Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Milli Məclisdə 2016-cı ilin büdcə zərfinin müzakirəsi başa çatıb

Milli Məclisdə 2016-cı ilin büdcə zərfinin müzakirəsi başa çatıb

15.10.2015 [10:34]

Müzakirələr zamanı millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər
Milli Məclisin dünənki iclasında 2016-cı ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilib. Çıxış edən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, neqativ amillər dünya iqtisadiyyatına öz təsirini göstərir. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında önəmli rolu olan neftin qiymətinin aşağı düşməsi büdcəmizə təsirsiz ötüşmədi: “Ancaq Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün neqativ halların qarşısı peşəkarlıqla alınır və iqtisadiyyatımız davamlı inkişaf edir”.
E.İbrahimov, Azərbaycan hökumətinin düzgün yol seçərək Dövlət Neft Fondundan asılılığı azaltdığını, qeyri-neft sektoruna üstünlük verdiyini vurğulayıb. Onun sözlərinə görə, dövlət büdcəsində gəlirlər azalsa da, sosial sahələrə ayrılan maliyyə vəsaiti azalmayıb. “Bu isə büdcə tərtib edilərkən əsas diqqətin xalqın rifah halının yaxşılaşdırılmasına yönəldiyini göstərir. Kənd təsərrüfatına ayrılan vəsait də azalmayıb, əksinə, artım olub. Ölkə başçısı kənd təsərrüfatının inkişafını prioritet istiqamət kimi qoyub və bu sahədə işlər uğurla aparılır”, - deyə komitə sədri vurğulayıb.
Millət vəkili Sahibə Qafarova çıxışında bildirib ki, gələn ilin dövlət büdcəsindən xərclərin doğru proporsiyasının müəyyənləşdirilməsi, strateji sahələrə ayrılan vəsaitlərin həcminin artırılması kifayət qədər müsbət məqam olmaqla yanaşı, dövlətin və hökumətin düzgün büdcə siyasətinin daha bir örnəyidir: “Xüsusilə, təhsil, elm, sosial müdafiə sahələrinə ayrılan vəsaitlərin artırılması təqdirəlayiqdir. Dünən möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğuladı ki, gələn il hərbi sahəyə, ordu quruculuğuna ayrılan vəsaitlər yenə də birinci sırada olacaq. Bunu da bir vətəndaş olaraq, millət vəkili olaraq alqışlayıram. Çünki biz hamımız indiki geosiyasi şəraiti az-çox bilirik. Belə bir şəraitdə hərbi sahənin inkişafı başlıca məqsədlərdən biridir. Nəticə etibarilə düşünürəm ki, 2016-cı il də Azərbaycanın inkişafı yolunda növbəti mərhələ olacaq”.
Millət vəkili Azay Quliyev 2016-cı ilin büdcə layihəsinin qlobal iqtisadi böhran ərəfəsində, neftin qiymətinin kəskin aşağı düşməsi fonunda hazırlandığını və xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, büdcənin müqayisəli təhlilinin çox əhəmiyyətli olduğunu qeyd edib: “Hesab edirəm ki, digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə aparılmalıdır. MDB üzrə orta göstəricidən Azərbaycanın iqtisadi artım tempi 6 dəfə çoxdur. Hətta bu artım tempi Avropanın bir sıra ölkələrini qabaqlayır. Azərbaycan büdcəsində, nəhayət, qeyri-neft sektorunun payı artıb. Artıq Azərbaycan iqtisadiyyatı neftdən asılılığını kifayət qədər azaldır.
Büdcəyə daxilolmaların azalmasına baxmayaraq, əsas prioritet istiqamətlər üzrə artım müşahidə edilir. Məsələn, əməkhaqqının ödənilməsinə yönəldilən xərclərin 21,7, təqaüdlər və sosial müavinətlər üzrə xərclərin 11,2, ümumi dövlət xərclərinin 21,2 faiz artırılması büdcənin ən uğurlu göstəricilərindən hesab olunur. Azərbaycanda müdafiə xərcləri 4,4 faiz artacaq. Hesab edirəm ki, bu, bizim düşmən ölkəyə olan növbəti mesajımızdır”.
Deputat qeyd edib ki, büdcə gəlirlərinə görə mütləq reytinqi regionda yenə də Azərbaycan saxlayır.
Milli Məclisin sədr müavini Bahar Muradova da büdcə layihəsi haqqında fikirlərini bildirib. O, çıxışında xüsusilə orta təbəqənin inkişafına diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “Ona görə də kiçik və orta sahibkarlığın inkişafı üçün kreditləşmə prosesini sürətləndirmək lazımdır”.
Vitse-spiker, eyni zamanda, yeni investisiya layihələrinin başlanılmasına ehtiyac olmadığını vurğulayıb. O, regionlarda çoxlu sayda obyektlərin açıldığını, bir neçə aydan sonra isə bir-birinin ardınca bağlandığını bildirib: “Arqument kimi manatın məzənnəsi, neftin qiyməti, dünyada gedən proseslər göstərilir. Bu, ümumi səbəblərdir. Amma burada başqa səbəblər də var. Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə yardımçı olmaq üçün onların uçotu aparılmalıdır. Ehtiyac yoxdur ki, yeni sahələr açılsın. Mövcud müəssisələrə yardım etməklə onların fəaliyyətini davam etdirmək olar. Buraxılmış səhvlər araşdırıla və etibarlı dövlət-biznes qurumları formalaşa bilər”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, bu gün həyata keçirilən Dövlət proqramları və sosial layihələr bütün sahələri əhatə edir, təhsil və səhiyyə sahəsində baş verən islahatlar və inkişaf yalnız və yalnız əhalinin rifahının artmasına yönəldilir. Parlamentdə Suraxanı rayonunu təmsil edən millət vəkili bu rayonda da quruculuq işlərinin aparıldığını vurğulayıb. O, həmçinin rayonda müəyyən işlərin görülməsinə dəstək verilməsi ilə bağlı təkliflərini verib.
Millət vəkili, zorakılığa məruz qalan ailələr, xüsusilə də yeniyetmələr üçün reabilitasiya mərkəzlərinin yaradılmasını da təklif edib.
Millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, dünyada gedən ağır prosesləri, böhranı nəzərə alsaq, 2016-cı ilin dövlət büdcəsi mükəmməl hazırlanıb. Millət vəkili artıq Avropadakı bir çox ölkələrdə “kəmər sıxma” əməliyyatı aparıldığını, ancaq Azərbaycan iqtisadiyyatının davamlı şəkildə inkişaf etdiyini qeyd edib: “Ölkəmiz Prezident İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti nəticəsində dünyada gedən neqativ proseslərdən yan keçir. İqtisadiyyatımızın inkişafı davam edir. Azərbaycanda işsizliyin aradan qaldırılması, təhsil və səhiyyə sahələrində aparılan islahatlara nəzər salsaq, ölkəmizin böyük nailiyyətlər əldə etdiyini görmüş olarıq”.
Millət vəkili Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini, kənd təsərrüfatının prioritet istiqamət kimi götürüldüyünü vurğulayıb. O, bütün bunların 2016-cı ilin büdcə layihəsində öz əksini tapdığını qeyd edib.
İclasda “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək bildirib ki, gələn il üçün Fondun gəlirləri 3 milyard 79 milyon manat nəzərdə tutulur. Onun sözlərinə görə, 2016-cı ildə Fondun gəlirlərinin 64 faizinin və ya 1 milyard 972 milyon 200 min manatının sosial sığorta yığımları hesabına təmin ediləcəyi proqnozlaşdırılır: “Sosial sığorta haqları üzrə daxilolmaların 1 milyard 325 milyon 740 min manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da əvvəlki illərlə müqayisədə 1,8 dəfə çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcə mədaxillərinin yeni iş yerlərinin yaranması xətti ilə yüksəlməsi və bunun hesabına vətəndaşların pensiya təminatının daha da artırılması dövlət başçısının diqqət mərkəzindədir”.
Komitə sədri qeyd edib ki, könüllü yığım və qeyri-dövlət pensiya fondlarının yaradılması vətəndaşların pensiya təminatının daha da yaxşılaşmasında əvəzsiz rol oynayacaq: “Fondun büdcəsinin 2 milyard 923 milyon 588 min manatı bilavasitə əmək pensiyalarının ödənilməsinə yönəlib. Fondun gələn il üçün mədaxil-məxaric göstəriciləri bu günün reallıqlarına tam cavab verir”.
“Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir və Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsinin təklif olunan variantda qəbulu bu siyasətin reallaşmasına töhfə verəcək”. Bu fikirləri isə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Növbəti ilə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərclərinin 3 milyard 78 milyon 600 min manat səviyyəsində proqnozlaşdırıldığını qeyd edən E.Mehdiyev deyib ki, bu da cari ilin büdcəsinə nisbətən 22 milyon 300 min manat və ya 0,7 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun sədri məlumat verib ki, xərclər üzrə dəyişikliyin istiqamətləri belədir: əmək pensiyası üzrə xərclərin artımı 13 milyon 100 min manat, müavinətlər üzrə artım 8 milyon 900 min manat və digər xərclər üzrə artım 300 min manat proqnozlaşdırılır. Gəlirlərlə bağlı isə məcburi dövlət sosial sığorta haqları üzrə artım 22 milyon manat, sair gəlirlər üzrə artım 300 min manat nəzərdə tutulur və dövlət büdcəsinin transferti dəyişdirilmədən cari ilin səviyyəsində saxlanılır. “Göründüyü kimi, xərclərin artımı toplanan sosial sığorta haqları hesabına qarşılanacaq. Fondun 2016-cı il üçün gəlirlərinin 64,1 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,9 faizə enəcək. Qeyri-büdcə üzrə gəlirlərin artımı xüsusilə hədəfə alınmaqla həmin sahədən daxilolmaların cari ilin proqnozu ilə müqayisədə 21 milyon manat artımı nəzərdə tutulub.
İclasda, həmçinin millət vəkilləri büdcə zərfinə daxil olan digər məsələləri də müzakirə ediblər. Sonda spiker Oqtay Əsədov bildirib ki, 2016-cı ilin büdcə zərfi parlamentin oktyabrın 20-də keçiriləcək iclasında səsverməyə çıxarılacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 844 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31