Neft qlobal miqyasda siyasi manipulyasiya predmetinə çevrilib
08.01.2016 [10:12]
Ekspertlər İran-Səudiyyə Ərəbistanı münasibətlərinin kəskinləşməsini birjalarda “qara qızıl”ın dəyər itirməsinə təsir göstərən növbəti amil kimi səciyyələndirirlər
Dünya birjalarında 2014-cü ilin yayından başlayaraq neftin kəskin şəkildə dəyər itirməsi - 3 dəfədən çox ucuzlaşması bütövlükdə qlobal iqtisadiyyat üçün şok effekti yaradıb. Arzuolunmaz tendensiya yeni ilin ilk günlərində də davam edərək beynəlxalq aləmdə iqtisadi və psixoloji gərginliyi daha da artırıb. Belə ki, 2016-cı ilin ilk günlərində dünya bazarlarında “Brent” markalı xam neftin qiyməti daha 4,2 faiz ucuzlaşaraq son 11 ildə rekord aşağı qiymətə - 34,88 dollara satılır. “West Texas” markalı neftin barreli isə 5,4 faiz ucuzlaşaraq 34 dollara düşüb. Birjalarda neftin qiymətində kəskin enmələr neft ixrac edən ölkələrin iqtisadiyyatında, sözün əsl mənasında, təlatümlərə səbəb olur. Bəs qlobal iqtisadiyyatın əsas hərəkətverici komponentlərindən olan neftin qiymətindəki əvvəllər proqnozlaşdırılmayan şok enmələr hansı amillərlə şərtlənir?
Neftin kəskin ucuzlaşması sırf iqtisadi amillərlə az bağlıdır
Əlbəttə, 2008-ci ildən etibarən qlobal iqtisadi məkanda müşahidə edilən passivlik, o cümlədən də mal və xidmətlərə istehlakın azalması səbəbindən iqtisadi aktivliyin aşağı düşməsi öz növbəsində neftə tələbatı da azaldıb və bu da birjalarda qiymətlərə müəyyən qədər təsir göstərir. Lakin iqtisadi aktivliyin əsas komponentlərindən biri qismində çıxış edən “qara qızıl”ın bütün proqnozların əksinə olaraq psixoloji həddi keçməklə kəskin ucuzlaşması heç bir halda yalnız qlobal iqtisadi məkanda iqtisadi aktivliyin müəyyən qədər azalması ilə izah edilə bilməz. Ən azından ona görə ki, dünya praktikasında neftə olan tələb və təklifin nizamlanması praktikası var. Ancaq son bir ildə neftin proqnozlaşdırılmayan səviyyədə ucuzlaşmasının qarşısını almaq üçün həmin praktikadan istifadə olunmur, hətta neft ixrac edən ölkələri birləşdirən OPEK də yedəkdə gedərək qlobal neft bazarını tənzimləmək məqsədilə hansısa tədbirlər görməyə tələsmir. Məlumdur ki, OPEK dünya bazarında neftlə əlaqədar yaranmış böhranı aradan qaldırmaq üçün müəyyən imkanlara və fəaliyyət mexanizminə sahibdir. Bəs təşkilat öz imkanlarından nə üçün istifadə etmir? Əksinə, OPEK-in məsələ ilə əlaqədar təşkil etdiyi əlahiddə yığıncaqlardan sonra neftin qiymətində növbəti enmə dalğasının müşahidə olunması da suallar doğurur.
Belə olan halda ekspertlər dünya birjalarında neftin kəskin ucuzlaşmasının daha çox siyasi amillərlə bağlı olduğunu bildirirlər və burada həqiqət payı kifayət qədər çoxdur. Həqiqətən də, hazırda dünyanın reallığı elədir ki, qlobal iqtisadi prosesləri supergüc dövlətlərin siyasi maraqları kontekstində təhlil etmək lazım gəlir. Bu baxımdan son zamanlar neft faktorunun da siyasi manipulyasiya predmetinə çevrildiyi göz önündədir. Ekspertlər öz qənaətlərini əsaslandırmaq üçün keçmiş SSRİ-yə olan münasibəti xatırladırlar. Vaxtilə SSRİ-ni iqtisadi və siyasi böhrana sürükləmək üçün ABŞ və onun təsirində olan OPEK tərəfindən neftin qiymətləri süni şəkildə aşağı salınmışdı. Oxşar ssenari hazırda Rusiyaya qarşı yenidən tətbiq edilir. Başqa sözlə desək, neftin kəskin ucuzlaşması iki supergüc dövlət - ABŞ və Rusiya arasında yaşanan geosiyasi rəqabət müstəvisində izah edilir. Özünün regional və qlobal siyasi maraqlarını təmin etmək və dünyada təkqütblü güc mərkəzi yaratmaq niyyətini gerçəkləşdirmək istəyən ABŞ bu yolda əsas rəqiblərindən olan Rusiyanın iqtisadi nəfəsliyini daraltmaq üçün onun ixracının və deməli, maliyyə təminatının başlıca qaynağı olan nefti dəyərdən salmaq üçün ən ağlagəlməz vasitələrə əl atır. ABŞ-ın 40 illik qadağalardan sonra federal neft ehtiyatlarını iqtisadi baxımdan daha münasib vaxtda deyil, “qara qızıl”ın ucuzlaşdığı bir dönəmdə istehsala və ixraca yönəltməyə razılıq verməsinin pərdəarxası məqamları, necə deyərlər, gün kimi aydındır. Bunu heç bir iqtisadi əsaslandırmalarla izah etmək əsla mümkün deyil. Ortada bir-biri ilə uzlaşmayan, əksinə kəskin ziddiyyət təşkil edən ABŞ-Rusiya geosiyasi maraqları var və neft faktoru da iki supergüc dövlətin kəsişən maraqları fonunda manipulyasiya predmetinə çevrilib. Bundan itirən isə qlobal iqtisadiyyatdır.
Neftin ucuzlaşmasına təsir göstərən yeni amil
Dünya birjalarında neftin kəskin dəyər itirməsi tendensiyasının dayanmamasına, əksinə prosesin bir qədər də intensivləşməsinə təsir göstərən digər siyasi amillər də var. Bu amillər sırasına son vaxtlarda İran-Səudiyyə Ərəbistanı münasibətlərinin kəskinləşməsi də əlavə olunub. Əsas neft istehsalçılarından olan Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri pisləşdikcə neftin qiyməti də daha kəskin şəkildə ucuzlaşır. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı Tehrandakı səfirliyinin yandırılmasına cavab olaraq İranla diplomatik münasibətləri kəsib. Gərginlik isə Ər-Riyadda tanınmış şiə ruhanisinin edamından sonra başlayıb. Belə görünür ki, tərəflər siyasi gərginliyi azaltmaq üçün yollar aramırlar, əksinə münasibətləri daha da gərginləşdirmək və bir-birlərinin mənafelərinə zərbələr vurmaq məqsədilə yeni bəhanələr axtarıb tapmağa çalışırlar. Diqqəti çəkən məqamlardan biri odur ki, indi neft istehsalı və ixracı da bu iki ölkə arasında bir-birlərinə iqtisadi və bu əsasda siyasi təzyiq vasitəsinə çevrilib. Hər iki ölkənin neft istehsalını artırması isə son nəticədə dünya birjalarında, necə deyərlər, neft bolluğunun daha da artmasına, təklifin tələbi daha çox dərəcədə üstələməsinə gətirib çıxarır.
İran-Səudiyyə Ərəbistanı ixtilafının dərinləşməsi fonunda yaxın perspektivdə neftin bahalaşması proqnozlaşdırılmır
Ekspertlər iki böyük neft istehsalçısı arasında siyasi gərginliyin artması fonunda yaxın perspektivdə dünya birjalarında neftin qiyməti ilə bağlı neqativ mənzərənin davam edəcəyini bildirirlər. İran-Səudiyyə Ərəbistanı ixtilafının kəskinləşməsi fonunda dünya birjalarında yaranan vəziyyətlə bağlı fikirlərini ifadə edən İqtisadi və Sosial İnkişaf mərkəzinin rəhbəri Vüqar Bayramov hazırda dünyanın neft içərisində “üzdüyünü” bildirib. “Gündəlik istehlak 94 milyon barreldən az olan dünya bazarında təklif 97 milyon barreldən çoxdur. Hər gün dünya bazarına 3 milyon barrel artıq neft çıxarılır. Bu isə qiymətin aşağı düşməsinin əsas iqtisadi səbəblərindədir. Reallıq bundan ibarətdir ki, neft hasilatı və təklifi yüksək olaraq qalmaqdadır. Gündəlik 9,3 milyon barrel xam neft hasil edən ABŞ-ın Avropa bazarına çıxması neftin qiymətinə iqtisadi təsirdən daha çox psixoloji təzyiq göstərir. Birləşmiş Ştatların gündə 7 milyon barrel neft idxal etməsinə baxmayaraq, okeanın o tayından köhnə qitəyə neft ixracı həyata keçirilməkdədir”.
V.Bayramov onu da bildirib ki, yaxın perspektivdə neftin bahalaşacağını proqnozlaşdırmaq üçün əsaslar yoxdur, əksinə OPEK-in iki aparıcı ölkəsi - İran və Səudiyyə Ərəbistanı arasında yaşanan gərginlik səbəbindən birjalarda neftin qiymətinin enməsi davam edəcək: “ABŞ eyni zamanda idxalın strukturunu da şaxələndirməyə nail ola bilib. 2008-ci ildən sonra gündəlik idxalını 7,8 milyon barrel azaldan Birləşmiş Ştatların neft idxalında heç bir ölkə dominant deyil. ABŞ idxalında 12 faizlə ən yüksək paya malik olan Kanadanı 11 faizlə Səudiyyə Ərəbistanı və digər ölkələr izləyir. Deməli, idxalda praktik olaraq heç bir ölkədən asılı olmayan Birləşmiş Ştatlar Avropa bazarına çıxmaqla qiyməti diqtə edən gücdür. OPEK və xüsusən də Səudiyyə Ərəbistanı ABŞ bazarını itirməkdən ehtiyatlanaraq okeanın o tayından gələn musiqi ilə “oynayır”. Bu baxımdan neftin qiymətlərinin kəskin azalmasına və dünya bazarında “qara qızıl” bolluğunun yaşanmasına baxmayaraq, ötən ay keçirdiyi yığıncaqda OPEK hasilatın azaldılması deyil, artırılması haqda qərar qəbul etdi. Bu da 2016-cı ildə neftin qiymətinin yüksələcəyinə ümidli olan ölkələri və şirkətləri xeyli bədbinləşdirdi. ABŞ və İranın Avropa bazarına çıxışı neftin dünya bazar qiymətinin yaxın müddətdə artmayacağından xəbər verməklə, yeni və daha kəskin qiymət azalmalarının olacağını da istisna etmir. OPEK-in iki aparıcı ölkəsi arasındakı gərginliyə baxmayaraq, neft bazarındakı təklif təzyiqi qiymətlərin ciddi artmasına imkan verməyəcək. Qiymətlərin stabilləşməsi yalnız Sədiyyə Ərəbistanının dünya bazarına çıxış imkanlarının məhdudlaşdığı halda mümkündür”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01

