Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dayanıqlı iqtisadi inkişafın göstəriciləri

Dayanıqlı iqtisadi inkişafın göstəriciləri

16.10.2024 [08:59]

2024-cü ilin ötən 3 rübü ərzində iqtisadiyyatda yüksək artım qeydə alınıb

Azərbaycan iqtisadiyyatı 2024-cü ilin ötən 3 rübü ərzində yüksək artım templəri nümayiş etdirərək dayanıqlı inkişafını daha da möhkəmləndirib. Belə ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkəmizdə 92 milyard 829,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox əlavə dəyər deməkdir. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri-neft-qaz sektorunda isə 7,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 9102,9 manata bərabər olub.

Ötən 9 ayın makroiqtisadi göstəriciləri bir daha təsdiqləyir ki, Azərbaycan iqtisadiyyatı üçün neft-qaz gəlirləri əhəmiyyətli mənbə olsa da, son dövrlərdə xüsusi artım nümayiş etdirən qeyri-neft sektorundakı mənbələr, o cümlədən qeyri-neft sənayesinin dayanıqlı inkişafı iqtisadi artımın neftə deyil, qeyri-neft sahələrinə əsaslandığını göstərir. ÜDM-in nominal artımı neft-qaz sahələrindəki əlavə dəyəri bir neçə dəfə üstələyir ki, bu da Azərbaycanıda əlavə dəyərin baza sütununun enerji sektoruna deyil, iqtisadi inkişafın əsas ağırlıq yükü və dayanıqlı sütunları olan qeyri-neft sektoruna söykəndiyini nümayiş etdirir.

Sənayenin payı ÜDM-in 50 faizindən də çoxdur

Ölkədə yaradılan əlavə dəyərin strukturunda sənaye sektoru yenə də aparıcı yer tutmaqdadır. Belə ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin ötən 9 ayı ərzində 47,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib və ÜDM-in strukturunda sənaye məhsullarının payı ötən illərlə müqayisədə daha da yüksəlib. Neft-qaz sənayesində məhsul istehsalı eyni səviyyədə qalsa da, qeyri-neft sənayesində 8,7 faiz artım qeydə alınıb. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.

Xüsusilə də ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir.

İnvestisiya qoyuluşları 13 milyard manata yaxınlaşıb...

2024-cü ilin yanvar-sentyabr aylarında investisiya fəallığı da yüksəlib, əsas kapitala 12,7 milyard manatdan çox kapital yatırılıb. İnvestisiyanın 6,3 milyard manatı və ya 50 faizi istehsalı  sahələrinə, 4,7 milyard manatı (37 faiz) xidmət sahələrinə, 1,7 milyard manatı (13 faizi) isə tikinti sektoruna sərf olunub. Sərmayələrin 10,5  milyard manatını daxili investisiyalar təşkil edib, xarici sərmayələrin həcmi isə 2,2 milyard manata bərabər olub. Əsas kapitala yönəldilmiş xarici investisiyaların əsas hissəsi qeyri-neft bölmələrində müxtəlif layihələri, o cümlədən, “yaşıl enerji” sektorunu əhatə edir.

Göründüyü kimi, hazırda ölkə iqtisadiyyatında investisiya axıcılığı yüksələn xətlə davam edir və aylıq sərmayələrin həcmi 1,4 milyard manatdan çoxdur. Bu dinamika ilin sonunda sərmayə qoyuluşlarının həcminin 16 milyard manatı ötəcəyini deməyə əsas verir. Nəzərə alsaq ki, sərmayə portfelində xərclərin böyük bir hissəsi, təxminən 70 faizi tikinti-quraşdırma işlərinə sərf olunur və 2024-cü ilin dövlət büdcəsində aparılan dürüstləşmələrdən sonra işğaldan azad edilmiş ərazilərə yönələn vəsaitlərin həcmi 2,2 milyard manat artıb ki, bu amil də tikinti-bərpa işlərinin böyüməsi fonunda sərmayələrin daha da artacağına dəlalət edir. Eləcə də xarici biznes fəaliyyəti üçün daha əlverişli sərmayə iqliminin təmin edilməsi, investisiyaların təşviqi və qorunması, gəlirlərə və əmlaka vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasına dair xarici ölkələrlə imzalanan sazişlərin sayının artması investisiyaların böyüməsini stimullaşdırır. Proqnozlara görə, 2024-cü ilin yekununda cəmi investisiyaların həcmi 18 milyard manata çatacaq. 

Xarici ticarətdə 4,7 milyard dollar müsbət saldo qeydə alınıb

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan xarici ticarət tərəfdaşlarının sayı və xarici ticarət dövriyyəsinin həcmi də artıb. Qeyd edlən dövrdə 172 ölkə ilə əməə mübadiləsi həyata keçirilib, 117 ölkəyə məhsul ixrac, 161 ölkəyə isə idxal olunub. Ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 30,2 milyard dollar təşkil edib ki, onun da 17,5 milyard dolları ixracın payına düşür. İdxalın dəyəri isə 12,7 milyard dollar olub və nəticədə xarici ticarətdə 4,7 milyard dollar məbləğində müsbət saldo yaranıb.

Azərbaycanın xarici ticarət dövriyyəsinin 22,5 faizi İtaliya, 13,5 faizi Türkiyə, 9,5 faizi Rusiya, 7,4 faizi Çin, 4,5 faizi İsrail, 3,2 faizi Almaniya, 2,9 faizi Avstraliya, 2,6 faizi Hindistan, hər biri 2,5 faiz olmaqla Çexiya və ABŞ, 2 faizi Xorvatiya, 1,9 faizi Birləşmiş Krallıq, hər biri 1,4 faiz olmaqla Yunanıstan və Portuqaliyanın payına düşüb. Mal mübadiləsində 1 faiz paya malik olmaqla digər ölkələr Bolqarıstan, Gürcüstan, İran, Rumıniya, Ukrayna, Belarus, İsveçrə və Türkmənistan yer alır.

İxracda əsas məhsullar neft-qaz və ondan hazırlanmış məhsullar üstünlük təşkil etsə də, qeyri-neftin ixracında artımlar müşahidə edilməkdədir. Qeyri-neft məhsullarının ixracı 2 milyard dollara yaxın olub. İxracda əsas mallar tərəvəz və meyvə məhsulları üstünlük təşkil edir. Xüsusilə də pambıq və pambıq lifi, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, kimyəvi mallar və sənaye texnologiyaları, elektrik enerjisi, kosmik sənaye məhsullarının ixracı davamlı artmaqdadır.

Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb...

Ölkə iqtisadiyyatının inkişafı, müxtəlif sektorlarda, xüsusilə də qeyri-neft sahələrində işgüzar fəallığın artmasına əhalinin gəlir əldəetmə imkanlarının da yaxşılaşmasına səbəb olub. 2024-cü ilin ötən 9 ayı ərzində əhalinin iş fəallığı artıb və iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1 milyon 755 min nəfər olub. Onların 878,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877 min nəfərə yaxını isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 997,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Bu dövrdə əhalinin nominal gəlirləri isə 6,1 faiz artaraq 53 milyard 947,2 milyon manat və ya hər nəfərə orta hesabla 5291,6 manat olub. Əhalinin sərəncamında qalan gəlirləri 47 milyard 488,1 milyon manat təşkil edib.

Əhalinin gəlirlərinin artım tempi inflyasiya göstəricisini təxminən 4 dəfə üstələyib. Belə ki, 2024-cü ilin yanvar-sentyabr aylarında inflyasiya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz təşkil edib. Nəticədə həm əhalinin orta aylıq əməkhaqqı, həm də real gəlirləri inflyasiyanı üstələməklə onların sosial rifah vəziyyətinə müsbət təsir edib.

Ortamüddətli hədəf: Qeyri-neft sektorunun ÜDM-də payı 78 faizə çatdırılacaq

Hökumətin yürütdüyü siyasətə əsasən, qarşıdakı dövrdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas çağırışlardan biri olacaq. Ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır və milli istehsalın təmin edilməsi əsas iqtisadi niyyət kimi daha da gücləndiriləcək. Bu siyasət növbəti illər üçün əsas çağırış olmaqla, iqtisadi imkanların daha da səfərbər edilməsinə yönəldiləcək. Nəticədə iqtisadi inkişafın birbaşa qeyri-neft sütunları üzərində dayanıqlılığının daha da artacağı ehtimal olunur.

Proqnozlara əsasən 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat,  o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi, 2028-ci ildə isə ÜDM-in 150,8 milyard manata qədər, o cümlədən qeyri-neft ÜDM-in həcmi 117,2 milyard manata qədər artacağı gözlənilir. Orta  müddətdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft ÜDM-in 5 faiz olacağı proqnozlaşdırılır. 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının artaraq 77,7 faizə çatacağı, neft-qaz sektorunun payının isə 22,3 faizə bərabər olacağı proqnozlaşdırılır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31