Müdafiə nazirinin istefası: ABŞ xarici siyasəti problemlər qarşısında
10.12.2014 [10:00]
Respublikaçı Çak Heygelin müdafiə naziri postundan istefa verməsi böyük marağa səbəb oldu. Ekspertlərə görə, məsələ adi kadr dəyişikliyi ilə məhdudlaşmır. Fikirlərə görə, bu addım rəsmi Vaşinqtonun siyasi kursu ilə sıx bağlıdır. Belə ki, Amerikanın son zamanlar Yaxın Şərqdə və Əfqanıstanda atdığı addımlar bu ölkənin xarici siyasətində yeni məqamların meydana gəlməsinə işarə edir. Həmin səbəbdən də Ağ Evə onun əmrlərini sədaqətlə yerinə yetirən və etiraz etməyən məmurlar gərəkdir. Məsələnin bir tərəfi hərbi aspektlə bağlı olduğundan müdafiə nazirinin vəzifədən uzaqlaşdırılması təəccüblü görünmür. Bundan sonra Vaşinqton hansı kadr dəyişikliyi edə bilər? Bunun xarici siyasətdə ola biləcək dəyişikliklərdən asılılığı varmı? Bu kimi suallara cavab vermək üçün məsələnin ciddi təhlilinə ehtiyac var.
İŞİD və Əfqanıstan: Heygelin karyerasına son qoyan problemlər?
Prezident Barak Obamanın “amerikalı əsgərin dostu” adlandırdığı Çak Heygeli istefaya göndərməsinə ekspertlərin münasibəti birmənalı olmadı. Bu addımın arxasında bütövlükdə rəsmi Vaşinqtonun hərbi siyasətdə dəyişikliklər etmək planlarının durduğu vurğulanır. Bu istiqamətdə müşahidə edilən bir sıra proseslər həmin qənaətin doğruluğuna dəlalət edə bilər.
Məlumdur ki, 68 yaşlı Ç.Heygel respublikaçıdır. O, Vyetnam müharibəsinin iştirakçısı olub. 1997-2009-cu illərdə Nebraska ştatından Konqresdə senator kimi fəaliyyət göstərib. Xarici siyasətdə sərt addımların tərəfdarı kimi tanınmayıb. Bu keyfiyyətinə görə B.Obama ona ən mürəkkəb strukturlardan olan Müdafiə Nazirliyinə rəhbərliyi tapşırıb. ABŞ prezidenti Ç.Heygeli istefaya göndərərkən deyib: “Çak nümunəvi nazir idi. Uzunmüddətli təhlükələri nəzərə almaqla bizim strategiyanın modernləşməsində və büdcəyə düzəlişlər dövründə, eyni zamanda, təxirəsalınmaz problemlər olan İŞİD və Ebola problemlərinin həllində inamla iştirak edib (bax: Otstavka Çaka Xeyqela / “Qolos Ameriki”, 24 noyabr 2014).
Aydındır ki, dövlət başçısının bu cür yüksək qiymətləndirdiyi bir şəxsi mühüm bir mərhələdə işindən uzaqlaşdırması xırda məsələlərlə bağlı ola bilməz. Ekspertlər burada iki faktora diqqət yetirirlər. Onlardan biri Vaşinqtonun Əfqanıstan siyasətində etdiyi dəyişikliklərlə bağlıdır. B.Obama əvvəl qərara gəlmişdi ki, 2015-ci ildən ABŞ əsgərləri Əfqanıstanı tərk etməyə başlayacaqlar. Onların az bir hissəsi - 9 min nəfəri orada qalıb, yerli hərbçilərə təlim keçəcək. Lakin sonradan B.Obamanın başqa bir göstəriş verdiyi məlum olub. Belə ki, Amerika ordusu Əfqanıstanda hərbi əməliyyatları davam etdirmək əmri alıb (bax: Anna Quhina. SŞA zaderjatsə v Afqanistane / “Nezavisimaə qazeta”, 24 noyabr 2014).
Vaşinqtonun bu qərarı bir qədər gözlənilməz olsa da, mütəxəssislər bunun əsassız olmadığı qənaətindədirlər. Son zamanlar qlobal miqyasda geosiyasi-hərbi vəziyyət sürətlə dəyişir. Yaxın Şərq, Ukrayna və Asiya-Sakit okean hövzəsində baş verən proseslər bütövlükdə dünyanın geosiyasi mənzərəsinə təsir göstərir. O cümlədən, Amerikanın Əfqanıstanı tərk etməsi geniş bir ərazidə təhlükəsizliklə əlaqədar problemlər yarada bilər (bax: Artur Blinov. Barak Obama menəet voennuö politiku / “Nezavisimaə qazeta”, 26 noyabr 2014).
Bunlarla yanaşı, Əfqanıstanın yeni prezidenti B.Obamadan ölkədə təhlükəsizliyi təmin etməkdə yardımçı olmağı xahiş edib. Rəsmi Kabul əvvəlki iqtidardan fərqli olaraq NATO-nun “əl-Qaidə” ilə yanaşı, “Taliban”la da mübarizə aparmasını lazımlı hesab edir. Belə çıxır ki, Əfqanıstan rəhbərliyi regionda ABŞ-ın mövcudluğunda maraqlıdır və bunu özünün təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirir.
Qlobal geosiyasət: Amerikanın liderlik iddiası və səhvləri
Problemə daha geniş kontekstdə də baxmaq olar. Biz Asiya-Sakit okean regionunda ABŞ və Çinin geosiyasi mübarizəsinin yeni səviyyəyə yüksəlməsini nəzərdə tuturuq. Proseslər göstərir ki, Pekin Vaşinqtonun heç bir tələbinə boyun əymək istəmir. Üstəlik, Amerika Çinə qonşu olan dövlətləri qızışdırır. Pekinin regionun bir sıra ölkəsi ilə mübahisəli məsələləri meydana gəlir. Bununla bərabər, Çin müxtəlif regional təşkilatlarda da öz mövqeyini gücləndirir. Onun atdığı addımlar ABŞ-ı narahat edir. Belə nəticə çıxır ki, iki böyük dövlət arasında hər an ciddi narazılıq yarana bilər.
Bunlardan başqa, həmin regionda Hindistan sürətlə inkişaf etməkdədir. Rəsmi Delhinin siyasətində milliyyətçi xətt xeyli güclənib ki, bu da özlüyündə böyük bir geosiyasi məkanda keyfiyyətcə yeni münasibətlər sisteminin formalaşacağını proqnozlaşdırmağa imkan verir.
Nəhayət, yuxarıda baxılan kontekstdə Rusiya faktorunu da istisna etmək olmaz. Moskva Şərqi Avropada Qərblə açıq qarşıdurmadan çəkinmir. Tərəflər arasında münasibətlər gərgin olaraq qalır. Kreml Ukraynanın şərqindəki separatçılarla əlaqələri zəiflətmir, Qərb isə ona qarşı sanksiyalarını davam etdirir. Bu şəraitdə Əfqanıstan amili xüsusi əhəmiyyət kəsb edir. Bunu ekspertlər də vurğulayırlar.
Həmin faktorlarla yanaşı, Ç.Heygelin istefasında başqa məqamın - Vaşinqtonun Yaxın Şərq siyasətinin də ciddi rol oynadığı haqqında fikirlər vardır. Burada əsas olaraq Ağ Evin İŞİD-lə mübarizəsi qabardılır. Ç.Heygel bu məsələdə sərt addımların tərəfdarı deyildi. O, müasir dünyanı “ideyaların mübarizə məkanı” adlandırır. Vaşinqton Yaxın Şərqdə demokratik dövlətlərin formalaşmasına dəstək verməlidir. Onun fikirlərinə görə, burada iqtisadi və humanitar aspekt üstünlük təşkil etməlidir. Terrorun qarşısını hərbi üsulla almaq çox çətindir (bax: Chuck Hagel. A Republican Foreign Policy / “Foreign Affairs”, July/August 2004, Volume 83, Number 4).
Göründüyü kimi, bunlar Amerikanın İraqda yeritdiyi siyasətə uyğun gəlmir. Əvvəl Vaşinqton hesab edirdi ki, bu ölkəni hərbi yolla işğal edib, öz maraqlarına uyğun rejim yarada bilsə, problemi həll etmiş olacaq. Bu səbəbdən də Amerika əsgərlərini İraqdan çıxarmağa başladı. Lakin sonrakı proseslər bunun riskli olduğunu göstərdi. Belə ki, İraqda terror gücləndi. İŞİD kimi təhlükəli bir təşkilatın meydana çıxması isə çox ciddi təhdidlərin mövcudluğundan xəbər verdi. Görünür, bütün bunları Ç.Heygel mənfi qarşılayır. O, Vaşinqtonun hərbi metodlara əl atmasının yekunda uğur gətirəcəyinə inanmır.
Ekspertlər gətirdikləri arqumentlərin əsaslı olduğuna şübhə etmirlər. Lakin yeni müdafiə nazirinin kimliyi məsələsində onlar qəti fikir söyləyə bilmirlər. Onun rəsmi Vaşinqtonun sərt mövqeyini müdafiə edən kadrlardan olacağına şübhə yoxdur. ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Con Bolton isə burada problemlərin qarşıya çıxa biləcəyini proqnozlaşdırır. Onun fikrincə, “bu cür kadr dəyişiklikləri, adətən, qarşıda yeni problemlərin olacağını göstərir” (bax: Otstavka Çaka Xeyqela / “Qolos Ameriki”, 24 noyabr 2014).
Söhbət nədən gedə bilər? İlk növbədə Vaşinqtonun xarici siyasətinin böhranlı vəziyyətə düşməsi nəzərdə tutulur. İŞİD və Əfqanıstan məsələlərinə mütəxəssislər məhz bu kontekstdə nəzər salırlar. Görünür, yaxın perspektivdə qlobal geosiyasi mənzərədə müsbət dəyişikliyə ümid etmək mümkün olmayacaq. Bütövlükdə böyük dövlətlər arasında münasibətlərin gərginlikdən qurtula biləcəyini demək risklidir.
Onu da unutmaq olmaz ki, Amerikada respublikaçıların hakimiyyətə gəlməsi ehtimalı çoxdur. Bu isə xarici siyasətdə sərt addımların atılacağını düşünməyə əsas verir. Bəlkə Ç.Heygelin istefası həmin prosesin başlanğıcıdır? Belə isə, onda C.Bolton haqlıdır.
Bütün bunlar Vaşinqtonun xarici siyasətdə mürəkkəb vəziyyətlə üzləşdiyini göstərir. Onun müxtəlif regionlarda qarşısına çıxan problemləri həll etməkdə çətinlik çəkdiyi hiss olunur. Dünyaya liderliyin əvvəlki modeli tam gücü ilə işləmir. Müdafiə nazirinin istefası bu kontekstdə bir çox məqamlardan xəbər verir. Bu proses Amerikanın digər güc strukturlarına da yayıla bilərmi? Bu barədə proqnoz vermək çətin olsa da, mütəxəssislər onun ehtimalının az olduğunu düşünürlər. Hər bir halda B.Obamanın prezidentliyinin başa çatmasına qədər vəziyyətin nisbətən sabit qalacağına inam var.
Reallıq isə həmişə bütün ehtimallara düzəliş edir. Aydındır ki, Amerika xarici siyasətinin çətin mərhələlərindən birini yaşayır. Dünyada onun rolu əvvəlki miqyasda və təsirdə deyil. Meydana yeni güclü dövlətlər çıxır. Bu şəraitdə Ç.Heygel kimi kadrların vəzifədən uzaqlaşdırılmasının nə dərəcədə doğru olduğunu zaman göstərəcək. Çünki müasir dünyanın gücə deyil, iti ağıla, müdrikliyə, qlobal və strateji təfəkkürə ehtiyacı var. Təəssüf ki, sözdə qəbul etsələr də, gerçəklikdə Qərbin siyasi dairələri başqa cür davranırlar. Zərbə isə bəşəriyyətin təhlükəsizliyinə dəyir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40

