Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Əməkhaqqı fondunun “ağardılması”...

Əməkhaqqı fondunun “ağardılması”...

07.08.2024 [13:34]

Son 5 ildə əmək müqavilələrinin sayı 79 faiz artıb

Son 5 ildə Azərbaycanın qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79 faiz artıb və bu müddətdə 426 min yeni əmək müqaviləsi bağlanması təmin edilib. Əmək müqavilələrinin sayında artımın baş verməsinin başlıca səbəbi biznesin iqtisadi faəllığının yüksəlməsi, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və təşviq əsaslı vergi islahatları ilə bağlıdır. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazir qeyd edib ki, ölkəmizdə iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 1, 4 milyondan 1 milyon 840 minə yüksəlib.

Artan əmək müqavilələri

Əmək müqavilələrinin artımı və rəsmi məşğulluğun təmin edilməsi ölkə üzrə sığorta yığımlarının da həcminin yüksəlməsinə səbəb olub. 2024-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağardılması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1,8 milyard manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz və ya 237,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 1,8 milyard manatdan çox olub.
Həmçinin, bu dövr ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə  müqayisədə 12,6 faiz artaraq 100 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 faiz artaraq 74,6 milyon manat olub. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 7,7 faiz artaraq 486,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,3 faiz artaraq 340,6 milyon manatdan çox olub. Əmək münasibətlərinin şəffaflaşması və müqavilələrinin sayının daha çox qeyri-neft sektorunun özəl bölməsini əhatə etməkdədir. Belə ki, yeni qeydə alınmış əmək müqavilələrinin 300 min vahidi həmin sektorun payına düşür. Bu mühüm dinamikanıln baş verməsində son illərdə yürüdülən vergi təşviqlərinin xüsusi rolu olub. Belə ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərin 2019-cu ildə qüvvəyə minməsindən sonra qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan 1 milyondan artıq şəxsin aylıq əməkhaqqının 8.000 manata qədər hissəsini 7 il müddətində gəlir vergisindən azad edib. Yəni dəyişikliyə qədər 14 faiz gəlir vergisi, 3 faiz məcburi sosial sığorta haqqı olmaqla, birlikdə 17 faiz fiskal vergi ödənilirdi. Dəyişikliklər qüvvəyə mindikdən sonra qeyri-dövlət sektoru üzrə əməkhaqqından yalnız 10 faiz sosial vergi hesablanaraq tutulmaqdadır. Bu güzəştlər qeyri-neft sektorunun bir çox sahələrində əmək münasibətlərinin rəsmiləşdirilməsində mühüm rol oynayıb. Bunun nəticəsində hazırda qeyri-neft sektorunun özəl bölməsində rəsmi əmək müqavilələrinin sayı 838 min təşkil edir.

Əmək münasibətlərinin ən çox pozulduğu sahələr

Qeyd edək ki, Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyat sistemi təxminən 5 ildən artıqdır ki, fəaliyyət göstərir. Sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, bu münasibətlərin dəqiq və əhatəli uçotunun aparılmasına, əmək bazarına çevik və obyektiv, səmərəli dövlət nəzarətini təmin etmək məqsədilə yaradılıb. Məqsəd ölkənin bütün muzdla çalışan əhalisini əhatə edən əmək müqavilələrinin elektron qeydiyyat sistemi vasitəsilə işçilərin əmək və gələcək layiqli pensiya təminatı üçün də etibarlı hüquqi əsas formalaşdırmaqdır. İndiyədək bu sistemdən 8 milyondan çox insan istifadə edib. Ancaq buna baxmayaraq, hökumət hələ də “kölgə iqtisadiyyatı”nın təzahürlərinə rast gəlindiyini, rəsmiləşdirilməmiş əmək müqavilələrinin mövcud olduğunu bildirir. Təhlillərə əsasən, hazırda ölkədə məşğul əhalinin sayı 5 milyon nəfərə yaxındır. Onun təxminən 1,8 milyon nəfəri muzdlu işçilərdir və onlar əmək münasibətləri qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilib. Amma bu göstərici daha çox olmalıdır. İşəgötürənlərin böyük bir qismi yenə də öz işçilərinin adlarını rəsmiləşdirmir, işçilərin əmək və sosial hüquqlarını pozmaqla məşğuldur. Əmək müqaviləsi ilə işləyənləri nəzərə almasaq, 2 milyona yaxın məşğul insan mülki-hüquqi müqavilə ilə işləyir və xidmətlər göstərir, onlar qeyri-formal əmək bazarının iştirakçısıdır, onların əmək münasibətlərini isə tənzimləmək hələ də mümkün deyil.
Vergi və sosial müdafiə orqanları hesab edir ki, bəzi iqtisadi fəaliyyət sahələrinə aid qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar işəgötürənləri öz qanunsuz əməllərini həyata keçirməyə şərait yaradır. Məsələn, əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına daha çox tikintidə rast gəlinir. Mövcud tikinti qanunvericiliyi və normaları iş adamlarına imkan verir ki, işçilərinin sayını gizlədə bilsin. Xidmət müqavilələri, subpodratçılıq münasibətləri bu mənada sahibkarların işini asanlaşdıran formalardır. Maraqlıdır ki, həm xidməti müqavilə, həm də subpodratçılıq müvafiq normativ aktlarda nəzərdə tutulub. Bu istiqamətdə nəzarət tədbirləri ilə yanaşı, qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var.
Əmək münasibətlərinin ən çox pozulduğu sahələrdən biri inşaat sektorudur. Bu sahədə vergi nəzarətinin təmin edilməsi məqsədilə “ASAN xidmət”lə birgə əməkdaşlıq çərçivəsində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılıb. Tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək, həmin informasiyalar  “ASAN xidmət”in Monitorinq Mərkəzinə inteqrasiya olunub. Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin məlumatına görə, ötən il tikinti sektorunda 25 monitorinq həyata keçirilib və 14 monitorinqdə pozuntu halları aşkar edilib. Ona görə də vergi təşviqləri ilə bərabər, əmək münasibətlərinin pozulmasına görə sanksiya və cəza tədbirlərinin həyata keçirilməsi də qüvvədədir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə birinci dəfə 2 min, ikinci dəfə 4 min, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. Mövcud vəziyyət göstərir ki, sanksiyalar da bu problemi həll etmir, bu baxımdan hökumət təşviqedici vergi siyasətini daha da optimallaşdırmağı səmərəli mexanizm hesab edir.
 

Elbrus

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31