Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan dünyada güclü dövlətə çevrilib

Azərbaycan dünyada güclü dövlətə çevrilib

02.10.2015 [10:26]

Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb ki, bununla da respublikamız MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır
Son illərdə dünyanın mənzərəsi bir sıra ziddiyyətli məqamlarla səciyyələnməkdədir. Qlobal miqyasda bir-birinin ardınca siyasi və sosial-iqtisadi kataklizmlər yaşanır. Maliyyə-iqtisadi böhranlar, mal və xidmətlərə istehlakın kəskin azalması, siyasi-hərbi müstəvidə qarşıdurmalar ayrı-ayrı ölkələrdə ciddi fəsadlara gətirib çıxarıb. Azərbaycan isə dünya üçün çətin keçən illərdə də sabitlik, inkişaf adası kimi fərqlənir və öz iqtisadi potensialını artırmaqda davam edir. Ölkəmiz hər il qazandığı yeni nailiyyətlərlə güclü sosial-iqtisadi inkişafa istiqamətləndiyini təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə həyata keçirilən və milli mənafeyə söykənən siyasət, dünyadakı yeni çağırışlara adekvat olan islahatlar kursu respublikamızı qlobal risklərdən sığortalayaraq daha böyük nailiyyətlərin qazanılmasına real zəmin yaradır.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı region və bütün dünya ölkələrinə nümunədir
Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır.
Məlumdur ki, hər bir ölkənin ümumi inkişafını şərtləndirən amillər sırasında iqtisadiyyatın güclənməsi, o cümlədən də ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 12 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb. 2014-cü ildə ÜDM istehsalında 3 faiz artıma nail olunub ki, bu da dünya miqyasında rekord göstəricidir. Cari ilin ilk yarısında da yüksək inkişaf tendensiyasını qoruyub saxlamaq mümkün olub. Belə ki, qeyd olunan dövrdə respublika iqtisadiyyatında 5,7 faiz artıma nail olunub. Konkret istiqamətlər üzrə göstəricilər isə daha yüksəkdir. Məsələn, 2015-ci ilin 6 ayı ərzində qeyri-neft sektorunda 9,2, kənd təsərrüfatında 7,3, sənaye istehsalında 4, qeyri-neft sənayesində 14 faiz artıma nail olunub. Cari ilin ilk yarısında ölkəmizə 12,7 milyard manat sərmayə yönəldilib. Sərmayələrin strukturunda isə xarici investisiyalar üstünlük təşkil edir ki, bu da Azərbaycanın investisiya cəlbediciliyinin artmasının, qlobal miqyasda respublikamıza olan inamın artmasının təzahürüdür.
Son 12 ildə Azərbaycan iqtisadiyyatının genişlənməsinin miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Davamlı iqtisadi artım nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Hətta ekspertlər belə mülahizələr irəli sürürlər ki, Azərbaycanın iqtisadi inkişafı bu templərlə davam edəcəyi təqdirdə gələcəkdə Cənubi Qafqaz iqtisadiyyatı dedikdə məhz ölkəmizin iqtisadiyyatı başa düşüləcək.
Respublikamızın təşəbbüsü və fəal iştirakı ilə yeni regional və qlobal enerji xəritəsi yaranır
Hazırda dünyada özünəməxsus inkişaf modeli ilə fərqlənən Azərbaycan, eyni zamanda qlobal əhəmiyyət daşıyan bir sıra yeni layihələrin təşəbbüskarı və fəal iştirakçısı qismində çıxış edir. Artıq hamı tərəfindən təsdiqlənən bir həqiqətdir ki, bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihəni reallaşdırmaq mümkün deyil. Getdikcə artan iqtisadi potensialı sayəsində bölgədə yeni reallıqları məhz respublikamız diktə edir. İndiyədək ölkəmiz regionun inkişafında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi tarixi layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də onların reallaşdırılmasına və uğurla istismar edilməsinə sanballı töhfələr verib. Azərbaycanın əsas moderator rolunda çıxış etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası da layihə çərçivəsində uğurla davam etdirilir.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunun artması da böyük məmnunluq doğurur. Artıq Azərbaycan özünün elə bir yüksək inkişaf səviyyəsinə çatıb ki, başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə də sanballı töhfələr verir. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində ardıcıl olaraq həyata keçirdiyi tədbirlər bundan sonra onilliklər ərzində ölkəmizə həm maddi, həm siyasi dividendlər gətirəcək. Hazırda Avropanın bir sıra ölkələri özlərinin neftə olan tələbatlarının nəzərəçarpacaq hissəsini məhz Azərbaycanın ixracı hesabına ödəyir. 2014-cü il sentyabrın 20-də Bakıda təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq. Təxminən 45 milyard dollar həcmində sərmayə qoyuluşu tələb edən yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini birləşdirəcək “Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir.
Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də etiraf edilir
Azərbaycanın dinamik iqtisadi inkişafı qlobal miqyasda da yüksək qiymətləndirilir. Son illərdə nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycanla bağlı bir qayda olaraq müsbət rəylər ifadə olunur. Cari ilin birinci yarısında nüfuzlu “Fitch” agentliyi Azərbaycanın reytinqini “BBB” səviyyəsində qiymətləndirib. Hazırda dünyada müşahidə edilən mənfi tendensiyaların fonunda sabit reytinqə malik olmaq kifayət qədər yaxşı göstəricidir.
Dünya Bankının Azərbaycanla bağlı yeni hesabatı da ölkəmizin iqtisadi sahədə qazandığı uğurların beynəlxalq səviyyədə etirafı baxımından çox önəmlidir. Hesabata əsasən, son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olub. Yoxsulluq səviyyəsi 2000-ci illərin əvvəllərindəki əhalinin təqribən 50 faizindən 2013-cü ildə 5 faizinə qədər azalıb və bu proses orta sinfin həmin dövr ərzində əhalinin 4 faizindən 29 faizinə qədər böyüməsi ilə müşayiət olunub. Beləliklə, orta təbəqənin xüsusi çəkisi bir neçə dəfə artıb və ifrat yoxsulluq demək olar ki, aradan qaldırılıb.
Bu nailiyyətlər, ildə orta hesabla 13 faiz təşkil etmiş iqtisadi artımla xarakterizə olunan müstəsna iqtisadi göstəricilər və dövlət xərclərinin təmin edilməsi üçün neft gəlirlərindən istifadə edilməsi sayəsində əldə olunub. Qeyd edilir ki, cari aşağı neft qiymətləri, neft istehsalının azalması və qeyri-müəyyən regional iqtisadi perspektivlər mühitində Azərbaycan özəl sektorun mərkəzi rol oynayacağı yeni inkişaf modeli axtarışındadır.
Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar daha bir nüfuzlu beynəlxalq qurum tərəfindən də təsdiqlənib. Dünya İqtisadi Forumunun (“World Economic Forum”) qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır. Reytinqə görə Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb. Sıralamada ilk üçlükdə isə müvafiq olaraq İsveçrə, Sinqapur və ABŞ yer alıb. Beləliklə, Azərbaycan yenə də dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır.
Rəqabət reytinqinin davamlı olaraq yaxşılaşmasında makroiqtisadi sabitlik mühüm rol oynayır
Rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitliyin çox mühüm rol oynadığına xüsusi diqqət yetirmək lazımdır. Məqsədyönlü siyasət sayəsində Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub. Bunun nəticəsi olaraq artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqda yer alır. Azərbaycanda inflyasiyanın aşağı səviyyədə qalması cari ilin birinci yarısında da təmin edilib - 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 913 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31