Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Dünyanı zəbt eləyən yumşaq güc

Dünyanı zəbt eləyən yumşaq güc

22.07.2025 [08:31]

Fransua Moriakın “İlan yumağı” romanı haqqında

Əvvəli ötən saylarımızda

İkinci məktub isə Jenevyevanın qızı Yaninanın dayısı Güberə ünvanladığı məktubdur. Burada o, sevdiyi adamdan aldığı ağır zərbədən sonra onu həyata qaytarmış babasının gündəlikləri barədə eşitdiyini yazır, anasının həmin qeydləri ona vermədiyindən gileylənir. Jenevyeva qızına deyib ki, mərhumun yazdıqlarını oxusa, babası gözündən biryolluq düşəcək, nəvəsinin yaddaşındakı mömin qoca obrazı darmadağın olacaq. Əvəzində anası dayısının məktubunu - babasının yazdıqlarını yox, yazılanların şərhini ona həvəslə göstərib. Özü də tez-tez qızının nəzərinə çatdırır ki, babası Yaninanın da haqqında xoşagəlməz ifadələr işlədib:

“Dayı, məni bağışlayın, ancaq bir mühüm məsələdə sizinlə heç cür razılaşa bilmərəm: mən babamın axır həftələrinin tək şahidi kimi onun həmin günlərdə hansı hisslər keçirdiyini bilirəm. Siz onun dumanlı, xəstə dini fantaziyalarını qınayırsınız, ancaq icazənizlə deyim ki, Kalezdə babam yerli keşişlə üç dəfə görüşmüşdü (bir dəfə oktyabrın sonunda, iki dəfə də noyabrda). Nə üçün siz keşişdən bu barədə soruşmaq istəmirsiniz? Anamın deməsinə görə, babamın öz ömrünün ən incə detallarını da qeydə aldığı gündəlikdə bu görüşlər barədə heç nə yazılmayıb, halbuki mərhumun qəlbindəki çevriliş bununla bağlı olsaydı, bu haqda gündəlikdə mütləq nəsə yazılardı. Anam onu da deyir ki, qeydlər yarımçıq qalıb, son cümləsi belə sona çatdırılmayıb. Şübhəsiz, ölüm onu öz tövbəsini qələmə almaq istədiyi məqamda yaxalayıb. Buna şəkk eləmək insafdan olmazdı ki, əgər günahları bağışlansaydı, o, müqəddəs dini ayini də yerinə yetirəcəkdi. Ölümündən bir gün qabaq babamın mənə dediklərini yaxşı xatırlayıram: onu dərd götürmüşdü ki, xristianlığın başlıca ibadətini icra eləməyə hələ də layiq deyil, yazıq gözünü qarşıdan gələn milad bayramına dikmişdi... Onun öləziməkdə olan qəmli səsi hələ də qulaqlarımdadır.

Narahat olmayın, dayı, mən babamın məzarına müqəddəslik çələngi qoymaq fikrində deyiləm. Sizinlə razıyam - o, qəribə, bəzi hallarda isə çox dəhşətli adam idi. Bununla belə ömrünün son günlərində onun qəlbi nurlandı...”

***

Eynən ustadı Dostoyevski kimi Fransua Moriak da qəhrəmanını cəhənnəmin yeddi qatından keçirəndən sonra ona cənnətin qapılarını göstərir. Ancaq bu, bir balaca xatalı üsuldur.

Advokat Lui altmış ildən çox ürəyinin qapı-bacasını başqaları üçün kilidli saxlayır, öz evində, doğmalarının arasında belə o, Sartrın təbirincə desək, özgələrin cəhənnəm olduğu bir aləmdə yaşayır. Ancaq onun divarları qalın, qapı-pəncərəsi qapalı tənhalığının özü də bir cəhənnəmdir. Nə olsun ki, pulu var, sərvəti var, onu saydırıb-seçdirən peşəsi, el içində şöhrəti var, abad evi-eşiyi, ailəsi yolunda can çürüdən qayğıkeş həyat yoldaşı, ağıllı-kamallı övladları var. Hər şey var, amma azadlıq, sevgi, xoşbəxtlik yoxdur, sinəsində ürək yerinə zəhərli ilanlar qaynaşır. Arvadı da, uşaqları da, özü də - hər biri canında dustaqlıq çəkir, heç biri vücudunun hasarını aşıb, özgə bağına girmək bir yana, barı neytral zonaya ayaq basa bilmir. Bir sözlə, ailənin yaşadığı xalis cəhənnəm, xalis sürgün həyatıdır - sevgi, dostluq, qardaşlıq olmayan yerdə evi də, vətəni də, dünyası da adamdan ötrü soyuq zindan, sürgün yeridir.

Son əlli ildə Lui çox az bəxtəvər günlər-saatlar yaşayıb, yalnız ailə həyatının erkən çağında, bir də vəkil kimi haqqın, ədalətin təntənəsinə nail olanda xoşbəxtliyi dadıb. Sevinc, xoşbəxtlik əgər ilahi mahiyyət kəsb eləmirsə, demək, o, şeytani, yalançı sevinc, dünyəvi, gəldi-gedər, son ucu bədbəxtliyə, fəlakətə calanan xoşbəxtlikdir. Ən effektiv terapiya yaradıcılıq terapiyası, ən qalıcı sevinc elə yaradıcılıqdan alınan mənəvi zövqdür. Advokat Lui də xoşbəxtliyi qoca, xəstə vaxtında, əlinə qələm alıb ömrünün hekayəsini bizə danışmağa başlayanda yaxalayır. Keçmişindən üzübəri altmış illik səfər boyu neçə-neçə cəhənnəm tonqalının üstündən atıla-atıla təhkiyəçi travmalarını sözə çevirib zərərsizləşdirir, altmış səkkiz yaşına ağ varaq kimi tərtəmiz çıxır.

***

Belə bir fikir də var ki, kim uşaqlığında, gəncliyində daha çox travma alıbsa, o, daha yaxşı yazır. Bu da xatalı fikirdir. Qəlbində dərin mənəvi yara gəzdirənlərin heç də hamısı Dostoyevski olmur, çoxu qatil, cani, oğru-quldur olur; zaman keçdikcə belələrinin bir qismi miskin köləyə, canının qəsdinə duran mazoxistə, bir qismi də amansız cəllada, tirana, sadistə çevrilir. Yalnız aqressiv psixoloji komplekslərini yenənlər, şeytanına qalib gələnlər travmalarının üstündən adlayıb dahi olurlar. Bu da yalnız sevgidən doğan yaradıcılıq (istənilən növ yaradıcılıq!) hesabına mümkündür. Çünki travmalar dağıdıcıdır (ilk növbədə o travmanı gəzdirən vücuddan ötrü), zədənin xarakterini dəyişmək, onu dağıdıcı missiyasından qurtarmaq üçün köhnə-təzə yaralara sevgi məlhəmi sürtməlisən.

Şərdən xeyir yaranmır, şər olsa-olsa xeyirin oyanmağına təkan verə bilər, onu silkindirib yuxudan ayılda bilər. Yaxşılığın zirvəsinə yetişmək üçün mütləq pis işlər görməyə, cəhənnəm əzabı çəkməyə ehtiyac yoxdur. Əgər haqqa doğru yürüş bunlarsız başa gəlirsə, nə yaxşı! Hər bir halda insan xeyirə şərin leşi üstündən keçib çatır. Advokat Luinin də on illərlə içinə qapandığı zindanın divarları o zindanda dustaqlıq çəkən zavallı qələm çalıb tövbəsini yazmağa girişəndən kərpic-kərpic sökülməyə başlayır. Sevgi, səmimiyyət, həqiqətin gözünə dik baxmaq dustağı şər azarından sağaldır, onun gözlərini açıb üzünü Allaha çevirir. Bundan sonra o, dünyayla bağlarını qırmağa, sərvətini doğmalarına paylamağa, üstündən ağır yükləri atmağa qərar verir. İsa peyğəmbər İncildə necə demişdi: dəvə incəlib iynənin gözündən keçəndə varlılar da cənnətə girəcəklər.

Ancaq “Lui ona görə haqqı tapdı ki, var-dövlətdən imtina elədi” kimi bir müddəa irəli sürmək yanlış olar. Tam tərsinə, əgər qəhrəman içində haqqın nurunu tapmasaydı, onun sərvətdən imtinası ya baş verməyəcəkdi, ya da Məsihin notariat kontorunda etibarlı sayılmayacaqdı. Mənəvi qanunlar məcəlləsindən yola çıxsaq, dünya malından imtina səbəb yox, nəticə ola bilər. Ona qalsa, Buddanın nemətlərdən imtinası günə bir düyü dənəsiylə keçinməyə qədər gedib çıxmışdı, ancaq yenə Qautama öz həqiqətini tapa bilməmişdi. Tək imtinayla haqqa yetişmək olmaz. Bu dünyada haramdan, rüşvətdən, zinadan imtina eləyən, di gəl, zərrəcə adamlığı olmayan, cəmi bəşərə səbəbsiz nifrət bəsləyən nə qədər məxluqlar görmüşük. İmtinanın əxlaqdan, mənəviyyatdan yan keçən səbəbləri də var. Budda anlamışdı ki, məsələyə neqativdən yox, pozitivdən başlamaq lazımdır. Yəni sən xeyirə könül bağlayandan sonra şərdən avtomatik imtina eləyəcəksən, qadağalara ehtiyac duymayacaqsan, sərvət-filan gözünə görünməyəcək.

***

Şərin qarşısına xeyirlə çıxmaq - İsa Məsihin bu ana düsturu sadəcə qulağa xoş gələn, gözdən pərdə asan humanist şüar, gəlişigözəl ifadə deyil. Bu, həzrəti Hippokratın belə əli çatmayan sağlamlıq konsepsiyası, qurtuluş düsturudur. Yalnız Tanrı kimi sevmək, məxluqlara Allah nəzəriylə baxmaq bir torba əti-sümüyü tanrıya çevirir, dünyanın qapılarını taybatay açır, həyatı gözəlləşdirir, insanı müqəddəsləşdirir, varlıqları dəyərə mindirir. Fərdin özünü aşıb kainata açılması, günbəgün uzaqlaşan kainatın da insana dönüşü yalnız ilahi sevginin gücünə başa gəlir.

Allaha nə qədər inanıb itaət göstərən var ki, insana, onun ilahi qüdrətinə inanmır. Bu necə naqis, yarımçıq inamdır?! İnsana inanmayan, onu ixtiyarsız kölə, qolubağlı qul sayan deməsin ki, mən Allaha inanıram. İsa Məsih məhz bu müqəddəs gerçəyi söyləməyə gəlmişdi: eşidin, bilin, ay insanlar, siz hamınız Tanrı övladlarısınız, ata-ananızdan qabaq Allahdan törəmisiniz, canınızda Tanrı yükü, Tanrı məsuliyyəti daşıyırsınız. Kainat sizə yad deyil, sizin bu yaradılışda əliniz var. Dünyaya da o görməyib inandığınız, varlıqların ən alisi saydığınız Tanrının uca nəzəriylə baxmalısınız.

Yalnız onda könlünüz dillənəcək, dünya sizin olacaq, başqaları cənnətə, yadlar doğmaya dönəcək, maddi aləmin sizdən ötrü qara qəpiklik dəyəri qalmayacaq. Sevgi - dünyanı zəbt eləyən ən böyük yumşaq gücdür. Yoxsa zavallı insan beş günlük ömrünün beş gününü də içində gürzələr bəsləməyə, yer üzündə cəhənnəm tonqalları çatmağa, vücudunu zəhər tuluğuna, ilan fermasına çevirməyə məhkumdur.

F.Uğurlu

Paylaş:
Baxılıb: 279 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31