Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” Beynəlxalq konfransı çərçivəsində sonuncu sessiyalar keçirilib

“Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” Beynəlxalq konfransı çərçivəsində sonuncu sessiyalar keçirilib

06.11.2013 [09:42]

Noyabrın 5-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” Beynəlxalq Konfransı çərçivəsində sonuncu sessiyalar başa çatıb. 
AzərTAc xəbər verir ki, “Neft sənayesində yaranan tullantıların idarə olunmasına innovativ yanaşma” mövzusuna həsr olunmuş dördüncü sessiyaya ARDNŞ-in ekologiya idarəsinin rəisi Azər Əliyev sədrlik edib.
Sessiyada “Total Kəşfiyyat və Hasilat Azərbaycan” şirkətinin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə meneceri Adil Babayevin “Qazma şlamının termo-mexaniki emalı - Abşeron layihəsi çərçivəsində qazma şlamının emalına dair müvafiq ekoloji qanunvericiliyə riayət edilməsi üçün təqdim olunan yeni texnologiya” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, şirkət tərəfindən qazma şlamının termomexaniki üsullarla, ətraf mühitə təsir göstərmədən təmizlənməsinə xüsusi önəm verilir. Azərbaycanda fəaliyyətinə 2009-cu ildə “Abşeron” yatağının işlənməsi layihəsinin operatoru kimi başlayan şirkət hazırda bu yataqda 500 metr dərinliyinə malik iki quyuda qazma işləri həyata keçirir. Bu quyularda aparılan işlər zamanı yaranan qazma şlamının 12,7 faizi zərərsizləşdirilib. Ümumilikdə yataqdan bu günədək 10 min 8 ton qazma şlamı çıxarılıb ki, onun da 7 min 940 tonu təmizlənib. Şirkətin tətbiq etdiyi yeni üsulun üstünlükləri az vaxt və az enerji sərfi ilə daha keyfiyyətli, tullantısız neftin alınmasına şərait yaratmasıdır.
Sonra “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktorunun müavini Rəşad İsmayılov “Ekol Mühəndislik Xidmətlərinin tullantıların idarə olunması sahəsində təcrübəsi” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, QSC-nin əsas məqsədi müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi, sənaye çirkab, məişət və tullantı sularının təmizlənməsi, qazma şlamının zərərsizləşdirməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi istiqamətində xidmətlər göstərilməsindən ibarətdir.
Qeyd olunub ki, QSC-nin tullantıların emalı departamenti tərəfindən ilin ilk doqquz ayı ərzində Heydər Əliyev adına Bakı neft emalı zavodunun ərazisindən 7 milyon 476 min kubmetr, “Azərneftyağ” neft emalı zavodunun ərazisindən isə 8 milyon 822 min kubmetrdən çox sənaye çirkab suları təmizlənib. Ötən müddətdə hər iki zavodun ərazisindən 29 tondan çox neftşlam emal olunaraq zərərsizləşdirilib.
Bildirilib ki, QSC tərəfindən Bakı Olimpiya Stadionunun ərazisindən 413 min 407 kubmetrədək, Bakı Ağ Şəhər layihəsi ərazisindən isə 282 min 210 kubmetrədək çirkab suları kənarlaşdırılıb. QSC-nin parafin təmizləmə sexi tərəfindən isə ötən müddətdə 112 tona qədər parafin sudan və mexaniki qarışıqdan təmizlənib.
“E.A.R.T.H.” şirkətinin texniki xidmət üzrə direktoru Duane Raqbir sənaye sularının təmizlənməsi üçün müasir həllərdən danışıb, təmsil etdiyi qurumun bu sahədə istifadə etdiyi texnologiyalar haqqında məlumat verib. Belə ki, əsasən Şimali və Cənubi Amerikada fəaliyyət göstərən şirkətin istifadə etdiyi yeni qurğu ilə suyun 99 faizi ağır maddələrdən və bakteriyalardan təmizlənir. Bu qurğunun üstünlüyü heç bir kimyəvi maddə istifadə olunmadan suyu təmizləməsidir.
“Lay sularının təsnifatı və emalı” mövzusunda məruzə ilə çıxış edən “BAUER Resources GmbH” şirkətinin idarə heyətinin üzvü Roman Breuer neft-qaz sahəsində avadanlıqlar və nasoslar istehsalından, Omanda suların, Almaniyada isə çirklənmiş torpaqların təmizlənməsi sahəsində görülən işlərdən danışıb.
Neft-qaz əməliyyatlarında ekoloji problemlər və onların həlli yollarına dair məruzə ilə çıxış edən ekologiya idarəsinin rəisi Azər Əliyev bildirib ki, ARDNŞ-in istehsalat sahələrində ətraf mühitin sağlamlaşdırılması istiqamətində fəaliyyət ekoloji qanunvericiliyinin tələbləri və qəbul olunmuş proqramlara əsasən həyata keçirilir. 2008-ci ildə ARDNŞ-in ekoloji siyasətinə dair sənəd qəbul edilib. Sənədə əsasən ekologiya idarəsi tərəfindən ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsi, çirklənmə mənbələrinin və çirkləndiricilərin təyin olunması, analitik tədqiqatlar, mühitin çirklənmə dərəcəsinin müəyyənləşdirilməsi və çirklənmələrin aradan qaldırılması üçün elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlanıb. İdarədə “ArcView” və “ArcGİS 10.1” proqramı ilə idarə olunan ekoloji məlumat bazası yaradılıb. Bu, ekoloji vəziyyətin dəyişmə tendensiyasını izləməyə, çirklənmə mənbələrini vaxtında aşkarlamağa, ekoloji riskləri müəyyənləşdirməyə və ətraf mühitin vəziyyəti barədə proqnoz verməyə imkan yaradır.
A.Əliyev vurğulayıb ki, 2006-cı ildən başlayaraq ARDNŞ-də optimal təmizləmə texnologiyaları tətbiq olunur və 1300 hektara yaxın neft və neft məhsulları ilə çirklənmiş ərazinin bərpası istiqamətində işlərə başlanılıb. Həmçinin şirkətin müəssisə və təşkilatları ağac və kol tingləri ilə təmin edilir, yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilir və 550 minə yaxın müxtəlif növ ağac və kol tingləri becərilir.
Konfransın “Neft sənayesində alternativ enerji və enerji səmərəliliyi” mövzusuna həsr olunmuş beşinci və sonuncu sessiyasına sədrlik edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov “Alternativ və bərpa olunan enerji mənbələri üzrə Azərbaycanın dövlət siyasəti” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Prezident İlham Əliyevin müəllifi olduğu alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə dövlət strategiyası uğurla həyata keçirilir. Ölkədə günəş, külək, su enerjisindən istifadə sahəsində görülən işlərdən danışan C.Məlikov həyata keçirilən proqramlar və layihələr haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.
Sessiyada ATƏT-in Bakı ofisinin iqtisadi və ekoloji fəaliyyət bölməsinin rəhbəri Emmanuel Hantzingerin “Enerji səmərəliliyi, Azərbaycanda davamlı enerji siyasətinin növbəti mərhələsi” və “WWF Russia” təşkilatının neft və qaz mütəxəssisi Aleksey Knijnikovun “Rusiyanın neft-qaz sənayesində əsas ekoloji və enerji səmərəliliyi problemləri və onların həlli yollarına baxış” adlı məruzələri də dinlənilib.
Yekun nitqi ilə çıxış edən ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə konfransın işini yüksək qiymətləndirib, məruzəçilərə və iştirakçılara şirkətin rəhbərliyi adından minnətdarlığını bildirib.
Bununla da müxtəlif ölkələrin dövlət qurumlarının, neft-qaz şirkətlərinin təmsilçilərindən, ekologiya sahəsində fəaliyyət göstərən alimlərdən və aparıcı mütəxəssislərdən ibarət 250 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi Beynəlxalq konfrans öz işini başa çatdırıb.

Paylaş:
Baxılıb: 1475 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31