Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan dünyada güclü sosial-iqtisadi inkişaf dinamikası ilə fərqlənən ölkəyə çevrilib

Azərbaycan dünyada güclü sosial-iqtisadi inkişaf dinamikası ilə fərqlənən ölkəyə çevrilib

08.10.2015 [10:06]

BVF Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu dəyişərək 3,4 faiz bənd artırıb
Hər bir ölkənin gücü, beynəlxalq miqyasdakı nüfuzu, ilk növbədə, onun iqtisadi potensialı ilə ölçülür. Bu mənada Azərbaycanın vəziyyəti nikbinlik doğurur. Belə ki, hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Güclü sosial-iqtisadi inkişaf dinamikasına malik olması hazırda Azərbaycanı dünya miqyasında fərqləndirən ən mühüm amillərdən biri qismində çıxış edir.
Azərbaycan dünya üçün çətin keçən illərdə də böyük uğurlara imza atıb
Dünyada müşahidə edilən qlobal risklər fonunda respublikamızın sosial-iqtisadi sahədə böyük uğurlara imza atması unikal hadisədir ki, bu da, ilk növbədə, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən düşünülmüş siyasətin nəticəsidir. Zamanında həyata keçirilən islahatlar, iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi, yeni dünya çağırışlarına uyğun olaraq inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi dünya üçün çətin keçən illərdə də ölkəmizin ahəngdar inkişafını təmin edib. Bütövlükdə, beynəlxalq iqtisadi-maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artıb. Məqsədyönlü şəkildə həyata keçirilən iqtisadi islahatlar sayəsində qısa müddətdə respublikamızda işsizliyin və yoxsulluğun səviyyəsini təxminən 5 faizədək aşağı salmaq mümkün olub.
Azərbaycan iqtisadiyyatının genişlənməsi 2015-ci ilin birinci yarısında da davam edib. Belə ki, qeyd olunan dövrdə respublika iqtisadiyyatında 5,7 faiz artıma nail olunub. Konkret istiqamətlər üzrə göstəricilər isə daha yüksəkdir. Məsələn, cari ilin 6 ayı ərzində qeyri-neft sektorunda 9,2, kənd təsərrüfatında 7,3, sənaye istehsalında 4, qeyri-neft sənayesində 14 faiz artıma nail olunub.
Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, ölkədə yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində ölkədə iqtisadi fəallıq artıb, respublikamızda yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Ötən 12 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollardan çox investisiya qoyulub. O da əlamətdar haldır ki, ölkəmizdə müxtəlif sahələrə yönəldilən investisiyaların strukturu da əhəmiyyətli dərəcədə dəyişib. Cari ilin birinci yarısında bütün mənbələrdən Azərbaycana yönəldilən 12,7 milyard manat investisiyanın yarıdan çoxunu xarici sərmayələr təşkil edir ki, bu da qlobal miqyasda ölkəmizə olan böyük inamın ifadəsidir.
Dinamik sosial-iqtisadi inkişaf Azərbaycanı regionda lider dövlətə çevirib
Davamlı sosial-iqtisadi inkişaf nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının təxminən 75 faizi Azərbaycanın payına düşür ki, bu da respublikamıza əlavə dividendlər gətirir. Artıq hamı tərəfindən etiraf olunur ki, regionda ölkəmizin iştirakı olmadan hər hansı layihənin reallaşdırılmasından söhbət belə gedə bilməz. İndiyədək ölkəmiz regionun inkişafında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi tarixi layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də onların reallaşdırılmasına və uğurla istismar edilməsinə sanballı töhfələr verib. Eyni zamanda, ölkəmizin fəal təşəbbüsləri ilə ötən il startı verilən “Cənub” qaz dəhlizinin inşası ilə Azərbaycanın Avropanın enerji təchizatında rolu daha da artacaq. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın öz iqtisadi potensialını, maliyyə imkanlarını davamlı olaraq genişləndirməsi, qlobal və regional miqyaslı layihələrə sanballı töhfələr verməsi, öz növbəsində, beynəlxalq aləmdə ölkəmizə böyük inam qazandırıb və respublikamızın təsir imkanlarını artırıb.
BVF Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib
Son illərdə Azərbaycanın qazandığı uğurlar beynəlxalq reytinq agentliklərinin ölkəmizlə bağlı qiymətləndirmələrində də öz əksini tapıb. Cari ilin birinci yarısında nüfuzlu “Fitch” agentliyi Azərbaycanın reytinqini “BBB” səviyyəsində qiymətləndirib. Hazırda dünyada müşahidə edilən mənfi tendensiyaların fonunda sabit reytinqə malik olmaq kifayət qədər yaxşı göstəricidir. Beynəlxalq Valyuta Fondu (BVF, İMF) da Azərbaycan iqtisadiyyatına dair nikbin proqnozlar irəli sürüb. Təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb.
Qeyd edək ki, BVF bu günlərdə “Dünya İqtisadi Proqnozları” adlı hesabatının oktyabr sayını dərc edib. Hesabatda qeyd olunur ki, BVF, Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4 faiz artacağını gözləyir. Apreldə yayımlanmış hesabatda BVF-nin bu proqnozu 0,6 faiz idi.
BVF gələn il Azərbaycanda ümumi daxili məhsulun 2,5 faiz artacağını proqnozlaşdırır. Qurumun ölkəmizdə gələn ildə ÜDM istehsalı ilə bağlı əvvəlki proqnozu da 2,5 faiz idi. BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5 faiz, 2016-cı ildə isə 4,2 faiz təşkil edəcəyini gözləyir. BVF-nin aprel ayındakı proqnozları müvafiq olaraq 7,9 və 6,2 faiz idi.
BVF ehtimal edir ki, bu il Azərbaycanın tədiyə balansı profisitli olacaq. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyə balansının profisiti 3 milyard dollar (apreldə proqnoz 5,3 milyard dollar idi), 2016-cı ildə 2,7 milyard dollar təşkil edəcək (apreldə proqnoz 8,2 milyard dollar idi). Fond Azərbaycanda işsizlik nisbətinin 6 faiz həddində qalacağını proqnozlaşdırır.
Qlobal iqtisadiyyat isə azalacaq
Qeyd etdiyimiz kimi, Azərbaycan yuxarıda bəhs etdiyimiz inkişaf dinamikasına dünya üçün çətin keçən illərdə nail olub. BVF-nin proqnozlarına əsasən, qlobal iqtisadiyyatda kədərli mənzərə hələ bundan sonra da qalmaqda davam edəcək. Qurum qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0,2 bənd aşağı salaraq 3,1 faizə və 2016-cı il üzrə artım gözləntisini isə 0,2 bənd azaldaraq 3,6 faizə endirib.
BVF Çinin 2015 və 2016-cı illər üzrə iqtisadi artım proqnozlarını dəyişdirməyərək müvafiq olaraq 6,8 və 6,3 faiz həddində saxlayıb.
BVF avrozona üçün 2015 ildə artım gözləntisini dəyişdirməyərək 1,5 faizdə saxlayıb, 2016-cı il üzrə böyümə gözləntisini 0,1 bənd salaraq 1,6 faizə endirib. Hesabatda, dünya iqtisadiyyatına yönəlmiş risklərin düşən əmtəə qiymətləri və artan maliyyə dalğalanmaları ilə yüksəldiyi qeyd edilib. Qlobal iqtisadi artım proqnozları 2015-ci il üçün 3,3 faizdən 3,1 faizə və 2016-cı il üçün 3,8 faizdən 3,6 faizə endirilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 902 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31