Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar Azərbaycanın inkişafının qarantıdır

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar Azərbaycanın inkişafının qarantıdır

31.03.2017 [17:47]

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli liderimiz Heydər Əliyev müasir, müstəqil Azərbaycanın əsasını qoydu. Bu gün yerləşdiyi bölgənin aparıcı iqtisadi-siyasi aktoruna çevrilən, dünyada layiqli iqtisadi tərəfdaş qismində tanınan və qəbul edilən Azərbaycan dövlətinin uğurlarının əsasında birmənalı şəkildə Ulu öndərimizin əsasını qoyduğu düzgün, qətiyyətli və milli maraqlara söykənən siyasi-iqtisadi kurs dayanır. Belə ki, Ulu öndərimizin rəhbərliyi ilə qısa zaman çərçivəsində həyata keçirilən islahatlar yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının əsas konturlarını müəyyənləşdirdi. Bu həm də ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionunda mühüm siyasi-iqtisadi aktora çevrilməsində əsaslı rol oynadı. Belə ki, Ulu öndərimizin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və dövlət idarəetmə sistemində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin yenidən dirçəlməsinə güclü təkan verdi.
Ulu öndərin hakimiyyətə qayıdışının ardından aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı. Bir məqama diqqət yetirmək gərəkdir ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi proseslərin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilib, 100-dən çox Fərman və Sərəncam imzalandı. Bundan başqa, 30-a yaxın Dövlət Proqramı təsdiq edildi. Bu normativ-hüquqi sənədlərin başlıca məqsədini müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, bazar iqtisadiyyatının formalaşdırılması, dövlət idarəetməsinin təkmilləşdirilməsi, vətəndaşların sosial və iqtisadi hüquqlarının daha dolğun təmin edilməsi təşkil edirdi. Ümumilikdə isə 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i Ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunub. Məhz Ulu öndər Heydər Əliyev strategiyasının həyata keçirilməsi sayəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiya qoyuldu.
Qeyd etmək yerinə düşər ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ildən sonrakı mərhələdə Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını mərhələli şəkildə həyata keçirdi. İlkin olaraq güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxıldı, sonra iqtisadiyyatın sabitliyi təmin olundu və nəhayət, iqtisadiyyatın dirçəlişi və yüksək xətlə inkişafı istiqamətində əsaslı işlər görüldü. Respublikamızda iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilməklə öz müsbət nəticələrini verdi. İslahatların hüquqi bazasını təşkil edən "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Torpaq islahatı haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", "Banklar və bank fəaliyyəti haqqında", "Müflisləşmə və iflas haqqında" və bir sıra digər qanunlar qəbul edildi, vergi qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm dəyişikliklər olundu, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" təsdiq edildi.
Həmin dövrdə həyata keçirilən islahatlar istər sənaye, istərsə də qeyri-sənaye sahələrinin, o cümlədən neft sənayesinin yenidən qurulmasını təmin etdi. Özəl sektorun yaradılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar yeni bazar münasibətlərinin formalaşdırılmasına təkan vermiş oldu. Xüsusilə qeyd olunmalıdır ki, aparılan iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Bu isə 1996-cı ildən ümumi daxili məhsulun artmasında əsaslı rola malik oldu.
Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına da təkan verdi. Aparılan torpaq islahatları nəticəsində 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylandı, kolxoz və sovxozların yerində yeni məzmunlu özəl sektor - fermer təsərrüfatları yaradıldı. Bu, ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri olan dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli zəmin yaratdı. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur", - deyən Ulu öndər Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ulu öndərin müəyyən etdiyi və Onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Eləcə də, sahibkarların vergi yükünün azaldılması məqsədilə mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınması, kiçik sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi tətbiq edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazasının yaradılması və bu sahədə müvafiq Dövlət proqramlarının təsdiqi qısa zaman kəsiyində özəl sektorun yaranmasına böyük töhfələr verdi.
Beləliklə, iqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. Məsələn, 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə, xərcləri isə 72 dəfə artdı.
Ulu öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlandı. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkəmizdə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.
Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı inkişaf etməkdə olan ölkələr qrupunda öncül mövqeyə çıxarıb. Ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində respublika həyatında bütün sferalarda olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib. Ölkədə sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılır və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaradır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi yeni bazar münasibətlərinin inkişafına dəstək verib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət proqramlarında isə ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılması, əhalinin sosial problemlərinin həlli məsələləri nəzərdə tutulub. Birmənalı şəkildə demək olar ki, bu gün yerləşdiyi Cənubi Qafqaz regionunun əsas iqtisadi gücü sayılan Azərbaycan dövlətinin əldə etdiyi inkişaf Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, Prezident İlham Əliyev tərəfindən davam etdirilən strateji xəttin məntiqi nəticəsidir.
Pərviz SADAYOĞLU
"İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir"

Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31