/ / Strateji Yol Xəritəsi Azərbaycanda ağır sənayenin və maşınqayırmanın qarşısında geniş inkişaf perspektivləri açır
Strateji Yol Xəritəsi Azərbaycanda ağır sənayenin və maşınqayırmanın qarşısında geniş inkişaf perspektivləri açır
07.01.2017 [10:44]
Prezident İlham Əliyev: Sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr bizə böyük xeyir gətirəcək
Yeni şəraitdə Azərbaycanda iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin edilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib. Ölkəmiz qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin olunmasına diqqəti artırmaqla bir tərəfdən müxtəlif mallara olan daxili istehlakı tam şəkildə yerli istehsal hesabına təmin etmək, digər tərəfdən isə xarici bazarlarda Azərbaycan brendi olan məhsullarla təmsil olunmaq və bu yolla neft sektorundan daxilolmaların azalmasını kompensasiya etmək məqsədi güdür. Müəyyənləşdirilən strateji kursa uyğun olaraq respublikamızda böyük əmək və investisiya tutumuna malik sənaye quruculuğuna güclü siyasi iradə nümayiş etdirilir ki, bu da ölkəmizin reallıqları ilə bağlıdır.
Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma, neft emalı və neft maşınqayırması sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən, ölkəmiz üçün rəqabətqabiliyyətli ixrac imkanları yaradan yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib.
Respublikamızda postneft dövründə sənaye quruculuğunun prioritetliyinin təmin edilməsi baxımından Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin təsdiqlənməsi xüsusi aktuallıq kəsb edir. Sənəddə qeyd edildiyi kimi, Strateji Yol Xəritəsinin başlıca məqsədi mövcud resurslar nəzərə alınmaqla və ağır sənaye və maşınqayırma sektorunda müasir tənzimləmə və təşviq siyasəti tətbiq edilməklə qeyri-neft sənayesinin dinamik inkişafı vasitəsilə ölkə iqtisadiyyatının diversifikasiyasına, ağır sənaye və maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun artırılmasına, ətraf mühitin qorunmasına və nəticədə, dayanıqlı iqtisadi inkişafa nail olmaqdan, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.
Neft gəlirlərinin azalmasını kompensasiya etməyin mühüm vasitələrindən biri qeyri-neft sənayesində istehsalın artırılmasına nail olmaqdır
Yeni şəraitdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafının iqtisadi sahədə siyasətin prioritet istiqaməti kimi müəyyənləşdirilməsi və ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin təsdiqlənməsi qlobal miqyasda müşahidə edilən trendlərlə sıx bağlıdır. Məlum olduğu kimi, dünyada müşahidə edilən proseslər, o cümlədən də birjalarda neftin kəskin dəyər itirməsi iqtisadiyyatı enerji amili ilə bu və ya digər dərəcədə bağlı olan ölkələr üçün yeni çağırışlar meydana çıxardıb. Bu çağırışlardan biri də ondan ibarətdir ki, məlum səbəblərdən neft gəlirləri azalan milli dövlətlər yeni valyuta daxilolmaları mənbələri tapmaq qayğısına qalmalıdırlar. Azərbaycan özü üçün belə mənbələri müəyyənləşdirib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bu xüsusda fikirlərini ifadə edərək vurğulayıb: “... Neft ixracının azaldılmasını biz qeyri-neft ixracı ilə əvəzləməliyik. Bu sahədə sənaye və kənd təsərrüfatı əsas istiqamətlərdir”.
Qeyd edək ki, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə əsasında qeyri-neft sənayesinin inkişafı üçün fundamental əsaslar yaradılıb və artıq sənaye quruculuğunun müsbət nəticələrindən geniş söhbət açmaq mümkündür. Son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Sənaye sektorunda inkişaf tendensiyası 2016-cı ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir. Prezident İlham Əliyev cari ilin 9 ayında qeyri-neft sənayesində 3,6 faiz artıma nail olunmasını yaxşı göstərici kimi səciyyələndirərək deyib: “İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6 faizdir, bu, yaxşıdır”.
İndiyədək yaradılan möhkəm baza postneft dövründə ağır sənayenin və maşınqayırmanın inkişafında mühüm rol oynayacaq
On illər ərzində yaranan ənənələri, möhkəm maddi-texniki bazanı, kadr potensialını nəzərə almadan Strateji Yol Xəritəsində müəyyənləşdirilən hədəflərə çatmaq, təbii ki, mümkün olmazdı. Sənəddə vurğulandığı kimi, Azərbaycan sənayesi və onun tərkib hissəsi olan ağır sənaye və maşınqayırma zəngin ənənələrə malikdir. Keçmiş ittifaq dönəmində Azərbaycanın maşınqayırma müəssisələrində buraxılan müxtəlif adda məhsullar 35 ölkəyə ixrac edilirdi.
Müstəqillik illərində neft-qaz sahəsinə yönəldilən investisiyalar neft maşınqayırması sahəsi ilə yanaşı, sənayenin digər sahələrinin də canlanmasına şərait yaradıb. 2004-cü ildən etibarən respublikamızın bütün sahələrdə dinamik inkişafına, maliyyə imkanlarının genişlənməsinə müvafiq olaraq qeyri-neft sənayesinin inkişafının yeni çərçivələri müəyyənləşdirilib. O cümlədən ötən dövrdə qeyri-neft sənayesinə daxil olan metallurgiya və maşınqayırma sahələrində də ciddi irəliləyiş müşahidə olunub. Belə ki, son 10 ildə maşınqayırma sənayesində məhsul istehsalı 15 dəfəyə yaxın artıb, sahənin qeyri-neft emal sənayesində payı 21,5 faizə çatıb. Təkcə 2015-ci ildə maşınqayırma sənayesi sahələrinin istehsal etdikləri məhsul və xidmətlər iki dəfə çoxalıb.
Azərbaycan iqtisadiyyatında mühüm yer tutan ağır sənaye və maşınqayırma sektoru, 2015-ci ilin məlumatlarına əsasən, 1 milyard 160 milyon manatlıq istehsal həcminə malik 258-dən çox təsərrüfat subyektindən ibarətdir və burada 21,1 min işçi çalışır. Azərbaycanda neft maşınqayırması məhsullarının böyük hissəsi “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan müəssisələrdə istehsal olunur. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 22 mart 2001-ci il tarixli 649 nömrəli Sərəncamı ilə yaradılıb. Cəmiyyət 100-ə yaxın çeşiddə və 600-dən artıq növ və ölçüdə maşın və avadanlıqlar, alət və ehtiyat hissələri istehsal edir. Kompleksə 9 zavod və 4 elmi tədqiqat institutu daxildir.
Perspektivdə Azərbaycanda ağır sənaye və maşınqayırma məhz belə güclü təməllər üzərində inkişaf edəcək. Strateji Yol Xəritəsinə əsasən müəyyənləşdirilən 2020-ci ilədək ağır sənaye və maşınqayırma sektoruna strateji baxış aşağı və orta dəyər məhsulları seqmentində ağır sənaye və maşınqayırma müəssisələrinin daxili iri istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmələrinə nail olmaq, regional bazarda Azərbaycan məhsullarının payını artırmaqdır. Strateji Yol Xəritəsinin icrasının 2020-ci ildə real ÜDM-də 1 milyard 560 milyon manat artıma, sənayedə 7700 daimi yeni iş yerinin yaradılmasına səbəb olacağı proqnozlaşdırılır. 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış aşağı və orta dəyər məhsulları seqmentinin əksər hissəsində dəyər zəncirinin yerli imkanlar hesabına formalaşdırılması, ölkə müəssisələrinin regional baxımdan tam rəqabətqabiliyyətli vəziyyətə gətirilməsi və Azərbaycan Respublikasının regionun ağır sənaye və maşınqayırma mərkəzinə çevrilməsidir. 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış isə Azərbaycanın ağır sənaye və maşınqayırma müəssisələrinin qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilərək yüksək dəyər məhsulları seqmentində məşhur brendlərin istehsalında iştirak etməsinə və Azərbaycandan qonşu ölkələrə texniki bilik, səmərəli istehsal və idarəetmə metodları ixracına nail olmaqdır.
Bəhs olunan Strateji Yol Xəritəsinə əsasən yaxın, orta və uzunmüddətli perspektivdə ölkədə ağır sənayenin və maşınqayırmanın inkişafını təmin etmək, istehsal və ixrac imkanlarını artırmaq məqsədilə 3 strateji hədəf müəyyənləşdirilib. Bunlar mövcud aktivlərin optimallaşdırılmasından, rəqabətədavamlı sektorun yaradılmasından, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarətdir.
Hazırda icrada olan layihələr hesabına ölkənin sənaye xəritəsi daha da zənginləşəcək
Son illərdə ağır sənaye və maşınqayırma sahəsində yeni istehsalat obyektlərinin istismara verilməsi nəticəsində ölkə sənayesinin strukturu təkmilləşib, regional əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Alüminium Zavodunun, o cümlədən Gəncə Alüminium Yarımfabrikatı Zavodunun, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının, Qaradağ Sement Zavodunun, Sumqayıt Karbamid Zavodunun, Gəncədə kənd təsərrüfatı texnikası və avtomobil zavodlarının, Naxçıvan Avtomobil Zavodunun, ATEF şirkətlər qrupunun İriqabaritli Transformatorlar Zavodunun, “Norm” Sement Zavodunun, Sumqayıt Plastik Emal Zavodunun, Mingəçevir Elektron Avadanlıqlar Zavodunun, polad boru, günəş panellər və metal konstruksiyalar müəssisələrinin qurulması ölkə iqtisadiyyatı üçün əhəmiyyətli hadisələrdir.
Hazırda ağır sənaye və maşınqayırma sahələrində bir sıra yeni layihələr həyata keçirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bu layihələrin önəmindən bəhs edərək vurğulayıb ki, sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr bizə böyük xeyir gətirəcək. Ölkədə reallaşdırılan iri sənaye layihələri arasında Sumqayıt Kimya Sənaye Parkında yaradılan müəssisələri xüsusi qeyd etmək mümkündür. Burada SOCAR Polimer kompleksinin tikintisinə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə yönəldilir. Müəssisənin iki ildən sonra məhsul istehsalına başlayacağı proqnozlaşdırılır. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Bundan başqa, parkın ərazisində xüsusi təyinatlı iri diametrli qofralı polietilen boru, polad boru, mexaniki avadanlıqlar və hidrotexniki avadanlıqlar istehsalı, “Float” texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı, respublikada ilk dəfə bitki mühafizəsi vasitələri - pestisidlər istehsalı üzrə müəssisələr rezident statusunda fəaliyyətə başlayıb. Balaxanı Sənaye Parkında təkrar emal üzrə müəssisələr qeydiyyatdan keçib, Qaradağ Sənaye Parkında müasir gəmiqayırma kompleksi istifadəyə verilib. Yüksək Texnologiyalar Parkına elmtutumlu və innovativ istehsalların cəlb olunması ilə bağlı işlər görülməkdədir. Neftçala Sənaye Məhəlləsində İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə avtomobil istehsalı istiqamətində fəaliyyətə başlanılıb. Pirallahı Sənaye Parkında ölkə üçün yeni sayılan əczaçılıq sənayesi üzrə istehsal qurğularının tikilməsi planlaşdırılır.
Qeyri-neft sənayesində hazırda icra olunan və planlaşdırılan layihələr sayəsində ölkəmizin sənaye xəritəsi daha da zənginləşəcək. Əlamətdar haldır ki, yeni müəssisələrdə buraxılan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara çıxarılacaq. Prezident İlham Əliyev yeni sənaye müəssisələri hesabına respublikamızın ixrac imkanlarının artacağından məmnunluq ifadə edərək deyib: “Biz indi sənaye parklarında, digər sahələrdə, metallurgiya sahəsində bir çox böyük sənaye layihələrini icra edirik və bu istehsal olunacaq məhsulların, demək olar ki, hamısı ixracyönümlüdür”.
Bu məqamda qeyd edək ki, hazırda ölkəmizdə nəhəng metallurgiya kompleksinin yaradılması istiqamətində intensiv işlər həyata keçirilir. Mütəxəssislər o qənaətdədirlər ki, yeni kompleksin işə düşməsi ilə respublikamızda ağır sənayenin və maşınqayırmanın inkişafında yeni bir səhifə açılacaq. Yeni metallurgiya kompleksi “xammaldan son ən keyfiyyətli məhsuladək” prinsipi əsasında fəaliyyət göstərəcək. Prezident İlham Əliyev yeni metallurgiya kompleksinin böyük investisiyatutumlu layihə olduğuna diqqət çəkərək bildirib: “... Bir neçə zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Böyük vəsait qoyulacaq və biz elə etməliyik ki, xammaldan son ən keyfiyyətli məhsula qədər Azərbaycanda istehsal olunsun və əminəm ki, istehsal olunacaq”.
Vurğulamaq yerinə düşər ki, artıq yeni metallurgiya kompleksinin yaradılması istiqamətində bir sıra zəruri işlər həyata keçirilib. “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə işləyən “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamı ilə özəlləşdirməyə açıq elan edilib. Özəlləşdirmə nəticəsində idarəetmə və istehsal proseslərinin təkmilləşdirilməsi və strateji investorların (o cümlədən xarici investorların) cəlb olunması gözlənilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamı ilə səhmləri dövlətə məxsus olan “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Bir müddət öncə isə Bakıda “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda keçirilən tədbir çərçivəsində Azərbaycanın “Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb. Sazişdə dəyəri 1 milyard 225 milyon avro olan dəmir konsentratından başlayaraq hazır polad təbəqələrinin istehsalını əhatə edən 5 müasir metallurgiya zavodunun tikilməsi nəzərdə tutulur. Kompleksin tikintisi zamanı 4000-ə yaxın, müəssisə fəaliyyətə başladıqdan sonra isə 1200 nəfər işlə təmin olunacaq. Bu kompleksin tikintisi metallurgiya sənayesi sahəsində müxtəlif çeşiddə məhsulların istehsalının genişləndirilməsinə və ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək.
Ağır sənayenin və maşınqayırmanın inkişafı ölkənin müdafiə qabiliyyətinin güclənməsi baxımından da böyük aktuallıq daşıyır
Ağır sənayenin və maşınqayırmanın inkişafının strateji məqsəd kimi müəyyənləşdirilməsi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından da böyük aktuallıq daşıyır. İşğala məruz qalmış bir ölkə kimi ordu quruculuğuna böyük önəm verən Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafı diqqət mərkəzində saxlanılır. Son illərdə Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan uğurlardan söhbət açarkən ölkəmizdə modern müdafiə sənayesinin yaradılmasını xüsusi vurğulamaq gərəkdir. Belə ki, respublikamızda ordu quruculuğu güclü hərbi sənaye ilə dəstəklənir. Strateji Yol Xəritəsində vurğulandığı kimi, son illərdə güclü müdafiə sənayesinin qurulması üçün ölkənin maşınqayırma potensialından istifadə edilməklə, 50-yə yaxın yeni istehsal sahəsi yaradılıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yaşayış binasında yaradılan şəraitlə tanış olarkən hərbçilərlə görüşdəki çıxışında Azərbaycanda ordu quruculuğunun planlı şəkildə aparıldığını bildirərək diqqəti ölkəmizin müdafiə sənayesinin uğurlu fəaliyyətinə yönəldib: “Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır. Bununla paralel olaraq, Azərbaycanda hərbi-sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir”.
Artıq ordumuzun müxtəlif döyüş texnikalarına olan təlabatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Bu müəssisələrdə buraxılan məhsullar hesabına ordumuzun xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15

