Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı-Roma: Münasibətlər ən yüksək səviyyədədir

Bakı-Roma: Münasibətlər ən yüksək səviyyədədir

07.05.2026 [12:16]

Müstəqil Azərbaycanla Avropada siyasi təsir imkanları getdikcə artan, dünyanın 7-ci böyük iqtisadiyyatı sayılan, “Böyük Yeddilik”də təmsil olunan İtaliya arasında xoş mərama əsaslanan münasibətlər davamlı olaraq yüksələn xətlə inkişaf edir. İki ölkənin yüksəksəviyyəli rəsmilərinin qarşılıqlı səfərləri intensiv hal alıb. Bu günlərdə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin respublikamıza səfəri baş tutub. Səfər çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Ciorcia Meloni ikitərəfli gündəliyin müxtəlif aspektləri, dinamik səciyyə daşıyan əməkdaşlığın perspektivləri ilə bağlı ətraflı müzakirələr aparıblar. Mətbuata verdiyi Bəyanatında Baş nazirin ölkəmizə səfərini dəyərləndirən dövlətimizin başçısı “Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaqdır”, - deyə vurğulayıb.

Dövlətlərin qətiyyətli siyasi iradələrindən qaynaqlanan qarşılıqlı münasibətlər

Respublikamız bir qayda olaraq dünyaya müxtəlif sahələrdə əməkdaşlığı, həmrəyliyin gücləndirilməsini, sivilizasiyaların harmoniyasını, mütərəqqi inkişafı hədəfləyən müsbət nümunələr təqdim edir ki, bu da beynəlxalq səviyyədə təqdir olunur. Təsadüfi deyildir ki, bu gün istər geniş İslam coğrafiyasında, istərsə də Qərb dünyasında, o cümlədən də Avropa məkanında ölkəmizlə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə çalışan dövlətlərin sayı kifayət qədər çoxdur.

Azərbaycanla İtaliya arasında bərqərar ölan yüksəksəviyyəli münasibətlər buna yaxşı misaldır. Hazırda iki ölkə arasında böyük dostluq, qarşılıqlı, tam şəkildə təşəkkül tapmış anlaşma var və münasibətlər getdikcə dərinləşir. Əlaqələrin yüksək dinamikası müxtəlif amillərdən qaynaqlanır ki, burada dövlətlərin qətiyyətli siyasi iradəsi əsas şərt qismində çıxış edir. Həm Azərbaycanın, həm də İtaliyanın siyasi rəhbərliyi və hökumətləri onilliklər boyunca formalaşan dostluq münasibətlərinin qorunmasına və daha da möhkəmləndirilməsi səylərinə sadiqlik nümayiş etdirirlər. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev və Baş nazir Ciorcia Meloni mətbuata verdikləri bəyanatlarda böyük məmnunluq hissi ilə Azərbaycan və İtaliyanı strateji tərəfdaş ölkələr kimi təqdim ediblər.

Dost İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1997-ci il mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib.

Böyük rəmzi məna daşıyan səfər

Əlaqələrin dinamikasına hər iki ölkənin yüksəksəviyyəli rəsmilərinin müntəzəm hal alan səfərləri öz müsbət təsirini göstərir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşüb. İtaliya rəhbərləri Heydər Əliyevlə söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Heydər Əliyevin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb.

Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyunca inkişaf etməyə başlayıb və bundan sonra bir sıra səfərlər həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Böyük uğurla baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliyaya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. Səfər çərçivəsində prezidentlər İlham Əliyev və Sercio Mattarella və digər yüksəksəviyyəli rəsmilər arasında aktual müzakirələr aparılıb. O cümlədən dövlətimizin başçısının iştirakı ilə Romada Azərbaycan Respublikasının səfirliyinin yeni binası açılıb, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Eyni zamanda, dövlətimizin başçısı Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak və çıxış edib. Prezident İlham Əliyev həmçinin 2024-cü ildə dost ölkədə səfərlərdə olub.

İtaliya Prezidenti Sercio Mattarella isə 2018-ci ilin iyulunda və 2025-ci ilin oktyabrında Azərbaycana səfərə gəlib. Döst ölkənin Baş nazirinin ölkəmizə bundan əvvəlki səfəri 2013-cü ildə reallaşıb. Prezident İlham Əliyev Ciorcia Meloninin budəfəki səfərinin rəmzi mahiyyət daşıdığına xüsusi diqqət çəkib. Məlumdur ki, İtaliyanın Baş naziri mayın 4-də Avropa Siyasi Birliyinin Ermənistanda baş tutan 8-ci Zirvə görüşünə qatılıb və orada öz proqramını başa çatdırdıqdan sonra Azərbaycana təşrif gətirib. “Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.

İki mühüm strateji tərəfdaşlıq sənədi

Azərbaycanla İtaliyanın  strateji tərəfdaşlıq münasibətləri siyasi bəyanatlarla yanaşı, həm də möhkəm hüquqi bazaya, daha konkret desək, iki mühüm strateji tərəfdaşlıq sənədinə əsaslanır. İtaliya Avropanın böyük dövlətləri və G7 üzvləri arasında Azərbaycan ilə strateji tərəfdaşlıq sənədi imzalayan ilk dövlətdir. 2014-cü ildə imzalanan müvafiq sənədlə iki dost ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin təməli qoyulub. 2020-ci ilin fevralında Roma şəhərində Azərbaycan Prezidenti və İtaliyanın Nazirlər Şurasının sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksəksəviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirib. Bu bəyannamə sadəcə iqtisadi əməkdaşlığı deyil, həm də siyasi, təhlükəsizlik və humanitar sahələri əhatə edən genişmiqyaslı fəaliyyət proqramına çevrilib.

Əsas məqamlardan biri də ondan ibarətdir ki, indiyədək  imzalanan sənədlərdə əksini tapan müddəalar uğurla reallaşdırılır və bunun da nəticəsində iki dost ölkə bir-birinə daha da yaxınlaşır. “Bildiyiniz kimi, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir”, - deyə Prezident İlham Əliyev məmnunluğunu ifadə edib.

İki dost ölkənin siyasi rəhbərliyinin əlaqələrin perspektivləri barədə düşünmələri də böyük aktuallıq daşıyır. Zaman dəyişir və buna uyğun olaraq da qarşıya yeni çağırışlar çıxır. Bu gün izlənilən mürəkkəb geosiyasi və geoiqtisadi şəraitdə çoxtərəfli əməkdaşlıq ruhunda inkişaf edən Azərbaycan-İtaliya münasibətləri dünyaya gözəl nümunədir. Ancaq dəyişən zamanla əlaqədar olaraq müəyyən transformasiyalara da ehtiyac var. Yaxşı haldır ki, Bakıda aparılan müzakirələrdə tərəflər perspektiv əməkdaşlıqla bağlı ortaq mövqe sərgiləyiblər. Bundan məmnunluğunu ifadə edən Baş nazir Ciorcia Meloni vurğulayıb: “Bununla belə əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Beləliklə, təbii ki, apardığımız çox geniş söhbətə görə təşəkkür edirəm. Söhbətimiz əsasında daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığımızı transformasiya etmək üzərində razılığa gəldik. Buradan gələcəyə aid prioritetləri birgə təyin edəcəyik. Düşünürəm ki, indi yaşadığımız mürəkkəb beynəlxalq müstəvidə bu, çox əhəmiyyətli seçimdir. Bununla belə, ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31