Vicdan əzab verərmi?
23.04.2026 [09:31]
Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı haqqında
əvvəli ötən sayımızda
Balzakın romanında İblis rolunu oynayan katorqalı Votren Rastinyaka kasıblığın daşını atmaqdan ötrü varlı bir gənci səliqəylə aradan götürdüb onun bacısına evlənməklə milyonlara yiyələnməyi məsləhət görür, daha doğrusu, bu istiqamətdə onunla hər ikisi üçün əlverişli saziş bağlamağa çalışır. Rastinyak pula, sərvətə nə qədər tamahlansa da, bu əsərdə hələ safdır, o qədər korlanmayıb, ona görə son anda İblislə müqaviləyə imza atmır, ruhunu Votrenə satmır. Tibb təhsili alan dostu Byanşonla onun arasındakı bir dialoq bu baxımdan xarakterik sayıla bilər:
“Byanşon soruşdu:
- Nə olub belə, çox qayğılı görünürsən?
- Axmaq fikirlər mənə rahatlıq vermir, - Rastinyak dedi.
- Hansı axmaq fikirlərdir o? Fikir üçün bizdə dərman var.
- Nə dərmanı?
- Beyninə girənləri həyata keçirmək dərmanı.
- Sən zarafat eləyirsən, çünki bilmirsən məsələ nə yerdədir. De görüm, Russonu oxumusanmı? Yadındamı Russoda belə bir yer var: o, oxucudan soruşur ki, əgər Parisdən çıxmadan, yalnız ürəyində arzu tutmaqla Çində yaşayan varlı, qoca bir mandarini öldürüb bunun sayəsində böyük sərvətə yiyələnə bilsəydi, oxucu neyləyərdi, necə davranardı?..”
Balzakın romanında bu sual açıq qalır, Rastinyak çinli qocanı öldürməyi sonrakı əsərlərə saxlayır, üstəlik, yazıçı namuslu Byanşonun diliylə özünün zahidanə xoşbəxtlik reseptini də oxucuya çatdırır: “Sən həyata yenicə qədəm basmış hər kəsin qarşısında duran sualı mənə verirsən. Sən Qordi düyününü bir qılınc zərbəsiylə çözmək istəyirsən. Əzizim, bundan ötrü İsgəndər olmaq lazımdır, yoxsa katorqaya sürülərsən. Şəxsən mən atamdan miras aldığım mövqeyi tutub əyalətdə sadə həyat sürməklə də xoşbəxt ola bilərəm. İnsanın istəkləri böyük ərazidə olduğu kimi kiçik bir sahədə də tam təmin oluna bilər. Napoleon gündə bir dəfə nahar eləyərdi, özü də kapusinlər xəstəxanası yanında yaşayan tibb fakültəsi tələbəsinin saxladığından çox məşuqə saxlamazdı. Dostum, bizim xoşbəxtliyimiz ayaqlarımızın altıyla təpəmiz arasındakı hüduda həmişə sığacaq, bu xoşbəxtliyin qiyməti istər ildə bir milyon frank, istərsə yüz luidor olsun, biz ondan eyni dərəcədə həzz alacağıq. Odur ki, mən çinli qocanın yaşamağına səs verirəm”.
Rastinyakın yarıda qoyduğu yolu Raskolnikov sonacan gedir. O, Avropa romantizminin kumiri, bəşər tarixinin ən demonik fiqurlarından biri, məqsədinə çatmaq üçün göz qırpmadan milyonlarla cəsədin üstündən keçən Napoleonu özünə örnək seçir. Di gəl, Byanşonun dediyi kimi, bundan ötrü İsgəndər olmaq lazımdır...
***
Romanda hadisələr əsərin yazılmağa başlandığı günlərdə cərəyan eləyir. İyirmi üç yaşlı keçmiş tələbə Rodion Romanoviç Raskolnikov dilənçi vəziyyətindədir, qaldığı quş damının - tabuta bənzər alçaq dar otağın kirayə haqqını ödəyə bilmir, ev yiyəsi polisə ondan şikayət eləyib. İki gündür yeməyə də heç nə tapmır.
Qızmar yay axşamında zavallı gənc atasından qalma saatı sələmçi qarının yanında girov qoyub ondan gözlədiyindən təqribən üç dəfə az pul götürür. Raskolnikov ürəyində bu qarını öldürmək planı cızır. Qarı deyəndə Alyona İvanovnanın altmış yaşı var - bəllidir ki, keçmişdə adamlar tez qocalırdılar.
Qayıdanbaş Rodion ucuz meyxanaya dönür, burada yaşı əllini keçmiş Marmeladov soyadlı sabiq məmurla tanış olur. Marmeladovun ailəsi ehtiyac içində yaşayır, özü içkiyə qurşanıb, arvadı vərəmə yoluxub, əvvəlki nikahdan olan qızı Sonya (Sofya Semyonovna) əyyaş atasını, xəstə analığını, onun üç azyaşlı uşağını dolandırmaq naminə “sarı bilet” alıb, yəni bədənini satmağa başlayıb. Raskolnikov sərxoş kişini ünvanına aparır, cibində olan nəyi varsa, onun qəzəbli arvadına verib evdən çıxır.
Qaldığı yerə qayıdanda qulluqçu anasının göndərdiyi məktubu ona verir. Qırx üç yaşlı dul qadın Pulxeriya Aleksandrovna yazır ki, Rodionun bacısı Avdotya Romanovna (Dunya) Lujin soyadlı varlı məmura, işbaz kommersanta ərə getməyə hazırlaşır. Ana ümid eləyir ki, qızının seçimi onlara maddi toxtaqlıq gətirəcək, bu izdivacın sayəsində oğlu, nəhayət, universiteti bitirə biləcək. Raskolnikov bu nikahın qəti əleyhinədir, heç bir şübhəsi yoxdur ki, Dunya özündən çox böyük fırıldaqçıya könüllü ərə getmir, anasının, qardaşının yolunda özünü qurban verir. Bu fikir Raskolnikovun sələmçi qarını öldürmək niyyətini bir az da gücləndirir: bir həşərat qədər dəyəri olmayan sələmçinin sərvəti onun nə qədər savab iş tutmasına təkan verəcək!
Bir təsadüf nəticəsində Raskolnikov öyrənir ki, ertəsi gün axşam saat yeddidə qarı evdə tək olacaq. Mətbəxdən gizlicə götürdüyü baltanı paltarının altında gizləyib, girov qoymaq adıyla sələmçinin evinə gedir, qarını öldürəndən sonra onun evə vaxtından əvvəl qayıdan ögey bacısı fağır Lizavetanı da qətlə yetirməyə məcbur qalır. Yalnız o vaxt duyuq düşür ki, qapını arxadan bağlamayıbmış. Əlinə keçənləri ciblərinə, qoynuna-qoltuğuna doldurub sələmçinin evindən çıxmaq istəyəndə az qalır qarının başqa müştəriləriylə üz-üzə gəlsin. Birtəhər özünü çölə atır, gözə dəymədən, diqqət çəkmədən evə qayıdır.
Beləcə, birinci hissə qətlin icra olunmasıyla başa çatır. Qalan beş bölüm boyu biz qatilin özünü ələ vermək üçün oynadığı mürəkkəb, gərgin psixoloji tamaşanı izləyəcəyik. Başqa sözlə, birinci bölüm əsərin - cinayət, qalan beş bölüm - cəza hissəsidir. Cinayət baş verdiyi andan cəza mexanizmi avtomatik işə düşür.
***
Ertəsi gün Raskolnikovu qara qızdırma yatağa salır. Polisdən çağırış gələndə onu vahimə bürüyür, ancaq tezliklə bəlli olur ki, polis onu mənzil haqqını ödəmədiyinə görə axtarır. Kontora baş vurub ərizə yazır, çıxmaq istəyəndə qarının qətli barədə gedən söhbəti eşidir, qəfil bayılıb yıxılır.
Qaldığı quş damında axtarış aparılacağından qorxan Raskolnikov otağında saxladığı qiymətli əşyaları həyətlərin birində daş altında gizləyir. Sonra yeganə dostu, keçmiş tələbə Dmitri Razumixinin qaldığı yerə gedir, ondan pullu tərcümə işi götürür, amma son anda fikrini dəyişib dostunun təəccübünə səbəb olur. Əvvəllər uşaqlara yazıb-oxumaq öyrətməklə qəpik-quruş qazanırmış, indi buna da halı-həvəsi qalmayıb.
Razumixin onu tapanda Raskolnikov huşsuz halda sayıqlayır. Dostu onun qayğısına qalır, üstünə həkim çağırır. Bir neçə gündən sonra anası Raskolnikova pul göndərir, Rodion pula yiyə durmaq istəməsə də, Dmitri həmin pulların bir hissəsini dostunun əyin-başına, borclarının üzülməsinə xərcləyir.
Raskolnikov eşidir ki, qarının ölümündə bir mərtəbə aşağıdakı mənzili təmir eləyən rəngsazı suçlayırlar. Hələ xəstəlikdən ayılmamış Lujin onun görüşünə gəlir. Potensial yeznənin qırx beş yaşı var, Dunyadan iyirmi üç yaş böyükdür, ancaq yaşından cavan görünür. Lujin hər qəpiyinin hesabını bilən, yalnız öz maraqlarını güdən, üstəlik, bunu özü üçün prinsipə, ehkama çevirən simicdir. Onun fikrincə, cəmiyyətdə varlılar nə qədər çox olarsa, cəmiyyət özü də bir o qədər varlanar; buna görə də hər bir kəs daşdan pul çıxarmalı, varlanmağa çalışmalı, bununla yanaşı, qazandığını kasıb-kusubla bölüşməməli, başqalarının dərdinə qalmamalıdır. Eqoist filosofla sözü çəpləşən Raskolnukov onu daxmasından qovur.
Bundan sonra təcrübəsiz qatil yataqda qərar tutmayıb xəstə canıyla meyxanaya gedir, orada polis şöbəsinin işçisini görür, cinayət törətdiyini ona qəribə bir tərzdə, demək olar, açıq mətnlə anladır. Adam onun dediyini düz-əməlli başa düşmür. Meyxanadan çıxanda Raskolnikov onu axtaran Razumixinlə qarşılaşır, dostunu acılayıb ondan aralanır. Əvvəl özünü Neva çayına atmaq istəyir, sonra cinayət törətdiyi evə gedir, daha sonra qərara gəlir ki, özünü polisə təhvil versin.
Yolda sərxoş Marmeladovun fayton altında qalıb ağır zədələndiyini görür. Qanına bələnmiş yaralını tanıyanda onun ünvanını bildiyini deyir, hadisə yerinə yığılmış adamlarla köməkləşib, can verən Marmeladovu evinə çatdırırlar. Anasının göndərdiyindən qalan pulları Raskolnikov mərhumun arvadına verir. Bu əhvalat onun həyat eşqini artırır. Razumixinlə tapışıb evinə qayıdanda Rodion burada onu gözləyən nigaran anası-bacısıyla qarşılaşır.
davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13

