Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Suriya münasibətlərinin çox gözəl perspektivləri var

Azərbaycan-Suriya münasibətlərinin çox gözəl perspektivləri var

09.07.2009 [10:44]

Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd Azərbaycan Respublikasına ikigünlük rəsmi səfərə gəlib
Dünən Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd Azərbaycan Respublikasına ikigünlük rəsmi səfərə gəlib.
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd ilə birgə görüşü olub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin təkbətək görüşü keçirilib.
Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə ediblər.
Prezidentlər dövlətlərimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər, bu səfərin Azərbaycan-Suriya ikitərəfli münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyini vurğulayıblar.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin iştirakı ilə Azərbaycan-Suriya sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan şəxslərin viza tələblərindən azad olunması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Suriyanın xarici işlər naziri Valid əl-Muallem, “Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri, “Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri, “Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri, “Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri imzalayıblar.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Bəşşar əl-Əsəd mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib ki, Suriya Prezidentinin Azərbaycana ilk rəsmi səfərinə Azərbaycan çox böyük əhəmiyyət verir: “Əminəm ki, siyasi əlaqələr gələcəkdə sürətlə inkişaf edəcəkdir. İqtisadi sahədə yaxşı perspektivlər vardır və əminəm ki, sabah keçiriləcək birgə biznes forum iş adamları arasında əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir. Müxtəlif imkanlar var, müxtəlif təşəbbüslər irəli sürülə, birgə layihələr icra oluna bilər. Biz buna hazırıq və çox böyük maraq göstəririk. Regional məsələlərin müzakirəsinə də bu gün vaxt ayrıldı və mən cənab Prezidentə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət haqqında fikirlərimi bildirdim. Bildiyiniz kimi, Azərbaycan torpaqları uzun illərdir işğal altındadır, 15 ildən artıqdır ki, atəşkəs elan olunubdur, ancaq hələ ki, məsələ öz həllini tapmamışdır. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti və hərbi təcavüzü ölkəmizin ərazisinin 20 faizinin işğal altına düşməsinə gətirib çıxarıbdır, bir milyondan artıq qaçqın, köçkün yaranmışdır”.
Suriya Prezidenti Bəşşar əl-Əsəd bəyanatla çıxış edərək söyləyib ki, ölkələrimizi tarix boyu Böyük İpək Yolu bağlayıb. Bu, ondan irəli gəlir ki, hər iki ölkənin strateji mövqeyi var. Xalqlarımız arasındakı münasibətlərin qardaşlıq münasibətləri olduğunu bildirən Bəşşar əl-Əsəd deyib: “Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığı ölkələrimiz arasındakı münasibətlərin dərinliyinə dəlalət edir. Bu şair altı əsr bundan əvvəl Suriyada yaşayıb-yaratmışdır. O, böyük şairdir, böyük filosofdur. Suriyada dəfn olunmuş Nəsiminin məqbərəsinin daha da gözəlləşdirilməsi, yenidən bərpası barədə hökumətlər arasında razılıq əldə olunmuşdur”.
Prezident Bəşşar əl-Əsəd ölkəmiz müstəqillik qazanandan sonra aramızda birbaşa etimadın yarandığını bildirərək vurğulayıb: “Azərbaycana bu səfərim iki dost ölkə arasında bu qəbildən olan birinci səfərdir. Bu səfərin əsasını güclü bünövrə təşkil edir. Bu əlaqələrimizin, münasibətlərimizin strateji əhəmiyyəti vardır. Bu münasibətlər gələcəyə istiqamətlənib və bütün sahələri əhatə edəcəkdir. Bir sıra sənədlər imzalanmışdır və yaxın saatlarda da digər sənədlər - ticarət, gömrük, maliyyə, sənaye, informasiya, təhsil sahələrinə və digər sahələrə dair bir sıra anlaşma memorandumları imzalanacaqdır. Bu səfərin əsas məqsədi ondan ibarətdir ki, ölkələrimiz arasında qapıları tam açaq. özəl sektor, Suriya və Azərbaycan iş adamları arasında qapıları tam açaq”.
Suriyanın dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də bölüşüb: “Azərbaycanın mövqeyi beynəlxalq qanunlar çərçivəsinə söykənir. Təbii ki, problem nə qədər tez həll olunarsa, bir o qədər faydalı olar. çünki problemlər xroniki xəstəliklər kimi nə qədər uzanırsa, onların həll olunması da o qədər çətin olur. Böyük xəstəliklər qəflətən gəlir. Lakin xəstəlikləri müalicə etmək lazımdır, problemləri tez həll etmək lazımdır. Suriyanın da bu prosesdə çox böyük rolu ola bilər. Suriyanın həm Azərbaycan, həm də erməni tərəfi ilə yaxşı münasibətləri vardır. Suriya bu məsələnin həllinə öz töhfəsini verə bilər”.
*  *  *
Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd dünən Heydər Əliyev Fondunda olublar. Suriya Prezidentini və xanımını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar. Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri və fəaliyyəti barədə məlumat verilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Suriya Prezidentini və xanımını Ulu öndərin şəxsi arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar və fotoşəkillərlə tanış ediblər.
Dövlətimizin başçısı bildirib ki, bugünkü qüdrətli və zəngin Azərbaycan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilib, xalqımızın ümummilli lideri adını qazanıb. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir. Suriya Prezidenti və xanımı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olublar, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar. Suriya Prezidenti Bəşşar əl-Əsəd Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. Suriya Prezidentinə və xanımına hədiyyələr təqdim olunub. Dövlət başçıları və xanımları Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxıblar. Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb.
*  *  *
Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar. Ali qonağa muzeyin tarixi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, muzeyin yerləşdiyi bina Bakının ən gözəl memarlıq abidələrindən biridir. 1895-1897-ci illərdə tikilmiş bu bina azərbaycanlı milyonçu və xeyriyyəçi hacı Zeynalabdin Tağıyevin mülkiyyəti idi. 1920-ci ildə binada muzey yaradılıb. Burada Azərbaycan tarixinin qədim dövrlərdən başlayaraq müxtəlif mərhələlərini əhatə edən qiymətli eksponatlar toplanıb. Bildirilib ki, Atropaten, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətlərinin mövcud olduğu dövrlərə aid eksponatlar Azərbaycanın dövlətçilik tarixinin qədimliyinə dəlalət edir. Atropaten hökmdarı ilə Makedoniyalı İsgəndərin görüşü haqqında məlumat, qədim Azərbaycan əhalisinin məişəti və həyat tərzi barədə eksponatlar Suriya Prezidentinin xüsusi marağına səbəb olub.
Qeyd edilib ki, 130 nəfərdən çox əməkdaşı olan muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə muzeyin binası əsaslı təmir edilib.
300 mindən çox eksponat saxlanılan muzeydə hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və tarixi sənədlər, habelə ona məxsus qiymətli əşyalar da toplanıb. Qonağa bildirilib ki, Azərbaycan xalqının bir sıra görkəmli nümayəndələri Z.Tağıyevin vəsaiti hesabına xarici ölkələrdə təhsil alıb.
Hacı Zeynalabdin Tağıyevin xatirə salonunun eksponatları Suriya dövlətinin başçısının xüsusi marağına səbəb olub.
Prezident Bəşşar əl-Əsəd Muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
*  *  *
Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd Təzəpir məscid kompleksində olub. Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşılayıb. Prezident Bəşşar əl-Əsəd Təzəpir məscidi ilə tanış olub. Məlumat verilib ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədi ilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksini tapıb. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin  və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub.
Bildirilib ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılıb.
Suriya Prezidenti Bəşşar əl-Əsəd kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin 6 min ədəbiyyatın mühafizə edildiyi kitabxanası ilə tanış olub. Kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün yaradılmış ministudiya ali qonaqda böyük maraq doğurub. Prezident Bəşşar əl-Əsəd burada nümayiş olunan qədim kitablara, Təzəpir məscidi haqqında CD-lərə baxıb, xatirə kitabına ürək sözlərini yazıb.
Təzəpir məscid kompleksi ilə tanışlıqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin və Suriya Prezidenti Bəşşar əl-Əsədin görüşü olub. Görüşdə tərəflər ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər.
Şeyxülislam Allahşükür Paşazadə və Prezident Bəşşar əl-Əsəd dövlətlərimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildirərək, bu səfərin Azərbaycan-Suriya ikitərəfli münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyini vurğulayıblar. Görüşdə ikitərəfli münasibətlər, dini məsələlər barədə fikir mübadiləsi aparılıb.
Ali qonağa xatirə hədiyyələri təqdim olunub.
*  *  *
Dünən “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin və xanımı Əsma əl-Əsədin şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.


Paylaş:
Baxılıb: 1307 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31