Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda vergi islahatlarının dərinləşdirilməsi istiqamətində növbəti addım

Azərbaycanda vergi islahatlarının dərinləşdirilməsi istiqamətində növbəti addım

10.08.2016 [10:09]

Ekspertlər Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq Sərəncamın ölkəmizdə vergi sahəsində fəaliyyətin tənzimlənməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi baxımından böyük önəm daşıdığını bildirirlər
Hazırda Azərbaycanın mənzərəsi qlobal mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitin meydana çıxartdığı müəyyən çətinliklərin aradan qaldırılmasına və sosial-iqtisadi inkişafın ardıcıllığının təmin edilməsinə hesablanan yeni nəsil islahatların həyata keçirilməsi ilə səciyyələnir. Respublikamızda postneft dövrünün iqtisadiyyatının qurulması məqsədilə ciddi tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev yeni şəraitdə qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasını, yerli istehsalın və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən mühüm qərarlar qəbul edib, müvafiq Fərman və sərəncamlar imzalayıb.
Həyata keçirilən islahatları ümumiləşdirsək, deyə bilərik ki, ölkəmizdə yeni iqtisadi model formalaşır və burada vergi siyasətinin çevikliyinin təmin olunması da mühüm rol oynayır. Məlumdur ki, cari ilin əvvəlindən Vergi Məcəlləsinə bir sıra dəyişikliklər qüvvəyə minib. O cümlədən respublikamızda Vergilər Nazirliyi tərəfindən büdcə daxilolmalarının artırılması, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, vergi orqanlarının mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər olunması məqsədilə bir sıra ciddi tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev isə respublikamızda vergi islahatlarının perspektivdə daha da dərinləşdirilməsinə güclü siyasi iradə nümayiş etdirir. Qarşıya qoyulan məqsəd ölkədə vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünü azaltmaqdan, nəticədə isə iqtisadi aktivliyin yüksəlməsini təmin etməkdən ibarətdir. Prezident İlham Əliyev cari il avqustun 4-də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsinin və vergi inzibatçılığının daha da təkmilləşdirilməsinin zəruri olduğu bildirilir.
Yeri gəlmişkən, ekspertlər də bəhs olunan Sərəncamın ölkəmizdə vergi islahatlarının dərinləşdirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi baxımından böyük önəm daşıdığını xüsusi vurğulayıblar. Mövzu ilə əlaqədar qəzetimizə müsahibə verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov yeni iqtisadi şəraitdə respublikada iqtisadi aktivliyin artırılması, qeyri-neft sektorunda yerli istehsalın genişləndirilməsi məqsədilə ardıcıl və məqsədyönlü işlər görüldüyünü bildirib. A.Hüseynov vurğulayıb ki, hədəflənən nəticələrə nail olunması baxımından vergi sahəsində aparılan islahatlar müstəsna əhəmiyyətə malikdir. Fikirlərinə davam edən millət vəkili deyib: “İstənilən ölkədə iqtisadi münasibətlərin tənzimlənməsində vergi xidməti müstəsna rol oynayır. Bəhs olunan Sərəncamda çox haqlı olaraq vurğulanır ki, vergi orqanlarının yaranmasından ötən dövr ərzində aparılmış genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidmətinin formalaşdırılmasına nail olunub. Həyata keçirilən islahatların nəticəsində son 12 ildə respublikamızda vergi inzibatçılığı əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Bəhs olunan dövrdə ölkədə vergi menecmentinin müasirləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının vergi sisteminə tətbiqi sahəsində böyük uğurlar əldə olunub. Sərəncamda qeyd olunduğu kimi, hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 62 növ elektron xidmət göstərir ki, bu da vergi ödəyicilərinə operativ xidmət göstərilməsi, şəffaflığın təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Bundan başqa, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq vergi ödəyicilərinin maraqlarının təmin olunmasına, eyni zamanda, onların sosial məsuliyyətlərinin artırılmasına yönələn ardıcıl tədbirlər həyata keçirilir. Deyilənlərin təsdiqi kimi, mənfəət vergisinin, ƏDV-nin dərəcəsinin aşağı salınmasını, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizminin sadələşdirilməsini, kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilməsini xüsusi vurğulamaq mümkündür. Əsas məqam isə ondan ibarətdir ki, ölkənin vergi xidmətində səmərəli nəzarət mexanizmi qurulub. Prezident İlham Əliyevin ölkəmizdə müasir vergi sistemi qurulması ilə bağlı müəyyənləşdirdiyi strateji xəttin əsas qayəsi ondan ibarətdir ki, vergi ödəyiciləri ilə münasibətlər dövlət və biznesin qarşılıqlı maraqlarına söykənməlidir və kütləvi nəzarətdən partnyorluq əlaqələrinə çevrilməlidir. Bəhs olunan Sərəncamda nəzərdə tutulan məsələlər də bu strateji xəttə tam uyğundur”.
A.Hüseynov bildirib ki, Sərəncamda ölkəmizdə yaxın perspektivdə həyata keçiriləcək vergi islahatlarının əsas istiqamətləri müəyyənləşdirilib: “Biz yuxarıda son 12 ildə ölkəmizdə vergi xidmətinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə görülən işlərdən qısa söhbət açdıq. Ancaq nəzərə almaq lazımdır ki, zaman dəyişdikcə tələblər, meyarlar da dəyişir. Ölkəmiz yeni iqtisadi şəraitə keçib. Təbii ki, yeni dövr yeni yanaşma tələb edir. Hesab edirəm ki, Sərəncamda nəzərdə tutulan vergi islahatları ölkəmizdə iqtisadi aktivliyin təmin olunmasına öz müsbət təsirini göstərəcək.
Perspektivdə həyata keçirilməsi nəzərdə tutulan islahatların bir qismi vergi yükünü azaltmaqla və vergi inzibatçılığını təkmilləşdirməklə vergi ödəyicilərinin optimal gəlirliliyinin təmin olunmasına və investisiya mühitinin yaxşılaşdırılmasına hesablanıb. Buradan da aydın görünür ki, yeni islahatlar həyata keçirildikdə yenə də vergi ödəyicilərinin mənafeyi əsas götürüləcək. İslahatların bir qismi isə kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək, vergi yükünü optimallaşdırmaq məqsədi daşıyır. Bundan başqa, hesab edirəm ki, islahatlar paketində topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi də olduqca vacib məsələlərdəndir. Ümumiyyətlə, Sərəncamla nəzərdə tutulan islahatlar ölkəmizdə vergi xidmətinin yeni dövrün tələblərinə və inkişaf etmiş ölkələrin təcrübəsinə uyğunlaşdırılmasına zəmin yaradan mühüm məsələlərin geniş spektrini əhatə edir”.
“Əvvəla, qeyd etmək lazımdır ki, nəzərdə tutulan islahatlar ölkəmizin vergi sisteminin beynəlxalq praktikaya tam uyğunlaşmasına şərait yaradacaq. Digər tərəfdən, bəhs olunan Sərəncam vergi dərəcələrinin optimallaşdırılması baxımından da olduqca mütərəqqi sənəddir. Belə ki, burada nəzərdə tutulan islahatların reallaşması ölkədə vergi yükünün ciddi şəkildə azalmasına səbəb olacaq”. Bu fikri isə qəzetimizə açıqlamasında Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ifadə edib.
V.Bayramov açıqlamasında bəhs olunan Sərəncama əsasən perspektivdə həyata keçirilməsi nəzərdə tutulan vergi islahatlarının ayrı-ayrı istiqamətlərinin önəminə diqqət çəkib: “İslahatların bir istiqaməti beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələrinin tətbiq edilməsi ilə bağlıdır. Beləliklə, ƏDV-nin vahid dərəcəsi ləğv edilir və sektordan asılı olaraq fərqli dərəcələr tətbiq edilir. Differensial ƏDV dərəcələrinin tətbiqi olduqca vacibdir. Bu, prioritet sektorların inkişafını stimullaşdıracaq. Sektorların siyahısı və differensial dərəcələr 3 ay müddətində dəqiqləşdiriləcək.
Sərəncama əsasən, Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (“Tax free”) sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması nəzərdə tutulur ki, bu da olduqca vacibdir. Ölkəyə gələn və “tax free” tətbiq edilən mağazalarda alış-veriş edən turistlər ölkəni tərk edən zaman 18 faiz ƏDV-ni yalnız hava limanında deyil, digər sərhəd-buraxılış məntəqələrində də nağd şəkildə geri ala biləcəklər. Bu isə hər 1000 dollarlıq mal alan turistə 180 dolların geri qaytarılması deməkdir”.
V.Bayramov vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha təkmil müstəviyə gətirmək, vergi öhdəliklərini daha dəqiq müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan “vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (“Advance tax ruling”) qaydasının müəyyən edilməsinin də önəmini vurğulayıb. İqtisadçı ekspert bunun qabaqcıl dünya təcrübəsinə uyğun olduğunu deyib: “Advance tax ruling” inkişaf etmiş ölkələrdə istər fərdi vergi ödəyiciləri, istərsə də iri şirkətlər üçün vergiqoyma ilə bağlı konkret öhdəliklərin və razılaşmaların müzakirəsi və təsdiqi kimi geniş istifadə edilən alətlərdəndir. Bu zaman vergi ödəyicilərinin müraciəti əsasında vergi qurumları qanunvericilikdə olan istənilən istiqamət ilə bağlı yazılı izahatlar hazırlayıb təqdim edirlər. Bu baxımdan da burada məqsəd vergi orqanları ilə vergi ödəyicilərinin münasibətlərini təkmilləşdirməkdən ibarətdir.
Kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması da ölkəmizdə vergi inzibatçılığının təkmilləşdirilməsinə xidmət edir. Bu, o deməkdir ki, vergi orqanları kameral yoxlamaları yalnız vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün ərzində apara bilərlər. Məsələn, sahibkar vergi bəyannaməsini təqdim edibsə və növbəti 30 gün ərzində vergi orqanları həmin sahibkarlıq subyektində kameral yoxlama aparmayıblarsa, daha sonra onların həmin sahibkar ilə bağlı sözügedən yoxlamanı aparmaq hüququ yoxdur”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 886 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31