Bakıda Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Olimpiya Mərkəzinin açılışı olub
01.09.2009 [09:53]
Dünən Bakının Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) “Sərhədçi” İdman Olimpiya Mərkəzinin açılışı olub.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Ali Baş Komandana raport verib.
Sərhədçilərə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edən DSX-nin rəisi bildirib ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzi 3 hektar ərazidə inşa olunub və tikintinin ümumi sahəsi 37.300 kvadratmetrə bərabərdir. Mərkəz üçmərtəbəli universal zaldan, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün 2 açıq meydançadan, üzgüçülük hovuzundan, avtomobil dayanacağından, yardımçı binalardan və mehmanxanadan ibarətdir. Ərazidə quraşdırılmış 4 ekran vasitəsilə mərkəzdə eyni vaxtda keçiriləcək ayrı-ayrı yarışlar nümayiş etdiriləcək. Bu mərkəz respublikamızda son illərdə inşa olunan ən böyük və əzəmətli idman qurğularından biridir. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağac və kollar əkilib. Mərkəzin hasarları da memarlıq baxımından cəlbedicidir və ətrafla ümumi ansambl təşkil edir.
Köməkçi bina və qurğulara avtomobil dayanacağı, nəzarət-buraxılış məntəqələri, qazanxana, nasosxana, su anbarları, transformator yarımstansiyası və digər qurğular daxildir. Həm ərazidə, həm də binaların daxilində təhlükəsizliyin təmin olunması məqsədi ilə ən müasir avadanlıq quraşdırılıb.
Mərkəzdə İtaliya istehsalı olan panoramalı iki lift quraşdırılıb. İşıqlandırma və yanğından mühafizə sistemləri də mükəmməlliyi ilə seçilir. “Qaraçay” şirkəti tərəfindən aparılmış inşaat işləri zamanı yerli və xarici ölkələrin tikinti materiallarından istifadə olunub. Burada eyni vaxtda 32 idman növü ilə məşğul olmaq mümkündür. Mərkəzin xidmətlərindən sərhədçilərlə yanaşı, “Sərhədçi” idman klubuna üzv olacaq soydaşlarımız da istifadə edəcəklər. İdman mərkəzindən paralimpiyaçı idmançılarımız da yararlana biləcəklər. Bu idman qurğusu üçün ən müasir tələblərə cavab verən avadanlıq alınaraq quraşdırılıb. Əsas məqsəd isə burada paytaxt sakinlərinin bədən tərbiyəsi və idmanla məşğul olmaları ilə yanaşı, beynəlxalq səviyyəli yarışların da təşkil olunmasıdır.
Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub. Prezident İlham Əliyevə baş plan əsasında İdman Olimpiya Mərkəzi barədə məlumat verilib. Qeyd olunub ki, tikintisinə 2007-ci ildə başlanan və qısa müddətdə başa çatdırılan bu idman qurğusunda 2500 nəfər tamaşaçı tutumu olan universal zalla yanaşı, birinci mərtəbədə hovuz, fitness salonu, idmanın ağır atletika, bədii gimnastika, müxtəlif döyüş növləri üzrə məşq zalları, məşqçilər üçün otaqlar, sauna, anbarlar və camaşırxana var. Dövlətimizin başçısı ağır atletika və trenajor zalında yaradılmış şəraitlə tanış olub, universal zalda yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarına baxıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, mərkəzdəki universal zal xüsusi layihə əsasında inşa olunub. Burada bənzəri olmayan metal konstruksiyadan ibarət dayaqsız örtük tətbiq olunub. Bu günbəzin diametri 53 metr, çəkisi 360 tondur. Onun öz çəkisi ilə birlikdə yükgötürmə qabiliyyəti 900 tona çatır. Almaniya avadanlığı quraşdırılmış günbəz vasitəsilə bu zala avtomatik olaraq təbii hava da veriləcək. Günbəzdə yerləşdirilmiş pəncərələr istənilən vaxt avtomatik qaydada açılacaq və bura təmiz hava daxil olacaq. Mərkəzin ikinci mərtəbəsində kafe, güləş və Şərq döyüş növləri üzrə məşq zallarında, soyunub-geyinmə, məşqçilər və həkim heyəti üçün otaqlarda yaradılmış şərait xoş təəssürat doğurub. üçüncü mərtəbədə kommutator otağı, şahmat-dama, stolüstü tennis və bilyard zalları, konfrans salonu, muzey, fəxri qonaqlar üçün loja yerləşir.
Dövlətimizin başçısı konfrans salonu və muzeylə tanış olub. ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılara diqqət və qayğısını əks etdirən fotostendlər, sərhədçi idmançıların müxtəlif yarışlarda əldə etdikləri mükafatlar, dövlətimizin başçısının ölkədə idmanın inkişaf etdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi barədə Sərəncamlarının surətləri muzeyin eksponatları sırasındadır. Prezident İlham Əliyev burada “Sərhədçi” İdman Olimpiya Mərkəzində tikinti-quruculuq işlərinin lentə alındığı video görüntülərə baxıb.
Universal zalla tanışlıqdan sonra dövlətimizin başçısı sərhədçiləri təbrik edərək deyib: “Salam sərhədçilər! Mən sizin hamınızı bu gözəl “Sərhədçi” İdman Olimpiya Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl idman qurğusu Azərbaycan xalqına xidmət edəcəkdir. Ən gözəl, müasir üslubda, qısa müddət ərzində tikilmiş bu idman mərkəzi, sözün əsl mənasında, ən yüksək standartlara cavab verir. Burada müxtəlif idman növləri ilə məşğul olmaq olar, böyük, mötəbər beynəlxalq yarışları keçirmək mümkün olacaqdır. Bir sözlə, Azərbaycanın yeniləşən, yaradılan müasir idman infrastrukturunun inkişafı işinə bu “Sərhədçi” Olimpiya Mərkəzinin çox böyük töhfəsi olacaqdır. Bildiyiniz kimi, son illər ərzində Azərbaycanda idman infrastrukturu çox sürətlə yaradılıb. Bizim çox böyük idman qurğularımız vardır. Bu möhtəşəm Olimpiya Mərkəzinin imkanları da bizə tam kifayət edəcəkdir. Burada ən mötəbər idman yarışları keçirmək mümkündür. Azərbaycanda ən böyük qapalı idman mərkəzi Heydər Əliyev adına İdman-Konsert Kompleksidir. Onun tutumu 8 min yerdən ibarətdir. Bu yaxınlarda Bakıda Gimnastika Kompleksinin təməl daşı qoyulmuşdur. O kompleksin tutumu 6 min yer olacaqdır. Burada isə 2500 yerə qədər tamaşaçı iştirak edə bilər. Yəni gələcəkdə Azərbaycanda müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışları keçirmək üçün bütün şərait vardır. Burada məşqlər çox ciddi təşkil edilməli, idman bölmələrində uşaqlar, yeniyetmələr, gənc idmançılar öz məharətlərini artırmalıdırlar. Eyni zamanda, Xətai rayonunun və Bakının digər rayonlarının sakinləri bu imkanlardan səmərəli istifadə etməlidirlər. Həm məşq etmək, həm də idmanla məşğul olmaq üçün burada gözəl idman qurğuları, qapalı, açıq meydançalar, futbol meydançası, üzgüçülük hovuzu, döyüş idman növləri üçün zallar, şahmat, stolüstü tennis zalları vardır. Yəni demək olar ki, burada bütün əsas idman növləri ilə məşğul olmaq mümkün olacaqdır. Mən əminəm ki, bu mərkəzdə öz peşəkarlığını artıran gənclər gələcəkdə Azərbaycanın idman şöhrətini yüksəldəcəklər. Azərbaycan idman dövlətidir, bizim böyük uğurlarımız vardır. İdmançılarımız son Olimpiya Oyunlarından böyük qələbə ilə Vətənə qayıtmışlar. İdmançılarımız Olimpiya oyunlarından sonra müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, dünya kuboku uğrunda yarışlarda böyük qələbələr qazanmışlar. Bizim üçün ənənəvi olan idman növləri üzrə böyük qələbələr əldə edilir - güləş, boks. Eyni zamanda, ilk dəfə tarixdə avarçəkmə üzrə Dünya çempionatında bizim idmançılarımız qızıl, gümüş və bürünc medallar qazanmışlar. Bu, onu göstərir ki, Azərbaycanda idman hərtərəfli inkişaf edir. Həm bizim üçün ənənəvi olan idman növlərinə böyük diqqət göstərilir, eyni zamanda digər idman növləri də inkişaf edir. Mingəçevirdə müasir və bütün MDB məkanında nadir avarçəkmə bazası yaradılır. O da böyük bir mərkəzdir. Burada həm beynəlxalq yarışları keçirmək mümkün olacaqdır, həm də idmançılar məşq edəcəklər. Azərbaycanda idman bundan sonra da sürətlə inkişaf edəcəkdir. Əminəm ki, gələcək beynəlxalq yarışlarda idmançılarımız Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlayacaqlar.
Bu İdman Olimpiya Mərkəzi Sərhəd Xidməti tərəfindən yaradılıb. Sərhəd Xidmətinin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycanda çox böyük işlər görülübdür. Ən müasir avadanlıq, döyüş texnikası alınıb, sərhəd bazaları yaradılıb. Həm dəniz sərhədlərimiz lazımi səviyyədə qorunur və yeni alınan texnika, avadanlıq, hərbi bazalar bu məqsədi təmin edir, eyni zamanda, digər yerlərdə, qonşu ölkələrlə sərhədlərimiz lazımi səviyyədə qorunur. çox sevindiricidir ki, maddi-texniki bazanın möhkəmləndirilməsi ilə yanaşı sərhədçilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün də lazımi tədbirlər görülür. Bu gün gözəl idman mərkəzi istifadəyə verilir. Bir sözlə, mən şübhə etmirəm ki, sərhədçilər bundan sonra da Vətən uğrunda öz dəyərli xidmətlərini göstərəcəklər. Bir daha bütün idmançıları, bütün sərhədçiləri bu gözəl, möhtəşəm Olimpiya Mərkəzinin açılışı münasibətilə təbrik edirəm. Sağ olun”.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev təşəkkür edərək deyib: “Cənab Prezident, Sizin yüksək etimadınızı Vətənimizə, Prezidentimizə, xalqımıza xidmətimizlə doğruldacağıq. Bu gün Azərbaycan sərhədçisi də yaratdığınız böyük idman ailəsinə daxil olur. çalışacağıq ki, sərhədçi idmançılarımız da bu yarışlarda yüksək nəticələr əldə edərək, göstəriş və tapşırıqlarınızın icrasını yüksək səviyyədə təmin etsinlər. çox sağ olun cənab Prezident, minnətdarıq”.
Prezident İlham Əliyev sərhədçi idmançılarla və DSX-nin zabit heyəti ilə xatirə şəkli çəkdirib.
Dövlətimizin başçısına “Sərhədçi” atçılıq mərkəzini təmsil edən idman atları haqqında da məlumat verilib.
Mərkəzdə açıq meydança ilə tanış olan Ali Baş Komandana məlumat verilib ki, burada basketbol, voleybol, həndbol və tennis üzrə məşqlərin və müxtəlif səviyyəli yarışların keçirilməsi nəzərdə tutulur. Yarışları izləyəcək tamaşaçılar üçün burada 1550 oturacaq quraşdırılıb. Tribunaların altında idmançıların soyunub-geyinmələri, yuyunmaları üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev İdman Olimpiya Mərkəzinin yerləşdiyi Qara Qarayev küçəsində aparılan abadlıq-quruculuq işləri ilə maraqlanıb, şəhərin bu hissəsinin paytaxtın ümumi mənzərəsinə uyğunlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Ali Baş Komandan daha sonra mehmanxanaya gəlib. Beşmərtəbəli mehmanxanada mebel və digər məişət avadanlığı ilə təmin olunmuş 32 otaq var. Burada kafe-restoran da fəaliyyət göstərəcək. Sərhədçi idmançıların təlim-məşq prosesindən və müxtəlif səviyyəli yarışlardan sonra istirahəti üçün də burada hər cür şərait yaradılıb. Dövlətimizin başçısı otaqlarda yaradılmış şəraitlə tanış olub. Prezident İlham Əliyev üzgüçülük hovuzuna da baxıb. Məlumat verilib ki, burada quraşdırılmış xüsusi qurğular suyun temperaturunun sabit saxlanmasına nəzarət edir. Eyni zamanda, hovuzdakı suyun daim yenilənməsi üçün müvafiq qurğular da quraşdırılıb. Mərkəzdə inşa olunmuş stadionla tanış olan dövlətimizin başçısına məlumat verilib ki, yüksək keyfiyyətli süni örtüklə örtülmüş meydançada yeniyetmə idmançıların futbolun sirlərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Burada keçiriləcək yarışları izləyəcək tamaşaçılar üçün 1850 oturacaq quraşdırılıb.
Yeniyetmə futbolçularla görüşən Prezident İlham Əliyev onlarla xatirə şəkli çəkdirib, futbol topuna zərbə endirib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzinin ən yüksək tələblərə cavab verməsi üçün görülmüş işlərdən razılığını bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

