasiyalı fəaliyyəti üçün zəmin yarandı. Azərbaycançılıq ideyası ölkə daxilində olduğu kimi, xaricdə də milli birliyin əsas dayağına çevrildi.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!” söyləyən Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası eyni zamanda multikultural dəyərləri özündə ehtiva edir. Müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşaması Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biridir. Bu yanaşma ölkədə sosial sabitliyin qorunmasına, mədəni müxtəlifliyin zənginlik kimi qəbul olunmasına və beynəlxalq səviyyədə Azərbaycanın tolerant ölkə kimi tanınmasına şərait yaratdı.

Bu gün azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalır. Qloballaşma şəraitində milli kimliyin qorunması, informasiya təsirlərinə qarşı dayanıqlılığın artırılması və milli maraqların müdafiəsi baxımından bu ideologiyanın əhəmiyyəti daha da artır.

Azərbaycançılıq həm daxili sabitliyin təminatçısı, həm də xarici siyasətdə milli maraqların qorunmasının ideoloji dayağı kimi çıxış edir.

Heydər Əliyev siyasi irsi bu gün də Azərbaycanın inkişafına təsir göstərməkdə davam edir. Ümummilli Liderin əsasını qoyduğu dövlət idarəçiliyi, iqtisadi siyasət və beynəlxalq münasibətlər prinsipləri aktuallığını qoruyub saxlayır. Bu fəaliyyət yalnız bir dövrü əhatə etməklə məhdudlaşmır. Onun müəyyən etdiyi strateji kurs bu gün də Azərbaycanın inkişafının əsasını təşkil edir. Dövlətçilik ənənələrinin formalaşdırılması, milli maraqların qorunması və müasir idarəçilik prinsiplərinin tətbiqi Ümummilli Liderin mirasının əsas elementləridir. Onun yaratdığı siyasi və iqtisadi baza Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin hazırladı. Bu gün Azərbaycan regionda sabitlik, inkişaf və əməkdaşlıq mərkəzi kimi çıxış edir.

Azərbaycanın müasir tarixində əldə olunan ən mühüm nailiyyətlərdən biri, şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması və suverenliyinin tam bərpasıdır. Bu tarixi uğur uzun illər ərzində formalaşdırılmış strateji xəttin, siyasi iradənin və uzaqgörən dövlətçilik konsepsiyasının məntiqi nəticəsidir.

Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycanın mövqeyinin beynəlxalq hüquq müstəvisində möhkəmləndirilməsi idi. Onun apardığı balanslı və praqmatik xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlar tərəfindən tanındı və dəstəkləndi. Bu siyasət ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, gələcəkdə baş verəcək proseslər üçün hüquqi baza formalaşdırdı. Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınması isə siyasi və diplomatik uğurların əsasını təşkil etdi.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və suverenliyinin tam bərpası Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurlu davamı kimi qiymətləndirilməlidir. Onun yaratdığı möhkəm dövlətçilik təməli, iqtisadi potensial, diplomatik mövqe və ordu quruculuğu strategiyası Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən real nəticələrə çevrildi. Beləliklə, Azərbaycanın suverenliyinin bərpası və ərazi bütövlüyünün təmin olunması milli tariximizin şanlı səhifəsidir. Bu uğurun təməlində isə güclü dövlətçilik ideologiyası, strateji düşüncə və qətiyyətli liderlik keyfiyyətləri dayanır.

Zaman göstərdi ki, Ulu Öndərin də söylədiyi kimi, “biz müstəqilliyimizi böyük çətinliklər bahasına əldə etmişik. Onu qorumaq isə onu qazanmaqdan daha çətin və məsuliyyətlidir.” Bu gün qalib və güclü Azərbaycanın timsalında əminliklə söyləyə bilərik ki, güclü lider həm də güclü dövlətin qarantıdır.

Nigar Məmmədova

Milli Məclisin deputatı

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31