Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakıda “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya” mövzusunda konfrans keçirilib

Bakıda “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya” mövzusunda konfrans keçirilib

26.04.2016 [09:04]

Aprelin 25-də Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya” Beynəlxalq Praktiki Konfransı keçirilib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, Milli Məclisin deputatları, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edib.
Açılış mərasimindən öncə konfrans iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək Ulu öndərə hörmət və ehtiram nümayiş etdiriblər.
Mərasimdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov beynəlxalq konfransın neft strategiyasının banisi, müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunduğunu, Ulu öndər Heydər Əliyevin şəxsiyyətinə və səmərəli fəaliyyətinə, bu dahi insanın xatirəsinə böyük hörmət və ehtiramın ifadəsini özündə əks etdirdiyini bildirib.
Elmar Qasımov konfransın keçirilməsində məqsədin neft strategiyasının uğurlarını təbliğ etmək, sözügedən tədbirin əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etmək olduğunu söyləyib.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Heydər Əliyevin Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərindən, eləcə də neft amilinin respublikamızın tərəqqisində əhəmiyyətli rolundan söz açıb.
Akademik vurğulayıb ki, müstəqil Azərbaycan Respublikasında iqtisadi inkişafın təməli 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq -Günəşli yataqlarının birgə işlənməsi, və hasilatın pay bölgüsü haqqında dünyanın 7 ölkəsinin, 11 məşhur neft şirkətinin iştirak etdiyi sonralar “Əsrin müqaviləsi” adlandırılan əsrin sazişinin imzalanması ilə qoyulub.
Qeyd olunub ki, Ümummilli liderin ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin güclü neft bazası və infrastrukturu mövcud idi və xarici şirkətlər bunu yaxşı bilirdilər.
X.Yusifzadənin sözlərinə görə, siyasi cəhətdən “Əsrin müqaviləsi”nin əhəmiyyəti ondan ibarət idi ki, dünyanın aparıcı dövlətləri və şirkətləri bir daha Azərbaycanın müstəqil dövlət və etibarlı tərəfdaş olduğuna və bu ölkədə işləmək və sərmayə qoymağın mümkünlüyünə əmin oldular. “Bu müqavilədən sonra xarici şirkətlərlə daha 33 müqavilə bağlanıb. Onun iqtisadi əhəmiyyətlərindən biri də odur ki, neft hasilatı Azərbaycanın tarixində 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. Beləliklə də, neft hasilatı təqribən 6 dəfə artıb”, - deyə akademik vurğulayıb.
Həmçinin diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Neft Fondu Azərbaycan Respublikasının qeyri-neft sektorunun inkişaf etdirilməsinə, sosial problemlərin həllinə, xalqımızın rifah halının yaxşılaşdırılmasına sərf olunur.
Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev diqqətə çatdırıb ki, mühüm beynəlxalq tədbirlərin məhz Bakıda keçirilməsi Azərbaycanın dünya miqyasında nüfuzundan və siyasi çəkisindən xəbər verir.
Nazir Xəzər regionuna dünya ölkələrinin ildən-ilə daha çox maraq göstərdiyini vurğulayıb. “Heç də təsadüfi deyil ki, hazırda Çin, Hindistan, Yaponiya, Cənub-Şərqi Asiya və Qərbi Avropa ölkələri üçün sözügedən ərazi böyük əhəmiyyət daşıyır”.
O, deyib ki, bu gün enerji resursları olmadan heç bir ölkənin inkişafını təsəvvür etmək mümkün deyil. Statistika da göstərir ki, dünya dövlətləri məhz enerji resurslarının köməyi ilə öz inkişaf mərhələlərinə qədəm qoyublar.
“Cənub Qaz Dəhlizi” layihəsindən danışan nazir deyib ki, bu ilk növbədə enerji təhlükəsizliyi layihəsidir. Zəngin təbii ehtiyatları olan ölkələr təhlükəsiz vəziyyətdədirlər, çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin, onların bazarlara da ehtiyacı var.
Eyni zamanda, “Cənub Qaz Dəhlizi” Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir. Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də “Şahdəniz” yatağı hazırda “Cənub Qaz Dəhlizi” üçün yeganə resurs mənbəyidir. Həmin yataq dünyada ən iri qaz yataqlarından biridir. Layihənin reallaşması, yəni Azərbaycan qazının Qərbi Avropa ölkələrinə ixracı respublikamızla “köhnə dünya” arasında körpü rolunu oynayacaq.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, respublikanın Ümumi Daxili Məhsulunda neft sənayesi xüsusi çəkiyə malikdir. Bu amilin Azərbaycanın ticarət dövriyyəsinə, sosial sahələrə, bütövlükdə isə iqtisadiyyata təsiri ölçüyəgəlməzdir. Milli statistikanın da formalaşmasında neft amilinin çəkisi böyükdür.
Komitə sədri vurğulayıb ki, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında dayanıqlı inkişaf hədəfləri müəyyən olunub. Bu məqsədlərə çatmaq üçün neft sənayesinin, ticarətin, loqistika sahəsinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün statistikanın qarşısında duran əsas vəzifələrdən biri də onun ölçülməsi parametrlərini müəyyənləşdirmək və bu sahədə statistikanın inkişafını təmin etməkdir. 2016-cı ilin martında Nyu-Yorkda keçirilən BMT-nin Statistika Komissiyasının 47-ci sessiyası bu aktual məsələlərə həsr olunub.
Konfransda “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən söz açıblar və konfransa uğurlar arzulayıblar.
Beynəlxalq konfransda iştirak etmək üçün 19 ölkədən 70 nəfər mütəxəssis və ekspertlər Bakıya gəlib. Azərbaycandan 23 nəfəri mütəxəssis və ekspertlər olmaqla, 150-dən artıq iştirakçı konfransda iştirak edir. Beynəlxalq konfrans 3 gün ərzində 9 sessiyada müxtəlif mövzular üzrə davam edəcək. Konfrans çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil ediləcək.

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31