Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə müasir şəbəkə qurulur

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə müasir şəbəkə qurulur

29.08.2015 [10:41]

Prezident İlham Əliyev: Biz bərpa olunan enerji növlərinə də, əlbəttə ki, diqqət yetirəcəyik. Son illərdə bu istiqamətdə də ciddi addımlar atılmışdır
Son illərdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində dünyada baş verən yeniliklərə, ən son texnologiyalara açıq olan ölkə kimi özünün müasir simasını formalaşdırmaqdadır. Hazırda ölkəmizin müasir siması yalnız qlobal risklərə möhkəm dayanıqlılıq üçün etibarlı zəmin yaradan dinamik sosial-iqtisadi inkişafla səciyyələnmir. Azərbaycan, eyni zamanda, dünya miqyasında yaranan yeni çağırışlara da məmnuniyyətlə qoşularaq öz gələcək inkişaf paradiqmalarını məhz bu çağırışlara uyğun müəyyənləşdirir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması da dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsini təmin edib. Prezident İlham Əliyev dövlət səviyyəli müxtəlif tədbirlərdə söylədiyi nitqlərində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmasının genişləndirilməsinin zəruriliyini dəfələrlə vurğulayıb. Dövlət başçısı Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında söylədiyi nitqində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmasını müasirlik, yenilik kimi səciyyələndirib: “Mənə verilən məlumata görə, Azərbaycanda, dünyada ilk dəfə olaraq hibrid tipli müasir günəş və külək elektrik stansiyasının açılışını qeyd edirik. Bu, həm Qobustan, həm də ölkəmiz üçün çox gözəl hadisədir. Çünki bu, müasirlikdir, yenilikdir, yeni texnologiyalardır”.
Zəngin karbohidrogen ehtiyatlarına və ənənəvi enerji mənbələrinə malik Azərbaycan nə üçün alternativ enerjidən geniş istifadə olunmasına böyük önəm verir?
Məlumdur ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Respublikamız enerji daşıyıcılarına olan tələbatını daxili istehsal hesabına ödəməklə yanaşı, xarici bazarlara da böyük həcmlərdə bu qəbildən olan məhsul çıxarır. “Əsrin müqaviləsi”nin imzalanması “Azəri-Çıraq-Günəşli” yatağının beynəlxalq konsorsium tərəfindən uzun illər ərzində uğurlu istismarı ilə nəticələnib. İndiyədək layihə çərçivəsində 2,5 milyard barel neft hasil olunub və təxminən 30 milyard dollar həcmində investisiya yatırılıb. Növbəti mərhələdə resurs mənbəyi Azərbaycanın zəngin “Şahdəniz” yatağı olan “Cənub” qaz dəhlizi layihəsi reallaşdırılır. Yeni enerji dəhlizi layihəsinə 45 milyard dollar həcmində investisiya yönəldiləcəyi proqnozlaşdırılır. “Cənub” dəhlizi 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək və Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir.
Paralel surətdə son illərdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb və etibarlı infrastruktur qurulub. 2004-cü ildən bəri Azərbaycanda ümumi generasiya gücü 2300 meqavata çatan 17 elektrik stansiyası istifadəyə verilib, 10 min kilometrdən çox elektrik xətti və 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Beləliklə, yeni istifadəyə verilən elektrik güclərinin sayəsində ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib, hətta təxminən 600-700 meqavat həcmində ixrac potensialı yaranıb. Prezident İlham Əliyev isə Azərbaycanın müasir sənaye ölkəsinə çevrilməsi ilə bağlı strategiyaya uyğun olaraq ölkənin enerji təminatı ilə bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı nitqində vurğulayıb: “...Enerji potensialımız tələbatımızı daim qabaqlamalıdır. Ona görə gələcəkdə elektrik stansiyalarının tikintisi nəzərdə tutulmalıdır, o cümlədən, biz bərpa olunan enerji növlərinə də, əlbəttə ki, diqqət yetirəcəyik. Son illərdə bu istiqamətdə də ciddi addımlar atılmışdır”.
Bəs zəngin karbohidrogen ehtiyatlarına və ənənəvi enerji mənbələrinə malik Azərbaycan nə üçün alternativ enerjidən geniş istifadə olunmasına böyük önəm verir? Sualın cavabı olaraq bildirək ki, bu, bir tərəfdən, təbii ehtiyatlardan qənaətlə istifadə olunması zərurəti ilə bağlıdırsa, digər tərəfdən də, ölkəmizin öz inkişaf strategiyasını yeni dünya çağırışlarına uyğun müəyyənləşdirməsi ilə əlaqədardır. Prezident İlham Əliyev Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında söylədiyi nitqində bununla bağlı fikirlərini ifadə edərək bildirib: “Bir daha demək istəyirəm ki, təbii ehtiyatlarımız, xüsusilə son vaxtlar kəşf etdiyimiz böyük qaz yataqları nəinki ölkəmiz üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Bundan sonra ən azı yüz il Azərbaycan həm özünü, həm də digər, başqa ölkələri qazla təmin edə biləcəkdir.
Bu sistem isə tam yeni bir yanaşmadır. İndi dünyada ən qabaqcıl təcrübə nədirsə, burada quraşdırılır. Ondan da əlavə, dünya miqyasında birinci hibrid tipli elektrik stansiyasıdır. Əlbəttə ki, bu, ölkəmiz üçün yeni bir təşəbbüsdür. Ancaq mən hesab edirəm ki, bir neçə ildən sonra bu gün burada göstərilən imkanlardan Azərbaycan vətəndaşları səmərəli şəkildə istifadə edəcəklər, o cümlədən, Qobustan rayonunun sakinləri də”.
Azərbaycan zəngin alternativ enerji mənbələrinə malik olan ölkədir
Azərbaycanın əlverişli coğrafi mövqeyi alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən, günəş, külək resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan, o cümlədən, biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə edilməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Hesablamalara görə, Azərbaycan illik 800 MVt-yə yaxın külək enerji ehtiyatına malikdir və bu, ildə təxmini 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən, ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. Respublikamızda bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub.
Bu və digər amillər də ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə olunmasının dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilməsini şərtləndirir. Ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə qəbul edilən Dövlət Proqramında qarşıya qoyulan əsas vəzifələr elektrik enerjisinin istehsalında alternativ enerji mənbələrinin potensialını müəyyənləşdirməkdən, bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltməkdən, yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etməkdən, alternativ enerji mənbələrinin hesabına respublikanın enerji gücünün artırılması və bununla ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaqdan ibarətdir. Dövlət Proqramına uyğun olaraq, özəl investisiya mənbələrinin də bu sahəyə cəlb edilməsi istiqamətində işlər görülür. Bu investisiyalar hesabına alternativ enerji mənbələrinin imkanlarından maksimum istifadə edilərək ölkənin elektrik enerjisi sisteminin gücləndirilməsi təmin olunacaq.
Ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə yeni layihələr reallaşdırılır
Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasəti və tənzimlənməsi, alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə fəaliyyətin səmərəli təşkili, bu sahədə fəaliyyətin əlaqələndirilməsi və dövlət nəzarəti Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Dövlət başçısının səyləri və qurumun işgüzar fəaliyyəti sayəsində qısa müddətdə ölkəmizdə alternativ enerji mənbələrindən istifadə edilməsi üzrə ən yüksək səviyyədə təchizata malik müəssisələr istifadəyə verilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının yaradılması da bu istiqamətdə görülən işlərin ardıcıl xarakter almasını bir daha sübut edir. Stansiya dövlət başçısının iştirakı ilə 2014-cü ilin iyulunda istifadəyə verilib. Müasir avadanlıqla təchiz olunan stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb. Stansiyada təlim məntəqəsi fəaliyyət göstərir. Məntəqədə bu ixtisas üzrə təhsil alan tələbələr, həmçinin, bu sahənin mütəxəssisləri üçün müxtəlif təlim kurslarının keçirilməsi nəzərdə tutulur. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır.
Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. Bu isə stansiyanın daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açacaq.
Stansiyanın idarəetmə mərkəzindən Qobustan Hibrid Elektrik Stansiyası, Suraxanı Günəş Elektrik Stansiyası, Biləsuvar qaçqın şəhərciyi, Masallı İdman Kompleksi, həmçinin, Bakı şəhərində 5 məktəb və 2 poliklinikanın üzərində quraşdırılan günəş panellərinin fəaliyyətinə nəzarət etmək mümkündür. Yaxın gələcəkdə Sumqayıt, Samux, Səngəçal və Pirallahıda günəş elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur. Mövcud stansiyaların fəaliyyəti nəticəsində 4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub, 1 milyon 300 min kubmetrə yaxın təbii qaza qənaət edilib. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan Suraxanı Günəş Elektrik Stansiyasının layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.
Dövlət Agentliyinin istehsalı olan səyyar günəş generatorları xüsusi əhəmiyyətə malikdir. Günəş panelləri ilə təchiz olunan bu avadanlıq əvəzsiz qurğudur. Avadanlıq günəşdən enerji alaraq onu saxlamaq imkanına malikdir. Agentlik hidrogen generatoru da istehsal edir. Bu qurğu ilə yüksək temperatur əldə etmək və qaz-qaynaq işləri aparmaq olur. Generatoru digərlərindən fərqləndirən onun ekoloji cəhətdən təmiz olmasıdır. Bu cihaz qaynaq işləri zamanı 3500 selsi temperaturla işləyir.
Qısa müddətdə Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinin hazırlanması da təqdirəlayiq haldır. 2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyalarının yaradılması qarşıya məqsəd qoyulub. Hazırda hansı bölgədə neçə stansiyanın quraşdırılması ilə əlaqədar araşdırmalar aparılır. Belə stansiyaların yaşayış yerlərinə yaxın yaradılması, ilk növbədə, elektrik enerjisi itkisinin qarşısını alacaq və enerjinin istehlakçıya daha ucuz qiymətə çatdırılmasına imkan verəcək. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir. Araşdırmalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə yatırılan investisiyalar 7-8 il ərzində geri qayıdır.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi isə 38 hektar ərazidə inşa olunmaqla külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu, ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir. Poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılıb. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir neçə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər. Prezident İlham Əliyev mərkəzin açılışında söylədiyi nitqində bunu gözəl hadisə kimi dəyərləndirərək pilot layihənin gələcəkdə başqa regionlarda da reallaşdırılacağının mümkünlüyünü nəzərə çatdırıb: “Biz birinci mərhələdə Qobustan şəhərini tam şəkildə alternativ, yəni bərpa olunan enerji ilə təmin etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən şəxsən buna şübhə etmirəm, - ondan sonra biz bu gözəl təcrübəni başqa şəhərlərdə və rayonlarda tətbiq edə biləcəyik”.
Dövlət başçısı alternativ enerji mənbələrindən istifadə olunması ilə bağlı planların böyük olduğunu da xüsusi nəzərə çatdırıb: “Agentliyin işi artıq göz qabağındadır. Bu, birinci layihədir, planlar çox böyükdür. Mənə bu gün verilən məlumata görə, indi bütün ölkə üzrə müşahidə sistemi quraşdırılır, yerlər müəyyən edilir, harada ki, biz külək və günəş enerjisini istehsal edəcəyik, o yerlər, əlbəttə ki, ümumi enerji şəbəkəsinə yaxın olmalıdır. Eyni zamanda, bu sistem kənd təsərrüfatı üçün yararlı olmayan torpaqlarda quraşdırılmalıdır ki, biz torpağımızdan da səmərəli şəkildə istifadə edək”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1014 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31