Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yaxın aylarda dünya birjalarında dolların məzənnəsi necə dəyişəcək?

Yaxın aylarda dünya birjalarında dolların məzənnəsi necə dəyişəcək?

12.11.2016 [01:01]

Vüqar Bayramov: Trampın təbrik çıxışı qlobal maliyyə bazarlarında yenidən stabilləşməyə səbəb olub
Nüfuzlu iqtisadçıların maliyyə bazarlarını siyasi və iqtisadi müstəvidə baş verən proseslərin lakmus kağızı kimi səciyyələndirmələri son hadisələrin fonunda bir daha özünü doğrultmaqdadır. Söhbət dünyanın əksər ölkələrinin iqtisadi-maliyyə çevrələrinə güclü təsir göstərmək iqtidarında olan ABŞ dollarının kursunun gah sıçrayışla qalxmasından, gah da verilən proqnozlara rəğmən kəskin aşağı düşməsindən gedir.
Məlum olduğu kimi, bir qədər bundan əvvəl Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı aparılan müzakirələr dolların həssaslığına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu baxımdan Federal Ehtiyatlar Sisteminin (FES) son iclasında çıxarılan qərar da istisna olmadı. Məlum olduğu kimi, FES iki gün davam edən son iclasında uçot dərəcəsini dəyişməyərək 0,25-0,5 faiz səviyyəsində saxlayıb. Federal Ehtiyatlar Sisteminin bəhs olunan qərarı dünya bazarında dolların aparıcı valyutalara nisbətən yenidən ucuzlaşmasına səbəb oldu. Əgər FES-in iclasından öncə 1 avro 1,089 dollar idisə, məlum qərar elan olunduqdan sonra 1 avronun dəyəri 1,112 dollaradək yüksəlib. FES-in iclasından sonrakı ilk günlərdə ABŞ dollarının digər əksər dönərli valyutalara nisbətən də ucuzlaşması qeydə alınıb. Ekspertlər FES-in məlum qərarından sonra qlobal məkanda bir sıra adekvat proseslərin getdiyinə diqqət çəkiblər. Qəzetimizə açıqlama verən İqtisadi və Sosial İnovasiyalar Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, FES-in uçot stavkasını dəyişməməsi strateji məhsulların qiymətindəki azalma tendensiyasının dayanmasına səbəb olub. Bu addımdan sonra dolların kəskin bahalaşmayacağı ilə bağlı proqnozlar investorların valyuta bazarlarındakı yatırımlarına təsir göstərib.
Trampın qələbəsi ilk günlərdə dünya iqtisadiyyatında şok effekti yaradıb
ABŞ-da keçirilən son prezident seçkilərinin nəticələri də dolların kursuna təsirsiz ötüşməyib. Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsi elan olunduqdan sonra ABŞ dolları avroya və bir sıra digər dönərli valyutalara nisbətdə yenidən dəyər itirməyə başlayıb. Belə ki, seçkilərin səhərisi gün birjalarda avronun dollara nisbətdə məzənnəsi 2,2 faiz yüksələrək 1,1270 ABŞ dollarına çatıb. Eyni zamanda, dollar yapon ieninə qarşı 3 faiz, İsveçrə frankına qarşı isə 2 faizdən artıq dəyər itirib. Son günlərdə 1 dollar 0,9583 franka dəyişdirilir. 101,76 ien isə 1 ABŞ dollarına bərabərdir.
Bəs D.Trampın seçkilərdə qələbə çalması ilə dolların kursunun aşağı düşməsi arasında müşahidə edilən tərs mütənasiblik nə ilə bağlıdır? Ekspertlər ABŞ-da baş tutan prezident seçkiləri ilə dolların kursunun dəyişməsində bağlılıq axtarırlar. Seçkilərdən öncə ABŞ-da Federal Ehtiyat Sisteminin dekabrda uçot dərəcəsini artıracağı ilə bağlı ehtimallar güclü idi. Proqnozlara rəğmən, Trampın seçkiləri udması belə ehtimalları azaldıb. Beləliklə də, avronun və bir sıra digər dönərli valyutaların məzənnəsi yüksəlib. Qeyd etmək yerinə düşər ki, hazırda analitiklər FES-in dekabrdakı iclasında faiz dərəcəsini yüksəltmək ehtimalını 50 faiz səviyyəsində dəyərləndirirlər. Halbuki, seçkilərə qədər investorlar FES-in dekabrda keçiriləcək iclasında faiz dərəcələrinin yüksəlmə ehtimalının 80 faizə bərabər olduğunu bildirirdilər.
Trampın qələbəsindən sonra dolların bəzi valyutalara nisbətdə bahalaşması da ciddi müzakirələrə yol açıb. Məsələn, Meksika pesosu dollara nisbətdə 11 faiz ucuzlaşıb. Bu, son 20 ilin rekord göstəricisi sayılır. Kanada dolları isə ABŞ dolları ilə müqayisədə 1,4 faiz dəyərdən düşüb. Analitiklər bunu D.Trampın seçkiöncəsi təbliğat kampaniyası çərçivəsində etdiyi çıxışlarında Meksika və Kanada ilə azad ticarət zonasının ləğv ediləcəyini açıq şəkildə dilə gətirməsi ilə əlaqələndirirlər.
Deyilənlər kontekstində bir daha aydın olur ki, ABŞ-da cərəyan edən proseslər, verilən siyasi qərarlar qlobal miqyasda bu ölkənin dönərli valyutasına inamın artıb-azalmasına da təsirsiz ötüşmür.
İqtisadçı-ekspert Vüqar Bayramov da Trampın qələbəsinin elan olunmasının dünya iqtisadiyyatında şok effekti yaratdığını bildirib: “Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib elan olunduqdan sonra Asiya ölkələrinin valyutalarında, eləcə də səhmlərində azalmalar müşahidə olundu. Asiyada səhmlərin dəyəri təxminən 5 faiz aşağı düşdü. Eyni zamanda, neftin qiymətində 3,5 faiz azalma oldu. İnvestorlar qızıl bazarına üz tutmağa başladılar və nəticədə, bu qiymətli metalın dəyəri artdı. Bütün bunlar isə qlobal iqtisadiyyat üçün şok sayıla biləcək təsirlərdir”.
Yaxın perspektivdə qlobal iqtisadiyyatda və dolların məzənnəsində kəskin dəyişikliklər gözlənilmir
Amma ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp dünya bazarında ehtirasların çox da gərginləşməsinə və qeyri-müəyyənliyin uzun müddət davam etməsinə imkan verməyib. V.Bayramov qəzetimizə açıqlamasında bu cəhətin üstündə xüsusi dayanıb: “Trampın təbrik çıxışı qlobal maliyyə bazarlarında yenidən stabilləşməyə səbəb olub. Neftin qiymətində azalma tendensiyası dayandı. Asiya və Latın Amerikası ölkələrinin səhm bazarı xeyli dərəcədə stabilləşdi. Əslində, Trampın ilk çıxışı onun seçkiqabağı çıxışından fərqli bir açıqlama oldu. O, ölkəsinin mövcud siyasətini davam etdirəcəyini nəzərə çatdırdı. Güman olunur ki, Trampın seçilməsi Amerika Birləşmiş Ştatlarının siyasətinin kəskin dəyişməsinə gətirib çıxarmayacaq”.
Fikirlərinə davam edən V.Bayramov Trampın ABŞ-ın prezidenti seçilməsinin dünya iqtisadiyyatına ehtimal olunan təsirləri barədə də söhbət açıb. O deyib: “Zənnimcə, Trampın ABŞ prezidenti seçilməsi dünya bazarına ilkin olaraq təsir göstərsə də, gələcəkdə qlobal iqtisadiyyatda kəskin dəyişikliklər müşahidə olunmayacaq. Təbii ki, Trampın gələn il yanvar ayından hansı siyasəti həyata keçirəcəyi də çox əhəmiyyətlidir. Tramp mövcud siyasəti davam etdirəcəksə, neftin, eləcə də dolların qiyməti qorunub saxlanacaq. Əgər Tramp seçkiqabağı kampaniyada elan etiyi kimi, Latın Amerikası ölkələrinə, Venesuelaya, Meksikaya münasibətdə daha sərt siyasət həyata keçirəcksə, o zaman neftin qiymətində azalmalar müşahidə oluna bilər. Amma Tramp ilk çıxışından sonra dünya bazarında investorlar arasında yaşanan şok effektini aradan qaldırdı. Güman olunur ki, yanvar ayına kimi mövcud stabillik qorunub saxlanacaq.
Bu baxımdan, yaxın aylarda qlobal maliyyə və əmtəə bazarında daha çox stabilləşmənin olacağı gözlənilir. Buna görə də dolların dünya bazarındakı mövqeyində hələlik ciddi dəyişikliklərin olacağı gözlənilmir. Təbii ki, FES-in dekabr ayına planlaşdırılan yığıncağında uçot stavkası ilə bağlı verilən qərar da dolların gələcək məzənnəsini müəyyənləşdirən faktorlardandır”.
Sonda iqtisadçı ekspert ABŞ-la Azərbaycan arasında gələcək əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edib. O bildirib ki, son seçkilərdən sonra Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin genişlənəcəyi gözlənilir: “Azərbaycan bütün aparıcı dövlətlər ilə qarşılıqlı əməkdaşlıq və fayda əsasında öz siyasətini qurur. Bu baxımdan, Azərbaycan ilə ABŞ arasındakı strateji əməkdaşlıq siyasətinin davam edəcəyi gözlənilir. Digər tərəfdən, son təhlillər də göstərir ki, Respublikaçılar Partiyası ABŞ-da hakimiyyətdə olan dönəmlərdə iki ölkə arasındakı münasibətlər daha da çox inkişaf edir. Buna görə gələn ildən iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə böyük əminlik var”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 861 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31