Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın yüksək enerji təminatı potensialı

Azərbaycanın yüksək enerji təminatı potensialı

23.07.2024 [10:55]

Mərkəzi Asiya-Xəzər-Avropa enerji alyansı yaranır

Ölkəmizin Avropa İttifaqına əlavə qaz və “yaşıl enerji” nəqlində də rolu artacaq

Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı ölkəmizin qlobal enerji bazarının ən etibarlı və layiqli üzvü kimi yürütdüyü siyasətin rifah və əməkdaşlığa xidmət etdiyini, Azərbaycanla enerji sahəsində tərəfdaş olan ölkələrin sayının daha da artdığını bəyan edib. Dövlətimizin başçısı Avropa İttifaqı (Aİ) ölkələrinin öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacının artmasına diqqət çəkərək Bakıda müəyyənləşdirilmiş strateji plana uyğun olaraq qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasının nəzərdə tutulduğunu xatırladıb.

Dövlətimizin başçısı bildirib ki, biz bu hədəfə doğru irəliləyirik, 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.

Hədəf 25 milyard kub. metr...

Qeyd edək ki, Azərbaycan 2024-cü ilin birinci yarısında qaz istehsalını 25,1 milyard kubmetrə çatdırıb ki, onun da yarısından çoxunu xarici ölkələrə nəql edib. Belə ki, 6 ay ərzində xaricə qaz satışı 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur. Mavi yanacağın təqribən 5 milyard kubmetri Türkiyəyə, 1,3 milyard kubmetri Gürcüstana, 6,4 milyard kubmetri isə Avropaya nəql edilib. Avropa regionuna qaz ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz artıb. Bu rəqəmlər bir daha təsdiqləyir ki, ölkəmiz 2024-cü ilin yekununda ümumi qaz ixracını 25 milyard kubmetrdən də çox tədarük edəcək, həmçinin Avropaya nəql edilən qazın həcmi 13 milyardı ötə bilər.

Ötən 18 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız 2020-ci il dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil oldu. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kub. metr, 2022-ci ildə 11 milyard kub. metrdən çox qaz ixrac edibdir. 2023-cü ildə isə 12 milyard k??. metrdən çox qaz ixrac edibdir.

Bu, enerji qətiyyəti və şaxələndirmə Azərbaycanın Aİ coğrafiyasının əhəmiyyətli bir hissəsini yanacaqla təmin etməsini möhkəmləndirir və Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı artır. Cənab Prezident vurğulayıb ki, hazırda Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Artıq Sloveniya da Azərbaycanla qaz əməkdaşlığının təməlinin qoyulmasını təsdiq edən sazişə imza atıb, bu isə Azərbaycanın bir neçə ay ərzində Sloveniya bazarına daxil ola bilməsini qətiləşdirəcək. Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Hazırda bu istiqamətdə Cənub Qaz Dəhlizi tranziti üzərində yerləşən ölkələr öz nəql şəbəkələrini bu marşruta əlaqələndirmək üçün texniki-təchizat məsələlərini yekunlaşdırmaqdadır.

Etibarlı tərəfdaş və ümum-Avropa təchizatçısı...

Avropa Birliyi Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizinə xüsusi üstünlük verir və gələcək etibarlı yanacaq təminatının əsas həlqəsi kimi dəhlizin genişləndirilməsi üzərində səylərini artırmaqdadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırıb. Bu, çox böyük məsuliyyətdir və ölkəmiz Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışır.

Azərbaycanın qaz ixracını artırması üçün resursların istehsalı da artmalıdır. Son illərdə yeni qaz yataqlarındakı blokların hərəkətə gətirilməsi və TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır. Mövcud resursların qiymətləndirilməsinə əsasən, növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Mütəxəssislərin apardığı kəşfiyyat işləri nəticəsində əldə edilmiş qiymətləndirmələrə əsasən, Azərbaycan Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarına malikdir və təsdiq edilmiş ehtiyatların həcmi 2.6 trilyon kubmetr proqnozlaşdırılır. Bu həcm daxili tələbat və ixracla birlikdə ən azı 100 ilə kifayət edir. Bu baxımdan Azərbaycanın Avropa İttifaqının qaz təchizatında bir əsrə yaxın tədarükçü dövlət olacağı şübhəsizdir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Ümid”, “Araz-Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarında proqnozlaşdırılan ehtiyatlar 2,6 trilyondan da çox mənbələrin formalaşmasına əsaslı zəmin yaradır.

Beləliklə, proqnoz və tədarük planına əsasən, 2024-2027-ci illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetrədək artırılmalıdır. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. Bu isə yaxın illərdə Slovakiya, Moldova, Avstriya və Moldovanın da Azərbaycan qazını əldə etməsinə imkan verəcək. Bu isə ümumilikdə Avropa İttifaqı regionunun təxminən 40 faizi ölkəmizin sayəsində enerji təhlükəsizliyi təmin ediləcəkdir.

Yeni sazişlərin imzalanması da Bakı ilə əlaqələndirilir

Məsələ ondadır ki, Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasını və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kub. metrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Avropa İttifaqının enerji üzrə ekspertləri hesab edirlər ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər  regionun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarınnı Qərbə nəqlində daşıyıcı missiyasına malikdir. Ona görə də Azərbaycanın digər region ölkələrinin yanacağının cəlbində və daşınmasında rolu və etibarı daha böyük olduğundan Avropa İttifaqı yeni sazişlərin imzalanmasını da Bakı ilə əlaqələndirir.

Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi marşrutu mövcuddur və işləkdir. Qalır türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq. Bunun üçün hüquqi mexanizm və beynəlxalq sazişlər olmalıdır. Artıq bu istiqamətdə də hüquqi-iqtisadi təminatlar yaradılır və bu beynəlxalq öhdəliyi isə ilk növbədə Azərbaycan və Türkiyə öz üzərinə götürüb. Ötən ay Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum-TANAP - vasitəsilə nəql olunacaq, gələcəkdə isə TAP-la Avropaya ixracı nəzərdə tutulur.

“Qara dəniz kabeli” Aİ-ni “yaşıl enerji” ilə təmin edəcək

Onu da qeyd edək ki, gələcək enerji təminatı və balansını 3 mənbəyə əsaslanmaqla möhkəmləndirmək istəyən Aİ təbii qazla yanaşı, bərpa olunan (LNG) qaz və “yaşıl enerji” resurslarının nəqlində də Xəzər-Mərkəzi Asiya bölgəsinə daha çox diqqət yönəltməkdədir. Çünki həmin mənbələrin hər 3-ü bu region ölkələrində - Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistanda cəmləşib. Bu isə o deməkdir ki, Avropa Komissiyası yaxınmüddətli dövrlərdə Azərbaycan əsas aparıcı ölkə olmaqla, Xəzər koalisiyasından həm təbii qazın, həm LNG-nin, həm də “yaşıl enerjinin” həcmlərini artırmaqda israrlıdır.

Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya “Xəzər-Qara dəniz” beynəlxalq nəqliyyat marşrutu yaratmaqla bağlı niyyətlərini bəyan edib və ilin sonuna qədər Buxarestdə dördtərəfli hökumətlərarası saziş imzalanacaq.

Qeyd edək ki, bu istiqamətdə ilkin hüquqi sənəd 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanıb. “Yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in tələblərinə əsasən, ilk format yaradılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli” adlanan layihə Azərbaycanın külək enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin Rumıniyaya və Avropaya nəqlini nəzərdə tutur. Türkiyənin bu prosesə qoşulmasından sonra isə “yaşıl enerji” alyansı daha da genişlənəcək. Bu isə Azərbaycanın enerji nəqlində digər mənbələri hərəkətə gətirdiyini, enerjinin şaxələliyini artırmaq istiqamətində əməli addımlar atdığını təsdiq edir.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 360 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31