Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Milli Məclisdə 2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilir

Milli Məclisdə 2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilir

14.10.2015 [10:17]

Oktyabrın 13-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə layihənin müzakirə olunduğu plenar iclasda iştirak edib.
İclası açan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, son dövrdə dünya iqtisadiyyatında cərəyan edən proseslər bir sıra ölkələri ağır sınaqlara çəkib. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə təsirini azaltmağa imkan verib. Bütün problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayıb. Nazirlər Kabinetinin təqdim etdiyi büdcə zərfinin sənədləri göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır. Bu artım ölkə iqtisadiyyatının neft amilindən asılılığının getdikcə zəifləməsinin təzahürüdür.
Göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş verib. Buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi, büdcənin sosial yönümlülüyü qorunub saxlanılır. Gələn il bu xərclərin xüsusi çəkisi 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 8,6 faiz-bənd artımla nəzərdə tutulur.
Sədr qeyd edib ki, büdcədə azalmanın əksər hissəsi Dövlət Neft Fondundan edilən transferin payına düşür. Cari ildə Fonddan edilən transfert 10,4 milyard manat nəzərdə tutulmuşdusa, 2016-cı il üçün bu rəqəm 6 milyard manat proqnozlaşdırılır. Azalma 42 faiz təşkil edəcək. Büdcə xərcləri isə əsas etibarilə, əvvəllər planlaşdırılmış investisiya layihələrinin müəyyən müddətə təxirə salınması hesabına azaldılacaq. Xərclərin azalması artıq icrasına başlanılmış önəmli infrastruktur layihələrinin maliyyələşdirilməsinə təsir göstərməyəcək.
Eyni zamanda, neft sektorunda məhsul istehsalının həcmi 2 faizə yaxın azalma ilə nəzərdə tutulduğu halda, qeyri-neft sektorunda 3,4 faiz artım proqnozlaşdırılır. Bunun nəticəsi olaraq, qeyri-neft sektoru mənbələrindən dövlət büdcəsinə daxilolmaların həcmi 47 faizə çatacaq. Bu isə cari illə müqayisədə 12 faiz-bəndə yaxın artım deməkdir.
Vergilər Nazirliyi xətti ilə büdcə daxilolmalarının həcmində qeyri-neft sektorunun payının 73 faiz proqnozlaşdırması da bunun əyani göstəricisidir.
Diqqətə çatdırılıb ki, ölkənin müdafiə qüdrətinin və milli təhlükəsizliyinin gücləndirilməsi əvvəlki illərdə olduğu kimi, diqqət mərkəzində saxlanılır və bu məqsədlər üçün büdcədən lazımi qədər vəsait ayrılır.
Oqtay Əsədov bildirib ki, 2016-cı ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına təqdim edilib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, qlobal dünya böhranı şəraitində Azərbaycanda iqtisadi strukturlar birgə çalışırlar. 2016-cı ilin büdcə layihəsi göstərdi ki, bu qurumlar əlaqələndirilmiş şəkildə çox tutarlı bir sənəd hazırlayıb Milli Məclisə təqdim ediblər.
Komitə sədri qeyd edib ki, bizim hədəflərimiz hazırkı əlverişli demoqrafik siyasətə uyğun olaraq yeni iş yerlərinin yaradılmasıdır. Artıq bu istiqamətdə böyük işlər görülüb, yeni iş yerləri yaradılacaq. Elə sahələr var ki, orada yeni iş yerləri yaratmaqla dövlətin gəlirlərini artıra bilərik. Diqqətə çatdırılıb ki, yaxın zamanda Vergilər Məcəlləsinə növbəti dəfə dəyişiklik ediləcək. Bu da birbaşa sahibkarlığın inkişafına kömək edəcək.
Maliyyə naziri Samir Şərifov çıxış edərək deyib ki, 2016-cı il dövlət və icmal büdcələrinin layihələrinin tərtibi zamanı “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyən olunan hədəflər, 2016-2019-cu illər üçün tərtib edilmiş və büdcə zərfinə daxil olan Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb. Bu zaman Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə yaradılmış möhtəşəm iqtisadi potensiala söykənərək dövlətimizin milli maraqlarını təmin edən sosial-iqtisadi kursun keyfiyyətcə yeni iqtisadi mühit şəraitində davam etdirilməsi nəzərdə tutulur.
Nazir bildirib ki, 2016-cı il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2 faizi həcmində olmaqla, mütləq ifadədə 14 milyard 566 milyon manat nəzərdə tutulur. Bu cari ilin proqnozu ilə müqayisədə 4 milyard 872 milyon manat və yaxud 25,1 faiz az, gözlənilən icrası ilə müqayisədə isə 2 milyard 514 milyon manat və yaxud 14,7 faiz azdır.
Dünya bazarlarında neftin qiymətinin kəskin enməsi və ölkəmizdə neft hasilatının əvvəlki illərə nisbətən azalması, müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib.
2016-cı il üçün isə hasilatın pay bölgüsü müqavilələri üzrə mənfəət vergisindən dövlət büdcəsinə daxilolmaların məbləği 500.0 milyon manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 300.0 milyon manat və yaxud 37.5 faiz az, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 112.0 milyon manat və ya 18,3 faiz azdır.
Növbəti ildə Dövlət Neft Şirkəti (SOCAR) üzrə dövlət büdcəsinə 1 milyard 290 milyon manat vergi daxilolmaları proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 210.0 milyon manat və yaxud 14 faiz azdır.
2016-cı il üçün dövlət büdcəsi gəlirlərinin 6 milyard 773 milyon manatı və yaxud 46,5 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləğinin azalması fonunda 2016-cı ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi cari ilin gözlənilən icrası ilə müqayisədə 11,8 faiz çox olacaq.
Dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,1 faiz səviyyəsində olacaq ki, bu da cari illə müqayisədə 8,6 faiz-bənd çoxdur. Dövlət büdcəsi xərclərinin azalması fonunda bu xərclər 2015-ci illə müqayisədə 42 milyon manat və yaxud 0,7 faiz artaraq 5 milyard 868 milyon manat təşkil edəcək.
Qeyd edilib ki, 2016-cı il üçün dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 5 milyard 139 milyon manat vəsait ayrılacaq ki, bu da cari ilin gözlənilən icrası ilə müqayisədə 211 milyon manat və yaxud 4,3 faiz çoxdur.
Vurğulanıb ki, sosial məsələlər əvvəlki illərdə olduğu kimi, daim diqqətdə saxlanılacaq. 2016-cı ildə sosial proqramların icrası təmin ediləcək, orta aylıq əməkhaqqı artaraq 474,5 manata çatacaq, yaşayış minimumu 136 manat təşkil edəcək.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, 2016-ci ilin və növbəti üç ilin büdcə layihəsi və sosial-iqtisadi inkişaf proqramı orta müddətli dövrdə hökumətin həyata keçirəcəyi makroiqtisadi və sosial-iqtisadi siyasətin əsas məzmununu və başlıca istiqamətlərini özündə əks etdirir.
Elman Rüstəmov deyib ki, dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır. Dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib.
2014-cü ilin sonuna nəzər yetirsək, bizim valyuta ehtiyatlarımız 15 milyard dollara qədər gəlib çatmışdı. Biz bu valyuta ehtiyatlarının hamısını daxili bazardan almışdıq. Bu gün valyuta ehtiyatlarımız 7 milyard dollar səviyyəsindədir və bu, tam beynəlxalq normalara uyğundur.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, son illər və cari ilin ötən dövründə müşahidə etdiyimiz meyillər qlobal və regional iqtisadi məsələlərin daha çox siyasi maraqlar müstəvisində reallaşdırıldığını göstərir. Təbii ki, bu da əmtəə və maliyyə bazarlarının proqnozlaşdırılmasının daha da çətinləşən və qeyri-adekvat davranışını formalaşdırıb. Bu qeyri-müəyyənliklər fonunda isə Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə yenə də stabil inkişafın qorunması istiqamətində dayanıqlı siyasətini davam etdirib və beynəlxalq aləmdə etibarlı tərəfdaş olduğunu bir daha sübut edib.
Daha sonra müzakirələr başlayıb. Milli Məclisin deputatları “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, təkliflər səsləndiriblər, layihənin yüksək səviyyədə hazırlandığını söyləyiblər. Qeyd edilib ki, dövlət büdcəsi sosialyönümlüdür və reallığa əsaslanır.
İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, dünyada gedən iqtisadi, siyasi, hərbi proseslərin fonunda təqdim olunan 2016-cı ilin büdcə layihəsi çox real, imkanlarımızın nəzərə alındığı və təmkinli büdcədir. Təqdim edilən büdcə layihəsi ilə 2016-cı ildə qarşıda duran məsələlər həll oluna bilər.
Şimal-Cənub tranzit dəhlizinin Azərbaycan üçün əhəmiyyətindən danışan Ziyafət Əsgərov bu tranzit dəhlizinin inkişafı ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC-nin İran Dəmir Yolları ilə birlikdə fəaliyyətə başladığını bildirib. O vurğulayıb ki, strateji cəhətdən çox önəmli olan bu dəhlizin potensialı olduqca yüksəkdir.
Milli Məclisin sədr müavini qeyd edib ki, prioritet istiqamət təşkil edən bu tranzit dəhlizinin açılması Azərbaycan büdcəsinə əlavə gəlirlərin gəlməsinə şərait yaradacaq.
2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi oktyabrın 14-də davam etdiriləcək.

Paylaş:
Baxılıb: 928 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31