Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Elektron vergi xidmətləri innovativ islahatlar prosesində mühüm rol oynayır

Elektron vergi xidmətləri innovativ islahatlar prosesində mühüm rol oynayır

30.06.2016 [09:56]

Son illər sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar vergi sahəsində də əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət planı”na uyğun olaraq dövlət orqanlarının üzərinə mühüm vəzifələr düşür. Bir sıra dövlət qurumları, o cümlədən Vergilər Nazirliyi vətəndaşlara göstərilən xidmətləri elektron vasitələrdən geniş istifadə etməklə həyata keçirməyə başlamış, elektron məlumat bazaları yaradılmışdır. Ölkə Prezidentinin Fərmanı ilə “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə, korrupsiya hallarının azalmasına, vətəndaşların vaxt itkisinin qarşısının alınmasına nail olunmuşdur.
Ölkədə “Elektron hökumət” quruculuğu istiqamətində görülən genişmiqyaslı işlər haqda KİV-ə açıqlama verən vergilər naziri Fazil Məmmədov vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi, vergi ödəyiciləri ilə canlı əlaqə formalarının məhdudlaşdırılması və bu sahədə müasir informasiya texnologiyalarından istifadə edilməsinin Vergilər Nazirliyinin prioritet vəzifələrindən olduğunu və bu sahədə daim yeni layihələr həyata keçirildiyini bildirmişdir: “Bununla əlaqədar, Vergilər Nazirliyində Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), “Elektron bəyannamə”, “İnternet Vergi İdarəsi” e-dövlət portalı, “bir pəncərə” prinsipi üzrə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşkili, “ƏDV-nin depozit hesabı”, “Elektron vergi hesab-fakturası”, “Dövlət qurumları və banklarla inteqrasiya” məlumat mübadiləsi sistemi kimi iri dövlət əhəmiyyətli layihələr tətbiq edilir ki, bunun nəticəsində vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha da sadələşdirilməsi və şəffaflığın artırılması təmin edilmiş, digər dövlət qurumları ilə inteqrasiyaya, vergi ödəyicilərinə müxtəlif növ elektron xidmətlərin göstərilməsinə nail olunmuşdur”.
Elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması mümkün olacaq
Qeyd edək ki, bu sistemlər vasitəsilə vergi ödəyicilərinə və vətəndaşlara təqdim olunan çoxsaylı elektron xidmətlər istismara verilərkən respublikamızda hələ e-imza sertifikat mərkəzi istifadəyə verilmədiyindən Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli qərarı ilə “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası” təsdiq edilmiş və həmin qərar əsasında istifadəçi kodu və paroldan istifadəyə başlanmışdır. Vergilər Nazirliyi tərəfindən digər elektron xidmətlərin elektron imzadan istifadə etməklə həyata keçirilməsi və həmçinin mobil qurğular vasitəsilə təqdim olunması da nəzərdə tutulur. “ƏDV-nin depozit hesabı”, “Elektron vergi hesab-fakturası” kimi bəzi xidmətlərdən istifadə isə yalnız elektron formada mümkündür. Göstərilən xidmətlərin icra prosesində göndərilən və qəbul edilən sənədlərin onlayn rejimdə məhdud zaman ərzində elektron imzalanması tələb olunur. Bu sahədə mövcud və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə Vergilər Nazirliyinin nəzdində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin platforması ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompüter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Elektron İmza Sertifikat Xidmətləri Mərkəzi yaradılmışdır. Mərkəz Avropa standartlarının tələblərinə uyğun hazırlandığından elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması mümkün olacaqdır ki, bu da Azərbaycan vətəndaşlarına digər ölkə vətəndaşları ilə birgə şirkətlər yarada bilmək və şirkətlərarası müqavilələri elektron formada internet üzərindən imzalamaq imkanı verəcək. Mobil İmza Mərkəzi ilə inteqrasiya olunduğundan, yeni sistem bütün növ qurğularda autentifikasiya imkanı verəcəkdir. Bu isə ölkəmizdə internet/mobil bankçılığının inkişafına böyük təkan verməklə nağdsız hesablaşmaların genişlənməsinə səbəb olacaq.
Məhz buna görə də “ASAN”, fəaliyyət istiqamətlərinə uyğun olaraq, mobil hökumət layihəsi çərçivəsində yeni nəsil elektron xidmətlərin tətbiqi yeni inkişaf mərhələsinin başlanğıcı deməkdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin istismara verilməsini və mobil imza (“ASAN imza”) layihəsini elektron hökumətdən (e-Government) mobil hökumətə (m-Government) keçidin əsası kimi qiymətləndirmək olar.
Hüquqi şəxsin onlayn qeydiyyatı prosesi 30 dəqiqədən 1 dəqiqəyədək, sürətli qeydiyyatı isə 30 saniyəyədək azalacaq
ASAN Sertifikat Xidmətləri Mərkəzi (ASXM) elektron imza sertifikatının verilməsi ilə bağlı həm hakimiyyət orqanlarına, həm də bütün fiziki və hüquqi şəxslərə xidmətlər göstərir. ASXM Mobil İD Mərkəzi və onun vasitəsilə Azercell, Bakcell, Narmobile kimi mobil operatorlar, o cümlədən Vergilər, Daxili İşlər, Ədliyyə nazirlikləri, banklar və digər təşkilatlarla əlaqəli şəkildə fəaliyyət göstərir. Mobil rəqəmsal imzanın aktivləşdirilməsi Asan Sertifikat Xidmətləri Mərkəzində və “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. ASXM Vergilər Nazirliyinin sahibkarlıq subyektlərinin dövlət reyestri, Vergi ödəyicilərinin uçot-məlumat bazası və Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) ilə inteqrasiya olunub. Artıq ASXM-ə müraciət edən sahibkarlıq subyektinin elektron imza sertifikatını əldə etməsi üçün vergi ödəyicisi və ya hüquqi şəxs olması barədə hər hansı sənəd təqdim etməsinə zərurət yaranmayacaq. Bütün məlumatlar Mərkəz tərəfindən onlayn şəkildə əldə olunacaq. Hər bir şəxs ASAN imza yüklənmiş sim kartı əldə etməklə bütün qurğularda mobil telefonlar, smartfonlar, planşetlər, stolüstü və portativ kompüterlər vasitəsilə istənilən e-xidmətdən tam təhlükəsiz şəraitdə istifadə edə biləcək. ASAN imza e-xidmətlərdən istifadə çoxsaylı kod/parolun istifadə zərurətini aradan qaldıracaq. Yeni sistemdə vətəndaş bütün qurumların e-xidmətlərindən istifadə edə biləcək. Mobil imzanın tətbiqi ilə hüquqi şəxsin geniş onlayn qeydiyyatı prosesi 30 dəqiqədən 1 dəqiqəyədək, sürətli qeydiyyatı isə 30 saniyəyədək azalacaq. Yeni sistemin Avropa direktivlərinə uyğunluğu gələcəkdə Avropa Birliyi ölkələri ilə Azərbaycan arasında elektron imzaların qarşılıqlı tanınmasına imkan verəcək.
“Onlayn kargüzarlıq” sistemi də vergi ödəyicilərinin işini xeyli asanlaşdırıb
Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov bildirib ki, nazirlik yeni texnologiyaların tətbiqini genişləndirərək elektron xidmətlərin çeşidini artırmaqdadır: “2006-cı ildən tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi ən son texnologiyalardan istifadənin nümunəsidir. Bu sistemin istifadəyə verilməsi sənəd dövriyyəsinin və məlumatların işlənməsi sürətinin dəfələrlə artmasına, operativ və çevik vergi nəzarətinin qurulmasına xidmət edir. Elektron vergi hesab-fakturalarının, “e-bəyannamə” və “onlayn kargüzarlıq” sistemlərinin və digər xidmətlərin tətbiqi isə vergi orqanı ilə vergi ödəyiciləri arasında əlaqələrin şəffaflaşmasına gətirib çıxarmışdır. Bu, vergi ödəyicisinə bəyannaməni internet vasitəsilə təqdim etmək, onun tərtibinə və düzgünlüyünə nəzarət etmək, öz şəxsi vərəqəsinə “real vaxt” rejimində baxmaq imkanları verir. Vergi ödəyiciləri bu xidmətlərdən istifadə edərək onun üstünlüklərini başa düşür, ondan daha çox yararlanırlar. Bunun nəticəsidir ki, ödəyicilər ümumi bəyannamələrin 90 faizini “e-forma”da təqdim edirlər”.
2010-cu ilin mart ayından tətbiq olunan “onlayn kargüzarlıq” sistemi də vergi ödəyicilərinin işini xeyli asanlaşdırmışdır. Nazirliyin internet ünvanındakı İnternet Vergi İdarəsi bölməsinə müraciət edən istifadəçilər üçün fərdi elektron qutu (“e-qutu”) yaradılmışdır. “E-qutu”nun tətbiqi ilə vergi ödəyicilərinə İnternet Vergi İdarəsinin “onlayn kargüzarlıq” bölməsindən istifadəçi kodu, parol və şifrəni daxil etməklə vergi sisteminə aid məlumat tipli istənilən sənədi tez bir zamanda əldə etmək imkanı yaradılmışdır.
“E-xidmət”lərin ən yaxşı istiqamətlərindən biri vergi ödəyicilərinin, eləcə də digər vətəndaşların suallarının canlı və onlayn rejimdə cavablandırılmasıdır. 2003-cü ildən bu məqsədlə fəaliyyət göstərən “195” Çağrı Mərkəzi vergi ödəyicilərinə və digər vətəndaşlara imkan yaradır ki, vergi orqanlarına gəlmədən vergi qanunvericiliyi və onun tətbiqi, Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlər barədə operativ, düzgün məlumat alsınlar, eyni zamanda vergi qanunvericiliyinin pozulması halları barədə müraciətlərini ünvanına çatdıra bilsinlər.
Bununla yanaşı, Vergilər Nazirliyi tərəfindən vətəndaşların nazirliyin məsul vəzifəli şəxsləri ilə birbaşa videoəlaqə yaratmasını təmin etmək məqsədilə “Vətəndaşların videoqəbulu” adlı elektron xidmət də istifadəyə verilib. Xidmətdən istifadə edən şəxs videobağlantının köməyi ilə Vergilər Nazirliyinin məsul vəzifəli şəxsinə öz müraciətini ünvanlayıb 30 dəqiqə müddətində real vaxt rejimində onu maraqlandıran suallara cavab almaq imkanı əldə edir. Nazirlik tərəfindən təqdim olunan digər elektron xidmət - vergi kalkulyatoru vasitəsilə istifadəçi yeddi göstərici üzrə vergiləri elektron formada hesablamaq imkanı əldə edir.
Müvafiq tədbirlər büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərməkdədir
Ümumiyyətlə, Vergilər Nazirliyi hazırda 60-a qədər elektron xidmət göstərir və xidmətlərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir. Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi, e-xidmətlərdən istifadənin kütləviləşdirilməsi qarşıda duran başlıca vəzifələrdəndir. Burada məqsəd gələcəkdə vergi ödəyiciləri ilə birbaşa əyani təmas formalarını məhdudlaşdırmaq, xidmətlərin elektron formada qəbul edilməsinin kəmiyyətinin və keyfiyyətinin genişləndirilməsinə şərait yaradan müasir informasiya texnologiyalarından istifadə etməkdir.
Fiziki və hüquqi şəxslərdən daxil olmuş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə Vergilər Nazirliyinin aparatında daxili təhlükəsizlik sahəsində təşkilati və nəzarət tədbirlərini həyata keçirən müvafiq struktur tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun şəkildə baxılaraq, müvafiq qərarlar qəbul edilir. Hüquq strukturlarının peşə hazırlığını yüksəltmək məqsədilə mütəmadi olaraq təlim və treninqlər təşkil edilir, müvafiq məhkəmə qərarları öyrənilərək təhlil işləri aparılır, vergi orqanları tərəfindən yol verilmiş nöqsanlar ümumiləşdirilir, gələcəkdə həmin hallara yol verilməməsi məqsədi ilə müvafiq tədbirlər görülür ki, bütün bunlar da aparılan işlərin keyfiyyətinə və büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərməkdədir.
Nardar BAYRAMLI
Yazı Mətbuat Şurasının və
Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim
olunmaq üçün verilir

Paylaş:
Baxılıb: 950 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31