Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir

Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir

27.02.2016 [11:39]

Növbəti devalvasiya ilə bağlı şayiələrin heç bir əsası yoxdur
Məlum olduğu kimi, son vaxtlar qlobal məkanda bir sıra arzuolunmaz proseslər cərəyan edir. Daha doğrusu, dünyada gedən məlum proseslər, o cümlədən də birjalarda neftin psixoloji həddədək ucuzlaşması qlobal iqtisadiyyat üçün riskləri əhəmiyyətli dərəcədə artırıb. Təbii ki, baş verənlər Azərbaycana da təsirsiz ötüşməyib. Bu da onunla əlaqədardır ki, son illərdə respublikamızın uğurlu inkişafı dünya ilə sıx inteqrasiya şəraitində baş verib. Hazırda ölkəmizin əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 12 ildə 7 dəfə artıb. Bütün bunlar Azərbaycanın qlobal iqtisadiyyata açıqlığının göstəricisidir. Ölkəmizin qlobal iqtisadiyyata açıqlığının, inteqrasiyasının getdikcə daha da dərinləşməsi isə öz növbəsində, respublikanın iqtisadi-maliyyə siyasətində qlobal məkanda müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışların mütləq nəzərə alınması zərurətini gündəmə gətirir.
Ölkə yeni iqtisadi şəraitə uğurla adaptasiya olunur
Belə ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizin xarici valyuta gəlirlərinin və tədiyə balansının profisitinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlılığının gücləndirilməsi çağırışları daha da aktuallaşıb. Daxili istehsala və makroiqtisadi sabitliyə yaranan xarici təhdidləri önləmək məqsədilə Azərbaycan Mərkəzi Bankının qərarı əsasında ölkəmizdə ötən ilin son ongünlüyündən etibarən manatın yeni məzənnə rejiminin tətbiqinə başlanılıb. Belə bir cəhəti də xüsusi vurğulamaq lazımdır ki, milli valyutamızın yeni məzənnə rejiminin tətbiqinə ABŞ dollarının əksər ölkələrin valyutalarına qarşı məzənnəsinin möhkəmlənməsi şəraitində start verilib. Qeyd edək ki, ötən ilin əvvəlindən etibarən ABŞ dolları avroya qarşı 11, Çin yuanına qarşı 4, Türkiyə lirəsinə qarşı 26, Qazaxıstan tengesinə qarşı 86, Norveç kronuna qarşı 17 faiz möhkəmlənib. Tərəfdaş ölkələrin valyutalarının ucuzlaşması fonunda Azərbaycan məhsullarının rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə azalmışdı. Manatın dollara nisbətdə kursunun sabit saxlanılması büdcə üzərində ağır yükə çevrilmişdi, həmçinin ölkənin strateji valyuta ehtiyatlarının qorunması üçün ciddi təhlükə yaranmışdı.
Beləliklə, manatın yeni məzənnə rejiminin tətbiqindən sonra ölkənin yeni iqtisadi şəraitə uğurla adaptasiya olunmasını təmin etmək istiqamətində zəruri tədbirlər həyata keçirilir. Yaranmış şəraitdə Azərbaycanın sosial-iqtisadi inkişafının davamlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq yeni islahatlara start verilib. Dövlət başçısının qəbul etdiyi qərarlar daxili istehsalın artırılması, ixracın stimullaşdırılması, biznes mühitinin daha da optimallaşdırılması, istehlak bazarının tənzimlənməsi, gömrük nəzarətinin sadələşdirilməsi, vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, eyni zamanda, struktur islahatları, əhalinin sosial müdafiəsinin gücləndirilməsi kimi məsələlərin geniş spektrini əhatə edir. Bir sözlə, Prezident İlham Əliyevin imzaladığı bir sıra mühüm sənədlər, eləcə də qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində atılan cəsarətli addımlar manatın yeni məzənnə rejiminə keçilməsi ilə əlaqədar yaranan ajiotajı səngidib. Hazırda ölkəmiz yeni iqtisadi şəraitə uğurla adaptasiya olunur və inkişafın ardıcıllığını təmin etməyə istiqamətlənib.
Milli valyutaya inamı artırmaq üçün zəruri tədbirlər görülür
Qeyd etdiyimiz kimi, Azərbaycan qlobal məkanda müşahidə edilən iqtisadi şokların mənfi təsirlərini önləmək üçün zəruri tədbirlər həyata keçirir. Yeni nəsil iqtisadi islahatlar həyata keçirilərkən isə ilk növbədə, ölkəmizin geniş iqtisadi potensialı əsas götürülür. Azərbaycanın zamanında neftdənkənar iqtisadiyyatı məqsədyönlü şəkildə inkişaf etdirməsi, geniş diversifikasiya siyasəti reallaşdırması ölkəmizin hazırkı çətin durumdan nisbətən az itkilərlə çıxmasını və yeni inkişaf hədəfləri müəyyənləşdirməsini şərtləndirən əsas faktor qismində çıxış edir. Xatırlatmaq yerinə düşər ki, təkcə son beş ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20 faiz artaraq 70 faizə yüksəlib, ölkə üzrə bu sektordan ixracın həcmi isə 60 faizdən çox artıb. Respublikada neftdənkənar iqtisadiyyatın genişlənməsi 2015-ci ildə də davam edib. Belə ki, ötən il qeyri-neft sektorunun artım dinamikası respublika üzrə inkişaf dinamikasını üstələyib. Ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində il ərzində qeyri-neft sənayesi 8 faizdən çox artıb ki, bu da kifayət qədər yüksək göstəricidir. Neftdənkənar iqtisadiyyatın inkişafı istiqamətində bundan sonra daha effektiv tədbirlər həyata keçiriləcək.
Azərbaycanın geniş maliyyə təminatına malik ölkə olması da milli valyutaya inamı artıran mühüm amillərdəndir. Məlumdur ki, indiki çətin iqtisadi şəraitdə bir sıra ölkələr, sözün həqiqi mənasında, xarici borc içində boğulurlar. Azərbaycan isə xarici borclanması ən aşağı səviyyədə olan ölkələr sırasında yer alır. Ölkəmizin ümumi daxili məhsulun cəmi 12 faizi həcmində xarici borclanması var ki, bu da kifayət qədər optimal rəqəmdir.
Digər tərəfdən, ölkəmizdə yeni məzənnə rejiminə keçilməsi ilə əlaqədər yaranan psixoloji gərginliyin aradan qaldırılması istiqamətində də məqsədyönlü tədbirlər reallaşdırılır. Mərkəzi Bankın İdarə Heyəti milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2 faiz, yuxarı həddini isə 10 faiz səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib. Bundan başqa, Milli Məclis payız sessiyasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihələrinə dəyişiklikləri təsdiqləyib. Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 bareli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb. Həyata keçirilən bu kimi tədbirlər, həmçinin son vaxtlar birjalarda Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətində kəskin dəyişikliklərin baş verməməsi manata inamın bərpa olunmasına müsbət təsir göstərir. Təsadüfi deyil ki, artıq banklarda valyuta ajiotajı yaşanmır, məlum devalvasiyadan sonrakı ilk günlərdə müşahidə edilən kəskin dollarizasiya səngiyib və manatın məzənnəsi müəyyən qədər möhkəmlənərək optimal səviyyədə sabitləşib.
Bütün bunlar bir daha təsdiqləyir ki, milli valyutamızın növbəti devalvasiyası ilə bağlı məqsədli şəkildə yayılan şayiələrin heç bir əsası yoxdur. Yəni, ekspertlərin də bildirdikləri kimi, manataın növbəti devalvasiyası ilə bağlı yayılan şayiələr sırf konyunktur xarakter daşıyır. Burada yeganə məqsəd insanlarda milli valyutaya inamsızlıq əhval-ruhiyyəsi yaratmaq və ölkənin yeni iqtisadi şəraitə uyğun aparılan islahatlara, makroiqtisadi sabitliyin qorunmasına yönələn tədbirlərə kölgə salmaqdan ibarətdir.
Yeri gəlmişkən, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da Novruz bayramı ərəfəsində manatın yeni devalvasiyaya uğrayacağı barədə yayılan şayiələrə münasibət açıqlayıb. Mərkəzi Bankın rəsmisi monetar siyasətdə müşahidə edilən müsbət tendensiyaları əsas gətirərək belə şayiələri təkzib edib. O bildirib ki, son zamanlar Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir. Digər tərəfdən, E.Rüstəmov neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxıldığına, həmçinin son zamanlar neftin qiymətinin yüksək olmasa da, stabil qaldığına diqqət çəkib. Ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyətin də inkişafa doğru getdiyini deyən E.Rüstəmov vurğulayıb ki, “üzən məzənnə”yə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya ilə bağlı şayiələrin heç bir əsası yoxdur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 986 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31