Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Türkiyənin ən böyük enerji sərmayəçisi...

Türkiyənin ən böyük enerji sərmayəçisi...

14.11.2013 [09:29]

Azərbaycan qardaş ölkənin iqtisadiyyatına 17-20 milyard dollar sərmayə yatıracaq
Məlum olduğu kimi, bu gün də dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə sərmayə yatırmaqda davam edir, etibarlı tərəfdaş olan Azərbaycana irihəcmli kreditlər ayırır. Lakin əvvəlki illərlə müqayisədə investisiyaların yatırılma sahələri arasında balans qeyri-neft sektorunun xeyrinə dəyişməkdədir. Belə ki, son illərdə Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı genişlənib.
Hazırda Azərbaycanın artan iqtisadi imkanları onu digər qonşu ölkələrə sərmayə yatıran ölkələrdən birinə çevirib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilmiş ölkə kimi səciyyələndirilir.
Qeyd etdiyimiz kimi, bu gün respublikamız xarici dövlətlərin iqtisadiyyatının real sektoruna sərmayə yatıran və iri infrastruktur layihələrini maliyyələşdirən əsas investor kimi özünü təsdiq etməkdədir. Azərbaycan Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya, Rusiyanın Şimali Qafqaz regionu və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirir. Bir sözlə, respublikamız həmin ölkələrin neft-qaz, neft-kimya, yanacaq-energetika, sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vəsaitləri yönəldərək iqtisadiyyatın inkişafına öz töhfəsini verir.
Bütövlükdə indiyə kimi Azərbaycanın xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi sərmayələrin ümumi həcmi 10 milyard dollardan artıqdır. Xarici sərmayə portfelində əsas yeri isə heç şübhəsiz Türkiyə tutur. İndiyədək qardaş ölkəyə Azərbaycan tərəfindən 5 milyard dollardan çox sərmayə qoyulub və yaxın illərdə bu rəqəm 10 milyard dolları ötəcək. Vurğalamaq yerinə düşər ki, respublikamız indiyədək Türkiyədə, xüsusilə də, Ceyhan limanı bölgəsində iri neft emalı və yanacaq kompleksləri yaratmağa nail olub.
Ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində Azərbaycan şirkətlərinin də maliyyə imkanları artıb və onlar qonşu ölkələrə fəal investisiya qoyuluşuna önəm verməyə başlayıblar. Son illərdə Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına, o cümlədən, enerji sahəsinə də aktiv şəkildə investisiya yatırmaqdadırlar. Hazırda Türkiyədə ən iri vergi ödəyiciləri də məhz respublikamıza məxsus şirkətlərdir. Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə 1000-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 mlrd. ABŞ dolları, SOCAR və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 mlrd. ABŞ dolları təşkil edir.
Əlavə edək ki, bu günədək ARDNŞ Türkiyəyə 2,04 mlrd. dollar yatırım qoyub. Bundan başqa, şirkət “Petkim”ə 1,76 mlrd. dollar, Türkiyədə inşa olunan “STAR” neft emalı zavoduna isə 5-5,5 mlrd. dollar vəsait yatıracaq. Qeyd edək ki, “STAR” neft emalı zavodunda, həmçinin, investisiyaların həcmi 1 mlrd. dollar olan günəş enerjisini emal edəcək stansiyalar quraşdırılacaq və 300 mln. dollarlıq konteyner limanı tikiləcək.
Bu günlərdə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının üçüncü iclası ərəfəsində jurnalistlərin suallarını cavablandıran “SOCAR Türkiyə” şirkətinin rəhbəri Kənan Yavuz bildirib ki, “Star” neft emalı zavodunun tikintisi uğurla davam edir. Bu layihədə “Turgas” şirkəti 18,5 faiz paya sahibdir. Onun sözlərinə görə, ildə enerji daşıyıcıları idxalına 60 milyard dollar sərf edən Türkiyənin 2017-ci ildə istifadəyə veriləcək “Star” neft emalı zavoduna böyük ehtiyacı var.
Bununla yanaşı, qeyd edib ki, yaxın illərdə Azərbaycan Türkiyə iqtisadiyyatına 17-20 milyard dollar sərmayə yatıracaq ki, bununla da qardaş ölkədə ən böyük sərmayəçi olacaq.
Məlum olduğu kimi, Azərbaycanın təşəbbüskarlığı ilə reallaşdırılan mövcud transmilli layihələr həm də qardaş Türkiyənin tranzit ölkəyə çevrilməsinə öz töhfəsini verib. Təkcə bir faktı qeyd etmək lazımdır ki, ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya “uzanmaqdadır”. Məhz bu amil bu iki türk ölkəsinin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycan və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir.
Hazırda Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ) layihələrinin gerçəkləşməsinə nail olan hər iki ölkə nəinki regionun, bütünlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynamaqdadır. Digər tərəfdən, BTC, BTƏ, BTQ kimi iri layihələri bu iki dövlətə olan diqqəti daha da artırmaqla yanaşı, həm də daha çox investisiyaların cəlb edilməsini, ölkə iqtisadiyyatına əlavə gəlirlərin gətirilməsini şərtləndirir.
Xatırlatmaq yerinə düşər ki, 2012-ci il iyunun 26-da İstanbulda Trans-Anadolu Qaz Boru kəməri layihəsinin (TANAP) həyata keçirilməsi ilə bağlı imzalanan hökumətlərarası müqavilə Azərbaycan və Türkiyənin iqtisadi sahədə, xüsusən də, enerji, investisiya yatırımı üzrə əməkdaşlığı baxımından tarixi razılaşmadır. Belə ki, bu razılaşma Türkiyə-Azərbaycan enerji əməkdaşlığını inkişaf etdirməklə yanaşı, həm də Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan bir hadisədir.
Qeyd edək ki, “SOCAR Türkiyə” nəql, emal və satış məsələlərində inteqrasiyaya böyük diqqət verir, TANAP, “Petkim” limanının inşası, təbii qaz satışı sahələrində atılan addımlar da bu məqsədə xidmət edir. Bu sərmayələrin yatırılmasında Türkiyə banklarının da iştirakı təmin olunub. “EximBank” və digər özəl maliyyə qurumları enerji layihələrinin maliyyələşdirilməsində fəal iştirak edirlər.
SEVİNC

Paylaş:
Baxılıb: 1342 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31