Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan hökuməti devalvasiyanın mümkün mənfi təsirlərinin aradan qaldırılması üçün lazımi tədbirlər görür

Azərbaycan hökuməti devalvasiyanın mümkün mənfi təsirlərinin aradan qaldırılması üçün lazımi tədbirlər görür

29.12.2015 [09:36]

“Naxçıvanbank” ASC-nin ABŞ dolları ilə kredit borclarının qaytarılması ilə bağlı qərarının bütün ölkə miqyasında tətbiq edilməsinə dair çağırışların heç bir iqtisadi və hüquqi əsasları yoxdur
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti ölkədə dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Manatın yeni məzənnə rejiminin tətbiqinə başlanılması, ilk növbədə, qlobal miqyasda yaranan yeni çağırışlara cavab olaraq atılan addımdır və ixrac imkanlarının artırılması, yerli istehsalın təşviq edilməsi, həmçinin ölkənin strateji valyuta ehtiyatlarının sərf edilməsinə yaranan təhlükələrin və digər risklərin minimuma endirilməsi məqsədi daşıyır. Bununla belə, son günlərdə bəzi dairələr milli valyutamızın devalvasiyasını manipulyasiya predmetinə çevirməyə çalışırlar. Sözügedən dairələr respublika miqyasında yeni məzənnə rejiminə keçidlə əlaqədar yarana biləcək mənfi halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülməsinə baxmayaraq, populist çıxışlar edərək insanlarda, ələlxüsus da banklara kredit borcu olan vətəndaşlarda çaşqınlıq yaratmağa çalışırlar. Bu günlərdə “Naxçıvanbank” ASC-nin ABŞ dolları ilə kredit borclarının qaytarılması ilə bağlı çıxardığı qərar da qaragüruh qüvvələrin əsassız iddialar səsləndirmələri üçün, necə deyərlər, göydəndüşmə fürsətə çevrilib. Onlar bütün iqtisadi qanunauyğunluqlara məhəl qoymadan iddia edirlər ki, “Naxçıvanbank” ASC-nin kreditlərin qaytarılması ilə bağlı çıxardığı qərar bütün ölkə miqyasında tətbiq edilməlidir.
Mətbuatda gedən informasiyaya əsasən, “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 25 dekabr 2015-ci il tarixli qərarında “Naxçıvanbank” ASC-yə 21 dekabr 2015-ci il tarixə ABŞ dolları ilə borcu olan fiziki şəxslərin əsas və faiz borclarının alınmasının 1,05 AZN/USD məzənnəsinə uyğun olaraq aparılacağı bildirilib. Kiçik bank olan “Naxçıvanbank” ASC üzrə xarici valyutada kredit portfeli cəmi 934 min ABŞ dollarıdır və 370 nəfəri əhatə edir. Kreditlərin 1,05 AZN/USD məzənnəsi ilə qaytarılması nəticəsində yaranacaq 420 min manat zərər böyük vəsait olmadığı üçün “Naxçıvanbank” ASC tərəfindən öz vəsaitləri hesabına qarşılanacağı mümkün görünür.
Əlbəttə, hansısa bir bank kreditlərin qaytarılması ilə bağlı bu və ya digər qərarı qəbul edə bilər. Bankın öz müştərilərinə hansısa formada müəyyən güzəştlər etməsi təqdirəlayiq haldır. Lakin biz ölkəmizin bazar iqtisadiyyatı yolu tutduğunu da unutmamalıyıq. Sözügedən bankın dollarla olan kredit borclarının qaytarılması ilə əlaqədar məhdud sayda müştərilərinə etdiyi güzəştlərin bütün ölkə miqyasında tətbiqi ilə bağlı çağırışlar edənlər, görəsən, hansısa hesablamalar aparıblarmı? Yuxarıda vurğulandığı kimi, “Naxçıvanbank” ASC məhdud çərçivədə fəaliyyət göstərən qurumdur. Azərbaycanda isə kredit öhdəlikləri olanların sayı kifayət qədər çoxdur, elə kreditlərin məbləği də böyük rəqəmlərlə ölçülür. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda bildirilir ki, ölkə miqyasında kredit təşkilatları tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərin həcmi 2 mlrd. dollar təşkil edir. Mərkəzi Bankın məlumatında vurğulanır ki, “Naxçıvanbank” ASC tərəfindən atılan addımın bankların vəsaitləri hesabına ölkə miqyasında da atılması bankların maliyyə vəziyyətini pisləşdirər və ilk növbədə əhalinin əmanətləri üçün təhlükə yaradar.
Mərkəzi Bankın rəsmi açıqlamasından da bəlli olduğu kimi, “Naxçıvanbank” ASC-nin məlum qərarı bütün ölkə miqyasında tətbiq edilməlidir” kimi əsaslandırılmamış çağırışların irəli sürülməsi reallıqla bir araya sığmır. Yeri gəlmişkən, ekspertlər də “Naxçıvanbank” ASC-nin dollarla olan kredit borclarının qaytarılması ilə bağlı müəyyənləşdirdiyi qaydanın bütün ölkə miqyasında tətbiqinin gündəmə gətirilməsinin əsaslandırılmadığını bildirirlər. Bununla bağlı qəzetimizə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov diqqəti ölkəmizdə dekabrın 21-də yeni məzənnə rejiminə keçilməsinin zəruriliyinə yönəldib. O bildirib ki, Azərbaycan qlobal iqtisadiyyata açıq ölkədir. Son illərdə respublikamızın dünya birliyi ilə inteqrasiyası əhəmiyyətli dərəcədə dərinləşib. Azərbaycan öz iqtisadi potensialının genişlənməsinə müvafiq olaraq ayrı-ayrı ölkələrlə iqtisadi partnyorluq münasibətləri qurub. “Ötən ildən etibarən dünya birjalarında neftin kəskin ucuzlaşması ölkəmizin gəlirlərini azaldıb. Ancaq bu, milli valyutamızın yeni məzənnə rejiminə keçilməsini şərtləndirən yeganə amil deyil. Azərbaycanın partnyorluq münasibətlərində olduğu ölkələrin milli valyutalarının ucuzlaşması da manatın devalvasiyasını qaçılmaz zərurətə çevirmişdi”, - deyə A.Hüseynov vurğulayıb.
A.Hüseynov bildirib ki, müəyyən qüvvələrin “Naxçıvanbank” ASC-nin kredit borclarının qaytarılması ilə bağlı müştərilərinə etdiyi güzəştlərin bütün ölkə miqyasında tətbiq edilməsi ilə bağlı səsləndirdikləri çağırışlar iqtisadi cəhətdən əsaslandırılmayıb. Millət vəkili bildirib: “Bankların məcburi qaydada hansısa güzəştlər tətbiq etməyə sövq olunması bazar iqtisadiyyatı prinsipləri ilə daban-dabana ziddir. Bunun üçün, ilk növbədə, bankların güzəştləri qarşılamaq üçün sərbəst maliyyə ehtiyatları olmalıdır. Əgər belə ehtiyatlar yoxdursa, heç bir halda banklar kredit öhdəliklərini bütünlüklə və yaxud qismən bağışlamağa məcbur edilə bilməzlər”.
Fikirlərinə davam edən A.Hüseynov hökumət və müvafiq qurumlar tərəfindən devalvasiyanın mümkün fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görüldüyünə də diqqət çəkib: “Üzən məzənnə siyasətinə keçilməsi, öz növbəsində, müvafiq qurumlar tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi və bank-maliyyə sisteminin sabitliyinin və likvidliyinin təmin olunması baxımından preventiv tədbirlərin görülməsi zəruriliyini gündəmə gətirir. İndiki şəraitdə əhali arasında geniş izahat işi aparılması, istehlak bazarında süni qiymət artımının qarşısının alınması kimi məsələlərlə yanaşı, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi, eyni zamanda, bankların likvidliyinin təmin olunması kifayət qədər aktualdır”.
“Devalvasiya ilə bağlı müvafiq addımlar atılır. Həm hökumət, həm də banklar devalvasiyadan sonra əmanətçilərin itkilərini kompensasiya etməkdən ötrü lazımi addımları atır”. Bu fikri isə KİV-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.
Haqqında bəhs olunan qərarı təqdir etdiyini deyən millət vəkili vurğulayıb: “Bu, Naxçıvan əmanətçilərinin vəziyyətini nəzərə alaraq atılmış çox xeyirxah bir addımdır və bunu, sadəcə, alqışlamaq lazımdır. Lakin Naxçıvanda əmanətçilərin sayı azdır və buna görə də onlara bu güzəştləri şamil etmək olar. Azərbaycanın digər bölgələrində də banklar gələcəkdə belə addımlar ata bilər.
Bu gün istər Azərbaycan hökuməti, istər Mərkəzi Bank, istərsə də özəl banklar hamısı çalışır ki, Azərbaycan vətəndaşlarının manatla qoyulan əmanətləri qorunsun, dollarla verilən kreditlərdə isə əhaliyə imkan daxilində güzəştlər edilsin. Mərkəzi Bank bununla bağlı özəl banklarla birgə görüş keçirərək öz tövsiyələrini verir. Bütövlükdə bütün banklar çalışır ki, Azərbaycan vətəndaşları manatın devalvasiyasından çox əziyyət çəkməsinlər”.
Deputat vurğulayıb ki, Azərbaycan dünyadan təcrid olunmuş şəkildə yaşamır və dünyanın bir çox ölkələrində baş verən proseslər Azərbaycana da təsir edir: “Devalvasiyadan hər kəs - həm dövlət, həm hökumət, həm banklar, həm də vətəndaşlar itirir. Hökumət və banklar bu itkinin təsirlərini kompensasiya etməkdən ötrü lazımi addımları atır”.
M.ƏHMƏDOĞLU

Paylaş:
Baxılıb: 1092 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31