Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 31-ci “Bakı Enerji Həftəsi” nə ilə yadda qaldı?

31-ci “Bakı Enerji Həftəsi” nə ilə yadda qaldı?

05.06.2026 [11:25]

Paytaxtımız 31-ci dəfə “Bakı Enerji Həftəsi”nə  (“Baku Energy Week”) ev sahibliyi etdi. Dünyada enerji məsələləri ətrafında müzakirələr müxtəlif ünvanlarda və platformalarda aparılır. Bəs “Bakı Enerji Həftəsi” hansı özəllikləri və əlamətdar nəticələri ilə yadda qalacaq? Bəri başdan demək mümkündür ki, “Bakı Enerji Həftəsi” çərçivəsində baş tutan sessiyalarda, panel iclaslarında dünyanın qlobal enerji gündəliyi  ilə bağlı aktual müzakirələr aparıldı. Bütövlükdə, tədbir qlobal enerji həmrəyliyinə mühüm töhfə kimi dəyərləndirilir.

Dünyanın böyük marağı

Dünyada “Bakı Enerji Həftəsi”nə marağın artması əsas məqamlardan biridir. İldən-ilə tədbirə qatılan iştirakçı dövlətlərin coğrafiyası genişlənir, eyni zamanda təmsilçilərin sayı artır. Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin açılış mərasimində iştirakı və çıxışı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Ölkə başçısı sərgiləri ziyarət edərək iştirakçılar və ekspozisiyalar ilə tanış olub. ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin iştirakçılara məktub ünvanlamaları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir. “Bakı Enerji Həftəsi”nə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılıblar.

Bu il “Baku Energy Week”də dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiq edib. 31-ci “Baku Energy Forum”una ümumilikdə 600-dən çox nümayəndə qatılıb. İştirakçılar siyahısında Azərbaycanla yanaşı, Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Estoniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrdən olan şirkətlər yer alıblar.

“Bakı Enerji Həftəsi”nin tərəfdaşları və sponsorları

Uzun illərdir ki, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir.

Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “Acwa”, “AZEL Systems LLC”, “Baku Steel Company”, bp, “ExxonMobil”, “XRG”, “Gap İnşaat”, “GL”, “Gran Tierra Energy”, “Inpex”, “INTI”, “KMPG”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “SLB”, “Umid Babek Operating Company (UBOC)”, “TotalEnergies” və “Türkiye Petrolleri AO” kimi nüfuzlu şirkətlər yer alıb.  Forumun rəsmi avtomobil sponsoru “Imotors” MMC-dir. Bundan əlavə, “Bakı Enerji Forumu”nun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” forumun konsultativ tərəfdaşıdır. Tədbirin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank çıxış edib.

Tərəfdaşlar arasında “Absheron Hotel Group”, “Accurate MMC” və “Bilbord.al” şirkətləri yer alıb. “Baku Energy Forum”un təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənib.

Forumun ilk iş günündə

Forumun ilk iş günündə energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlər səviyyəsində sessiya təşkil olunub.

Sessiyada çıxış edən Pərviz Şahbazov bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və Xəzər regionunun qlobal enerji xəritəsində mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verən bu platforma hazırda yaşıl enerji tərəfdaşlıqları və Azərbaycanın investor kimi iştirakı ilə yeni strateji mərhələyə qədəm qoyub.

Pərviz Şahbazov qeyd edib ki, neft və qaz sektorunda qlobal investisiya məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanın hasilat sənayesi yeni inkişaf mərhələsinə daxil olur. Bu kontekstdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst qaz hasilatına başlanması, “Qarabağ” neft yatağı, “Şahdəniz Kompressiya”, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” II mərhələsi və “Bahar-Qum dəniz” layihələri, həmçinin quruda və dənizdə aparılan kəşfiyyat layihələri, eləcə də Yaxın Şərq, Mərkəzi Asiya və Afrikada SOCAR-ın investisiyaları ölkəmizin uzunmüddətli etibarlı enerji təchizatçısı mövqeyini daha da möhkəmləndirəcək. Ötən il Avropa İttifaqının boru kəməri ilə qaz idxalının 8,1 faizinin Azərbaycanın payına düşdüyü vurğulanaraq bildirilib ki, ötən il və bu ilin ilk 4 ayında Avropa 16,7 milyard kubmetr, Türkiyə 12,8 milyard kubmetr, Gürcüstan 3,3 milyard kubmetr, Suriya isə 800 milyon kubmetr Azərbaycan qazı ilə təchiz edilib.

Daha sonra Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Asiyada Enerji keçidi üzrə növbəti İnvestisiya Forumu keçirilib. Çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, ilk dəfə COP29 çərçivəsində təşkil olunan forum artıq enerji keçidi, investisiyalar və regional əməkdaşlıq üzrə davamlı dialoq platformasına çevrilib. Nazir qeyd edib ki, IRENA tərəfindən irəli sürülən APRECA təşəbbüsü Mərkəzi Asiya ilə qonşu regionlar arasında bərpaolunan enerji və kritik materiallar sahəsində əlaqəliliyin gücləndirilməsi, enerji keçidinin sürətləndirilməsi və investisiya imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.

Forum APRECA regionunda bərpaolunan enerji əsaslı enerji keçidinin təşviqinə dair Nazirlər Dialoqu ilə davam edib. Tədbir çərçivəsində Azərbaycanın enerji keçidi sahəsində uzunmüddətli baxışını əks etdirən “Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Yol Xəritəsi” sənədi də təqdim edilib.

D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü

Bakı Enerji Həftəsi” çərçivəsində İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) enerji nazirlərinin ilk iclası keçirilib.  “Karbohidrogenlər, enerji keçidi və enerji bağlantıları üzrə əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən iclasda çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycanın D-8-ə üzvlüyünün Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş çoxşaxəli xarici siyasət kursunun və uğurlu enerji diplomatiyasının məntiqi davamı olduğunu bildirib. Nazir vurğulayıb ki, qlobal enerji bazarlarında müşahidə olunan dəyişikliklər, geosiyasi gərginliklər, enerji keçidi və elektrikləşmənin sürətlənməsi enerji siyasətində şaxələndirməni strateji zərurətə çevirib. Bu baxımdan D-8 platforması Azərbaycan üçün Avropa ilə yanaşı, Asiya, Yaxın Şərq və Afrika istiqamətlərində də enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Çıxış zamanı Azərbaycanın enerji təhlükəsizliyi ilə enerji keçidi arasında balanslı siyasət həyata keçirdiyi, neft-qaz, elektrik enerjisi və yaşıl enerji sahələrində regional enerji dəhlizlərinin inkişafına töhfə verdiyi qeyd olunub. D-8 ölkələri ilə enerji əməkdaşlığının perspektivlərinə toxunularaq Türkiyə, Pakistan, İran, Misir, İndoneziya, Banqladeş, Malayziya və Nigeriya ilə həyata keçirilən və nəzərdə tutulan layihələr barədə məlumat verilib. Neft və qaz ticarəti, LNG təchizatı, elektrik enerjisi mübadiləsi, bərpaolunan enerji, enerji infrastrukturu və investisiya enerji əməkdaşlığının potensial istiqamətləri kimi qeyd olunub.

Energetika naziri Pərviz Şahbazov deyib ki, ortaq dini və mədəni dəyərləri bölüşən dövlətləri birləşdirən və üç qitəni əhatə edən D-8 platforması enerji təhlükəsizliyi, enerji keçidi və enerji bağlantıları kimi mühüm istiqamətlərdə əməkdaşlığın daha geniş müstəviyə çıxarılmasına yol açır. Bakı Bəyannaməsi bu əməkdaşlığın gələcək konturlarını müəyyən edərək təmiz enerji, enerji bağlantıları, karbohidrogenlərin səmərəli idarə olunması, investisiya mühitinin gücləndirilməsi və texnoloji inkişafı əsas prioritetlər kimi təsbit edir. Gələcəkdə “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması isə bu əməkdaşlığın praktiki icrasını təmin edən mühüm institusional addım olacaqdır.

İclas çərçivəsində “Enerji əməkdaşlığı üzrə Bakı Bəyannaməsi” qəbul olunub və “D-8 Enerji və İqlim Mərkəzi”nin Nizamnaməsinin ilkin təqdimatı edilib.

İclasda D-8 təşkilatının Baş katibi Sohail Mahmudla yanaşı Türkiyə, Pakistan, Misir, Banqladeş, İran, İndoneziya və Malayziya nümayəndələri iştirak ediblər.

“Bakı Enerji Həftəsi” çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb

“Bakı Enerji Həftəsi” və 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə iqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən, ümumi maliyyə dəyəri 7,5 milyard dollar olan bir sıra mühüm saziş və memorandumlar imzalanıb.

İmzalanan bu müqavilələr ABŞ-Azərbaycan münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və yüksək texnoloji iqtisadi müttəfiqliyə keçdiyini göstərir.

1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun protokolu və ümumi 7,5 milyard dollarlıq portfel iki ölkə arasındakı iqtisadi münasibətlərin artıq daha sistemli, yüksəksəviyyəli və rəsmi bir platformaya (institusional müstəviyə) daşındığının sübutudur.

Bu razılaşmalar, həmçinin dünyanın ən böyük maliyyə, investisiya korporasiyalarının (“JP Morgan”, “Apollo Global Management”), energetika nəhənglərinin (“Chevron”, “Comstock Resources”) SOCAR-la və TANAP layihəsi ilə irimiqyaslı maliyyə sazişləri imzalaması, ABŞ biznesinin Azərbaycan iqtisadiyyatının sabitliyinə və uzunmüddətli kapital potensialına olan güclü etimadını əks etdirir.

Bu sənədlərdən biri “Kritik mineralların və nadir torpaq elementlərinin hasilatı və emalında təchizatın təmin edilməsi” adlı Azərbaycan və ABŞ arasında imzalanan çərçivə sənədidir. Sənədi Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, ABŞ tərəfindən isə ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr imzalayıb.

Bununla yanaşı, SOCAR, “TotalEnergies”, XRG və BOTAŞ arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsindən hasil olunacaq təbii qazın bir hissəsinin - hasilatın 50 faizinin (30 milyard kubmetr) 15 il müddətində Türkiyə bazarına uzunmüddətli satışı üzrə saziş imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies”in kəşfiyyat və hasilat üzrə Avropa regionu üzrə böyük vitse-prezidenti Martina Opizzi, XRG-in beynəlxalq qaz üzrə prezidenti Mohammed Al Aryani, BOTAŞ-ın direktoru və direktorlar şurasının sədri Abdulvahit Fidan imzalayıblar.

Digər imzalanan sənədlər Niş CCGT layihəsi ilə bağlıdır. Belə ki, SOCAR və “Serbiya Elektrik Enerjisi Sənayesi” (EPS) arasında Serbiyanın Niş şəhərində qaz elektrik stansiyasının tikintisi üzrə birgə müəssisənin səhmdarlar sazişinin əsas şərtləri və layihənin əsas kommersiya elementlərinin müəyyən edilməsi üzrə əsas şərtlər sənədi imzalanıb. Sənədə SOCAR-ın prezidenti Rövşən Nəcəf və EPS-in baş direktoru Duşan Jivkoviç imza atıb.

Həmçinin SOCAR ilə “Shell” arasında enerji sahəsinin müxtəlif istiqamətləri üzrə potensial əməkdaşlığın baza prinsiplərini müəyyən edən anlaşma memorandumu və digər sənədlər imzalanıb.

Son iş günündə...

31-ci “Bakı Enerji Həftəsi” öz işini iyunun 2-də tamamlayıb.  Forumun ikinci günündə “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi”, potensialın artırılmasına dair sessiyalar, “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi”, “Qaz sessiyası - bazarlar, nəqliyyat marşrutları və geopolitika”, “Enerji körpüləri: Yaşıl enerjidən regional inteqrasiyaya” mövzuları müzakirə olunub.

Əsas məruzəçi qismində çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, Azərbaycan təbii qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab edilir.

Müzakirələrdə SOCAR, “GL Group”, “Boston Consulting Group”un (BCG), “ESCON Enerji A.Ş, TotalEnergies” kimi şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.

“Bakı Enerji Həftəsi” çərçivəsində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim olunub. Proqrama panel müzakirələr, innovasiya, keys, forsayt və peşəkar inkişaf sessiyaları, təqdimatlar və imzalanma mərasimləri, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.

Sərgilər çərçivəsində təşkil edilən ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə ediblər. Ümumiyyətlə, bu il forumun proqramında dünyanın müxtəlif ölkələrini və fərqli enerji sahələrini təmsil edən 60-dək spiker yer alıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 2 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30