Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan məhsulları yeni bazarlara çıxarılacaq

Azərbaycan məhsulları yeni bazarlara çıxarılacaq

13.10.2016 [10:03]

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən Qaydada xarici ölkələrə ixrac missiyalarının təşkilinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə və bu kimi digər tədbirlərə dövlət dəstəyinin geniş spektri öz əksini tapıb
Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkəmizdə yaxın perspektivdə neftdən asılılığı tamam aradan qaldırmaqdan, qeyri-neft sektorunda istehsalı əhəmiyyətli dərəcədə genişləndirməkdən və bu əsasda yeni ixrac imkanları yaratmaqdan ibarətdir. Ölkəmiz bu yolla neft gəlirlərinin azalmasını kompensasiya etmək və bundan sonra da inkişafın ardıcıllığına nail olmaq niyyətindədir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün respublikamızda Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə əsasında ciddi islahatlar həyata keçirilir. Aparılan fundamental islahatlar kontekstində ölkədə yeni ixrac imkanlarının yaradılmasının, yüksək keyfiyyətli məhsullarımızın yaxın və uzaq xarici bazarlara çıxarılmasının təşviq edilməsinin, bu məqsədlə hüquqi bazanın möhkəmləndirilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Elə bu günlərdə Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq Fərman imzalayıb.
Bəhs olunan Qayda xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmini müəyyən edir. Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qaydada müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna isə Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər malikdirlər. Fərmana əsasən, Qaydada müəyyənləşdirilən dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 3 (üç) milyon manat ayrılıb.
İxraca dəstək tədbirlərinin qeyri-neft sektorunda buraxılan məhsullara şamil edilməsi ölkəmizin reallıqları ilə bağlıdır
Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qayda xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 27-ci mal qrupuna (mineral yanacaq, neft və onların qovulma məhsulları, bitum tərkibli maddələr, mineral mumlar) daxil olan məhsullara şamil edilmir. Qeyd olunanlardan da göründüyü kimi, Qaydada nəzərdə tutulan dəstək tədbirləri qeyri-neft sektorunda buraxılan məhsullara şamil edilir ki, bu da ölkəmizin reallıqları ilə bağlıdır. Belə ki, son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublikamızda qeyri-neft sektorunda geniş çeşidli məhsul istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb və yeni ixrac imkanları yaranıb. Bu barədə söhbət açarkən son illərdə respublikamızda qeyri-neft sənayesinin potensialının artmasını xüsusi qeyd etmək lazımdır. Son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Cari ilin 9 ayında ölkənin sənaye istehsalının artım dinamikası 3,6 faiz olmaqla əsasən qeyri-neft sənayesində müşahidə edilib. Qeyri-neft sənayesində belə artım böyük ümidlər yaradır. Ölkəmizdə qeyri-neft sənayesi sektorunda bir sıra iri layihələr icra edilir. Eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcək. İri layihələr arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri xüsusi qeyd etmək mümkündür. Burada SOCAR Polimer kompleksinin tikintisinə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə yönəldilir. Müəssisənin iki ildən sonra məhsul istehsalına başlayacağı proqnozlaşdırılır. Polimer kompleksinin işə düşməsi sayəsində respublikamızın yeni ixrac imkanları yaranacaq. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Yeni müəssisədə buraxılan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara çıxarılacaq.
Azərbaycanın yeni ixrac imkanlarının yaradılması baxımından geniş potensiala malik kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsi böyük aktuallıq kəsb edir. Azərbaycan yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malikdir.
Mütəxəssislərin qənaətinə görə, Azərbaycanın xarici bazarlarda artıq yaxşı tanınan tərəvəzlə və müxtəlif növ meyvələrlə təmsil olunması ölkəmizə valyuta daxilolmalarının artmasına müsbət təsir göstərəcək. Qəbələ fındıq emalı müəssisəsində emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukraynaya ixrac edilir. Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Ümumiyyətlə, son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir. Rayonda bir neçə nar qəbulu məntəqələri fəaliyyət göstərir. “AzNar” QSC-nin nar qəbulu məntəqələri də artıq fəaliyyətə başlayıb. Müxtəlif çeşiddə nar, heyva, alma və üzüm şirələri istehsal edən “AzNar” zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Azərbaycan xarici bazarlarda həmçinin Astarada, Lənkaranda yetişdirilən yüksək keyfiyyətli sitrus meyvələri, Quba alması və digər məhsullarla təmsil olunur. Respublikamızda tərəvəzçilik də ixrac yönümlü məhsul istehsalının genişləndirilməsi prinsipi əsasında inkişaf etdirilir. Son illərdə Şəmkir rayonunda və digər bölgələrdə fəaliyyətə başlayan müasir təsərrüfatlardan Rusiyanın istehlak bazarlarına getdikcə daha böyük həcmlərdə tərəvəz göndərilir.
Cari ilin əvvəlindən etibarən isə respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılıq, tütünçülük, baramaçılıq kimi sahələrin şöhrəti geri qaytarılır. Cari mövsümdə respublikanın 24 rayonunda 50 min hektardan artıq sahədə pambıq becərilib və 100 min ton məhsul yığılması planlaşdırılır. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub. Cari ildə respublikamızda 2500 hektarda tütün əkilib və növbəti illərdə tütün əkilib-becəriləcək sahələr daha da genişləndiriləcək.
Azərbaycanda səmərəli ixracın təşviqi sistemi yaradılır
Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Azərbaycan qeyri-neft sektorunda istehsal və ixrac imkanları kifayət qədər geniş olan ölkədir. Ekspertlər xarici bazarlarda geniş təmsil olunmaq üçün ixracın təşviqi sisteminin yaradılmasının böyük önəm daşıdığını diqqətə çatdırırlar. Qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov belə bir cəhəti xüsusi olaraq vurğulayıb ki, hazırda dünyada ixrac bazarları uğrunda sərt rəqabət gedir. İri şirkətlər yeni ixracatçıların bazarlara daxil olmalarına böyük əngəllər yaratmağa çalışırlar. A.Hüseynov deyib ki, bəhs olunan Fərmanla təsdiqlənən Qaydada xarici istehlak bazarlarının öyrənilməsinə, həmin bazarlarda “Made in Azerbaijan” brendinin tanıdılmasına və bu kimi digər məqsədlərə dövlət dəstəyinin geniş spektri öz əksini tapıb.
A.Hüseynov son vaxtlar ölkəmizdə ixracın təşviq olunmasına sistemli şəkildə yanaşıldığına diqqət çəkərək bildirib: “İxracın təşviqi məqsədilə həm xarici ölkələrdə logistik mərkəzlər yaradılır, həm də hüquqi baza ardıcıl olaraq möhkəmləndirilir. Cari ildən ölkəmizdə yeni dövrün tələbinə uyğun olaraq ixracın təşviqi sisteminin işə salınması böyük əhəmiyyət daşıyır. Dövlət başçısının imzaladığı yeni Fərman ölkəmizdə ixracın təşviqi ilə bağlı növbəti, daha məhsuldar və konkret hədəflərə hesablanan mərhələnin başlandığını deməyə əsas verir. Fərmanla təsdiqlənən Qaydada ixrac missiyasının təşkilinə, bazar araşdırılmasına, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinə, ixracatçıların xarici ölkələrdə patent və sertifikat almalarına, tədqiqat-inkişaf proqramlarına dəstək tədbirləri və onların reallaşdırılması mexanizmləri öz əksini tapıb. Şübhə yoxdur ki, nəzərdə tutulan tədbirlərin reallaşdırılması son nəticədə yerli məhsulların ixracının genişləndirilməsi ilə bağlı hədəflənən nəticələrin əldə olunmasına yeni imkanlar yaradacaq”.
Azərbaycanın xarici bazarlarda təmsil olunmaq imkanları daha da artacaq
Milli Məclisin deputatı Tahir Mirkişili də dövlət başçısının imzaladığı Fərmanın ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Bəhs olunan Fərmanı yeni iqtisadi şəraitdə ölkəmizdə aparılan islahatların davamı kimi dəyərləndirən millət vəkili vurğulayıb: “Azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatlar, ölkə Prezidentinin sənayenin, kənd təsərrüfatının inkişafı ilə bağlı atdığı düşünülmüş, qətiyyətli və gələcəyə yönəlik addımlar yaxın gələcəkdə respublikada istehsalın həcmini artıracaq, məhsul çeşidini zənginləşdirəcək və bu, davamlı bir prosesə çevriləcəkdir. Ölkəmizdə idxalı əvəzləyən, eyni zamanda, ixracın artmasına geniş perspektivlər yaradan iqtisadiyyat qurulur. Deməli, paralel şəkildə ixrac bazarları da genişləndirilməlidir ki, dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qayda da məhz buna - Azərbaycanın ənənəvi bazarlarda yerini möhkəmlətməyə və yeni ixrac bazarlarına çıxmasına hesablanıb. Təbii ki, istehsalın həcmi artdıqca qarşıya məhsulların satış bazarlarınn tapılması ilə bağlı mühüm məsələlər çıxır. Dünya ölkələrinin bir çoxunda milli brendlərə xaricdə etimad qazanmaq üçün mühüm dövlət dəstəyi göstərilir və belə dəstək artıq öz effektivliyini sübut etmişdir. Belə uğurlu təcrübənin Azərbaycanda da tətbiqi həm ixracatçılara böyük dəstəkdir, həm də bütövlükdə milli maraqlarımıza xidmət edir. Brendlərdən asılı olmayaraq ölkəyə, onun keyfiyyətə nəzarət sistemlərinə inamın yaradılması əldə oluna biləcək ən yaxşı uğurdur. Dövlətin bu məsələyə dəstəyi və qayğısı Azərbaycanda dövlət-özəl sektor-vətəndaş əməkdaşlığının bariz nümunəsidir”.
Ölkəmizdə ixracın təşviqinə, xaricdə “Made in Azerbaijan” brendinin tanıdılmasına dövlətin nümayiş etdirdiyi siyasi iradəni yüksək dəyərləndirən T.Mirkişili sahibkarların məsuliyyəti məsələsinin də aktual olduğuna diqqət çəkib: “Bu məsələdə sahibkarların da üzərinə böyük məsuliyyət düşür. “Made in Azerbaijan” brendlərinə yaranacaq etimad istehsal olunan məhsulun keyfiyyəti, beynəlxalq standartlara cavab verməsi, müştərilərə göstəriləcək xidmətlərin yüksək səviyyədə olması və güclü marketinq fəaliyyəti ilə müşayiət olunmalıdır. Bu mənada sahibkarların da dövlət ilə eyni nöqtəyə vurması çox önəmlidir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1048 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31