Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa İttifaqı “Metsamor” AES-in bağlanmasını tələb edir

Avropa İttifaqı “Metsamor” AES-in bağlanmasını tələb edir

30.03.2015 [09:28]

Qurumun Ermənistan nümayəndəliyi rəhbərinin müavini Traian Hristea bu bəyanatla çıxış edib
Ermənistandakı köhnə və heç bir təhlükəsizlik tələblərinə cavab verməyən “Metsamor” atom elektrik stansiyasının (AES) ciddi regional fəlakət mənbəyi olması kimsəyə sirr deyil. Digər tərəfdən, zaman-zaman müxtəlif xarici ekspertlər, həmçinin, ölkəmizin təmsilçiləri mövcud təhlükə ilə bağlı xəbərdaredici fikirlər səsləndiriblər. Lakin Sarkisyan rejimi AES-in region üçün təhlükə mənbəyi olması faktını qulaqardına vurur. Bu azmış kimi, stansiyanın fəaliyyət müddətinin 2016-cı ildə başa çatması nəzərdə tutulsa da, Ermənistan hökuməti AES-in istismar müddətini bir qədər də uzatmaq qərarına gəlib. Bu xəbər isə öz növbəsində, regionda güclü radiasiya təhlükəsi ilə bağlı narahatlığı daha da artırıb. Yuxarıda da vurğuladığımız kimi, Azərbaycan “Metsamor” AES-in fəaliyyətini davam etdirməsinə dəfələrlə rəsmi şəkildə və ictimaiyyət səviyyəsində etirazını bildirib, müxtəlif beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edilib.
Onu da qeyd edək ki, artıq beynəlxalq qurumlar da bununla bağlı rəsmi Yerevana qarşı müvafiq tələblər irəli sürüblər. Belə ki, Avropa İttifaqı (Aİ) Ermənistandakı atom elektrik stansiyanın fəaliyyətinin dayandırılması və tezliklə bağlanılmasını tələb edir. Məsələn, bir neçə gün öncə Aİ-nin Ermənistan nümayəndəliyinin rəhbərinin müavini Traian Hristea, “Aİ -Ermənistan Şərq Ortaqlığının tətbiq olunması” nəticələrinin dəyərləndirildiyi toplantıda çıxış edərək deyib ki, Ermənistandakı atom elektrik stansiyası müasir beynəlxalq nüvə təhlükəsizlik standartlarına cavab vermir və ən qısa müddətdə fəaliyyətini dayandırmalıdır. T.Hristea çıxışında bildirib ki, yeni atom elektrik stansiyası beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmalıdır: “Amma təəssüf ki, Ermənistan hakimiyyəti 2016-cı ilə kimi “Metsamor”un öz işini davam etdirəcəyini bildirib. Bu reallığı göz önündə alaraq Avropa İttifaqı əməkdaşlıq çərçivəsində 2015-ci ildə bu stansiyada yenidən yoxlamalar aparacaq”.
Bu məqamda qeyd edək ki, daha əvvəl Ermənistan və Rusiya “Metsamor” AES-in fəaliyyət müddətini uzatmaq üçün müqavilə imzalamışdılar. Müqaviləyə görə, Rusiya Ermənistana 270 milyon dollar kredit və stansiyada planlanan fəaliyyətlərin tətbiq olunması üçün 30 milyon dollarlıq qrant verməlidir.
Yeri gəlmişkən, Türkiyə tərəfi də zaman-zaman bu ölkə sərhədindən cəmi 16 kilometrlik məsafədə yerləşən “Metsamor” AES-in fəaliyyətinə etirazını bildirir. Hələ bir neçə il öncə Türkiyənin Avrasiya Strateji Təhlil Mərkəzi ölkənin qeyri-hökumət təşkilatlarını Ermənistandakı “Metsamor” AES-in region üçün ciddi təhlükə kəsb edən bir obyekt kimi fəaliyyət göstərməsinə qarşı etiraz aksiyalarına başlamağa çağırmışdı.
Məlumat üçün bildirək ki, bu AES İrəvandan 30 kilometr məsafədə Metsamor şəhərində yerləşir. Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 30-40 faizi onun payına düşür. Stansiyanın birinci bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istismara verilib. Sözügedən AES dünyada seysmik cəhətdən ən aktiv zonalardan birində yerləşir. 1988-ci ilin dekabrında 26 min nəfərin həyatına son qoyan dağıdıcı zəlzələdən sonra stansiyaya ciddi ziyan dəyib və sonrakı üç ayda radiasiya sızması baş verib. Ermənistan hakimiyyəti 1989-cu ildə stansiyanı bağlayıb, lakin 1993-cü və 1995-ci illərdə bloklar yenidən açılıb.
Digər tərəfdən, “Metsamor” AES 40 ilə yaxındır ki, fəaliyyət göstərir. Əvvəlki dövrlərdə tikilən stansiyaların istifadə müddətinin 30 il olduğunu nəzərə alsaq, fəaliyyətini başa vurmuş “Metsamor” AES-in istismarının bundan sonra bir neçə il də davam etdirilməsinin nə dərəcədə təhlükəli olduğu ortaya çıxır. Müasir AES-lərlə müqayisədə bu stansiyanın ətraf mühiti çirkləndirmə dərəcəsi də xeyli yüksəkdir.
“Metsamor” AES-in təhlükəliliyini artıran ən mühüm amillərdən biri stansiya tikilərkən nüvə reaktorlarını əhatə edən binanın üzərinin poladdan, yaxud betondan olan hermetik təbəqə ilə örtülməməsidir. Bu təbəqə reaktorları mümkün zərbələrdən qorumaqla yanaşı, qəza baş verdikdə, radiasiyanın ətrafa yayılmasının qarşısını almaq gücündədir. “Metsamor” AES isə nüvə reaktorlarının qoruyucu örtüyü olmayan dünyada çox az sayda stansiyalardan biridir.
Onu da bildirək ki, Ermənistan 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən “Metsamor” AES-in fəaliyyətini dayandırmaq öhdəliyini üzərinə götürüb. Avropa İttifaqı bu məqsədlə Ermənistana maliyyə yardımı da təklif edib. Aİ-nin və ABŞ-ın təzyiqləri nəticəsində Ermənistan rəhbərliyi 2007-ci ildə stansiyanı dayandırmağa razılıq verib, lakin bu istiqamətdə real addım atılmayıb. Aİ dəfələrlə “Metsamor” stansiyasının da aid olduğu VVER-440 modelli AES-lərin keçmiş SSRİ tərəfindən tikilən stansiyalar içərisində “ən köhnə və etibarsız” adlandırıb. Yeni AES-in tikilməsi ilə bağlı Rusiya və ABŞ Ermənistana yardım etmək niyyətlərini ortaya qoyublar. Ermənistan rəsmiləri əvvəlki illərdə yeni stansiyanın tikintisinin 2011-ci ildə başlayacağı barədə bəyanatlar versələr də, bu, özünü doğrultmayıb. Bir sözlə, görünən odur ki, Ermənistan bütün alternativ imkanlardan imtina edərək, təhlükəli “Metsamor” stansiyasının istismarını uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər. Bu baxımdan Aİ təmsilçinin “Metsamor” AES-in bağlanması tələbi ilə çıxış etməsi əhəmiyyətlidir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1126 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31