Aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub
24.11.2016 [09:57]
Prezident İlham Əliyev: Bu gün artıq Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır
Məlum olduğu kimi xarici mənfi təsirlər nəticəsində yaranan şərait qarşıya bir sıra yeni çağırışlar qoyub. Belə ki, dünya birjalarında neftin kəskin dəyər itirməsinin fonunda iqtisadiyyatı neft amili ilə bu və ya digər dərəcədə bağlı olan ölkələr özlərinin iqtisadi potensialından daha səmərəli istifadə etmək qayğısına qalmalı və yeni inkişaf istiqamətləri müəyyənləşdirməlidirlər. Yeni şəraitdə Azərbaycan üçün isə belə mühüm sahələrdən biri kənd təsərrüfatıdır. Məhz buna görə də ölkəmiz hazırda aqrar sektorun dinamik inkişafına nail olmağı qarşıya strateji hədəf kimi qoyub. Çünki Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib. Əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır. Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aparılan məqsədyönlü siyasət isə öz bəhrəsini verməkdədir və son illərdə respublikamızda aqrar sahədə davamlı olaraq yüksək nəticələr əldə olunur. Kənd təsərrüfatında artım tempi cari ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Belə ki, ilin əvvəlindən bəri aqrar sektorda 2,4 faiz artım qeydə alınıb və gələcəkdə bu sahədə daha yaxşı nəticələrin əldə olunacağı proqnozlaşdırılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev noyabrın 12-də Beyləqan rayonuna səfəri çərçivəsində “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatı ilə tanışlıqdan sonra Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin işçiləri ilə görüşündə bir daha respublikamızda aqrar sektorun önəminə xüsusi diqqət çəkərək vurğulayıb ki, bu gün kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir.
Yeri gəlmişkən, beynəlxalq səviyyəli qurumlar da öz hesabatlarında Azərbaycanda aqrar sektorun geniş inkişaf perspektivinə malik olduğunu nəzərə çatdırırlar. Məsələn, Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının məlumatında Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunub. O da əlamətdar haldır ki, respublikamızda aqrar sektorun ayrı-ayrı istiqamətləri üzrə artım dinamikası ümumi inkişaf göstəricilərini daha da üstələyir.
Regionlarda aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır
Heç şübhəsiz regionlarda aqrar sektora dəstək tədbirləri sırasında dövlətin yaxından köməyi ilə yeni təsərrüfatçılıq metodlarının tətbiqinin önəmini xüsusi qeyd etmək lazımdır. Son illərdə intensiv metodlardan geniş istifadə olunması, yeni təsərrüfatçılıq üsullarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. Prezident İlham Əliyev ölkəmizdə yeni yaradılan iri fermer təsərrüfatlarının uğurla fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edərək deyib: “Bu gün artıq Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır”.
İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. Artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir.
Ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsindən söhbət açarkən regionlarda aqroparkların yaradılmasının önəmini də ayrıca qeyd etmək lazımdır. Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsal və ixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Belə aqroparklardan biri Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Növbəti aqropark isə Şəmkir rayonunda istifadəyə veriləcək. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə “Şabran Aqropark”ın təşkili işləri davam etdirilir. Yaxın gələcəkdə regionlarda müasir təsərrüfatların sayı daha da artacaq Ümumilikdə, respublikanın regionlarında 114,7 min hektar ərazidə 20-dən çox aqroparkın yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
“Qarabağ Taxıl”ın uğurlu fəaliyyəti dövlət və özəl sektorun əməkdaşlığına yaxşı nümunədir
Bir sözlə, respublikamızda aqrar sektorun yeni yanaşmalar, müasir təsərrüfatçılıq metodları əsasında inkişaf etdirilməsinə dövlət tərəfindən böyük diqqət göstərilir. Məlum olduğu kimi, son illərdə respublikamızda iri məbləğdə dövlət investisiyaları hesabına bir sıra infrastruktur layihələri həyata keçirilib. Nəticədə, regionların su, qaz, elektrik enerjisi təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Regionlarda çəkilən müasir yollar aqrar sektorun inkişafı baxımından böyük önəm daşıyır. Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarları hesabına kənd təsərrüfatında suvarılan torpaqların həcmi əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, eyni zamanda, yeni yaradılan konkret təsərrüfatlara da dövlət tərəfindən hər cür dəstək göstərilir. Yuxarıda da qeyd etdiyimiz kimi aqroparklardan biri Xaçmaz rayonunun Yalama qəsəbəsində fəaliyyətə başlayıb. Dövlət investisiyaları hesabına bəhs olunan təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qaz və elektrik xətləri çəkilib. Göründüyü kimi respublikamızda fermerlərə göstərilən dövlət qayğısı geniş spektrlidir və Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Dövlət öz tərəfindən nə lazımdırsa, onu edir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Dövlət tərəfindən fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayrılır, infrastruktur yaradılır”.
“Qarabağ Taxıl” da dövlət tərəfindən böyük dəstək göstərilən yeni təsərrüfat subyektlərindəndir. Bu layihənin həyata keçirilməsinə 10 milyon manat dövlət güzəştli krediti verilib. Təsərrüfatda tutumu 20 min ton olan taxıl anbarı kompleksi, gücü saatda 100 ton olan qurutma sistemi və tutumu 6 min ton olan logistik mərkəz yaradılıb. Dövlət investisiyaları hesabına “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində ümumi uzunluğu 10,7 kilometr, suötürücülük qabiliyyəti saniyədə 16-18 kubmetr olan beton örtüklü kanal, yığılmış suların ərazidən kənarlaşdırılması üçün iki yeraltı suötürücü hidrotexniki qurğu və 7 kilometr uzunluğunda əsas suaxıdıcı kollektor tikilib. Bundan əlavə, Beyləqan rayonu ərazisində 1500 hektar sahədə qrunt sularının təmizlənməsi üçün kompleks meliorativ tədbirlər aparılıb, 35/10 kilovoltluq “Dostluq” yarımstansiyasından Beyləqan-Xaçınabad yolunun kənarı ilə 7 kilometr uzunluğunda köhnə elektrik xətti tamamilə yenilənib, 35/10 kilovoltluq “Xocavənd” yarımstansiyasından yüksəkgərginlikli ikidövrəli elektrik xətti çəkilib. Həmçinin ərazidən keçən, uzunluğu 23 kilometr olan Daşburun-Beyləqan-Xaçınabad avtomobil yoluna asfalt örtük döşənib.
“Qarabağ Taxıl” MMC “Səba” şirkətinin müəssisəsi və istehsal sahələrindən biridir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikada ilk özəl pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC Ağcabədi və Beyləqan rayonlarının ərazisində müasir suvarma sistemlərinin tətbiqi ilə 4800 hektar sahədə yaradılıb. Bu təsərrüfat dövlət və özəl sektor əməkdaşlığının gözəl nümunəsidir. Beyləqana səfəri çərçivəsində yuxarıda bəhs olunan görüşdəki çıxışında bu məqama toxunan Prezident İlham Əliyev deyib: “Qarabağ Taxıl” böyük təsərrüfatdır. Böyük investisiyalar qoyulub, o cümlədən dövlət tərəfindən maddi dəstək göstərilib, güzəştli şərtlərlə kredit ayrılmışdır və bu, dövlət-özəl sektorun birgə fəaliyyətinin nəticəsidir”.
Ölkənin ərzaq təminatının möhkəmləndirilməsi üçün hər qarış torpaqdan səmərəli istifadə olunmalıdır
Hazırda dünyada müşahidə edilən tendensiyaların qlobal miqyasda gündəmə gətirdiyi yeni çağırışlar sırasında ölkələrin ərzaq təhlükəsizliyi məsələsi xüsusi önəm daşıyır və bu məsələ milli dövlətlərin iqtisadi-siyasi təhlükəsizliyinin vacib bir komponenti qismində çıxış edir. Ayrı-ayrı beynəlxalq təşkilatlar dünyanın ərzaq təminatının getdikcə pisləşəcəyi ilə bağlı bədbin proqnozlar verirlər. Dünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir ki, Yer üzündə təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir.
Bütün bu deyilənlərin fonunda Azərbaycanda Prezident İlham Əliyevin ölkənin ərzaq təminatının daxili istehsalın genişləndirilməsi hesabına gücləndirilməsinə göstərdiyi siyasi iradə milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Prezident İlham Əliyev vurğulayıb ki, hər bir dövlət, o cümlədən Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etməlidir.
Yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı da ilk növbədə daxili ərzaq tələbatının yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm kəsb edir. Son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir və eyni zamanda, normativ-hüquqi baza möhkəmləndirilir. Respublikamızda Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib və uğurla yerinə yetirilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Respublikamızda əhalinin üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur. Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, respublikamıza xaricdən mal-qara, ət və süd məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalıb.
Son illərdə respublikamızda ərzağa olan daxili tələbatın yerli istehsalın genişləndirilməsi hesabına təmin olunması istiqamətində diqqətəlayiq uğurlar əldə olunsa da, bu sahədə potensial daha böyükdür. Prezident İlham Əliyev bəhs olunan görüşdə diqqəti torpaqlardan səmərəli istifadə edilməsinin zəruriliyinə yönəldib. Azərbaycanın əkinə yararlı torpaq fondu çox deyil. Belə olan halda ayrı-ayrı regionlarda bəzən torpaqların istifadəsiz qalması və yaxud səmərəli istifadə edilməməsi yolverilməzdir. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib ki, bir qarış torpaq da istifadəsiz qalmamalıdır: “Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır”.
Aqrar sektorda yeni ixrac imkanları yaradılır
Yeni şəraitdə qarşıya qoyulan əsas məqsədlərdən biri də aqrar sektorda geniş ixrac imkanlarının yaradılmasına nail olmaqdır. Bu məqsədlə cari ildən etibarən ölkəmizdə ixracın təşviqi mexanizmi işə salınıb. Eyni zamanda, Prezident İlham Əliyevin bir qədər bundan əvvəl imzaladığı müvafiq Fərmana əsasən, “Made in Azerbaijan” brendinin yaradılması ölkəmizin ixrac imkanlarının genişlənməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Son illərdə müasir aqrar-sənaye komplekslərinin yaradılması nəticəsində respublikamızın xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanları da artıb. Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. İxrac dinamikası 2016-cı ilin arxada qalan dövrü ərzində də yüksək olub. Belə ki, cari ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub. Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar, xurma xüsusi yer tutur. Xarici bazarlarda Azərbaycanda yetişdirilən yüksəkkeyfiyyətli fındığın satışı ilə də bağlı hər hansı bir problem yoxdur. Azərbaycanda xarici istehlak bazarlarında böyük tələbat duyulan bir sıra başqa məhsulların yetişdirilməsi imkanları da kifayət qədər genişdir. Məsələn, ölkəmizdə badam, zeytun istehsalını artırmaq üçün hər cür şərait var.
Cari ilin əvvəlindən etibarən isə respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılıq, tütünçülük, baramaçılıq kimi sahələrin şöhrəti geri qaytarılır. Cari mövsümdə respublikanın 24 rayonunda 50 min hektardan artıq sahədə pambıq becərilib. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub. Cari ildə respublikamızda 2500 hektarda tütün əkilib və növbəti illərdə tütün əkilib-becəriləcək sahələr daha da genişləndiriləcək.
Yuxarıda deyilənlər yaxın perspektivdə Azərbaycanda aqrar sektorda istehsal və ixrac imkanlarının daha da artacağına böyük əminlik yaradır. Ölkədə aqrar sektorun artım dinamikasına istinad edən Prezident İlham Əliyev bildirib ki, biz həm daxili təlabatı ödəyəcəyik, həm də böyük ixrac potensialımız yaranacaq: “Biz yeni əkin sahələrini dövriyyəyə cəlb edirik və bu istiqamətdə işlər sürətlə gedir. Həm öz tələbatımızı ödəyəcəyik, həm də böyük ixrac potensialımız yaranacaq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53

