Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qanunvericiliyə edilmiş dəyişikliklər, eyni zamanda, vergi administrasiyasının yeni tələblərə uyğunlaşdırılması zərurətini yaradır

Qanunvericiliyə edilmiş dəyişikliklər, eyni zamanda, vergi administrasiyasının yeni tələblərə uyğunlaşdırılması zərurətini yaradır

03.03.2017 [09:46]

Vergi inzibatçılığının yeni strukturu iri vergi ödəyiciləri üzrə işlərin daha keyfiyyətli təşkilinə, orta sahibkarlarla münasibətlərin əsasən partnyorluq müstəvisində qurulmasına, kiçik sahibkarlara münasibətdə isə daha sadə və səmərəli vergi inzibatçılığının formalaşdırılmasına xidmət edir
Vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə qısa müddət ərzində beynəlxalq təşkilatlar, maliyyə institutları, sahibkarların ictimai birlikləri, biznes nümayəndələri ilə sıx və konstruktiv dialoq əsasında Vergi Məcəlləsinə və digər qanunvericilik sənədlərinə həm həcm, həm də mahiyyət baxımından ciddi və böyük dəyişikliklər edilməsi ilə bağlı layihələr hazırlanıb və 2016-cı ilin sonunda qəbul edilib. Bu dəyişikliklərin əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergi ödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin təmin olunması, nağdsız əməliyyatların həcminin artırılması, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunmasıdır.
Bu barədə Azərbaycan Respublikasının vergilər naziri, birinci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) yerləşdirilmiş məqaləsində ətraflı bəhs edilir. Vurğulanır ki, bununla yanaşı, Vergi Məcəlləsinə beynəlxalq təcrübəyə əsaslanan bir sıra mütərəqqi yeniliklərlə bağlı müddəalar da əlavə edilib.
Nazir qeyd edib ki, qanunvericiliyə edilmiş dəyişikliklər çoxvektorlu hədəflər müəyyən edir ki, bu da, şübhəsiz, vergi administrasiyasının yeni tələblərə uyğunlaşdırılması zərurətini yaradır: “Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi sahəsində son illər görülən böyük həcmli işlər, həmçinin qarşıya qoyulmuş yeni hədəflər daha çevik, yeni tələblərə adaptasiya oluna bilən, öz vəzifələrini zamanın çağırışlarına dərhal və adekvat uzlaşdıra bilən, müasir korporativ idarəetmə prinsiplərinə söykənən dinamik struktura malik administrasiyanın qurulmasını tələb edir. Vergi administrasiyasının rəhbərliyi qarşıya qoyulmuş bu hədəfin reallaşdırılması üçün praktiki addımlar atıb. Həm qanunvericilik, həm də vergi sistemində inzibatçılığın təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatları koordinasiya etmək məqsədilə Vergilər Nazirliyində İdarəetmə Mərkəzi yaradılıb. Bu Mərkəz Vergilər Nazirliyində keçirilən kollegiya iclaslarında qəbul edilmiş tədbirlər planlarında nəzərdə tutulmuş məsələlərin çevik və sürətlə icra edilməsi məqsədilə hazırda intensiv işlər görür”.
Məqalədə bildirilir ki, vergi sistemində aparılan islahatların məntiqi davamı administrasiyanın təkmilləşdirilməsini və təşkilati strukturunun transformasiyasını labüdləşdirir: “Vergilər Nazirliyi buna qədər də daim canlı və dinamik qurum kimi fəaliyyət göstərib, öz inzibati resurslarını və sistemdaxili strukturunu iqtisadiyyatın dəyişən tələblərinə uyğun qurub, zərurət yarandıqca vergi inzibatçılığında və idarəetmə sistemində islahatlar aparıb. Bununla belə, milli vergi administrasiyasındakı son dəyişikliklər istər mahiyyət, istərsə də əhatə baxımından daha genişdir. Bu, 2002-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə aparılmış və vergi inzibatçılığının regional prinsiplər əsasında həyata keçirilməsini nəzərdə tutan köklü struktur və təşkilati islahatlardan sonra vergi xidmətinin bütün idarəetmə həlqələrinin, menecment sisteminin dəyişilməsini ehtiva edən və vergi ödəyiciləri yönümlü administrasiyaya çevrilməsini nəzərdə tutan ikinci belə transformasiyadır”.
Bildirilib ki, vergi sisteminə yeni baxış bucağı, ilk növbədə, iki mühüm prinsip üzərində qurulur. Bunlardan birincisi və ən önəmlisi “fərdi yanaşma” prinsipi, ikincisi isə sahibkarlıq subyektləri ilə “partnyorluq münasibətlərinin qurulması və dərinləşdirilməsi” prinsipidir. Vergilər Nazirliyi sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin qurulmasına artıq bir neçə ildir başlasa da, yeni yanaşmada bu münasibətlərin konkret əsaslara keçilməsi və dərinləşdirilməsi, vergi ödəyicilərinin öhdəliklərinin dəqiqləşdirilməsi, onlara müasir və innovativ xidmətlərin göstərilməsi əsas götürülüb. Bu məqsədlə yenə də beynəlxalq təcrübədən faydalanaraq intizamlı vergi ödəyiciləri üçün “yaşıl dəhliz” prinsipi əsasında innovativ yeniliklərə söykənən fərdi və sürətli ünvanlı xidmətlər sisteminin tətbiqi qərara alınıb.
Beləliklə, bu mühüm prinsiplər vergi orqanlarının yeni təşkilati strukturunun formalaşdırılması üçün təməl kimi qəbul edilib və Vergilər Nazirliyinin strukturunun müasir tələblər əsasında yenidən qurulmasına gətirib.
Yeni təşkilati strukturun mühüm elementlərindən biri kimi nazirliyin mərkəzi aparatında Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti yaradılıb. Departamentin birbaşa funksiyalarına vergi ödəyiciləri ilə işin konstruktiv dialoq, qarşılıqlı etimad və partnyorluq əsaslarında qurulmasına, onların məlumatlandırılmasına, ödəyicilər üçün özəl təlimlərin təşkil edilməsinə, bu məqsədlə geniş təşkilati və administrativ tədbirlərin həyata keçirilməsinə, nəticə etibarilə vergi mədəniyyətinin yüksəldilməsinə nail olmaq daxildir.
Qeyd etmək lazımdır ki, 2017-ci ilin yanvar ayından başlayaraq intizamlı vergi ödəyiciləri üçün “yaşıl dəhliz” prinsipi əsasında ənənəvi və innovativ üsullara söykənən fərdi və sürətli ünvanlı xidmətlərin göstərilməsinə təşkilati və inzibati nəzarəti məhz bu yeni struktur yerinə yetirir. Bu ödəyicilər ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də əldə edirlər. Belə xidmətlərə videobağlantılar, çağrı və xidmət mərkəzlərində növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün “dəyirmi masa”, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir. Koordinasiya işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan ayrılan kuratorlar onlara ünvanlı xidmətlər göstərirlər. Bütün bunlar intizamlı vergi ödəyicilərinin stimullaşdırılmasına və sahibkarların rahat fəaliyyət göstərməsinə xidmət edir. Bu, digər vergi ödəyiciləri üçün də nümunədir və şübhəsiz ki, intizamlı vergi ödəyicisi olmağın üstünlüklərini nümayiş etdirməklə digər ödəyiciləri də buna təşviq edəcək.
Vergi ödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti metodlarının təhlil olunmuş məlumatlar əsasında seçilməsi, vergi potensialının daha dəqiq qiymətləndirilməsi, risklərin müasir İKT vasitələrindən istifadə edilməklə idarə olunmasını həyata keçirmək, eləcə də çoxsaylı dövlət qurumlarının inteqrasiya olunmuş elektron məlumat bazalarından əldə edilmiş məlumatların emalını təmin etmək məqsədilə nazirliyin strukturunda Vergi risklərinin təhlili və nəzarəti departamenti fəaliyyət göstərir.
Nazirliyin aparatında aparılmış digər dəyişikliklərlə idarəetmə funksiyalarının təkmilləşdirilməsi, vergi orqanlarının fiskal funksiyalarına daxil olan sahələr üzrə əlaqələndirilməsi, o cümlədən vergi nəzarəti, audit, vergi borclarının alınması sahəsində fəaliyyətin effektivliyinin artırılması məqsədilə Vergi qanunvericiliyinin icrasına nəzarət və Vergi öhdəliklərinin icrasına nəzarət departamentləri yaradılıb.
Nazirliyin mərkəzi aparatında 2 yeni mərkəz də təsis edilib. Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzi (İTM) vergi sistemində informasiya texnologiyalarının daha geniş tətbiqi və nazirliyin İKT strategiyasının səmərəli həyata keçirilməsi ilə məşğul olur və bu sahədə vahid idarəetməni təmin edir. İTM-in əsas vəzifəsi vergi orqanlarında informasiya proseslərinin əlaqələndirilməsinə, geniş imkanlara malik proqram təminatlarının hazırlanması və onların fasiləsiz işlək vəziyyətdə saxlanılmasına, məlumat təhlükəsizliyinin təmin edilməsinə, bu sahələrdə risklərin qiymətləndirilməsinə, informasiya ehtiyatlarının və sistemlərinin mümkün təhdidlərdən qorunmasına, elektron imza vasitələrinin hazırlanması, tərtibi və idarə edilməsinə, müasir informasiya texnologiyaları infrastrukturu qurmaqla vergi inzibatçılığının təkmilləşdirilməsinə töhfə verməkdir.
Media və Kommunikasiya Mərkəzi isə vergi ödəyicilərinin və cəmiyyətin bütün təbəqələrinin məlumatlandırılması, vergi sistemində həyata keçirilən islahatların, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin İKT-nin imkanlarından istifadə etməklə ictimaiyyətə düzgün çatdırılması, bu sahədə yeni yanaşmaların və yeni vahid kommunikasiya siyasətinin formalaşdırılması, media ilə işlərin müxtəlif platformalarda və sosial müstəvilərdə yenidən təşkili və genişləndirilməsi məqsədilə yaradılıb.
Paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərən vergi orqanlarının da strukturunda ciddi dəyişikliklər edilib. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Departament ləğv edilərək onların bazasında Vergilər Nazirliyi yanında Milli gəlirlər departamenti, Bakı şəhəri Lokal gəlirlər departamenti və Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamenti yaradılıb. Bu departamentlərin yaradılması “dövriyyə intervalları” prinsipinə söykənir və vergi ödəyiciləri ilə işin qurulmasında yanaşmaları diferensiallaşdırmaq, iri, orta və kiçik sahibkarlarla fərdi yanaşma əsasında işləmək məqsədi daşıyır. Artıq strukturların fəaliyyət prinsipləri, vergi ödəyiciləri ilə işin qurulması ilə bağlı normativ-hüquqi bazası da təsdiq edilib.
Həyata keçiriən struktur və kadr islahatlarının daha bir mühüm məqamı yeni yaradılmış departamentlərdə direktorlar və baş direktorlar institutunun təsis edilməsidir.
Nazir məqaləsində onu da qeyd edib ki, vergi inzibatçılığının yeni strukturu, ilk növbədə, iri vergi ödəyiciləri üzrə işlərin daha keyfiyyətli təşkilinə, orta sahibkarlarla münasibətlərin əsasən partnyorluq müstəvisində qurulmasına, kiçik sahibkarlara münasibətdə isə daha sadə və səmərəli vergi inzibatçılığının formalaşdırılmasına xidmət edir. Fərqli dövriyyəyə malik və fərqli sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə fərdi yanaşma prinsipinin tətbiqi belə ödəyicilərə daha səmərəli xidmətlərin göstərilməsinə, onlarda vergi nəzərəti tədbirlərinin minimallaşdırılmasına, həmin ödəyicilərə münasibətdə vergilərlə bağlı bütün tədbirlərin vahid vergi orqanından, faktiki olaraq “bir pəncərə” prinsipi üzrə həyata keçirilməsinə imkan verir.
NADİR

Paylaş:
Baxılıb: 924 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31