/ / Azərbaycanda yaradılan müasir infrastruktur alternativ və bərpa olunan enerjidən səmərəli istifadə edilməsi imkanlarını artırıb
Azərbaycanda yaradılan müasir infrastruktur alternativ və bərpa olunan enerjidən səmərəli istifadə edilməsi imkanlarını artırıb
30.07.2016 [10:17]
Prezident İlham Əliyev: Ölkəmizdə istənilən sahədə, o cümlədən bizim üçün yeni olan bərpa edilən enerji sahəsində dünyada mövcud olan ən yüksək standartlar tətbiq edilir
Son illərdə Azərbaycanda müxtəlif sahələrdə dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin, yeni texnologiyaların tətbiqinə geniş meydan verilir ki, bu da ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ardıcıl surətdə həyata keçirilən müasirləşmə siyasəti ilə bağlıdır. Bu siyasətə uyğun olaraq respublikamızın gələcək inkişaf paradiqmaları bir qayda olaraq dünyada meydana çıxan yeni və mütərəqqi çağırışlar əsasında müəyyənləşdirilir. Ölkəmizdə bəşəriyyətin inkişafında yeni mərhələ kimi səciyyələndirilən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi də deyilənləri bir daha təsdiqləyir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsini təmin edib. Prezident İlham Əliyev dövlət səviyyəli müxtəlif tədbirlərdə söylədiyi nitqlərində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmasının genişləndirilməsinin zəruriliyini dəfələrlə vurğulayıb. Dövlət başçısı Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında söylədiyi nitqində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmasını müasirlik, yenilik kimi səciyyələndirib: “Azərbaycanda dünyada ilk dəfə olaraq hibrid tipli müasir günəş və külək elektrik stansiyasının açılışını qeyd edirik. Bu həm Qobustan, həm də ölkəmiz üçün çox gözəl hadisədir. Çünki bu, müasirlikdir, yenilikdir, yeni texnologiyalardır”.
Azərbaycan zəngin alternativ enerji mənbələrinə malik olan ölkədir
Son 12 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkəmizin enerji təminatının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə, 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilib. Belə ki, ötən il Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib.
Ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur. Bunun sayəsində də hazırda Azərbaycan enerjiyə olan tələbatını bütünlüklə daxili istehsal hesabına təmin edir və ölkəmizin müəyyən qədər ixrac imkanları yaranıb. Prezident İlham Əliyev isə Azərbaycanın müasir sənaye ölkəsinə çevrilməsi ilə bağlı strategiyaya uyğun olaraq ölkənin enerji təminatı sahəsində qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı nitqində yeni-yeni elektrik stansiyalarının tikilməsi, o cümlədən də bərpa olunan enerji növlərinə diqqətin artırılması sayəsində ölkənin tələbatından artıq enerji potensialının yaradılmasının vacibliyinə diqqət çəkib: “Enerji potensialımız tələbatımızı daim qabaqlamalıdır. Ona görə gələcəkdə elektrik stansiyalarının tikintisi nəzərdə tutulmalıdır, o cümlədən biz bərpa olunan enerji növlərinə də, əlbəttə ki, diqqət yetirəcəyik. Son illərdə bu istiqamətdə də ciddi addımlar atılmışdır”.
Ölkəmizdə alternativ və bərpa olunan enerji növlərindən istifadə olunmasına böyük diqqət göstərilməsi təsadüfi deyil - Azərbaycanın əlverişli coğrafi-iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan, o cümlədən biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə edilməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Hesablamalara görə, Azərbaycan illik 800 MVt-yə yaxın külək enerji ehtiyatına malikdir və bu, ildə təxminən 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət edilməsinə, ən əsası isə, külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınmasına imkan verir. Respublikamızda bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub.
Respublikada qısa müddətdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edİlməsİ üzrə müasir müəssisələr yaradılıb
Respublikamızda alternativ və bərpa olunan enerji növlərindən geniş şəkildə istifadə olunması üçün zəruri şəraitin yaradılması bəhs olunan Dövlət Proqramında nəzərdə tutulan müddəalara uyğun reallaşdırılır. Dövlət Proqramında qarşıya qoyulan əsas vəzifələr elektrik enerjisinin istehsalında alternativ enerji mənbələrinin potensialını müəyyənləşdirməkdən, bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltməkdən, yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etməkdən, alternativ enerji mənbələrinin hesabına respublikanın enerji gücünün artırılması və bununla ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Dövlət Proqramına uyğun olaraq, özəl investisiya mənbələrinin də bu sahəyə cəlb edilməsi istiqamətində işlər görülür.
Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasəti və tənzimlənməsi, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkili, bu sahədə fəaliyyətin əlaqələndirilməsi Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Dövlət başçısının səyləri və qurumun işgüzar fəaliyyəti sayəsində qısa müddətdə ölkəmizdə alternativ enerji mənbələrindən istifadə edilməsi üzrə ən yüksək səviyyədə təchizata malik müəssisələr istifadəyə verilib. Prezident İlham Əliyev Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışındakı nitqində ölkəmiz üçün yeni yanaşma sayılan bərpa olunan enerji sahəsində dünyada mövcud olan ən yüksək standartların tətbiq edildiyini bildirib: “Azərbaycan inkişaf edir. Azərbaycanda bütün qabaqcıl texnologiyalar tətbiq edilir. Ölkəmizdə istənilən sahədə, o cümlədən bizim üçün yeni olan bərpa edilən enerji sahəsində dünyada mövcud olan ən yüksək standartlar tətbiq edilir”.
Son illərdə ölkəmizdə alternativ enerji mənbələrindən istifadə olunması üzrə zəruri infrastrukturun yaradılmasından söhbət açarkən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının fəaliyyətə başlamasını xüsusi qeyd etmək mümkündür. Stansiya dövlət başçısının iştirakı ilə 2014-cü ilin iyulunda istifadəyə verilib. Müasir avadanlıqla təchiz olunan stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb. Stansiyada təlim məntəqəsi fəaliyyət göstərir. Məntəqədə bu ixtisas üzrə təhsil alan tələbələr, həmçinin bu sahənin mütəxəssisləri üçün müxtəlif təlim kurslarının keçirilməsi nəzərdə tutulur. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada quraşdırılacaq yeni panellər stansiyasının daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açacaq.
Qısa müddətdə Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinin hazırlanması da təqdirəlayiq haldır. 2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyalarının yaradılması qarşıya məqsəd qoyulub. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi isə 38 hektar ərazidə inşa olunmaqla külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir neçə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər. Prezident İlham Əliyev mərkəzin açılışında söylədiyi nitqində bunu gözəl hadisə kimi dəyərləndirərək pilot layihənin gələcəkdə başqa regionlarda da reallaşdırılacağının mümkünlüyünü nəzərə çatdırıb: “Biz birinci mərhələdə Qobustan şəhərini tam şəkildə alternativ, yəni bərpa olunan enerji ilə təmin etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən şəxsən buna şübhə etmirəm, - ondan sonra biz bu gözəl təcrübəni başqa şəhərlərdə və rayonlarda tətbiq edə biləcəyik”.
Alternativ və bərPa olunan enerjidən istifadə edİlməsİ üzrə planlar isə daha genişdir
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, alternativ və bərpa olunan enerjidən geniş istifadə edilməsi istiqamətində həyata keçirilən tədbirlər, yaradılan müasir infrastruktur, öz növbəsində, ölkənin enerji təminatının güclənməsində əks olunur. Yeni yaradılan müəssisələrdə buraxılan bir sıra avadanlıqlara istehlakçılarda böyük tələbat yaranıb. Dövlət Agentliyinin istehsalı olan səyyar günəş generatorları xüsusi əhəmiyyətə malikdir. Günəş panelləri ilə təchiz olunan bu avadanlıq əvəzsiz qurğudur. Avadanlıq günəşdən enerji alaraq onu saxlamaq imkanına malikdir. Agentlik hidrogen generatoru da istehsal edir. Bu qurğu ilə yüksək temperatur əldə etmək və qaz-qaynaq işləri aparmaq olur. Generatoru digərlərindən fərqləndirən onun ekoloji cəhətdən təmiz olmasıdır. Bu cihaz qaynaq işləri zamanı 3500 selsi temperaturla işləyir.
Əlamətdar haldır ki, ölkənin enerjiyə olan tələbatının ödənilməsində alternativ və bərpa olunan enerji növlərinin çəkisi də getdikcə artır. Bu sahədə Naxçıvan Muxtar Respublikasının təcrübəsi daha təqdirəlayiqdir. Muxtar respublikanın enerji təminatında əsas yeri günəş və su elektrik stansiyaları tutur. 2016-cı ilin 6 ayında muxtar respublikada elektrik enerjisinə olan tələbatın 70 faizi məhz bu elektrik stansiyalarında istehsal olunan enerji hesabına ödənilib. Şübhə yoxdur ki, bu təcrübədən gələcəkdə respublikanın digər bölgələrində də istifadə olunacaq.
Ümumiyyətlə, respublikamızda alternativ və bərpa olunan enerjidən istifadə edilməsi ilə bağlı planlar genişdir. Dövlət başçısı yuxarıda bəhs olunan mərkəzin açılışındakı nitqində diqqəti bu sahədə gələcək planlara yönəldərək vurğulayıb: “Planlar çox böyükdür. Mənə bu gün verilən məlumata görə, indi bütün ölkə üzrə müşahidə sistemi quraşdırılır, yerlər müəyyən edilir, harada ki, biz külək və günəş enerjisini istehsal edəcəyik, o yerlər, əlbəttə ki, ümumi enerji şəbəkəsinə yaxın olmalıdır. Eyni zamanda, bu sistem kənd təsərrüfatı üçün yararlı olmayan torpaqlarda quraşdırılmalıdır ki, biz torpağımızdan da səmərəli şəkildə istifadə edək”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

