Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Manatın möhkəmlənməsi prosesi davam edir

Manatın möhkəmlənməsi prosesi davam edir

25.05.2016 [10:14]

Yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar valyuta bazarında dollara tələbatın azalmasına, manatın isə möhkəmlənməsinə etibarlı zəmin yaradıb
Azərbaycan qlobal mənfi tendensiyaların təsirlərini minimuma endirmək üçün geniş imkanlara malik olan ölkədir. Məlumdur ki, son illərdə dünya birjalarında neftin 3-4 dəfə dəyər itirməsi ölkəmizdə yeni iqtisadi vəziyyət yaradıb. Respublikaya valyuta daxilolmalarının azalması və iqtisadi aktivliyin müəyyən qədər aşağı düşməsi fonunda 2015-ci il dekabrın 21-də milli valyutamız devalvasiyaya uğrayıb, ölkəmizdə “üzən məzənnə” rejiminin tətbiqinə başlanılıb. Bununla belə, Azərbaycanın zəngin daxili resursları, güclü iqtisadi potensialı və dövlətin həyata keçirdiyi tədbirlər ölkəmizin xarici təsirlər nəticəsində yaranmış yeni şəraitdən mümkün qədər az itkilərlə çıxmasına və perspektivdə inkişafın ardıcıllığını təmin etməyə etibarlı zəmin yaradır.
Son vaxtlar ölkənin maliyyə bazarında müşahidə edilən tendensiyalar artıq Azərbaycanda milli valyuta ilə bağlı yaranan gərginliyin azalmasından, proseslərin normal axara düşməsindən xəbər verir. Məlumdur ki, 2015-ci il dekabrın 21-də respublikada “üzən məzənnə” rejiminin tətbiqinə başlanarkən 1 dollar-1 manat 55 qəpik nisbəti müəyyənləşdirilmişdi. Devalvasiyadan sonrakı ilk vaxtlarda bu nisbət dolların xeyrinə bir qədər də dəyişdi. Son günlərdə isə ABŞ dolları milli valyutamız qarşısında ardıcıl olaraq dəyər itirir. Hazırda milli valyutamızın məzənnəsi 1 dollar-1.4900 manat nisbətində dəyişir. Beləliklə, “üzən məzənnə” rejimində manat öz həqiqi dəyərini tapır. Milli valyutanın möhkəmlənməsi prosesi həm milli iqtisadiyyatımızın yeni şəraitdə də inkişafa istiqamətlənməsinin təsdiqi, həm də monetar siyasətin sağlamlaşdırılması baxımından olduqca müsbət göstəricidir.
O da məlumdur ki, ölkəmiz xarici təsirlər nəticəsində yaranmış yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar əsasında yeni hədəflərə istiqamətlənib. Ölkədə postneft dövründə də inkişafın dönməzliyini təmin etmək məqsədilə ardıcıl iqtisadi islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin güclü siyasi iradə nümayiş etdirdiyi bu islahatlar ölkədə biznes mühitinin daha da optimallaşdırılması, ixracın stimullaşdırılması, ixrac tutumlu yerli məhsul istehsalının artırılması, vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük sənədləşdirmələrinin sadələşdirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Həyata keçirilən tədbirlər sayəsində respublikamızda iqtisadi aktivliyin zəifləməsinin qarşısı alınıb.
Paralel surətdə ölkədə həyata keçirilən pul-məzənnə siyasəti də yaranmış vəziyyətin tələblərinə uyğunlaşdırılıb. Ölkədə 2016-cı ilin birinci rübü ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi Mərkəzi Bankın ötən ilin sonunda elan etdiyi yeni rejim çərçivəsində formalaşdırılıb. Son 3 ayda ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.7 dəfə aşağı enib. 2016-cı ilin yanvar-mart aylarında banklar tərəfindən satılan xalis nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 milyon ABŞ dolları, avro ilə əməliyyatlar isə 3.5 dəfə azalaraq 69 milyon avro təşkil edib. Nağd xarici valyutaya tələbin azalması şəraitində rüb ərzində banklar tərəfindən gətirilən nağd ABŞ dolları 2015-ci ilin müvafiq dövrünə nəzərən 6.2 dəfə azalıb.
Valyuta bazarında manatın möhkəmlənməsinə həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən reallaşdırılan çevik tədbirlər də müsbət təsir göstərib. Məlumdur ki, palatanın direktorlar şurasının qərarı əsasında dollarla verilən istehlak kreditlərinin şərtləri sərtləşdirilib və digər tədbirlər həyata keçirilib. Bu kimi qərarlar valyuta bazarında manatın, necə deyərlər, aktivliyinin artması ilə nəticələnib. Deyilənlərdən də göründüyü kimi, valyuta bazarında bundan sonra da manatın möhkəmlənəcəyinə ciddi əsaslar var.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiqi barədə müvafiq Sərəncam imzalayıb. Bəhs olunan qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin milli valyutaya və bank sisteminə etibarını gücləndirməkdən ibarətdir. Sənədə əsasən, banklardakı bütün əmanətlər qarşıdakı 3 il müddətində tam sığortalanacaq.
Dövlət başçısı tərəfindən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiqi ilə bağlı Sərəncam imzalanması xarici təsirlər nəticəsində ölkəmizdə yaranan yeni iqtisadi şəraitdə həyata keçirilən zəruri islahatların davamıdır. İndiki şəraitdə əmanətlərin tam şəkildə sığortalanmasını özündə ehtiva edən qanunun qəbul edilməsi ölkə vətəndaşlarının sosial müdafiəsinə müsbət təsir göstərməklə yanaşı, eyni zamanda, bankların sağlamlaşdırılmasında və manata inamın artmasında mühüm əhəmiyyət daşıyır. Bundan əvvəlki qanuna əsasən, yalnız 30 min manatadək olan əmanətlər sığortalanırdı. Prezident İlham Əliyevin tətbiqi ilə əlaqədar Sərəncam imzaladığı “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən isə müvafiq banklara qoyulan bütün depozitlər məbləğindən asılı olmayaraq 3 il müddətində sığortalanacaq. Yeni qanun 6 milyondan çox əmanətçinin depozitlərinin tam məbləğdə sığortalanmasına imkan verir.
Bəhs olunan qanun əmanətçilərdə bir arxayınlıq yaradır ki, sabah hansısa bir problem ortaya çıxdıqda, fors-major hadisəsi baş verdikdə onların əmanətləri sığortalanacaq, depozitlərinə heç bir halda xələl gəlməyəcək.
Qeyd edək ki, hazırda banklarda manatla olan əmanətlərə kifayət qədər yüksək - 12 faizlə dividendlər ödənilir. Beləliklə, manatla sərbəst yığımlarını banklarda yerləşdirməklə vətəndaşlarımız öz kapitallarını daha da artıra bilərlər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 943 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31