Azərbaycanın regionlarında sənaye məhəllələrinin yaradılması uğurla həyata keçirilir
02.11.2016 [09:52]
Prezident İlham Əliyev: Sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr bizə böyük xeyir gətirəcək
Son 13 ildə müstəqil Azərbaycanın dinamik sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm cəhətlərdən biri ölkənin müasirləşdirilməsi və bu strateji kursa uyğun olaraq modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin aparılması ilə bağlıdır. Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma və neft emalı sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, yeni qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən, ölkəmiz üçün rəqabətqabiliyyətli ixrac imkanları yaradan yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib.
Məqsədyönlü sənayeləşmə siyasəti öz bəhrəsini verir
Son illərdə Azərbaycan respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə respublikamız təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2015-ci ildə 50 faizədək yüksəlib. 2004-2015-ci illərdə respublikamızda tikinti materialları istehsalı 2,5, elektrik avadanlıqları istehsalı 2,1, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 100-dən artıq sənaye layihəsi maliyyələşdirilib. Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. 2015-ci ildə respublikamızda 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iriqabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb. Bütövlükdə il ərzində ölkədə sənaye məhsulu istehsalı 2,4 faiz artıb.
Sənaye sektorunda inkişaf tendensiyası 2016-cı ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğulayıb ki, biz həmişə olduğu kimi, bu il də ölkəmizin sənaye potensialının inkişafına böyük diqqət göstərmişik və bir neçə sənaye parkının yaradılması istiqamətində işlər gedir. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir. Belə ki, cari ilin əvvəlindən bəri ölkənin qeyri-neft sənayesində 3,6 faizdən çox artım müşahidə edilib ki, bu da indiki çətinliklər fonunda olduqca yaxşı göstəricidir.
Azərbaycanın sənaye quruculuğu ilə bağlı planları isə daha genişdir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq yeni şəraitdə sənayeni, ələlxüsus da qeyri-neft sənayesini inkişaf etdirməklə respublikamızın istehsal və ixrac imkanlarını artırmaqla bağlı konkret hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev neft gəlirlərimizin azalmasının kompensasiya edilməsinin mühüm vasitələrindən birinin məhz sənaye inkişafı ilə bağlı olduğunu nəzərə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, neft ixracının azaldılmasını biz qeyri-neft ixracı ilə əvəzləməliyik. Bu sahədə sənaye və kənd təsərrüfatı əsas istiqamətlərdir. Prezident İlham Əliyev sənaye sektorunda həyata keçirilən layihələrin ölkəmizə böyük fayda gətirəcəyini vurğulayıb: “Sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr bizə böyük xeyir gətirəcək. Minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq və biz qeyri-neft ixracımızı artıracağıq. Əsas məsələ bundan ibarətdir”.
Regionlarda müasir müəssisələrin yaradılması ilə ölkənin sənaye xəritəsi yenilənir
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri məhz ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Deyə bilərik ki, regionlarda müasir müəssisələrin yaradılması ilə ölkənin sənaye xəritəsi yenilənir. Prezident İlham Əliyev ölkəmizdə regional sənaye quruculuğunun uğurla getdiyinə diqqət çəkərək deyib: “Bölgələrdə sənaye zonalarının yaradılması prosesi gedir. Artıq Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisi başlamışdır. Masallıda sənaye zonasının yaradılması işi gedir. Digər rayonlarda da bu istiqamətdə işlər getməlidir”.
Qeyd edək ki, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənaye sahəsinin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Prezident İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb.
Regional sənaye quruculuğuna göstərilən yüksək siyasi iradəyə uyğun olaraq hazırda respublikanın ayrı-ayrı bölgələrində sənaye məhəllələrinin yaradılması istiqamətində intensiv iş aparılır. Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyır. Ötən ilin ikinci yarısında Neftçala Sənaye Məhəlləsinin inşasına start verilib. Sənaye Məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək. Artıq Neftçalada yaradılan sənaye məhəlləsinin birinci mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb. Qısa müddətdə inzibati binada, ümumi sahəsi 7779 kvadratmetr olan 4 istehsal blokunda və bütün zəruri infrastrukturun tikintisində işlərin əksəriyyəti başa çatıb.
Hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarların qeyri-neft sənayesi üzrə layihə təkliflərinin qəbulunu davam etdirir. Eyni zamanda, Neftçala Sənaye Məhəlləsinin iştirakçılarına və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara bank, sığorta, hüquq və s. xidmətlərin göstərilməsində maraqlı olan hüquqi və fiziki şəxslərin də layihə təklifləri qəbul olunur. Müasir tələblərə cavab verən daha bir sənaye məhəlləsi “Karvan-L” şirkəti tərəfindən Ağstafada yaradılır. Prezident İlham Əliyev bir qədər bundan əvvəl “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib. Ümumi dəyəri 12,5 milyon manat olan “Karvan-L Eko” sənaye parkında müasir texnologiyalara əsaslanan üzvi kimya məhsullarının istehsalı, meyvə və tərəvəzin emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələri, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması və qablaşdırılması, soyuducu anbar kompleksi, həmçinin 200 hektar ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması nəzərdə tutulur. Layihənin icra edilməsi nəticəsində 300 nəfər işlə təmin olunacaq, mövsümi işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir. Bakı-Qazax avtomobil yolunun kənarında inşası nəzərdə tutulan sənaye parkının ərazisində abadlıq və yaşıllıq işləri aparılacaq, gələcəkdə yeni hotel infrastrukturu yaradılacaq. Müəssisə ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və kompleksin işçiləri ilə görüşən Prezident İlham Əliyev Azərbaycanın regionlarında ixrac yönümlü istehsalatların yaradılmasından məmnunluğunu ifadə edərək deyib: “Biz artıq nəinki kənd təsərrüfatı məhsullarını, hətta mebeli də xaricə, özü də Avropa ölkələrinə ixrac edirik. Bu, bir göstəricidir. Belə müəssisələrin Bakıda yox, bölgələrdə yaradılması regional inkişaf proqramının tərkib hissəsidir”.
Növbəti Sənaye Məhəlləsi isə Masallıda yaradılacaq. Prezident İlham Əliyev cari il iyunun 13-də “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Masallı rayonunda Masallı Sənaye Məhəlləsinin yaradılması qərara alınıb.
Mingəçevir Sənaye Parkı yeni ixrac imkanları yaradacaq
Azərbaycanın regional sənaye quruculuğu ilə bağlı strateji hədəflərinə uyğun olaraq respublikamızda 4 sənaye mərkəzi formalaşdırılacaq. Bakı Cənubi Qafqazın sənaye mərkəzi kimi özünü çoxdan təsdiqləyib. Sumqayıt şəhəri də regionun iri sənaye mərkəzlərindən biridir. Perspektivdə isə Gəncə və Mingəçevir şəhərlərinin sənaye potensialını daha da artırmaq qarşıya mühüm vəzifə kimi qoyulub. Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimindən sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bəhs olunan strateji hədəf barədə fikirlərini ifadə edərək bildirib: “Eyni zamanda, Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq”.
Respublikamızda sənayenin yeni regional strukturunun formalaşdırılması baxımından dövlət başçısının ötən il imzaladığı “Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Fərmanı və Mingəçevir Sənaye Parkının yaradılması, bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında müvafiq sərəncamları da mühüm əhəmiyyət daşıyır. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub.
Yeni Sənaye Parkı ölkədə pambıqçılığın, tekstil sənayesinin və bir sıra digər sahələrin inkişafına güclü təkan verəcək.
Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Mingəçevir Sənaye Parkının texniki göstəriciləri kifayət qədər yüksəkdir. Yeni istehsalat 120 min kvadratmetr ərazidə təşkil ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək. Corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək. Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən başqa, Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq. Toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılacağını nəzərə alsaq, o zaman Sənaye Parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünür. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək. Yeni Sənaye Parkında əsasən ixracyönümlü məhsullar buraxılacaq. O da əlamətdar haldır ki, Mingəçevir sənaye parkında buraxılacaq məhsullar üçün bazarlar axtarmağa xüsusi ehtiyac olmayacaq. Belə ki, sənaye parkında buraxılacaq məhsullara dünya birjalarında böyük tələbat var.
Yerli xammalla işləyəcək müəssisələr regionlarda aqrar sektorun inkişafına əlavə impuls verəcək
Mingəçevir Sənaye Parkında qurulacaq müəssisələr əsasən yerli xammal hesabına fəaliyyət göstərəcək ki, bu da regionlarda iqtisadi aktivliyin təmin olunması, aqrar sektorda pambıqçılıq, baramaçılıq kimi strateji əhəmiyyətli sahələrin inkişafına daha güclü stimul yaradacaq. Məlum olduğu kimi, cari ilin əvvəlindən etibarən respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılığın şöhrəti geri qaytarılır. Cari mövsümdə respublikanın 24 rayonunda 50 min hektardan artıq sahədə pambıq becərilib və 100 min ton məhsul istehsalı gözlənilir. Gəlirli sahə olan baramaçılıqla bağlı da eyni sözləri demək mümkündür. Cari ilin əvvəlindən həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində ölkədə barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub. Ölkə daxilində istehsal olunan bu qəbildən məhsullardan Mingəçevir Sənaye Parkında xammal kimi istifadə olunacaq. Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkında görüləcək işlərin həm kənd təsərrüfatı, həm də sənaye sahələrini birləşdirməsini vacib məqam kimi dəyərləndirərək deyib: “Sevindirici hal ondan ibarətdir ki, Mingəçevir Sənaye Parkının xammal bazasının əsas hissəsi Azərbaycanda yaradılacaq. Beləliklə, bu fabriklərin fəaliyyəti kənd təsərrüfatına da çox güclü dəstək olacaq. Bizim əsas məqsədimiz bu gün kənd təsərrüfatının, sənayenin inkişafına nail olmaq və bu inkişafı daha da sürətləndirməkdir. Ona görə bu Sənaye Parkında görüləcək işlər həm kənd təsərrüfatı sahəsini, həm də sənaye istehsalı sahəsini birləşdirir. Əslində, bu park bizim siyasətimizi özündə əks etdirir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23

