Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda İKT sektorunun dinamik inkişafı informasiya cəmiyyətinə uğurlu keçidi təmin edir

Azərbaycanda İKT sektorunun dinamik inkişafı informasiya cəmiyyətinə uğurlu keçidi təmin edir

15.11.2016 [17:13]

Yer üzündə ilk sivilizasiyaların bərqərar olduğu ta qədim dövrlərdən başlayaraq qəbilələr, tayfalar, ibtidai dövlətlər arasında müxtəlif məzmunlu əlaqələr qurulub. Hələ texnikanın icad edilmədiyi zamanlarda bir məkandan başqa bir məkana vacib xəbərlər və baratlar dəvə karvanları, qasidlər, çaparlar və yaxud xüsusi elçilər vasitəsilə göndərilərdi. Öyrədilmiş quşlar, ələlxüsus da göyərçinlər uzaq məsafələri yaxın edərək dimdiklərində daşıdıqları və yaxud ayaqlarına bağlanılan məktublarla insanların ünsiyyət ehtiyaclarını ödəyirdilər. Tariximizi yaşadan "Kitabi-Dədə Qorqud" dastanlarımızı xatırlayaq. Əcdadlarımız öz sevinc və kədərlərini, el-obaya çağırışlarını uca dağ zirvələrində yandırdıqları tonqallarla ifadə ediblər.
Zamanın axarı, hər dövrün özünəxas inkişafı insanlar arasında ünsiyyətin formasına, intensivliyinə də da öz təsirini göstərib. Bu gün qlobal miqyasda yaranan çağırışlar daha çox dərəcədə informasiya-kommunikasiya texnologiyaları ilə bağlıdır. Çox haqlı olaraq informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi cəmiyyətlərin, ölkələrin, bütövlükdə qlobal səviyyədə inkişafın əsas göstəricilərindən biri qismində qəbul edilir.
135 illik tarixə malik Azərbaycan rabitəsinin yüksək inkişaf səviyyəsi qürur doğurur
Azərbaycan ərazisində dövlət səviyyəsində poçt rabitəsinin əsası 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən qoyulub.  Respublikamızda rabitənin rəsmi tarixi isə 1881-ci ildən hesablanır. 1881-ci ilin yanvarında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və həmin ilin 18 fevral tarixində çəkilişə icazə verilib.  1881-ci ilin 23 noyabr  tarixində istismara verilən bu xəttin uzunluğu 6 kilometr olmaqla cəmiyyətin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirirdi. 
Həmin tarixdən ötən 135 ildə Azərbaycan rabitəsi uzun yol keçərək yüksək texniki imkanlara malik müasir inkişaf səviyyəsinə yüksəlib. Azərbaycan Demokratik Respublikası hökumətinin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb, 1920-ci ildə Azərbaycanda bolşeviklərin hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf Komissarlığı, 1953-cü ildə isə Azərbaycan SSR Rabitə Nazirliyi formalaşdırılıb. Azərbaycan rabitəsinin inkişaf mərhələlərindən söhbət açarkən xalqımızın Ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dönəmlərdə Onun bu vacib sahəyə göstərdiyi diqqət və qayğının önəmini xüsusi qeyd etmək lazımdır. Bütün sahələrdə Azərbaycanın gələcək inkişafının fundamental əsaslarını yaradan Ulu öndər keçmiş ittifaq miqyasındakı böyük nüfuzundan istifadə edərək ötən əsrin 70-80-ci illərində mərkəzi büdcədən Azərbaycanda rabitə obyektlərinin inşasına, yeni texnologiyaların gətirilməsinə, kadrların hazırlanmasına kifayət qədər böyük həcmlərdə maliyyə vəsaitinin ayrılmasına nail olurdu. Ümummilli lider Heydər Əliyevin strateji sahə kimi dəyərləndirdiyi rabitə sahəsinin inkişafına göstərdiyi qayğı qısa müddətdə əldə olunan uğurlarda öz əksini tapdı. 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmışdı.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə gəldikdən sonra Onun respublikamıza rəhbərlik etmədiyi illərdə diqqətdən kənarda qalan və sözün əsl mənasında axsayan rabitə sektoruna yeni nəfəs verdi. Hər sahədə Heydər Əliyev siyasətini davam etdirib daha da zənginləşdirməyi Özünün əsas vəzifəsi kimi bəyan edən Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində respublikamızda 2004-cü ildən etibarən rabitə sektorunun yeni inkişaf mərhələsi başlayıb. Son 13 ildə ölkəmizdə İKT sektorunun üstün inkişafının təmin olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən çoxsaylı Fərman və sərəncamlar imzalanıb. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2013-cü il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunub. Prezident İlham Əliyevin 2004-cü il 20 fevral tarixli müvafiq Fərmanı ilə Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb. 2005-ci ildə "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2014-cü il 7 mart tarixində isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılması haqqında müvafiq Sərəncam imzalayıb. Bütün bunlar bir tərəfdən Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının, digər tərəfdən isə respublikamızda informasiya cəmiyyətinə səmərəli keçidin təmin olunmasına, sektorda müasir innovasiyaların tətbiqinə daha geniş miqyasda nail olunmasına dövlət tərəfindən nümayiş etdirilən siyasi iradənin təsdiqidir.
Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul edən ilk ölkədir
Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul edən ilk dövlətdir. Ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" respublikamızda İKT sahəsində yeni bir mərhələnin - ciddi keyfiyyət göstəriciləri ilə fərqlənən informasiya cəmiyyətinə keçidin əsasını qoydu. Sonrakı mərhələdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən Dövlət proqramları ölkəmizdə İKT sektorunun inkişafına və informasiya cəmiyyətinə keçidin təmin olunmasına güclü hüquqi baza yaradıb. Bəhs olunan Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilib, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilib.
Ölkəmizdə informasiya cəmiyyətinə keçidin təmin olunmasına göstərilən yüksək siyasi iradənin təzahürü olaraq Prezident İlham Əliyevin 2014-cü il 2 aprel tarixli müvafiq Sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 –2020-ci illər üçün Milli Strategiya" təsdiqlənib. Prezident İlham Əliyevin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə isə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı" qəbul edilib.
Deyilənlərdən bir daha aydın olur ki, ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, İKT sektorunun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin perspektiv inkişaf hədəflərinə hesablanmış məqsədyönlü siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır.
"Elektron hökumət" layihəsinin reallaşdırılması informasiya cəmiyyətinə uğurlu keçidin mühüm göstəricisidir
Ölkəmizdə İKT sektorunun üstün inkişafının təmin edilməsinin və informasiya cəmiyyətinə uğurlu keçidin konkret təzahürünü həmçinin "Elektron hökumət" layihəsinin uğurla reallaşdırılmasında görmək mümkündür. Ölkəmizdə "Elektron hökumət"in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla "Elektron hökumət" layihəsinin uğurla həyata keçirilməsinə möhkəm hüquqi baza yaradılıb. "Elektron hökumət" layihəsi ölkəmizdə "vahid pəncərə" prinsipi ilə reallaşdırılır. Respublikamızda 2012-ci ildən fəaliyyətə başlayan "Elektron hökumət" portalı artıq özündə 80-dən artıq qurumu birləşdirir. Hazırda 45 qurum tərəfindən 432 elektron xidmət, 220-dən artıq elektron ödəniş olmaqla, vətəndaşlara ümumilikdə 650-dən artıq elektron xidmət göstərilir. 35 qeyri-dövlət qurumu da portala qoşularaq bu xidmətlərdən yararlanır. Son illərdə istifadəçilərin sayı 10 dəfə artaraq 2,5 milyonu ötüb.
İnformasiya cəmiyyətinə keçidin vacib tələbi - hər evə kompüter
Ölkədə informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi, e-hökumət, e-ticarət, e-bankçılıq və s. kimi yeni virtual imkanların yaradılması həm də əhalinin kompüterləşmə səviyyəsinin yüksəldilməsinin önəmini daha da artırıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsələnin aktuallığını nəzərə alaraq 2009-cu ildə start verdiyi "Xalq kompüteri" layihəsi də ölkə miqyasında kopüterləşmə səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb.
Layihə müxtəlif sosial təbəqələrin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq, əhalinin qlobal informasiya məkanına inteqrasiyasının təşviqi üçün onların maarifləndirilməsi prosesinin sürətləndirilməsi, intellektual mülkiyyətin qorunması və İKT sahəsində kadrların hazırlanması kimi məqsədləri əhatə edir. Layihə çərçivəsində regionlardakı əhalinin kompüter əldə etməsinə münbit şərait yaradılması və aztəminatlı sosial qrupların dəstəklənməsi təqdirəlayiq haldır. İlkin mərhələdə müştərilər 20 mindən artıq kompüter əldə ediblər.
Mübariz ABDULLAYEV
"Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi - informasiya
cəmiyyətinə keçid" mövzusunda keçirilən müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31