2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq
17.01.2017 [09:42]
Prezident İlham Əliyev: Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir
Artıq tarixə dönən 2016-cı il bütün dünyada bir sıra ziddiyyətli, narahatlıq doğuran məqamlarla yadda qalıb. Belə ki, ötən il qlobal miqyasda və regionda qanlı münaqişələr davam edib, ayrı-ayrı ölkələrdə sabitliyə və inkişafa yeni təhdidlər yaranıb. Avropada miqrant böhranı daha da dərinləşib, Yaxın Şərqdə müharibə alovları getdikcə şiddətlənir. Dünyada və regionda terror dalğasının miqyasının genişlənməsi və yeni coğrafiyalara yayılması xüsusi narahatlıq doğurur. Dünyadakı və regiondakı belə kədərli mənzərə ilə müqayisədə Azərbaycanın mənzərəsi böyük nikbinlik doğurur. Belə ki, qlobal mənfi təsirlərin yaratdığı müəyyən çətinliklərə baxmayaraq, ölkəmiz 2016-cı ildə də inamlı inkişafını davam etdirmək əzmi ortaya qoyub.
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25 illiyini yaxşı nəticələrlə qarşılayıb
Məlumdur ki, Azərbaycan son 13 ildə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, yüksək siyasi iradəsi sayəsində ölkəmizdə təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan sabitlik və inkişaf yolunu davam etdirib. Milli mənafeyə əsaslanan və xalqın güclü dəstəyini qazanan siyasət respublikamızı qlobal miqyasda böyük hörmət, yüksək imic qazanan ölkəyə çevirib. Təsadüfi deyil ki, hazırda dünyanın bir sıra ölkələri Azərbaycanın üstün cəhətləri ilə fərqlənən nümunəvi inkişaf modelinə böyük maraq göstərərək ondan öz təcrübələrində bəhrələnməyə çalışırlar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycanın seçdiyi yolun yeganə düzgün yol olduğunu bir daha vurğulayaraq deyib: “Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”.
Yeni çağırışlarla səciyyələnən 2016-cı ildə Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü böyük təntənə ilə qeyd olundu. Müstəqillik hər bir xalqın tarixi nailiyyətidir. Azərbaycan xalqı da respublikamızın müstəqilliyinə həmişə böyük həssaslıqla yanaşıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanın 25 illik müstəqillik tarixini bir neçə mərhələyə bölmək mümkündür. Mütəqilliyinin ilk illərində bir sıra ziddiyyətlərlə, daxili və xarici təhlükələrlə üzləşən Azərbaycan Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi hakimiyyətinə qayıdışından sonra məhz Onun uzaqgörənliyi, qətiyyəti sayəsində dövlət müstəqilliyini qorudu və gələcək inkişafın möhkəm əsaslarını yaratdı. 2003-cü il müstəqil Azərbaycanın tarixində seçim ili oldu. Xalq həmin ildə keçirilən növbəti prezident seçkilərində Ulu öndərin ideyalarına sədaqətini bir daha ifadə edərək Heydər Əliyev məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyevin namizədliyini dəstəklədi. Son 13 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu öndərin irsini yaşadaraq müstəqillik yolunda tarixi uğurlara imza atıb.
Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Bəhs olunan dövrdə neft gəlirləri hesabına Azərbaycanın maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb. Həmçinin 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına güclü impuls verib. 2004-cü ildən bəri Azərbaycanda orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilib ki, bu da bütün dünya üzrə ən yüksək göstəricilərdəndir. Bu müddətdə respublikamızda ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bunun da sayəsində Azərbaycan dünya ölkələri arasında 134-cü yerdən 79-cu pilləyə yüksəlib.
Yeni neft strategiyasının uğurla reallaşdırılması ilə respublikamız öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və hər cəhətdən güclü dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir.
Güclü iqtisadi inkişafın dərinməzmunlu sosial siyasətlə tamamlanması da müstəqil Azərbaycanı fərqləndirən əsas cəhətlərdəndir. Bütün ölkəboyu təhsil, səhiyyə infrastrukturunun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, respublikamızda sosial sahədə vəziyyət dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəldilməlidir. Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, respublikamızda dinamik iqtisadi artım hesabına yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən hazırda 4,9 faizə enib. Respublikamızda işsizlik də təxminən bu səviyyəyədək aşağı salınıb.
Ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü ölkə həyatının bütün sahələrində böyük uğurlarla qarşılayıb. Bundan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “2016-cı ildə biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik və bu gözəl bayramı yaxşı nəticələrlə, uğurlarla qarşılamışıq”.
Yeni şəraitdə qəbul edilən qərarlar perspektiv inkişaf üçün fundamental əsaslar yaradır
Respublikamızın zəngin iqtisadi potensialı və Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən prevantiv tədbirlər bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə də Azərbaycanın inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. 2016-cı ildə qəbul edilən qərarlar 2017-ci ildə və sonrakı perspektivdə inkişaf üçün fundamental əsaslar yaradır. Yeni iqtisadi şəraitdə Azərbaycanın uğurlu inkişafının təməlində məhz düşünülmüş siyasət, islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası amili dayanır. 2016-cı ilin əvvəlindən etibarən ölkəmizin mənzərəsi yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışlara uyğun həyata keçirilən dərin iqtisadi islahatlarla səciyyələnir. Prezident İlham Əliyev diqqəti ötən il Azərbaycanda həyata keçirilən islahatlara yönəldərək bildirib: “İqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmışdır. 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək”.
Əlamətdar haldır ki, başlanılan islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. Bu islahatlar iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Dövlət başçısının siyasi iradəsi əsasında start verilən yeni nəsil iqtisadi islahatlara uyğun olaraq istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunda vacib sağlamlaşdırma tədbirləri görülür. Yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi sistemi işə salınıb, “Made in Azerbaijan” brendinin yaradılmasına başlanılıb. Vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük nəzarətinin təşkilində şəffaflığın artırılması, tikinti sektorunun canlandırılması, daxili bazarın qorunması, idarəetmənin təkmilləşdirilməsi, xidmət sahəsində daha yüksək səviyyədə inklüzivliyə nail olunması və digər istiqamətlərdə qətiyyətli addımlar atılır.
Aparılan islahatlar çərçivəsində respublikada biznes mühitinin daha da optimallaşdırılması tədbirlərinin önəmini xüsusi qeyd etmək lazımdır. Ötən il dövlət başçısı qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib və bu qanun layihəsi parlamentdə qəbul edilib. Bundan başqa, Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” müvafiq Fərman imzalayıb. Çox haqlı olaraq bu addımlar Azərbaycanda sahibkarlıq sahəsində inqilabi dəyişiklik kimi qiymətləndirilir. Bəhs olunan hər iki sənəd dövlət başçısının sahibkarlara açıq dəstək verdiyini, onların arxasında dayandığını təsdiqləyir.
Ümumiyyətlə, yeni şəraitdə ölkənin iqtisadi inkişafının ardıcıllığını təmin etmək məqsədilə həyata keçirilən islahatların dairəsi kifayət qədər genişdir. 2016-cı ildə əldə olunan nəticələr aparılan islahatların səmərəliliyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir. Çətin keçən 2016-cı ildə Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlayıb və müəyyən inkişaf dinamikasına nail olub. Ötən il ölkəmizin qeyri-neft sənayesinin 5 faiz, kənd təsərrüfatının 2 faizdən çox artması çox yaxşı göstəricidir. Eyni zamanda, 2016-cı ildə respublikamızda bütün sosial proqramlar icra edilib. Respublikanın ayrı-ayrı bölgələrində qaçqın və məcburi köçkün soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınıb. Böhran ili olmasına baxmayaraq, əhalinin pul gəlirləri 7 faiz, orta əməkhaqqı 9 faiz artıb.
İslahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs neft gəlirlərinin azaldığı dövrdə, o cümlədən də 2017-ci ildə ölkəmizin uğurlu inkişafını təmin edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək. Prezident İlham Əliyev gələcək inkişafla bağlı nikbinliyini nəzərə çatdıraraq deyib: “Əminəm ki, bu nəticələr bu il və bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək”.
2016-cı ildə Azərbaycan valyuta ehtiyatlarını qoruyub və bundan sonra da qoruyacaq
Qeyd etdiyimiz kimi, dünya birjalarında neftin kəskin şəkildə ucuzlaşması iqtisadiyyatı neft amili ilə bağlı olan ölkələrə valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə azaldıb. Belə şəraitdə bəzi ölkələr özlərinin getdikcə artan maliyyə tələbatlarını ən asan yol kimi valyuta ehtiyatlarını xərcləməklə və yaxud ifrat borclanmaya getməklə ödəməyə çalışırlar.
Azərbaycana gəldikdə isə ölkəmiz özünün valyuta ehtiyatlarından səmərəli bəhrələnmək yolu tutub. Azərbaycanın nümunəsinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun vəsaitini qorumaq idi. Biz buna nail ola bilmişik”.
Məlumdur ki, son 13 ildə respublikamızda Dövlət Neft Fondunun vəsaitləri hesabına bir sıra nəhəng infrastruktur layihələri həyata keçirilib. Qısa müddətdə respublikanın müxtəlif bölgələrində Şəmkirçay su anbarının, Taxtakörpü su anbarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin, bir neçə elektrik stansiyasının, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin respublikamızdan keçən hissələrinin inşasını, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasına böyük dəstək göstərilməsini, bütün ölkə boyu qazlaşdırma aparılmasını yalnız Azərbaycan kimi güclü dövlət həyata keçirə bilərdi. Bəhs olunan irihəcmli investisiya layihələri özlərinin sosial əhəmiyyəti ilə yanaşı, yeni şəraitdə ölkədə iqtisadi inkişafın təmin olunmasında da mühüm rol oynayırlar.
Azərbaycan son 13 ildə belə irimiqyaslı layihələrə böyük həcmlərdə vəsait sərf etməklə yanaşı, eyni zamanda, özünün strateji valyuta ehtiyatlarının qorunması qayğısına qalıb. Ölkəmiz neft gəlirləri hesabına formalaşan strateji valyuta ehtiyatlarının risklərdən qorunması məqsədilə şaxələndirilmiş siyasət həyata keçirir. Belə ki, hazırda Neft Fondunun vəsaitləri bir neçə möhkəm valyutada, o cümlədən həm dollarda, həm avroda, həm də Britaniya funtunda saxlanılır. Belə şaxələndirmə siyasətinin nəticəsidir ki, ciddi qlobal risklər şəraitində Neft Fondunun vəsaitləri çox cüzi həcmdə - cəmi 4 faiz azalıb. Prezident İlham Əliyev qətiyyətlə bəyan edib ki, ölkənin strateji valyuta ehtiyatları bundan sonra da qorunacaq: “... Bu gün Azərbaycan Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. Biz bunu qorumuşuq, qoruyacağıq və əminəm ki, bu il bunu daha da artıracağıq”.
Nüfuzlu beynəlxalq reytinq agentlikləri Azərbaycanda görülmüş işləri yüksək qiymətləndirirlər
Yuxarıda vurğuladığımız kimi, Azərbaycanın uğurlu inkişaf modeli bütün dünyada yaxından izlənilir. Bu baxımdan nüfuzlu beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də böyük önəm daşıyır. Prezident İlham Əliyev bunu vacib bir məqam kimi dəyərləndirib: “Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu da çox vacibdir”.
Beləliklə, beynəlxalq səviyyəli reytinq agentliklərinin qiymətləndirmələrinə əsasən, Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərini çətin keçən 2016-cı ildə də qoruyub saxlayıb. Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 65-ci yerdə qərarlaşıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə yüksəlib. Bununla da Azərbaycan MDB məkanında yenə də lider mövqeyini saxlamağa müvəffəq olub. Həmin hesabata əsasən, Azərbaycan makroiqtisadi mühitin keyfiyyəti göstəricisinə görə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, infrastrukturun keyfiyyətinə görə isə 55-ci yerdədir. Aparılmış iqtisadi siyasət Azərbaycanın dünya ölkələri sırasında adambaşına düşən milli gəlirin həcminə görə nəzərəçarpacaq dərəcədə irəliləməsi ilə nəticələnib. Dünya Bankının təsnifatına əsasən, Azərbaycan 2004-cü ildə adambaşına milli gəlirinin həcminə görə yoxsul ölkələr qrupuna aid edilmişdisə, 2005-ci ildə aşağı-orta gəlirli, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olmuşdur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

