Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / ELM DİPLOMATİYAMIZIN UĞURLU ÇİN SƏFƏRİ

ELM DİPLOMATİYAMIZIN UĞURLU ÇİN SƏFƏRİ

27.07.2026 [18:32]

Azərbaycan elminin inkişaf istiqamətləri son illər dünya elminə inteqrasiya proseslərində yeni mərhələni əhatə edir. Baş verən elmi yeniliklər, dost ölkələrin yeni innovasiyaları ilə bağlılıq, həm ümumi inkişafın, həm də dövlətlərarası münasibətlərin konturlarında elmi yanaşmaların rolunu önə çıxarır. Digər tərəfdən müasir sürətli unkişaf onu göstrərir ki, cəmiyyətlərin, xalqların bir-biri ilə anlaşma prosesi təkcə virtual məkanda deyil, yeni ideyalara və hədəflərə açılan yol bilavasitə canlı dialoqda müzakirələrin mövzusudur. Bu prosesin effektliliyi sağlam, əsaslandırılmış dövlətlərin strateji xəttini ifadə edən elm diplomatiyası ilə çox bağlıdır. Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğunda müdrik  diplomatiyası həm də Çin Xalq Respublikası ilə elmi əlaqələrin möhkəm təməlini qoymuşdur. Bu strateji xətt uğurlu məqsədlər və hədəflər üzərindən inklşaf edərək Prezident İlham Əliyevin dövlətcilik strategiyasında vacib istiqamətə çevrilmişdir. Bu baxımdan Prezident İlham Əliyev ölkələrlə elmi əməkldaşlığın genişləndirilməsinə dair strateji xətti həmişə olduğu kimi yeni mərhələdə də AMEA –nın üzərinə mühüm vəzifələr qoyub. Biz ölkəmizin ali elmi təşkilatı olaraq yeniləşmə mərhələsində AMEA-nın bu vəzifələri hədəfləri aydın və elmin prioritetlərinə cavab verən şəkildə yerinə yetirməsini konkret göstəricilər və nəticələr əsasında görürük. Bu həm zəngin ənənələrdən yaranan elmi resursların, həm də dövlətimizin xüsusi diqqətinin sayəsində uğurlu diplomatiyamızın tərkib hissəsinə çevrilmişdir. Biz onu da qeyd etməliyik ki, Azərbaycan elminin dünya elmi ilə daha sıx şəkildə təması təkcə süni intellekt və yeni texnologiyaların cağırışı deyil Azərbaycanın yaratdığı yeni reallıqların formalaşdırdığı elmi konsepsiyaların öyrənilməsi zərurətidir. Təbii ki, süni intellekt bu prosesin həyata keçirilməsinin ən mühüm vasitəsidir. Bu günlərdə Çinin Hebey əyalətinin Sionqan yeni rayonunda 24-cü Beynəlxalq İstedad Mübadiləsi Konfransında ölkəmizi təmsil edən AMEA Prezidenti akademik  İsa Həbibbəylinin Çin Xalq Respublikası ilə  elmi əməkdaşlığın dərinləşdirilməsinə yönələn elmi mərkəz və universitetlərdə  keçirilən canlı dialoq və müzakirələri protokol xarakterli deyil,  Azərbaycan –Çin arasında dövlət başcılarının iradəsi ilə formalaşan bütün sahələrdəki  inteqrasiyada elmi istiqamətlərin dərinləşdirilməsi və təbliği kimi əhəmiyyət kəsb edir.  Bu gün  Azərbaycanın təşəbbüsləri ilə hər iki dost ölkənin sağlam münasibətləri tarixi köklərə və müasir reallılqara əsaslanmaqla iqtisadi tərəqqini, sabit mühiti, ədaləti bərqərar edən siyasi platformanı qoruyub saxlamağa xidmət edir. Azərbaycan elminin əsas vəzifəsi hazirda bu strategiyanın dünya üçün əhəmiyyətini tam mənası ilə cəmiyyətlərə çatdırmaqdır. Çünki sabit dünya platformasının elmi əsaslarını Azərbaycan tərəfi nə qədər çətin olsa da dünyaya qəbul etdirmişdir. Prezident İlham Əliyevin siyasi iradəsinin bəşəriyyət üçün əhəmiyyəti dost ölkə kimi Çin tərəfindən qəbul edilir. Onun mahiyyətinin cəmiyyətlərdə aydın, davamlı və uzun hədəflərə yönələn şəkildə dərk olunması isə elm diplomatiyamızın çox mühüm vəzifəsidir. Bu baxımdan akademik İsa Həbibbəyli 30 ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq konfransın açılış mərasimində çıxış edərək bildirmişdir ki, “Azərbaycan ilə Çin arasında əlaqələr qədim dövrlərdən İpək Yolu vasitəsilə həyata keçirilmiş və hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi “Yeddi gözəl” poemasında Çin motivləri əsasında maraqlı obraz yaratmışdır”.

Müasir dövrdə Azərbaycan- Çin əlaqələrinin möhkəm təməllərinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan AMEA rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Çinpinin siyasi iradəsi ilə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın hərtərəfli və geniş miqyasda inkişaf etdirildiyini diqqətə çatdırmışdır. Bu münasibətlər sayəsində elmi əməkdaşlığın yeni-yeni istiqamətlərinə geniş meydan açılması elm-texnika və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi, elmi mübadilənin əhəmiyyətli nəticələrinin özünü göstərdiyi xüsusi olaraq vurğulanmışdır.  2025- ci ildə  isə Azərbaycan Çin arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında dövlət başcılarının “Birgə Bəyanat” imzalamaları kimi mühüm tarixi sənəd göstərdi ki, elmi əməkdaşlığın genişləndirilməsi siyasi və iqtisadi tərəfdaşlığın inkişafı üçün prioritetdir.  Bu siyasi iradədən irəli gələn vəzifələri həyata keçirmək üçün səfər cərcivəsində Azərbaycan Çin arasında həmçinin AMEA ilə Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və bir sıra digər elmi qurum və universitetlər arasında imzalanmış anlaşma memorandumlarının bündan sonra da mühüm praktiki nəticələr verəcəyi bildirilmişdir. Eyni zamanda, akademiyanın elmi-tədqiqat institutları ilə bir sıra tədqiqatların aparılması, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərməsi qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyinə və elmi əməkdaşlığın yeni səhifələrində  ictimai və humanitar elmlər üzrə süni intellekt və rəqəmsal inkişaf sahəsində yeni perspektivlər açdığının mühüm əhəmiyyəti təhlil olunmuşdur. Səfərin diğər mühüm tərəfi  Avstriya, Tailand və Kanada Elmlər Akademiyalarının prezidentləri, Hebey Pedaqoji Universitetinin rektoru ilə  keçirilən görüşlərdir ki, Azərbaycan həqiqətlərinin müvafiq elmi qurumlara çatdırılmasına imkanlar yaranmışdır.       

Bu gün həm də elmi potensialın mübadilə edilməsi zamanın tələbidir. Elmin dünyəviliyi və ona açıq olan dövlət siyasəti isə Azərbaycan üçün daha da həssas məsələdir. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çin Xalq Respublikasına səfəri çərçivəsində Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyasının prezidenti, tarix elmləri doktoru, professor Çi Siaoyən ilə görüşərkən dövlətlərarası münasibətlərdə elmi potensialla bağlı  mübadilənin mühüm əhəmiyyətini də önə çəkmişdir. Həmin görüşdə çıxış edən Assosiasiyanın prezidenti, tarix elmləri doktoru, professor Çi Siaoyən Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında bu görüşdə imzalanmış anlaşma memorandumunun qarşılıqlı elmi əlaqələrin inkişaf etdiriləcəyinə böyük fayda verəcəyinə əminliyini ifadə edərkən bu amili önə çəkmişdir. Akademik İsa Həbibbəyli Çinin Hebey Sosial Elmlər Akademiyasının prezidenti professor Lü Sinbin  ilə görüşərkən çinli alim daha bir mühüm məqama diqqət çəkmiş və Çin və Azərbaycanın dövlət başçılarının birgə diqqəti sayəsində iki ökə arasında reallaşan və Azərbaycanın Çinin “Kəmər və yol” layihəsini beynəlxalq miqyasda ilk dəstəkləyən ölkələrdən biri olduğunu mühüm hadisə kimi qiymətləndirmişdir.  O, həm də rəhbərlik etdiyi Hebey Sosial Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında 2024-cü ildə imzalanmış anlaşma memorandumunun müddəalarının uğurla həyata keçirildiyindən məmnin qaldığını, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli isə  Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi ilə bütün istiqamətlər üzrə yaranmış əlaqələrin elm sahəsində uğurlu davamı kimi  nəzərdə tutulmuş yeni layihələr haqqında məlumatları da müzakirə müstəvisinə gətirmişdir.  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda icrasına başlanan “Azərbaycan ədəbiyyatında Çin mövzusu və arxetipləri məsələsi” layihəsi barədə məlumat verməklə,“Kəmər və yol” təşəbbüsü çərçivəsində elm və mədəniyyətlərin dialoqu” mövzusu üzrə də müştərək araşdırmalara başlamağın iki elmi qurum arasında yeni üfüqlərin açlmasına xidmət edəcəyini bildirmişdir. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Yeddi gözəl”  poemasının Çin motivləri əsasında çəkilmiş rəsm əsərini professor  Lü Sinbinə hədiyyə etmişdir. Xatırladaq ki, 2024 cü ilin 29 sentyabr tarixində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Pekində keçirilən “İpək yolu ruhuyla Çin-Azərbaycan münasibətlərini möhkəmləndir” devizi ilə 1-ci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransın iştirakcılarına məhz elmi əməkdaşlıqda dövlətimizin strateji xəttinin mahiyyətinə dair müraciət etmişdir. Məhz davamlı əlaqələrin formalaşmasında bu mühüm konfransın da əhəmiyyəti vardır. Həmin konfransda Azərbaycan-Çin əlaqələrinin müstəqillik illərində özünəməxsus böyük inkişaf yolu keçdiyini deyən AMEA rəhbəri 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Çinə olan səfəri Azərbaycan Çin əlaqələrinin yeni tarixi şəraitdə möhkəm təməllərinə çevrildiyini və istiqamətini müəyyən etdiyini, Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanan sənədlər, dövlət səviyyəsində əldə olunan razılaşmalar Azərbaycan-Çin əlaqələrini qısa vaxtda çox yüksək inkişaf mərhələsinə qaldırılmasını diqqətə çatdırmışdır. Həmin konfransda bildirilmişdir ki, “Əlaqələr içərisində Azərbaycan-Çin münasibətlərinin xüsusi bir qolunu təşkil edən elmi əlaqələr özünəməxsus inkişaf yolu keçməkdədir. AMEA ilə Çin Sosial Elmlər Akademiyası arasında bağlanmış müqavilə, AMEA ilə Hebey Sosial Elmlər Akademiyası arasında imzalanmış əməkdaşlıq sazişi, Azərbaycan alimləri ilə Çin alimlərinin müştərək tədqiqatlar aparması, ölkələri bir birinə və elmi şəkildə tanıdılması, elmi ədəbiyyatı mübadilə etmək kimi fəaliyyət qarşıda yeni üfüqlər açır. Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və Hebey Sosial Elmlər Akademiyası ilə AMEA Xəzərdən Çin səddinə qədər olan böyük bir layihənin icrasına başlamışdır”. Bu fikirlərin real təsdiqi olaraq  hazırkı səfərdə da göründüyü kimi Azərbaycan tərəfindən uğurla, verilmiş vədlər sədaqətlə həyata keçirilməkdədir.

Həmin konfransda akademik İsa Həbibbəyli bildirmişdir ki, “elmi əməkdaşlığın daha bir göstəricisi kimi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir, Azərbaycan alimlərinin Çin ədəbiyyatına dair dissertasiya işləri müdafiə olunub, Çinə həsr olunmuş şeirlərdən ibarət kitablar  çap olunub, eyni zamanda, bunlar isə Çin dilinin Azərbaycanda öyrənilməsinə də böyük maraq yaradan amil olmuşdur. AMEA-nın Çin Mədəniyyət Mərkəzində də Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Çin dilini öyrənən tədqiqatçılar nəsli artıq formalaşıb. Pekin Xarici Dillər Universitetində Azərbaycan dili üzrə mütəxəssislər hazırlığı üçün qəbul aparılır, 1-ci qəbulun məzunları Azərbaycanda təcrübə keçirlər. Onlar Azərbaycan dilini doğma ana dilləri qədər dərindən mənimsəyiblər. Bütün bunlar azərbaycanşünaslar qarşısında Çindəki alimlərimizlə əlaqəli şəkildə hər iki ölkə arasındakı münasibətlərin dərin köklərini, böyük ənənələrini, müasir dil vəziyyətini və gələcək inkişaf problemlərini öyrənmək kimi ciddi vəzifə qoyur. Hesab edirəm ki, beynəlxalq konfrans Azərbaycan-Çin çoxcəhətli əlaqələrinin elmi cəhətdən daha da inkişaf etdirilməsinə, bu sahədə sistemli yanaşmanın meydana qoyulmasına, müasir dövrün çağırışların uyğun hədəflərin müəyyən olunmasına özünün böyük töhfəsini verəcək”.

Beləliklə, müasir dünyada elmi əlaqələrə daha sıx inteqrasiya  baxımından Azərbaycan dövlətinin reallaşdırdığı və qarşıya qoyduğu vəzifələr onu göstərir ki, ölkəmizin inkişafı naminə aparılan müdrik siyasətin hər bir addımında elmə əsaslanma var. Proses elmin gücü ilə aparılır və nəticələri ümummilli inkişafı müəyyənləşdirən strategiyadır. Əslində cəmiyyətin bütün təbəqələrinin dövlətin apardığı siyasətin mahiyyətinin düzgün dərk edilməsini də elmi fəaliyyət təşkil etməlidir. Deməli elmin həm dövlətin qarşıya qoyduğu strategiyanın formalaşması və uğurlu hədəflərə çatması üçün, həm də onun davamlı və yeni strategiyanın müəyyənləşdirilməsi üçün mühüm vəzifələri vardır.  Bu baxımdan Azərbaycan dövlətinin bütün uğurlarında elmin rolunu önə çəkən Prezident İlham Əliyev AMEA-nın qarşısında da mühüm vəzifələri müəyyən etməsi ona həssaslıqla yanaşması həm alimlərimizə göstərilən etimadı həm də onların  böyük məsuliyyətini  müəyyən edir. AMEA  bu vəzifələrin həyata keçirilməsində bu gün tam məsuliyyəti ilə demək mümkündür ki, Azərbaycan dövlətinin çağırışlarına var gücü ilə qoşulub və bunu yeganə vəzifə kimi qarşısına qoyub. Yeniləşən Akademiya dövlətimizin çağırışlarına və inkişafına bundan sonra da tövhələrini verəcəkdir.   

Sənan Həsənov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31