Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Manatın yeni məzənnə rejiminə keçilməsi bir sıra qlobal amillərlə bağlıdır

Manatın yeni məzənnə rejiminə keçilməsi bir sıra qlobal amillərlə bağlıdır

29.12.2015 [09:37]

Bu addım həmçinin daxili bazarın qorunması, yerli istehsalın və qeyri-neft məhsulları ixracının stimullaşdırılması məqsədi daşıyır
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən ölkəmizdə dekabrın 21-dən etibarən üzən məzənnə rejiminin tətbiqinə başlanılıb. Mərkəzi Bankın yaydığı bəyanatda yeni məzənnə siyasətinə keçidlə bağlı qərarın uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsi nəzərə alınaraq tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə qəbul edildiyi bildirilir. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq.
Digər ölkələrdə üzən məzənnə rejiminin tətbiqinə daha əvvəl başlanılıb
Məlumdur ki, son vaxtlarda ayrı-ayrı ölkələrdə xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranları yaşanıb. Nəticədə, bir sıra milli valyutalar məcburi olaraq ciddi devalvasiyaya uğrayıb. Azərbaycanda cari ilin fevralında baş verən devalvasiyaya qədər rus rublu 80, qazax təngəsi 19, belarus rublu 17, Ukrayna qrivnası 90, türk lirəsi 8, türkmən manatı 22 faiz ucuzlaşmışdı. Ayrı-ayrı ölkələrin milli valyutalarının ABŞ dolları ilə müqayisədə ucuzlaşması prosesi cari ildə, o cümlədən də dekabrında da davam edib. Belə ki, 2015-ci ilin son ayının ilk günlərindən etibarən bir sıra ölkələr, sözün əsl mənasında, valyuta böhranı ilə üz-üzə qalıblar. Rus rublunun yuxarıda qeyd etdiyimiz ucuzlaşmasına baxmayaraq, qonşu ölkənin milli valyutasının məzənnəsində qeyri-sabitlik davam etməkdədir. Ekspertlər dekabrın əvvəllərindən başlayaraq rublun dollar qarşısında hər gün müəyyən qədər ucuzlaşdığını bildirirlər. Nəticə rubl üçün, əlbəttə ki, acınacaqlıdır. Qonşu ölkədə dolların rəsmi məzənnəsi dekabrın əvvəlindəki 66,2 rubldan ayın ortalarına doğru 70,2 rubladək qalxıb. Xatırladaq ki, noyabrda dolların məzənnəsi 63,8 rubla bərabər olub. Göründüyü kimi, ötən ay rublun dollara qarşı dəyər itirməsi 2,4 rubla bərabər olduğu halda, dekabrın ilk yarısında bu göstərici artıq 4 rubla qalxıb və bu tendensiya sonrakı günlərdə də yüksələn trayektoriya ilə davam edib. Həmçinin ekspertlər yaxın perspektivdə rublun taleyi ilə bağlı hər hansı bir müsbət proqnoz vermirlər. Rusiyanın Mərkəzi Bankının rüblük hesabatında vurğulanır ki, neft qiymətləri rubla təsir edən əsas amil olaraq qalacaq. Hesabatdan bəlli olur ki, Rusiya iqtisadiyyatında rublu dəstəkləyən hər hansı amil yoxdur. Bu isə onu deməyə əsas verir ki, qonşu ölkənin milli valyutası dollarla müqayisədə dəyər itirməkdə davam edəcək.
Milli valyutalar böhranı Qazaxıstan təngəsindən də yan ötməyib. Təngənin 2015-ci ilə qədərki ucuzlaşması dünya birjalarında bu ölkənin əsas ixrac məhsullarından olan neftin qiymətinin aşağı düşməsi fonunda daha da intensivləşib. Dekabrın ortalarında dolların təngəyə qarşı birja məzənnəsi 322,47 olub. Beləliklə, ABŞ dollarına nisbətdə təngənin məzənnəsi tarixi minimuma enib. Xatırladaq ki, bu, cari ildə Qazaxıstanda baş verən ikinci devalvasiyadır. Avqustun 20-dən başlayaraq Qazaxıstanda üzən məzənnə siyasətinə keçilib və nəticədə, bir gün ərzində dolların məzənnəsi 188 təngədən 255 təngəyədək yüksəlib. Sentyabrın sonunda dolların məzənnəsi 270 təngə, oktyabrın sonunda isə 279 təngə təşkil edib. Lakin noyabrda devalvasiya əlamətləri yenidən üzə çıxıb ki, nəticədə dolların məzənnəsi 279 təngədən 307 təngəyədək artıb.
Dünyanın iqtisadi nəhənglərindən olan Çində də milli valyutanın - yuanın devalvasiyası baş verir. Cari ilin avqustunda Çinin Milli Bankı son 20 il ərzində ən irimiqyaslı devalvasiya həyata keçirib ki, nəticədə dolların məzənnəsi 6, 12 yuandan 6,23 yuanadək qalxıb. Dekabrın ilk yarısında bu ölkədə düz iki dəfə devalvasiya baş verib. Belə ki, dekabrın 10-da keçirilən devalvasiya nəticəsində dolların məzənnəsi 6,42 yuana bərabər olub. Dekabrın 14-də isə yenidən devalvasiya baş verib və məzənnə artıq 6,45 yuana yüksəlib. Qeyd edək ki, Çində milli valyutanın məzənnəsinin aşağı salınması son vaxtlar qlobal məkanda baş verən mənfi proseslərlə daha az bağlıdır və ilk növbədə, iqtisadi tənzimləmə xarakteri daşıyır. Hesab olunur ki, yuanın dollara nisbətdə ucuzlaşdırılması daxili istehsalın və ixracın artmasına müsbət təsir göstərəcək.
Qlobal məkanda baş verən proseslər Azərbaycana da təsirsiz ötüşmür
Qlobal iqtisadiyyatın vahid orqanizm kimi səciyyələndirilməsi təsadüfi deyil. Dünyanın bu və ya digər məkanında baş verənlər digər iqtisadi zonalara da hansısa bir formada öz təsirini göstərir. Bu mənada qlobal məkanda baş verən proseslər dünyaya açıq olan respublikamızda da mütləq nəzərə alınmalıdır. Respublikamız son illərdə dünya iqtisadiyyatına sıx inteqrasiya edib. Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 12 ildə 7 dəfə artıb. Bütün bunlar ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir.
Ölkəmizin qlobal iqtisadiyyata açıqlığının, inteqrasiyasının getdikcə daha da dərinləşməsi, öz növbəsində, respublikanın iqtisadi-maliyyə siyasətində qlobal məkanda müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışların mütləq nəzərə alınması zərurətini gündəmə gətirir. Dünya miqyasında baş verən proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. AMB-nin yaydığı bəyanatda vurğulanır ki, ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevralında manatın devalvasiyası həyata keçirilib, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunub.
Lakin cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırıb. Eyni zamanda, tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır. Yuxarıda deyilənlərdən də göründüyü kimi, son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb. “Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib”, - deyə AMB-nin bəyanatında vurğulanır.
Yeni məzənnə rejiminə keçid ölkə iqtisadiyyatında müsbət meyilləri gücləndirəcək
Ekspertlər yeni məzənnə siyasətinə keçilməsinin milli iqtisadiyyatda müsbət meyillərin daha da gücləndirilməsi baxımından da zəruri olduğunu bildirirlər. Məlumdur ki, son illərdə ölkəmizdə məqsədyönlü şaxələndirmə siyasəti həyata keçirilir və neftdənkənar iqtisadiyyatın gücləndirilməsi istiqamətində önəmli tədbirlər görülür. Belə şəraitdə yerli istehsalın və qeyri-neft məhsulları ixracının stimullaşdırılması çox vacibdir. Azərbaycana tərəfdaş olan ölkələrdə məlum devalvasiyalar fonunda manatın dəyərinin yüksək qalması ölkənin ixrac imkanlarının artmasına mənfi təsir göstərirdi. Manatın növbəti devalvasiyası kimi zəruri addım atılmasını şərtləndirən amillərdən biri də məhz bununla bağlıdır. Yeni məzənnə rejiminə keçid, bir tərəfdən, ölkənin valyuta bazarının və manatın məzənnəsinin hazırkı neft qiymətlərinə uyğunlaşması ilə bağlıdırsa, digər tərəfdən də, qlobal maliyyə-iqtisadi məkanında müşahidə edilən proseslərin meydana çıxartdığı yeni çağırışlara cavab olaraq daxili bazarı gözlənilən risklərdən qorumaq, yerli istehsal subyektlərinin aktivliyini təmin etmək, Azərbaycan mallarının xarici bazarlarda rəqabətqabiliyyətliliyini artırmaq və bu kimi digər sosial-iqtisadi hədəflərə nail olmaq məqsədi daşıyır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1119 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31