Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Strateji Yol Xəritəsinin reallaşdırılması nəticəsində Azərbaycanda aqrar sektorda yeni istehsal və ixrac imkanları yaranacaq

Strateji Yol Xəritəsinin reallaşdırılması nəticəsində Azərbaycanda aqrar sektorda yeni istehsal və ixrac imkanları yaranacaq

22.12.2016 [09:49]

Prezident İlham Əliyev: Kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir
Son illərdə dünyada enerji amili ilə bağlı müşahidə edilən qeyri-müəyyənliklər, o cümlədən də birjalarda neftin kəskin dəyər itirməsi fonunda milli dövlətlər üçün yeni çağırışlar meydana çıxıb. Yaranmış vəziyyətdə iqtisadiyyatı enerji amili ilə bu və ya digər dərəcədə bağlı olan ölkələr özlərinin iqtisadi potensialından daha səmərəli istifadə etmək qayğısına qalmalı və neft gəlirlərinin azalmasını kompensasiya etmək üçün yeni inkişaf istiqamətləri müəyyənləşdirməlidirlər. Yeni şəraitdə Azərbaycan üçün isə belə mühüm sahələrdən biri kənd təsərrüfatıdır. Prezident İlham Əliyev bu yaxınlarda Beyləqan rayonuna səfəri çərçivəsində “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatı ilə tanışlıqdan sonra Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin işçiləri ilə görüşündə respublikamızda aqrar sektorun önəminə xüsusi diqqət çəkərək vurğulayıb ki, bu gün kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir. Azərbaycan aqrar sektorun istehsal və ixrac imkanlarını artırmaqla yeni şəraitdə neft gəlirlərinin azalmasını əhəmiyyətli dərəcədə kompensasiya edə bilər.
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin təsdiqlənməsi respublikamızda postneft dövründə aqrar sektorun inkişafına ən yüksək səviyyədə siyasi iradə nümayiş etdirildiyini bir daha təsdiqləyir. Sənəddə vurğulandığı kimi, Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.
Aqrar sektorun inkişafının strateji istiqamət kimi seçilməsi ölkəmizin reallıqları ilə bağlıdır
Yeni şəraitdə aqrar sektorun inkişafının strateji istiqamət kimi seçilməsi və kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair ayrıca Strateji Yol Xəritəsinin təsdiqlənməsi ilk növbədə ölkəmizin reallıqları ilə bağlıdır. Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib. Əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır. Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aparılan məqsədyönlü siyasət isə öz bəhrəsini verməkdədir və son illərdə respublikamızda aqrar sahədə davamlı olaraq yüksək nəticələr əldə olunur. Kənd təsərrüfatında artım tempi cari ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Belə ki, ilin əvvəlindən bəri aqrar sektorda 2,4 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində perspektivdə ölkənin aqrar sektorunda nəticələrin daha da yaxşılaşacağına əminliyini nəzərə çatdıraraq deyib: “...Kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir”.
Yeri gəlmişkən, beynəlxalq səviyyəli qurumlar da öz hesabatlarında Azərbaycanda aqrar sektorun geniş inkişaf perspektivinə malik olduğunu nəzərə çatdırırlar. Məsələn, Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının məlumatında Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunub. O da əlamətdar haldır ki, respublikamızda aqrar sektorun ayrı-ayrı istiqamətləri üzrə artım dinamikası ümumi inkişaf göstəricilərini daha da üstələyir.
Bəhs olunan Strateji Yol Xəritəsində aqrar sektorda yaxın, orta və uzunmüddətli dövrdə istehsal və ixrac imkanlarının artırılmasına nail olmaq üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Strateji Yol Xəritəsinə əsasən respublikada rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılması məqsədilə əlverişli mühitin yaradılması üçün 9 strateji hədəf müəyyənləşdirilib. Sənəddə qeyd edildiyi kimi, bu strateji hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir.
Ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsinin strateji hədəf kimi müəyyənləşdirilməsi böyük aktuallıq daşıyır
Yuxarıda qeyd etdiyimiz kimi, bəhs olunan Strateji Yol Xəritəsinə əsasən respublikada ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi strateji hədəflərdən biri kimi müəyyənləşdirilib. Eyni zamanda, sənəddə bu strateji hədəfə çatmaq məqsədilə ərzaq təhlükəsizliyinin dayanıqlılığı və əhalinin ərzağa əlyetərliyi ilə bağlı məlumat və monitorinq sisteminin qurulması, əhalinin bütün təbəqələrinin etibarlı ərzaq təminatına nail olunması mexanizmlərinin formalaşdırılması, dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin yaradılması kimi prioritetlər nəzərdə tutulub.
Bəhs olunan Strateji Yol Xəritəsinə əsasən ölkəmizdə ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi ilə bağlı strateji hədəfin müəyyənləşdirilməsi heç də təsadüfi deyil. Hazırda dünyada müşahidə edilən tendensiyaların qlobal miqyasda gündəmə gətirdiyi yeni çağırışlar sırasında ölkələrin ərzaq təhlükəsizliyi məsələsi xüsusi önəm daşıyır və bu məsələ milli dövlətlərin iqtisadi-siyasi təhlükəsizliyinin vacib bir komponenti qismində çıxış edir. Ayrı-ayrı beynəlxalq təşkilatlar dünyanın ərzaq təminatının getdikcə pisləşəcəyi ilə bağlı bədbin proqnozlar verirlər. Dünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir ki, Yer üzündə təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir.
Bütün bu deyilənlərin fonunda Azərbaycanda Prezident İlham Əliyevin ölkənin ərzaq təminatının daxili istehsalın genişləndirilməsi hesabına gücləndirilməsinə göstərdiyi siyasi iradə milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Prezident İlham Əliyev yuxarıda bəhs olunan görüşdə vurğulayıb ki, hər bir dövlət, o cümlədən Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etməlidir.
Yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı da ilk növbədə daxili ərzaq tələbatının yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm kəsb edir. Son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir və eyni zamanda, normativ-hüquqi baza möhkəmləndirilir. Respublikamızda Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib və uğurla yerinə yetirilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Respublikamızda əhalinin üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur. Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, respublikamıza xaricdən mal-qara, ət və süd məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalıb.
Yeni yanaşmalar aqrar sektorda istehsal potensialının artırılmasında vacib faktorlardan biri qismində çıxış edir
Strateji Yol Xəritəsində həmçinin kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması hədəflənib. Qeyd olunan hədəfə çatmaq məqsədilə müəyyənləşdirilən prioritetlər içərisində isə yeni yanaşmaların tətbiqi formalarından olan fermer təsərrüfatçılığının formalaşdırılması və kooperasiyanın inkişafı mühüm yer tutur.
Son illərdə Azərbaycanda qabaqcıl dünya təcrübəsi əsas götürülməklə aqrar sektorda istehsal potensialının artmasına müsbət təsir göstərən intensiv təsərrüfatçılıq metodlarının tətbiqinə geniş meydan verilir. Deyə bilərik ki, intensiv metodlardan geniş istifadə olunması, yeni təsərrüfatçılıq üsullarının tətbiqi, müasir emal müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. Prezident İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində keçirilən görüşdə ölkəmizdə yeni yaradılan iri fermer təsərrüfatlarının uğurla fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edərək deyib: “Bu gün artıq Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır”.
İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. Artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir.
Ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsindən söhbət açarkən regionlarda aqroparkların yaradılmasının önəmini də ayrıca qeyd etmək lazımdır. Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsal və ixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Belə aqroparklardan biri Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Növbəti aqropark isə Şəmkir rayonunda istifadəyə veriləcək. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə “Şabran Aqropark”ın təşkili işləri davam etdirilir. Yaxın gələcəkdə regionlarda müasir təsərrüfatların sayı daha da artacaq. Ümumilikdə, respublikanın regionlarında 114,7 min hektar ərazidə 20-dən çox aqroparkın yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Hədəf ənənəvi və yeni ixrac bazarlarında daha geniş şəkildə təmsil olunmaqdır
Yeni iqtisadi şəraitdə ölkəmizin ümumi inkişaf hədəfləri sırasında aqrar sektorun prioritetliyinin təmin edilməsi, eyni zamanda, respublikamızın ixrac imkanlarının artırılması zərurəti ilə bağlıdır. Azərbaycanda geniş ixrac potensialına malik sahələrdən biri məhz aqrar sektordur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğulayıb ki, bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı lazımdır.
Ölkəmizin qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik, emal müəssisələrində buraxılan məhsullar mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. İxrac dinamikası 2016-cı ilin arxada qalan dövrü ərzində də yüksək olub. Belə ki, cari ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub. Cari ilin əvvəlindən etibarən isə respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılıq, tütünçülük, baramaçılıq kimi sahələrin şöhrəti geri qaytarılır.
Perspektivdə qarşıya qoyulan hədəf isə yeni satış bazarlarına çıxmaqdır. Azərbaycanın istehlak bazarları ilə əhatə olunması ölkəmizin böyük üstünlüyüdür. Digər üstünlüyümüz isə ondan ibarətdir ki, respublikamızda geni dəyişdirilmiş məhsullar yetişdirilmir. Azərbaycanın yüksəkkeyfiyyətli təbii kənd təsərrüfatı məhsulları, eləcə də emal sənayemizdə buraxılan mallar Rusiyanın və digər ölkələrin istehlak bazarlarında yaxşı tanınır və onlara tələbat kifayət qədər böyükdür. Biz həmin bazarlara yeni məhsullarımızı çıxartmalı və rəqabət imkanlarımızı daha da genişləndirməliyik. Eyni zamanda, Prezident İlham Əliyev qarşıya yeni satış bazarlarına çıxmaqla bağlı strateji hədəf qoyub: “... Biz yeni bazarlara baxmalıyıq. Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır, Çindir. Biz ora çıxmalıyıq”.
Yuxarıda deyilənlər kontekstində Strateji Yol Xəritəsində kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılmasının strateji hədəflərdən biri kimi müəyyənləşdirilməsi böyük aktuallıq daşıyır. Bəhs olunan hədəf çərçivəsində daxili bazar infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı bir sıra prioritetlər müəyyənləşdirilib. Eyni zamanda, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının ixrac bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün geniş əhatəli tədbirlərin görülməsi də bu Strateji Yol Xəritəsi çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdən biridir. Sənəddə vurğulanır ki, ilk növbədə, ixrac imkanlarının genişləndirilməsi baxımından zəruri şərtlərdən biri məhz bazar infrastrukturunun inkişafı ilə bağlıdır ki, bu baxımdan ölkədə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə bazar infrastrukturunun inkişafı tədbirləri ixraca da stimullaşdırıcı təsir göstərəcəkdir. Eyni zamanda, ənənəvi ixrac bazarlarına daha geniş miqyasda daxil olmaqla yanaşı, xüsusilə də yeni ixrac bazarlarına çıxış imkanlarının yaradılması istiqamətində kompleks dəstəkləyici tədbirlərə ehtiyac vardır. Ənənəvi və yeni satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə ixracın təşviqi və dəstəklənməsi istiqamətləri müəyyənləşdiriləcək. Strateji Yol Xəritəsində vurğulandığı kimi, bu zaman kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac bazarlarının coğrafiyasının genişləndirilməsi, rəqabət üstünlüyü olan məhsul istehsalçıları üçün ixracın təşviqi və dəstəklənməsi üzrə tədbirlər həyata keçiriləcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 854 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31