Süni intellekt: Genişlənən fürsətlər, yoxsa artan təhdidlər?
08.08.2026 [10:25]
İnsan zəkasının məhsulu olan süni intellekt (Sİ) eyni zamanda insan həyatının ayrılmaz hissəsinə çevrilib. Onun rolu getdikcə artmaqdadır. Hətta bir sıra hallarda obrazlı şəkildə belə ifadə olunur ki, Sİ bütün dünyanı özünün nəhəng və möcüzəli gəmisinə alıb, bizi gələcəyə doğru aparır.
Süni intellekt hər gün insanları elə qeyri-adiliklərlə rastlaşdırır ki, Sİ-nin quracağı gələcək barədə hansısa bir proqnozun uzunmüddətli olacağına əminlik yoxdur. Yeganə konkretlik ondan ibarətdir ki, Sİ dünyasında hər şey sürətlə dəyişir. Bu dəyişikliklərin insanların qarşısında yeni imkanlar açdığı, daha geniş fürsətlər yaratdığı birmənalı şəkildə qəbul olunur. Ancaq gözlənilən risklər və təhdidlər də böyükdür və mütəxəssislər bununla bağlı həyəcan təbili çalmağa başlayıblar.
İnsanın özü və yaxud ən yaxın köməkçisi
Hazırda süni intellektin rolu və tətbiq sahələri o qədər yüksək səviyyədədir ki, hətta bir sıra hallarda Sİ asanlıqla insanın özünü əvəzləyir. Ancaq əlbəttə ki, süni intellekt insan deyil və “Sİ insanın ən yaxın köməkçisidir və onun işini böyük dərəcədə asanlaşdırır” demək daha doğrudur. Beləliklə, süni intellektin bəzi faydalarına qısa nəzər salaq.
Tarixə ekskurs etsək görərik ki, hansısa bir intellektə malik maşınlar və digər süni aparatlar barədə yazılı fikirlərə hələ qədim yunan miflərində rast gəlinir. Müasir dövrdə dünyada süni intellekt termini ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. Bundan sonra ayrı-ayrı ölkələrdə hökumətlər və şirkətlər səviyyəsində ağıllı proqramların yaradılmasına təşəbbüslər göstərilməsinə və investisiyalar yönəldilməsinə baxmayaraq, gözlənilən nəticələr alınmayıb. Beləliklə də, 1974-cü ildə süni intellekt sahəsində tədqiqatların maliyyələşdirilməsi dayandırılıb.
Lakin bu, müvvəqqəti geriçəkilmə idi. Dünya süni intellektin cazibəsindən kənara çıxa bilməmişdi və super kompüterlərin istehsalına başlanılması ilə süni intellektin yeni və geriyədönməz erası start götürüb. Süni intellekt erasında əsas hadisələrdən biri 1997-ci ildə yaşandı - şahmat üzrə o zamankı dünya çempionu H. Kasparov “Deep Blue” super kompüterinə uduzdu. Bunun proqnozu isə daha əvvəl verilmişdi. Belə ki, Sİ-nin əsasını qoyanlar sırasında yer alan Nobel mükafatı laureatları Herbert Saymon və Allen Nyuell hələ 1958-ci ildə 10 il sonra rəqəmsal kompüterin şahmat üzrə dünya çempionu olacağı fikrini səsləndirmişdilər. İddialar təxminən 40 il gecikmə ilə olsa da, özünü doğrultdu. Artıq 2000-ci illər kompüterləri böyük verilənləri asanlıqla emal etmək iqtidarında idi. Bir neçə onillikdən sonra isə dünya süni intellekt erasının tərəddüdlü mərhələsindən tam inamlı dövrünə keçid edib.
Sİ-nin tətbiq sahələri genişlənir
Hazırda süni intellektin tətbiq sahələri kifayət qədər genişdir. Sİ vaxtı optimallşdırmaqda, az zaman kəsiyində daha çox iş görməkdə, faydalı nəticələr verməkdə , çətin işləri asanlaşdırmaqda əvəzsiz vasitədir. Bu gün süni intellektin LİSP, Proloq, FRL və OPS kimi proqramlaşdırma dilləri mövcuddur. “OpenAI” tərəfindən hazırlanan Chat GPT (Generative Pre-trained Transformer) insan dilini başa düşə və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilən süni intellekt chatbotunun prototipi, qabaqcıl dil modelidir. İstifadəçilər süni intellektdən esse, şeir və ya skript yazmağı, hətta mətni tərcümə etməyi və ya ümumiləşdirməyi istəyə bilərlər. O, həmçinin müxtəlif mövzularda suallara cavab verə və ya kodlaşdırma problemlərini həll edə bilər. “Chat GPT” proqramının istifadəçilərinin sayı hazırda kifayət qədər çoxdur.
Tibb sahəsində süni intellektin tətbiqi sürətlə genişlənir. Sİ sistemləri diaqnostikada, müalicə planlarının hazırlanmasında və xəstəliklərin proqnozlaşdırılmasında istifadə olunur. Məsələn, radioloji görüntülərin analizində süni intellekt alqoritmləri həkimlərə daha sürətli və dəqiq diaqnoz qoymaqda kömək edir. Bu, xüsusən də xərçəng kimi ciddi xəstəliklərin erkən mərhələdə aşkarlanması üçün böyük əhəmiyyətə malikdir. Bundan başqa, hər bir xəstənin genetik məlumatları və xəstəlik tarixi nəzərə alınmaqla Sİ tərəfindən xəstəyə ən uyğun müalicə üsulu təklif edilə bilər.
Belə görünür ki, süni intellekt bundan sonra təhsil sahəsində tələbələrin və tədqiqatçıların ən yaxın köməkçisinə çevriləcək və yaxud artıq çevrilib. Hazırda Sİ texnologiyaları təhsil sahəsində tələbələrin fərdi istəklərinə uyğunlaşdırılmış tədris proqramlarının hazırlanmasında əhəmiyyətli rol oynayır. Adaptiv öyrənmə sistemləri, tələbənin bilik səviyyəsini və öyrənmə tərzini nəzərə alaraq, ona ən uyğun tədris materiallarını təqdim edir. Bu, hər bir tələbənin potensialını maksimum dərəcədə inkişaf etdirməyə kömək göstərir. Süni intellektdən həmçinin müəllimlər də yararlanırlar. Sİ texnologiyası təhsilin effektiv idarəçiliyinə əvəzolunmaz üstünlüklər qazandırıb. Məsələn, avtomatik qiymətləndirmə sistemləri, test və imtahanların sürətlə və dəqiq şəkildə qiymətləndirilməsinə imkan verir ki, bu da təhsil sahəsində ilk növbədə obyektivliyin təmin olunması baxımından müstəsna önəm daşıyır.
Artıq müxtəlif sənaye sahələrində robotlar və avtomatlaşdırılmış sistemlər insan əməyini əvəz edir və işlərin daha sürətli və dəqiq yerinə yetirilməsinə şərait yaradır. Eləcə də Chatbotlar və səsli köməkçilər müştəri sorğularına cavab verərək, şirkətlərin müştəri məmnuniyyətini artırmasına kömək edir. Bu texnologiyalar, 24/7 xidmət göstərərək, müştərilərin problemlərinin tez və effektiv həll olunmasını təmin edir.
Süni intellekt texnologiyaları gündəlik həyatımızda da əvəzolunmaz rol oynayır. Məsələn, ağıllı ev sistemləri evdə enerji sərfiyyatını optimallaşdırır, təhlükəsizlik sistemləri isə evlərimizi daha etibarlı edir.
Süni intellektin hərb sahəsinə nüfuz etməsi mühüm yenilikdir. Qabaqcıl Sİ texnologiyaları sayəsində döyüş meydanında ağır hərbi texnikaların əhəmiyyəti qalmayıb. Hədəflər nöqtə atəşləri ilə vurulur, ön xətdə robotlar vuruşur, hətta ən müasir qırıcı təyyarələr belə Sİ vasitəsi ilə idarə olunur. Bir sözlə, süni intellektin həyatımıza gətirdiyi yeniliklərin və yaratdığı fürsətlərin sayı-hesabı yoxdur və biz onun üstünlüklərindən getdikcə daha çox bəhrələnirik.
Mütəxəssislərin hazırladıqları hesabat - həyəcan təbili çalınmasına ciddi əsaslar var
Fürsətlərlə yanaşı, Sİ-nin riskləri də kifayət qədər böyükdür və bununla bağlı narahatlıqlar da artmaqdadır. Beynəlxalq ekspertlərin süni intellektin yaradacağı risklər barədə hesabat hazırlamaları da artan narahatlıqlardan qaynaqlanır. Süni intellekt genişmiqyaslı kiberhücumlara, silahların hazırlanmasına, artan işsizliyə, ətraf mühitə dəyən ziyana və az sayda şirkət arasında hakimiyyətin cəmləşməsinə səbəb ola bilər. Bu risklər 37 ölkədən olan 272 mütəxəssis tərəfindən “Süni intellektdən gələn risklərin prioritetləşdirilməsi” adlı hesabatda yer alıb.
Ekspertlər 2030-cu ilə qədər aktual olacaq 24 süni intellekt risk kateqoriyasını qiymətləndiriblər. Tədqiqatda fəlakətli zərərlər arasında bir milyondan çox ölüm, 100 milyard dollardan çox maliyyə itkisi və ya demokratik normalara, vətəndaş hüquqlarına, sosial sabitliyə ziyan vurulması kimi amillər yer alıb.
Ekspertlər 24 riskdən 18-də fəlakətli zərər ehtimalını 10 faizdən yuxarı qiymətləndiriblər.
Silahlar və kiberhücumlar
Ekspertlər süni intellektlə təchiz olunmuş silahların və kiberhücumların fəlakətli zərər verə biləcəyi ehtimalını 21 faiz qiymətləndiriblər. Süni intellekt daha təsirli və zərərli proqram təminatının, muxtar silahların, kimyəvi, bioloji, radioloji və ya nüvə təhdidlərinin hazırlanmasına kömək edə bilər.
Təhlükəli süni intellekt imkanları
Ən yüksək ehtimal - 21,5 faiz süni intellekt sistemlərinin təhlükəli imkanlar əldə etməsi ilə əlaqələndirilib. Bunlara insanları aldatmaq və manipulyasiya etmək, kiberəməliyyatlar aparmaq, silahların hazırlanmasına kömək göstərmək və daha inkişaf etmiş süni intellekt sistemlərinin yaradılmasına töhfə vermək qabiliyyəti daxildir. Bu cür imkanlar insanlar tərəfindən sui-istifadə edilə bilər, lakin zərər sistemdəki nasazlıqlardan və ya insan məqsədləri ilə ziddiyyət təşkil edən davranışlardan da yarana bilər.
Gücün bir qrupun əlində cəmləşməsi
Ekspertlər güc və resursların konsentrasiyasından fəlakətli zərər ehtimalını 18 faiz olaraq qiymətləndiriblər. Qabaqcıl süni intellekt çoxlu məlumat, hesablama gücü və investisiya tələb edir. Nəticədə, ən güclü sistemlər məhdud sayda korporasiya və hökumətin nəzarəti altında qala bilər. Hesabatda deyilir: “Gücün mərkəzləşməsi bəlkə də ən ciddi və davamlı riskdir, çünki süni intellekti inkişaf etdirən eyni qurumlar onun faydalarını əldə etmək üçün ən yaxşı mövqedə olurlar və bu da texniki müdaxilələr vasitəsilə geri qaytarılması çətin olan dinamika yaradır”.
Şirkətlər və dövlətlər arasında rəqabət
Süni intellektin inkişafındakı rəqabət dinamikasına fəlakətli zərər ehtimalı 16,6 faiz olaraq təyin edilib. Getdikcə daha güclü sistemlərin buraxılması uğrunda yarış şirkətləri və hökumətləri təhlükəsizlik testlərini azaltmağa və ya riskləri tam qiymətləndirmədən modelləri yerləşdirməyə təşviq edə bilər. Hesabata görə, təhlükəsizliyə investisiya qoymaq əsas şərtlərdən biridir.
İşsizlik və bərabərsizlik
Süni intellekt iş yerlərini avtomatlaşdıra, məşğulluq keyfiyyətini azalda və qabaqcıl texnologiyalara nəzarət edənlərlə cəmiyyətin qalan hissəsi arasındakı boşluğu genişləndirə bilər. Praqmatik təhlükəsizlik tədbirlərini əhatə edən bir ssenaridə belə, mütəxəssislər bərabərsizlik və işsizlikdən qaynaqlanan fəlakətli zərər ehtimalını 11 faiz qiymətləndiriblər.
Ətraf mühitə dəyən ziyan
Böyük süni intellekt modellərinin hazırlanması və istismarı artan miqdarda elektrik enerjisi, su, hesablama infrastrukturu və ixtisaslaşmış avadanlıq tələb edir. Hətta praqmatik azaldılma ssenarisi altında belə, ətraf mühitə dəyən ziyan 12 faiz ehtimalını qoruyub saxlayıb. Ekspertlər qeyd ediblər: “Ağır data infrastrukturu və böyük modellər daha çox enerji istehlak etməyə, resurs təzyiqinə səbəb olmağa davam edəcək”.
Mediaya və dövlət qurumlarına etimadın azalması
Süni intellekt kütləvi miqyasda inandırıcı saxta mətnlər, səslər, şəkillər və videolar yarada bilər. Bu, məlumatların yoxlanılmasını çətinləşdirə, siyasi manipulyasiyanı asanlaşdıra, mediaya və dövlət qurumlarına etimadı sarsıda bilər.
Yalan məlumatlara fəlakətli zərər ehtimalı 12,8 faiz qiymətləndirilib. İştirakçıların 22,1 faizi dezinformasiya və təsir məsələsini ən böyük üç narahatlıq arasında göstərib.
Yeni ekoloji risklər
Süni intellektlə bağlı risklər qarşıdakı onillik üçün ən böyük 10 qlobal risk sırasında ilk yerlərdə qərarlaşıb. İqtisadi, geosiyasi və sosial risklər ekoloji və texnoloji risklərlə qarşılıqlı əlaqədədir.
Dünyada süni intellekt texnologiyalarının sürətli inkişafı iqlim sahəsində - hava proqnozlarının dəqiqləşdirilməsi, biomüxtəlifliyin qorunması və təbii fəlakət risklərinin azaldılması kimi istiqamətlərdə mühüm faydalar yaradır. Lakin texnologiya ciddi ekoloji və etik təsirlərə malikdir və bu istiqamətdə narahatlıqları artırır.
Süni intellektin ətraf mühitə təsiri əsasən modellərin öyrədilməsi zamanı sərf olunan yüksək enerji, AI alətlərinin gündəlik istifadəsi zamanı yaranan hesablama yükü, onu təmin edən məlumat mərkəzlərinin soyudulması üçün istifadə olunan su ehtiyatları və avadanlıqların yaratdığı karbon izi ilə bağlıdır. “OpenAI” şirkətinin baş icraçı direktoru Sem Altmanın sözlərinə görə, “ChatGPT” ilə ünsiyyətdə sadəcə “zəhmət olmasa” və “təşəkkür edirəm” kimi ifadələrin işlədilməsi belə daha çox enerji sərfiyyatına səbəb olur və bu, on milyonlarla dollar həcmində əlavə hesablama xərci yaradır.
Məlumata görə, “OpenAI” şirkəti GPT-3 modelinin öyrədilməsi üçün təxminən 1287 meqavat-saat elektrik enerjisi sərf edib ki, bu da ABŞ-da 120-dən çox ev təsərrüfatının 1 il ərzində istifadə etdiyi enerji miqdarına bərabərdir.
Araşdırmalara əsasən, qlobal miqyasda süni intellektdən istifadə zamanı yaranan su istehlakının 2027-ci ildə 4,2-6,6 milyard kubmetrə çatacağı proqnozlaşdırılır ki, bu da Danimarkanın 1 il ərzindəki ümumi su istehlakından 4-6 dəfə çoxdur.
Bununla belə, süni intellektlə bağlı emissiyaların ölçülməsi üçün hələ də vahid standart mövcud deyil.
Ekspertlər hesab edirlər ki, süni intellektin potensial imkanları böyük olsa da, onun ətraf mühitə və cəmiyyətə mənfi təsirləri ilə açıq şəkildə üzləşmək, bu sahədə tənzimləyici mexanizmləri və şəffaflığı gücləndirmək zəruridir.
Sİ sahəsində dünyada ilk hüquqi tənzimləmə mexanizmi
Bir neçə gün bundan əvvəl Avropa İttifaqında (Aİ) Süni İntellekt Aktının (AI Act) şəffaflıq tələblərini nəzərdə tutan yeni müddəaları qüvvəyə minib. Bununla da süni intellektdən istifadə zamanı məzmunun mənşəyinin açıqlanması və istifadəçilərin məlumatlandırılması ilə bağlı yeni öhdəliklərin tətbiqinə başlanılıb.
Avropa Komissiyasının yaydığı məlumata əsasən, yeni qaydalar vətəndaşların süni intellekt texnologiyalarına etimadını artırmaq, dezinformasiyanın qarşısını almaq və süni intellekt sistemlərindən məsuliyyətli istifadəni təmin etmək məqsədi daşıyır.
Qaydalara əsasən, istifadəçilər süni intellekt sistemi ilə qarşılıqlı əlaqədə olduqları barədə məlumatlandırılmalıdır. Generativ süni intellekt vasitəsilə hazırlanan məzmunun tanınması təmin edilməli, xüsusilə “deepfake” materiallar, eləcə də ictimai maraq doğuran mövzular üzrə süni intellekt tərəfindən yaradılmış mətnlər aydın və görünən şəkildə işarələnməlidir.
Məlumatda, həmçinin bildirilib ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə istifadəçilərin hansı məzmunun insan, hansının isə süni intellekt tərəfindən yaradıldığını ayırd edə bilmələri şəffaflığın və fundamental hüquqların qorunmasının mühüm şərtidir. Yeni tələblərin həm də manipulyasiya və yanlış məlumatların yayılması riskini azaltmağa xidmət edəcəyi vurğulanır.
Qeyd edək ki, “AI Act” dünyada süni intellekt sahəsində qəbul edilmiş ilk hərtərəfli hüquqi tənzimləmə hesab olunur. Risk əsaslı yanaşmaya söykənən sənəd müxtəlif AI sistemləri üçün fərqli tələblər müəyyənləşdirir, yüksək riskli tətbiqlər üçün ciddi öhdəliklər formalaşdırır, insanların təhlükəsizliyi və hüquqları üçün qəbuledilməz hesab olunan bəzi süni intellekt təcrübələrini isə qadağan edir. Aİ hesab edir ki, yeni hüquqi çərçivə innovasiyanın inkişafı ilə yanaşı, süni intellektdən təhlükəsiz, şəffaf və insanyönümlü istifadəni də təşviq edəcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

