Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakı Bəyannaməsi

Bakı Bəyannaməsi

02.12.2025 [10:36]

Azərbaycan paytaxtında dünya dövlətlərinin rəqəmsal inkişafla bağlı strateji hədəfləri müəyyənləşdi

Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (“WTDC-25”) yekunlarına əsasən, üzv dövlətlər rabitə əlçatanlığının təmin edilməsi üzrə qlobal yol xəritəsinin qəbul edilməsi barədə razılığa gəlib. Sənəddə Beynəlxalq Telekommunikasiya İttifaqının rəqəmsal inkişaf sahəsində gələcək işini müəyyən edən yenilənmiş yeni qətnamələr, həmçinin təşkilatın Telekommunikasiya İnkişafı Sektoru üçün tövsiyələr əks olunub. Həmçinin yekun razılaşma sənədində inkişaf etməkdə olan ölkələrin, kifayət qədər bağlantısı olmayan regionların və həssas əhali qruplarının ehtiyaclarına xüsusi diqqət yönəldilməsi barədə öhdəliklər də nəzərə alınıb. Ümumilikdə, sənəd üzv ölkələrin rəqəmsal inkişafında meydana çıxan problemlərini həll etməyə yönəlmiş yeni təşəbbüslərin həyata keçirilməsi üçün vahid strateji məqsəd və prinsipləri özündə birləşdirməklə birgə tərəfdaşlığın çərçivəsini müəyyən edir.

Fəaliyyət Planı - rəqəmsal inkişafın yol xəritəsi

Tədbir çərçivəsində qəbul olunan qətnamələr radiotezliklərin idarə olunması, kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, İKT-nin tətbiqi və tənzimlənməsi, innovasiya və ucqar ərazilərdə rəqəmsal texnologiyaların istifadəsi kimi müxtəlif sahələri əhatə edib. Konfransın əsas yekun sənədi olan Bakı Fəaliyyət Planı telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları vasitəsilə insan mərkəzli rəqəmsal inkişafın əsas istiqamətlərini müəyyən edir. Plan xüsusilə inkişaf etməkdə olan ölkələr, rəqəmsal xidmətlərə məhdud çıxışı olan icmalar və həssas əhali qruplarının ehtiyaclarını prioritet olaraq önə çıxarır. Hazırda dünyada təxminən 2 milyarddan artıq insan internetə qoşula bilmir. 2026-2029-cu illəri əhatə edən dördillik plan inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan internet bağlantısının inkişaf etdirilməsinə dəstək verəcək.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Dorin Boqdan-Martin vurğulayıb ki, Bakı Bəyannaməsi və Fəaliyyət Planı heç kimi diqqətdən kənarda qoymamaqla vahid prinsip əsasında insanyönümlü rəqəmsal inkişafa doğru istiqamətlənmiş yol xəritəsidir.

Təşkilatın Telekommunikasiya İnkişafı Bürosunun direktoru Kosmas Lakison Zavazava isə qeyd edib ki, “WTDC-25”in Bakı Fəaliyyət Planında əks olunan müddəalar üzv dövlətlərin ehtiyaclarını, prioritetlərini və gözləntilərini tam əks etdirir, gələcəyə yönəlmiş və nəticəyönümlü rəqəmsal inkişaf gündəmini formalaşdırır. “Fəaliyyət Planı ən az inkişaf etmiş ölkələrin, dənizə çıxışı olmayan dövlətlərin və inkişaf etməkdə olan kiçik ada dövlətlərin unikal tələblərini nəzərə alaraq, qalan rəqəmsal bölünmələrin azaldılması üçün addımlar müəyyənləşdirir. Biz hökumətlər və tənzimləyicilərlə əlverişli siyasət və normativ mühit yaratmaq üçün işləyərək, hiss olunacaq nəticələrə nail olmağı və rəqəmsal transformasiyanı sürətləndirməyi gözləyirik. Bu cür mühit sənaye və özəl sektora infrastruktur boşluqlarının aradan qaldırılması ilə bağlı səyləri daha fəal şəkildə maliyyələşdirməyə və dəstəkləməyə imkan verəcək, hamı üçün əhəmiyyətli və əlçatan bağlantı təmin edəcək”.

Azərbaycan rəqəmsal təşəbbüslərin məkanına çevrilib

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, MDB regionunda ilk dəfə Azərbaycanda təşkil olunan konfrans regional və beynəlxalq rəqəmsal inkişaf strategiyalarının müzakirəsinə imkan yaradıb.

Bakı üzv dövlətlər və tərəfdaşların növbəti dörd il ərzində ITU-nun inkişaf sahəsindəki fəaliyyətini müəyyən edəcək konkret nəticələr barədə razılığa gəldikləri bir məkana çevrilib. “Tərəfdaşlarla birlikdə çalışan Azərbaycan bu nəticələrin formalaşmasında fəal iştirak etdi. COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməsinə istinad edən Bakı Bəyannaməsinin qəbul olunması isə inklüziv və davamlı rəqəmsal gələcəyə olan ortaq öhdəliyimizi əks etdirir”.

Beynəlxalq Telekommunikasiya İttifaqının Bakı Konfransı çərçivəsində ən mühüm hadisələrdən biri də Bakıda Regional Akselerasiya Mərkəzinin fəaliyyətə başlamasıdır. Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə BTİ arasında əldə edilmiş strateji əməkdaşlıq çərçivəsində təsis edilən Mərkəz MDB regionunda ilk Akselerasiya zonası olmaqla, startapları, biznes subyektlərini, dövlət qurumları və təhsil müəssisələrini bir araya gətirərək innovativ sahibkarlıq potensialını təşviq edəcək. Mərkəz, eyni zamanda, rəqəmsal ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənmək yönündə yaradıcı ideyaları və biznes təşəbbüslərini dəstəkləyəcək.

BTİ Akselerasiya Mərkəzi sürətlə dəyişən rəqəmsal dünyada təhlükəsiz və etibarlı şəkildə irəliləmək üçün yeni, daha dayanıqlı və gələcəyə yönəlmiş yanaşmaları inkişaf etdirməyi hədəfləyən 17 innovasiya mərkəzindən ibarət şəbəkənin bir hissəsidir. Akselerasiya Mərkəzi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və innovativ potensialın real imkanlara çevrilməsi istiqamətində əsas platforma rolunu oynayacaq, Azərbaycan və regionun digər ölkələrindən olan startaplar və innovativ layihələr üçün qovşaq rolunu oynayacaq və texnoloji məhsul və xidmətlərdən əldə edilən milli gəlirin artmasına töhfə verəcək.

“WTDC-25”in üç sazişi nəyi əhatə edir?

Qeyd edək ki, “WTDC-25” çərçivəsində üzv ölkələr tərəfindən üç saziş də imzalanıb. Onlardan biri Asiya-Sakit okean regionunda milli “ağıllı kəndlər” və “ağıllı adalar” proqramlarının dayanıqlılığını artırmaq üçün ikiillik layihədir. Layihə Avstraliyanın İnfrastruktur, Nəqliyyat, Regional İnkişaf, Rabitə, İdman və İncəsənət Nazirliyi ilə birgə həyata keçiriləcək. Bu layihə kənd və ucqar icmalarda rəqəmsal bacarıqların inkişafı və rəqəmsal xidmətlərə çıxışın genişləndirilməsi üzrə model olacaq. Layihə birbaşa yeddi ölkə üzrə təxminən 3 min insanın həyatına təsir edəcək. İkinci layihə MDB regionunda potensialın və rəqəmsal bacarıqların inkişafı üzrə niyyətləri əks etdirir. Tərəfdaşı “Intersputnik” şirkəti olan bu layihə peyk rabitəsi və yayım texnologiyaları sahəsində təxminən 300 mütəxəssisi əhatə edəcək. Gender-inklüziv rəqəmsal ticarətin inkişafına yönəlmiş yeni tərəfdaşlıq üzrə məqsədləri əks etdirən üçüncü layihə çərçivəsində gənc qadın sahibkarların rəqəmsal və sosial bacarıqlarının artırılması nəzərdə tutulur.

Beləliklə, “WTDC-25”də təsdiqlənən Bakı Fəaliyyət Planı telekommunikasiya və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan insanyönümlü rəqəmsal inkişafın əsasını formalaşdıracaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31