Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın fəal iştirakı ilə formalaşan üçtərəfli əməkdaşlıq formatı regionda təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yeni imkanlar açır

Azərbaycanın fəal iştirakı ilə formalaşan üçtərəfli əməkdaşlıq formatı regionda təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yeni imkanlar açır

12.08.2016 [09:53]

Prezident İlham Əliyev: Zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcəkdir
Xəbər verildiyi kimi, avqustun 8-də Bakıda Azərbaycan Respublikasının, İran İslam Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin iştirakı ilə üçtərəfli Zirvə görüşü keçirilib. Bəhs olunan Zirvə görüşü eyni coğrafiyanı bölüşən üç ölkə arasında yeni əməkdaşlıq formatının əsasını qoyub. Prezidentlər Zirvə görüşündəki çıxışlarında ölkələrinin böyük tarixi ənənələrə malik qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsində və daha da möhkəmləndirilməsində maraqlı olduğunu xüsusi vurğulayıblar. Prezident İlham Əliyev üçtərəfli Zirvə görüşündəki çıxışında Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda bir araya gəlmələrini tarixi hadisə kimi səciyyələndirib. Üç ölkə arasında yeni əməkdaşlıq formatının yarandığını deyən Azərbaycanın dövlət başçısı bəhs olunan formatın regionda təhlükəsizliyin və əməkdaşlığın güclənməsi baxımından önəminə diqqət çəkib. Prezident İlham Əliyev əminliyini ifadə edərək vurğulayıb ki, Zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcəkdir.
Regionda yeni əməkdaşlıq formatının yaranmasında Prezident İlham Əliyevin liderlik keyfiyyətləri əsas rol oynayıb
Azərbaycan bölgənin aparıcı aktorlarından biri kimi regional əməkdaşlığın dərinləşməsinə, ölkələr və xalqlar arasında etimad mühitinin möhkəmlənməsinə davamlı səylər göstərir. Respublikamız o mövqedən çıxış edir ki, region dövlətlərinin gələcək inkişafı, iqtisadi cəhətdən çiçəklənməsi bölgədə sabitliyin, təhlükəsizlik mühitinin təmin olunması faktorundan asılıdır. Azərbaycanın regionda qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə çalışması çox haqlı olaraq ölkəmizin qlobal təhlükəsizliyə töhfə vermək əzmi kimi dəyərləndirilir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan artıq bir neçə üçtərəfli formatın təşəbbüskarı və fəal iştirakçısıdır. Zamanında ölkəmizin fəal səyləri sayəsində yaradılan və hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib birliklərdir. Ümumiyyətlə götürdükdə, respublikamız, təcavüzkar Ermənistan istisna olmaqla, bütün qonşularla dostluq münasibətlərinə malikdir. Azərbaycanın dövlət başçısı İlham Əliyev region dövlətləri və tərəfdaşlarla əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin qonşu ölkələrin dövlət başçıları və digər yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi çoxsaylı görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlərin geniş spektri müzakirəyə çıxarılıb, səmərəli danışıqlar aparılıb. Azərbaycanın dövlət başçısının irəli sürdüyü fəal təşəbbüslər bir qayda olaraq qonşu ölkələrin müvafiq dairələrində də yüksək qiymətləndirilir və dövlətlərarası münasibətlərin qurulmasında mütləq nəzərə alınır. Elə bəhs olunan Zirvə görüşündəki çıxışlarında da İran İslam Respublikasının və Rusiya Federasiyasının prezidentləri Azərbaycanın dövlət başçısının regionda təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın yeni, daha geniş məzmun almasına göstərdiyi səyləri yüksək qiymətləndiriblər. Prezident İlham Əliyevin siyasi iradəsi, çoxşaxəli fəaliyyəti və səyləri özündə bütövlükdə regionun perspektiv inkişafı ilə bağlı yeni hədəfləri və müasir çağırışlarla səsləşən yanaşmaları ehtiva edir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə üçtərəfli formatda görüşlərin təşkilinə görə dövlətimizin rəhbərinə təşəkkürünü bildirərək bu formatda müzakirə edilməli məsələlərin olduğunu nəzərə çatdırıb: “Üçtərəfli formatda görüşlərin təşkilinə görə çox sağ olun. Bu da Sizin təşəbbüsünüzdür və həqiqətən bu formatda müzakirə edilməli məsələlər var. Xəzərdə və daha geniş aspektdə yeni layihələr ola bilər - nəqliyyat, energetika, üçtərəfli ticari-iqtisadi əlaqələrimizin şaxələndirilməsini nəzərdə tuturam”.
Prezident İlham Əliyevin fəal təşəbbüsü ilə yaradılan Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı da qlobal miqyasda gedən geosiyasi proseslər kontekstində mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycanın mərkəzi fiqur rolunda çıxış etdiyi yeni format böyük potensiala malikdir. Ekspertlərin qənaəti belədir ki, Azərbaycanın, İranın, Rusiyanın iştirakı ilə yaranan yeni format regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq.
Prezident İlham Əliyevin fəal səyləri sayəsində Azərbaycan, İran və Rusiya arasında yeni əməkdaşlıq formatının yaranmasını şərtləndirən başlıca amil bu ölkələr arasında dostluq, qarşılıqlı anlaşma və etimad mühitinin mövcudluğu, səmimi və xoş münasibətlərdir. Prezident İlham Əliyev Azərbaycanı həm İranla, həm də Rusiya ilə dostluq əlaqələrinin bağladığını xüsusi vurğulayaraq deyib: “Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğrafiya birləşdirir. Azərbaycanı həm İran, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir”.
Hər üç ölkə bir-biri ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir. Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında 10, bundan altı ay sonra daha 6 rəsmi sənədin imzalanması qonşu dövlətlər arasında münasibətlərin yüksək səviyyəsini təsdiqləyir. Azərbaycanla İran bank sektorunda əməkdaşlığı artırmaq, azad iqtisadi zona yaratmaq istiqamətində fəal iş aparırlar. İranın iştirakı ilə Azərbaycanın Neftçala rayonunda avtomobil zavodunun təməli qoyulub. Bu zavodda ildə 10 min avtomobil istehsal edilməsi nəzərdə tutulub. Bundan başqa, əczaçılıq sahəsində əməkdaşlıqla bağlı atılacaq addımlar iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcək.
Azərbaycanla Rusiya arasında münasibətlər də strateji əməkdaşlıq səviyyəsindədir. Hər iki ölkə qarşılıqlı investisiya qoyuluşuna böyük maraq göstərir. Hazırda Azərbaycanda təxminən 600 Rusiya şirkəti işləyir. Birbaşa investisiyaların həcmi 1,5 milyard dollara yaxındır. Perspektivdə isə əməkdaşlıq üçün yeni layihələr nəzərdə tutulub. Özü də bu layihələr energetika sektoru ilə yanaşı, həm də başqa istiqamətlərə, o cümlədən də maşınqayırma, yüksək texnologiyalar sahələrinə aiddir.
İran, Rusiya və Azərbaycan, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyirlər. Prezident İlham Əliyev qonşularla yaxın əlaqələrin Azərbaycanın milli maraqlarına tam cavab verdiyinə diqqət çəkərək bildirib: “Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olmuşdur və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirmişdir. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir”.
Öz növbəsində, İran və Rusiya da qarşılıqlı olaraq Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşırlar. Hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan etmişdir.
Yuxarıda qeyd olunanlar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaranan yeni əməkdaşlıq formatının hər üç ölkənin və bütövlükdə, regionun potensialından daha səmərəli istifadə olunmasında mühüm rol oynayacağına böyük əminlik yaradır. Şübhə yoxdur ki, üçtərəfli format iştirakçı ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq. Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimizin geniş maliyyə imkanlarını nəzərə alaraq biz başqa ölkələrdə müştərək investisiya layihələrində iştirak edə bilərik.
Həll olunmamış münaqişələr regionda əməkdaşlığa maneələr yaradır
Qeyd olunduğu kimi, Azərbaycanın, İranın və Rusiyanın iştirakı ilə yaranan yeni əməkdaşlıq formatı qonşu və tərəfdaş ölkələr arasında iqtisadi, siyasi münasibətlərin daha yüksək səviyyəyə qalxması üçün geniş perspektivlər açır. Qarşılıqlı əlaqələri inkişaf etdirməklə qonşu coğrafiyalarda gedən mənfi proseslərin təsirini önləmək, bölgədə dayanıqlı sabitliyi təmin etmək mümkündür. Lakin Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi regionda təhlükəsizliyə, sabitliyə ciddi təhdiddir. Yeri gəlmişkən, regiondakı həll olunmamış münaqişələrin regional əməkdaşlığa əsas maneə olduğu Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin Bəyannaməsində də xüsusi vurğulanıb. Sənəddə həll olunmamış münaqişələrin tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunmasının vacibliyi nəzərə çatdırılıb.
Qonşu dövlətlərin regionda həll olunmamış münaqişədən narahatlıq ifadə etmələri təbiidir. Bu, ilk növbədə, regionun, qonşuluqdakı dövlətlərin təhlükəsizliyinə və stabil inkişafına təhdidlər yaradır, insanların sabaha olan inamını azaldır. Azərbaycan həll olunmamış münaqişənin acı fəsadlarını yaşayan ölkədir. Təcavüzkar Ermənistan 20 ildən artıqdır ki, ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal nəticəsində ölkəmiz öz ərazisinin təxminən 20 faizini itirib, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Artıq neçə illərdir ki, ermənilər işğal altındakı nəzarətsiz ərazilərdən terrorçuların hazırlanması və təlim keçmələri, həmçinin narkotik yetişdirilməsi və tranziti məqsədilə istifadə edirlər. İşğal altındakı ərazilərdə Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi mədəniyyət nümunələrinin ermənilər tərəfindən vəhşicəsinə dağıdılması və yaxud özününküləşdirilməsinə cəhdlər göstərilməsi terrorun xüsusi bir formasıdır. Ölkəmizə qarşı elan olunmamış müharibə aparan Ermənistan Azərbaycanın dövlət müstəqilliyini sarsıtmağa, respublikanın ərazi bütövlüyünü təhdid etməyə, insanlarda qorxu, vahimə yaratmağa hesablanan terrorların mənbəyi rolunda çıxış edir. Ümumiyyətlə, tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan davam etdirdiyi işğalçılıq siyasəti ilə regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib.
Qeyd edək ki, beynəlxalq hüquq Ermənistanın zor gücünə zəbt etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda əsas prinsip kimi götürülür. Azərbaycan da münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda məhz bu prinsipial mövqedən çıxış edir. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini bir daha xatırladaraq vurğulayıb ki, bunun üçün ilk növbədə Azərbaycanın əraziləri işğaldan azad edilməlidir: “Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edilməlidir”.
Münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqedən çıxış etməsi bir sıra obyektiv amillərlə şərtlənir. Təbii ki, burada Azərbaycanın güclü dövlətə çevrilməsi amili mühüm rol oynayır. Eyni zamanda, qonşu dövlətlər də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşır. Bakıda keçirilən görüşlərdə də həm İran İslam Respublikasının, həm də Rusiya Federasiyasının prezidentləri Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən fikirlər ifadə ediblər. Elə yuxarıda bəhs olunan birgə Bəyannamədə vurğulanan “Həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir” fikri də qonşu dövlətlərin işğalçı Ermənistana ciddi mesajıdır. Bundan başqa, bəhs olunan Bəyannamədə Tərəflərin terrorçuluğu bütün forma və təzahürlərində qəti şəkildə pislədikləri də ifadə olunub. Sənəddə Tərəflər mövcud vəziyyətin inkişafı və terrorçuluğa qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması üzrə fikir mübadiləsi aparmaq üçün iki və üçtərəfli məsləhətləşmələrin vacibliyini və səmərəliliyini qeyd ediblər. Bu xüsusda, Tərəflər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, o cümlədən İran İslam Respublikasının təşəbbüsü ilə irəli sürülmüş 68/127 saylı, “Dünya zorakılığa və zorakı ekstremizmə qarşı” adlı qətnaməni vurğulayıblar.
Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə layihələrin reallaşdırılmasına bundan sonra da dəstək verəcəklər
“Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, həmçinin iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bu baxımdan nəqliyyat-yol infrastrukturunun dünya standartlarına uyğun səviyyədə yenilənməsi Azərbaycanın istər “Şimal-Cənub”, istərsə də “Şərq-Qərb” dəhlizlərində tranzit ölkə kimi mövqeyini daha da gücləndirməyə xidmət edir. Buna görə də Azərbaycan özünün nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir yol-nəqliyyat infrastrukturları qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.
Məlum olduğu kimi, hazırda Azərbaycanın, İranın və Rusiyanın birgə iştirakı ilə regionun iqtisadi, nəqliyyat-tranzit imkanlarından səmərəli istifadə olunması baxımından böyük önəm daşıyan “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması layihəsi həyata keçirilir. Mütəxəssislərin qənaəti belədir ki, üçtərəfli format nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinə əhəmiyyətli təsir göstərəcək. Prezident İlham Əliyev qonşu ölkələr arasında nəqliyyat sektorunda əməkdaşlığın ümidverici gələcəyinin olduğunu vurğulayaraq deyib: “Nəqliyyat sektorunda əməkdaşlığın çox gözəl və ümidverici gələcəyi vardır. Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm Rusiya ilə sərhədi var. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi mövcuddur. Bu il biz qərar qəbul etmişik ki, yaxın gələcəkdə Azərbaycan İran sərhədinə qədər öz dəmir yolunu uzatsın. Ümid edirəm ki, biz yaxın aylarda buna nail olacağıq. Eyni zamanda, bu yaxınlarda Azərbaycan-İran sərhədində Astaraçay üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bu infrastruktur layihələri “Şimal-Cənub” nəqliyyat dəhlizinin ayrılmaz tərkib hissəsidir”.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Skandinaviya və Qərbi Avropa ölkələrinin, Baltikyanı dövlətlərin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmçinin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq ölkələri arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
Məmnunluqla vurğulamaq yerinə düşər ki, qısa müddətdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində çox önəmli addımlar atılıb və böyük iş həcmi yerinə yetirilib. Belə ki, İmişli-Parsabad xətti birləşdirilib. Hazırda Astaraçay üzərində körpünün inşasında işlər intensiv şəkildə həyata keçirilir. İran Prezidentinin Azərbaycana son səfəri çərçivəsində “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrasını sürətləndirmək üçün memorandum imzalanıb. Azərbaycan tərəfi bu layihənin gələcək maliyyələşməsində iştirak etmək arzusundadır.
Qeyd etdiyimiz kimi, Azərbaycanın, İranın və Rusiyanın iştirakı ilə reallaşdırılan “Şimal-Cənub” dəhlizi mühüm yol-nəqliyyat qovşağı olmaqla böyük bir coğrafiyada yerləşən ölkələrə iqtisadi fayda gətirəcək. Buna görə də yeni əməkdaşlıq formatında birləşən hər üç ölkə yeni dəhlizlə bağlı işlərin intensivləşməsində maraqlıdırlar. Tərəflər yuxarıda bəhs olunan Bəyannamədə öz niyyətlərini bir daha ifadə ediblər. Sənəddə vurğulanır ki, Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin qarşılıqlı fayda əsasında həyata keçirilməsinə bundan sonra da töhfə verəcəklər.
Şübhə yoxdur ki, üçtərəfli Zirvə görüşündən sonra qonşu ölkələr arasında daha sıx əlaqələr qurulacaq. Ümumiyyətlə, hər üç ölkə Xəzər hövzəsinin qarşılıqlı faydalı əməkdaşlıq zonasına çevrilməsinə böyük siyasi iradə nümayiş etdirir. Burada Azərbaycanın rolunu xüsusi fərqləndirmək lazımdır. Azərbaycan Xəzər dənizi regionunda sülh və əməkdaşlığın inkişafına, dənizin ekosisteminin qorunmasına sanballı töhfələr verir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 969 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31