Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Muxtar Respublikanın sosial-iqtisadi inkişafı güclü maliyyə təminatı ilə dəstəklənir

Muxtar Respublikanın sosial-iqtisadi inkişafı güclü maliyyə təminatı ilə dəstəklənir

14.08.2026 [11:55]

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın sosial-iqtisadi inkişafı istiqamətində daha bir önəmli addım atılıb. Söhbət Prezident İlham Əliyevin bu günlərdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalamasından gedir.

Sözügedən sənəd Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə imzalanıb. Sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə nəzərdə tutulan çoxsaylı  tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulub.

Dövlət proqramlarının icrasının gözəl nəticələri

Qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır. Hazırda Naxçıvan inkişafının mühüm mərhələsindən keçir. Muxtar respublika ayrı-ayrı dövlət proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.

Bu kimi reallıqlar və bölgənin həssas coğrafiyada yerləşməsi nəzərə alınmaqla ölkəmizdə muxtar respublikanın davamlı inkişafını hədəfləyən məqsədyölü siyasət həyata keçirilir.  Qəbul edilmiş qərarların ardıcıl və sistemli icrası bu inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Xatırladaq ki, indiyədək Azərbaycan Prezidenti tərəfindən  Naxçıvan Muxtar Respublikası ilə bağlı 2 fərman və 5 sərəncam verilib, Nazirlər Kabineti tərəfindən isə 10 sərəncam və 15 qərar imzalanıb. O cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında”, “Naxçıvan Sənaye Parkının yaradılması haqqında”, “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamları qəbul edilib. Bununla yanaşı, Azərbaycan Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikasında aqrar sektorun modernləşdirilməsi, ekstensiv istehsalatdan intensiv modelə keçid və ərzaq təhlükəsizliyinin təmin olunması, habelə aqrar məhsul istehsalı kooperativləri və onların ittifaqlarının dövlət dəstəyi ilə pilot olaraq yaradılması və fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm strateji hədəflər müəyyənləşdirilib.

Dövlət proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir. Görülən işlərlə bağlı statistika kifayət qədər zəngindir. Əlamətdar haldır ki, iqtisadi önəm daşıyan  layihələrlə yanaşı, sosial sferanı əhatə edən tədbirlərin həyata keçirilməsi də diqqət məkəzində saxlanılır ki, bu da  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilən insan kapitalının inkişafı prioritetinə tam uyğundur. Bu çərçivədə Naxçıvan Regional DOST Mərkəzi inşa edilib. Hazırda Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni otel kompleksinin tikintisinə başlanılması üçün müvafiq tədbirlər görülür.

Bölgədə təhsil infrastrukturunun yenilənməsi çərçivəsində Ordubad rayonunun Xanağa və Azadkənd, Şərur rayonunun Həmzəlli, Vərməziyar və Təzəkənd, Babək rayonunun Vayxır və Hacıvar kənd tam orta məktəbləri, Babək və Şahbuz şəhərlərində məktəbdənkənar təhsil müəssisələri və STEAM Təlim-Tədris Mərkəzi tikilərək istifadəyə verilib. Babək rayonunun Nehrəm qəsəbəsində 3 nömrəli məktəbin tikintisi isə davam etdirilir.

Naxçıvanda həyata keçirilən sosial siyasətin ən mühüm istiqamətlərindən biri şəhid ailələrinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsidir. 2023-cü ildən bugünədək muxtar respublikada şəhid ailəsi üzvü olan və ya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər 26 mənzillə, 24 avtomobillə, 102 nəfər isə sanatoriya-kurort yollayışı ilə təmin edilib.

Həmçinin “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək Fondu”nun (“Dəstək” Fondu) vəsaiti hesabına həmin kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ümumilikdə 1 844 382 manat məbləğində maddi yardım göstərilib.

Eyni zamanda, 29-u Naxçıvan, 23-ü Şərur, 3-ü Babək, 6-sı Ordubad, 3-ü Culfa, 3-ü Şahbuz şəhərlərində və 1-i Kəngərli rayonunda olmaqla, ümumilikdə 68 mənzilin 2026-cı ilin sonunadək şəhid ailələrinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə verilməsi nəzərdə tutulur.

Naxçıvana dövlət qayğısının növbəti təzahürü

Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixində imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam bölgənin inkişafına göstərilən dövlət qayğısının növbəti təzahürüdür. Sərəncamla Naxçıvana ayrılacaq vəsaitin aşağıdakı istiqamətlər üzrə xərclənməsi nəzərdə tutulur:

- Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 66 milyon manat;

- Ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat;

- Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25 milyon manat;

- Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3087 mənzilli 70 yaşayış binasının isə yalnız fasad hissəsinin əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 15 milyon manat;

- Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20 milyon manat;

- Şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53 milyon manat;

- Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat ayrılıb.

Şübhə yoxdur ki, sərəncamda nəzərdə tutulan layihələrin icrası bütövlükdə muxtar respublikanın sosial-iqtisadi inkişafına yeni impuls verəcək və bölgədə ardıcıllıqla aparılan siyasətin yaratdığı vətəndaş məmnunluğunu daha da artıracaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31