Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ümummilli lider Heydər Əliyev yeni iqtisadi sistemə transformasiyanı və çoxmülkiyyətli iqtisadiyyatın formalaşmasını təmin etdi

Ümummilli lider Heydər Əliyev yeni iqtisadi sistemə transformasiyanı və çoxmülkiyyətli iqtisadiyyatın formalaşmasını təmin etdi

11.04.2017 [14:57]

Ümummilli liderimiz Heydər Əliyev milli dirçəlişin mükəmməl fəlsəfi konsepsiyasına əsaslanaraq bütün sahələrdə müasir Azərbaycanın etibarlı bünövrəsini yaradıb. Ulu öndərin respublikamıza rəhbərliyinin birinci dövründə, yəni 1969-1982-ci illərdə güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində bugünkü müstəqil Azərbaycan qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub. Uzaqgörən siyasətçi Heydər Əliyevin çox böyük səyləri hesabına həmin dövrdə Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, çoxlu sayda sosial təyinatlı binalar, məktəblər, xəstəxanalar, sənaye müəssisələri tikildi, yollar salındı. Heydər Əliyevin səyi nəticəsində on minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil alması üçün şərait yaradıldı. Ulu öndərin 14 illik fəaliyyəti ərzində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Azərbaycan keçmiş müttəfiq respublikalar sırasında ön yerlərdən birini tutdu.
Əslində, Ulu öndər belə genişmiqyaslı fəaliyyəti ilə təkcə ittifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanın möhkəm təməlini qoydu. 1993-cü ilin iyununda Ümummilli liderin xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra isə iqtisadi tərəqqinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Bu mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğunun və kompleks islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaratdı. Ümummilli lider Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətini dərinliklərinə qədər məharətlə tədqiq edərək fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli dinamik inkişafın alt sütunlarını təşkil etməklə, perspektiv siyasi-iqtisadi proseslərin nəticələri də nəzərə alınmaqla tərtib olunan zəngin konsepsiya idi.
Ulu öndərin milli dövlətçilik konsepsiyasının bütün atributları öz real təsdiqini tapmaqla, Azərbaycanın iqtisadi, siyasi, sosial, humanitar inkişaf trayektoriyasını müəyyən etdi. Ümummilli lider Heydər Əliyev davamlı sosial-iqtisadi inkişafa nail olmaq üçün təkamül yolu ilə yeni iqtisadi sistemə transformasiyanı və çoxmülkiyyətli iqtisadiyyatın formalaşmasını təmin etdi. Ulu öndərin rəhbərliyi ilə ölkəmizin potensial imkanları, milli mənafeləri, xarici dövlətlərlə qarşılıqlı münasibətləri, iqtisadi əməkdaşlığın yolları, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla, Azərbaycanın demokratik islahatlar platforması, inkişafın mükəmməl və özünü təsdiq edə biləcək şaxələri yaradıldı.
Azərbaycan dövləti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Ölkədə genişmiqyaslı torpaq islahatı həyata keçirildi. Dövlətin mülkiyyətində olan torpaqlar kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkənin maliyyə sistemində tədricən sabitlik yarandı, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı.
1994-cü il sentyabrın 20-də Ulu öndərin gərgin əməyinin və qətiyyətinin nəticəsi olaraq "Əsrin müqaviləsi"nin imzalanması ilə yeni neft strategiyasının əsası qoyuldu. Bu kontrakt siyasi-iqtisadi və hüquqi baxımdan qlobal əhəmiyyəti ilə bərabər, milli maraqlarımızın təmin olunması üçün güclü strateji saziş idi. Bununla da, Azərbaycan öz maddi sərvətlərinə, neft-qaz ehtiyatlarına sahibliyini qətiyyətlə təsdiqlədi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açaraq dinamik inkişafın təməl prinsiplərindən birinə çevrildi. "Əsrin müqaviləsi" ölkəmizin müstəqilliyinin, iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın dünyada analoqu olmayan templə davamlı inkişafı üçün etibarlı zəmin yaratmaqla yanaşı, respublikamızın iri trans-kommunikasiya və qlobal layihələrdə iştirakına, Böyük İpək Yolunun bərpasına, transnəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsinə yol açdı. Bu müqavilənin imzalanması və sonrakı mərhələdə uğurla reallaşdırılması Azərbaycanın enerji və iqtisadi təhlükəsizliyinin möhkəmlənməsi, güclü maliyyə ehtiyatlarının formalaşması, iqtisadiyyatın kapital resurslarına olan ehtiyacının ödənilməsi üçün möhkəm əsaslar demək idi. 
1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə yanaşı, həm də strateji əhəmiyyətinə görə fərqlənirdi. Beləliklə, iqtisadi sahədə yeni qanunların qəbul olunması, Azərbaycanın iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri milli inkişafı təmin etməklə bərabər, respublikamızın dünya ölkələri ilə inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına çıxış üçün əlverişli imkanlar yaratdı. Bazar iqtisadiyyatının tənzimlənmə mexanizmləri və iqtisadi subyektlərin fəaliyyətinə dövlət nəzarət sisteminin gücləndirilməsi, yeni iqtisadi münasibətlərin fəlsəfi-hüquqi-iqtisadi əsaslarının möhkəmlənməsi, yeni iqtisadi təfəkkürün formalaşması milli iqtisadiyyatın inkişafını sürətləndirdi. Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşdı, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edildi. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir.
Ulu öndərin yürütdüyü siyasət, ilk növbədə, ölkədə sosial-iqtisadi inkişafın və regional siyasətin gücləndirilməsi, sahibkarlığa dövlət qayğısının artırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi kimi mühüm həlqələri əhatə etməklə, bu iqtisadi strategiyanın uğurla həyata keçirilməsinə güclü təkan vermiş oldu. Bu siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dəyişikliklər özünü təkcə bazar münasibətlərinin dərinləşməsində deyil, həm də işgüzar mühitin aktivləşməsi və dinamikləşməsində, sahibkarlıq subyektlərinin sayının gündən-günə artmasında göstərdi.
1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı. Məsələn, 1994-cü ildə minimum pensiya məbləği təxminən 1 manat təşkil etdiyi halda, bu rəqəm 2003-cü ildə 20 manatı ötdü. Orta aylıq əməkhaqqı isə təxminən 5 dəfə artdı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 95 faiz, sənaye məhsulunun həcmi 25,7 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. İnflyasiya səviyyəsi isə 2-3 faizə endirildi. Büdcə gəlirləri 1995-ci ildə 500 milyon manat olduğu halda 2003-cü ildə 1,5 milyard manatı ötdü. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,5 milyard manat, xərcləri isə 1,7 milyard manat təşkil etdi. Bu illər ərzində bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. Azərbaycan inkişaf etmiş ölkələr qrupuna daxil olmağa başladı.
Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın keçid iqtisadiyyatını tamamilə arxada qoymasına nail olub. Prezident İlham Əliyev həyata keçirdiyi mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bu nümunəvi model ölkəmizin ümumi iqtisadi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, onun bütün istiqamət və konturlarını özündə əks etdirir. Bu siyasət Azərbaycanın iqtisadi tərəqqisinə, dünya düzənində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.
Bu gün ölkəmizin tərəqqisinin əsasında məhz Ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olub. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub.
Zahid İLHAMOĞLU
Məqalə İqtisadi İnkişaf Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

Paylaş:
Baxılıb: 808 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31