Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Aqrar sektorun inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətidir

Aqrar sektorun inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətidir

31.12.2015 [09:48]

Son illərdə kənd təsərrüfatında həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, artıq ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir
Son illərdə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini regionlarda kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikanın regionlarında aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.
Məqsədyönlü dövlət siyasəti regionlarda aqrar sektorda əhəmiyyətli artıma səbəb olub
Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub. Hazırda respublikanın ayrı-ayrı regionlarında güzəştli kreditlər hesabına yaradılan aqrar-sənaye kompleksləri böyük uğurla fəaliyyət göstərməkdədir. Son illərdə 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib.
Respublikanın regionlarında aqrar sektorun inkişafının davamlı hal alması məmnunluq doğurur. Bu sahədə son illərin artım dinamikası 2015-ci ildə də saxlanılıb. Belə ki, cari ildə aqrar sektorda 6 faizdən yuxarı artım proqnozlaşdırılır. Eyni zamanda, il ərzində kənd təsərrüfatında çalışan əmək qabiliyyətli insanların sayında 38 faiz artım müşahidə edilib. Respublikanın ayrı-arı bölgələrində aqrar sektorun müxtəlif istiqamətlərində qazanılan nailiyyətlərin miqyası da kifayət qədər genişdir.
Naxçıvanda kənd təsərrüfatının inkişafında güclü dönüş yaranıb
Naxçıvan Muxtar Respublikasında aqrar sahənin intensiv inkişafını təmin edən strategiya uğurla həyata keçirilir. Muxtar respublikada qəbul edilmiş 2005-2010-cu illəri əhatə edən kartofçuluğun inkişafı üzrə, 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair və 2012-2015-ci illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatı sahəsinin dinamik inkişafına təkan verib, ərzaq təhlükəsizliyinin təmin edilməsinə şərait yaradıb. Muxtar respublikada Heydər Əliyev Su Anbarı istifadəyə verildikdən sonra Babək rayonunda 4 min 364 hektar, Culfa rayonunda 2 min 311 hektar, Şahbuz rayonunda 244 hektar, ümumilikdə isə 6 min 919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib, su anbarı vasitəsilə suvarılan torpaqların sahəsi 16 min 830 hektara çatdırılıb. Arpaçay və Uzunoba su anbarlarında əsaslı təmir işləri başa çatdıqdan sonra Şərur, Sədərək, Babək və Kəngərli rayonlarında suvarma işləri daha da yaxşılaşdırılıb. Cari il dekabrın 8-də açılışı olan Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin istifadəyə verilməsi ilə Babək rayonunun Nehrəm kəndinin 1170 hektar və Culfa rayonunun Bənəniyar kəndinin 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar torpaq sahəsini ən müasir sistem vasitəsilə suvarmaq mümkün olacaq. “Kənd təsərrüfatı ili”ndə muxtar respublikada 61 min 414 hektar sahədə əkin işləri aparılıb. Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2015-ci ildə 7 istixana təsərrüfatı, tutumu 480 ton olan 2 soyuducu anbar yaradılıb. Beləliklə, muxtar respublikada istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetrə, soyuducu anbarların sayı 22-yə, tutumu isə 12 min 730 tona çatdırılıb.
Kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində 2015-ci ildə muxtar respublikada 106 min 282 ton taxıl, 82 min 16 ton tərəvəz, 45 min 43 ton kartof, 38 min ton bostan məhsulları, 66 min 465 ton meyvə və giləmeyvə istehsal olunub.
Muxtar respublikada aqrar sektorun inkişafı heyvandarlıq sahəsində daha qabarıq şəkildə nəzərə çarpır. Son illərdə burada heyvanların cins tərkibini yaxşılaşdırmaq istiqamətində məqsədyönlü tədbirlər görülür. Son 5 ildə muxtar respublikaya 1937 baş, o cümlədən 89 baş “Şvis”, 535 baş “Simmental” və 1313 baş “Holştin-friz” cinsindən olan damazlıq düyələr gətirilərək lizinq yolu ilə sahibkarlara verilib. Cari ildə süni yolla mayalandırılmış mal-qaralardan 3 min 220 başdan çox sağlam bala alınıb. “Kənd təsərrüfatı ili”ndə muxtar respublikada bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 109,4 min baş, qoyun və keçilərin sayı 662,8 min baş təşkil edib ki, bu da 1 yanvar 1996-cı il tarixinə olan göstəriciləri müvafiq olaraq 2 və 2,4 dəfə üstələyib. Həyata keçirilən məqsədyönlü tədbirlər məhsul istehsalının artımına da təsir göstərib. 1995-ci ilə nisbətdə cari ildə ət istehsalı 2,5 dəfə artaraq 13 min 812 tona, süd istehsalı 2,3 dəfə artaraq 80 min 244 tona, yumurta istehsalı 1,9 dəfə artaraq 73 milyon 486 min ədədə, yun istehsalı isə 1,9 dəfə artaraq 1009,6 tona çatıb.
Müasir metodların tətbiqi Bərdədə heyvandarlığın intensiv inkişafına yol açır
Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Təkcə son bir neçə ildə respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit yönəldilib.
Regionlarda heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulamaq lazımdır. Belə bir faktı qeyd etmək yerinə düşər ki, 2009-2015-ci illərdə ölkəmizə 16 min başdan yuxarı cins mal-qara gətirilib ki, bunun da 6.600 başı cari ilin 9 ayının payına düşür. Ümumiyyətlə, ölkəyə gətirilən cins mal-qaranın baş sayı ilbəil artır. Heyvandarlıq sahəsində intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub.
Heyvandarlıqda intensiv metodların tətbiqinin səmərəsini Bərdə rayonunun timsalında da görmək mümkündür. Rayonda heyvandarlıq məhsullarının istehsalının artırılması, habelə damazlıq heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 2015-ci ildə “Aqrolizinq” ASC vasitəsilə 2922 baş damazlıq heyvan gətirilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə satılıb. Hazırda rayonda cins damazlıq heyvanların sayı 5 min başdan yuxarıdır.
Rayonda cins maldarlığın inkişafı, heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma da geniş tətbiq olunur. Yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə 13 süni mayalama texniki fəaliyyət göstərir. Təkcə bu ilin 11 ayında 4526 baş inək və düyə süni yolla mayalandırılıb, 2884 baş sağlam cins buzov alınıb.
Bərdə rayonunda ətlik və südlük istiqamətli müasir heyvandarlıq komplekslərinin yaradılması istiqamətində səmərəli iş aparılır. Mehdili kəndində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən də istifadə edilməklə Qarabağ Aqrar Sənaye Parkı yaradılıb. Onun tərkibinə 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavod daxildir. Aqrar Sənaye Parkında 200 nəfər daimi iş yeri ilə təmin olunub. Buradakı komplekslərdə ən müasir havalandırma, suvarma, qidalandırma, sağım sistemləri və digər ferma avadanlıqları quraşdırılıb, “Aqrolizinq” ASC vasitəsilə Avropadan gətirilmiş xüsusi cinslərdən olan 4200 ətlik-südlük inək bəslənilir. Onlardan 2200-ü sağılan inəklərdir.
Bərdədə yaradılmış digər müasir heyvandarlıq müəssisəsi rayonun Türkmən kəndi ərazisində inşa edilmiş 500 başlıq südlük cins heyvandarlıq kompleksidir. Tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan müəssisənin ümumi sahəsi 12 hektardır. Kompleksdəki 2 mexanikləşdirilmiş fermada Almaniyadan gətirilmiş 320 baş “Holştein-friz” cinsli inək bəslənilir. Onlardan 310-u sağmal inək və düyələrdir. Bu inəklər laktasiya dövründə gündə 21 litr südvermə qabiliyyətinə malikdir. Heyvanlardan gün ərzində 6500 litrdən artıq süd sağılaraq süd emalı müəssisələrinə göndərilir. Yaxın günlərdə daha 100 baş südlük istiqamətli inəklər gətiriləcək.
2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq Bərdə rayonunda ətlik-südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması üzrə pilot layihə həyata keçirilir. Layihəyə əsasən rayonun Kolayır kəndində yaradılmış 27 ailə fermer təsərrüfatına Avstriyadan gətirilmiş 189 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvanlar verilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31