Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 2017-ci ilin birinci rübündə Azərbaycanda iqtisadi inkişaf təmin olunub

2017-ci ilin birinci rübündə Azərbaycanda iqtisadi inkişaf təmin olunub

12.04.2017 [09:36]

İlham Əliyev: İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır
Son 13 ildə Azərbaycan bütün dünyada daim inkişafa istiqamətlənən bir dövlət kimi tanınıb. Bu baxımdan xarici mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şərait də istisna deyil. Belə ki, dünya birjalarında neftin kəskin şəkildə ucuzlaşması fonunda Azərbaycanda da müəyyən çətinliklər yaşansa da, respublikamızda iqtisadi aktivliyin azalmasının qarşısı qətiyyətlə alınıb. Ölkəmiz 2015-2016-cı illərdəki ümumdünya iqtisadi böhranın fəsadlarını uğurla aradan qaldırıb və inkişaf yoluna çıxıb. 2017-ci ilin birinci rübünün uğurlu nəticələri bunu bir daha təsdiqləyir. Təsadüfi deyil ki, aprelin 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlət başçısı ilin əvvəlindən bəri iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə əldə olunan müsbət göstəricilərdən məmnunluq ifadə edərək vurğulayıb: “2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir”.
İqtisadiyyatın əsas göstəriciləri üzrə yaxşı nəticələr əldə olunub
Nazirlər Kabinetinin bəhs olunan iclasında Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlı ifadə etdiyi fikirlər yeni şəraitdə Azərbaycanın inkişafı ilə bağlı böyük nikbinlik yaradır. Prezident İlham Əliyev bildirib ki, birinci rübdə ölkəmiz uğurla inkişaf edib, bizim bütün proqnozlarımız həyatda öz əksini tapır. Əlamətdar haldır ki, cari ilin ilk üç ayı ərzində ölkə iqtisadiyyatının bütün prioritet istiqamətləri üzrə müsbət dinamika müşahidə edilib. Bu da ona dəlalət edir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır və yarana biləcək bütün risklərə qarşı böyük müqavimət gücünə malikdir. Prezident İlham Əliyev diqqəti iqtisadiyyatın bütün əsas sektorları üzrə əldə olunan müsbət göstəricilərə yönəldərək deyib: “İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır”.
Yeri gəlmişkən, qlobal reytinq agentlikləri də Azərbaycanın iqtisadi inkişaf göstəricilərini müsbət qiymətləndirirlər. Nüfuzlu beynəlxalq qurumların hesabatlarında Azərbaycanın iqtisadi rəqabətlilik, biznesə başlamaq və digər istiqamətlər üzrə reytinqi ilbəil artır. Ümumdünya İqtisadi Forumunun yaydığı 2016-2017-ci illər üzrə qlobal rəqabətqabiliyyətlilik hesabatında respublikamız 138 ölkə arasında 3 pillə irəliləyərək 37-ci pillədə qərar tutub. Prezident İlham Əliyev Azərbaycanın reytinqinin yüksəlməsini müsbət hal kimi dəyərləndirərək bildirib ki, ölkəmiz iqtisadi potensialını bundan sonra da gücləndirəcək: “Biz böhranlı illərdə öz reytinqimizi üç pillə artıra bilmişik. İnkişafda olan ölkələr arasında reytinqə görə isə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür. Budur bizim işimizə verilən real və etibarlı qiymət. Biz bu yolla gedəcəyik, iqtisadi potensialımızı gücləndirəcəyik”.
Dünyanın ayrı-ayrı ölkələrində məlum səbəblərdən iqtisadi aktivliyin aşağı düşdüyü və tənəzzül yaşandığı bir dövrdə Azərbaycanın 2017-ci ilə inamla başlaması müsbət nümunə kimi diqqəti cəlb edir. Bəs müəyyən çətinliklərlə müşayiət olunan yeni şəraitdə də respublikamızın uğurlarını şərtləndirən əsas amillər hansılardır? Təbii ki, yaranan müəyyən çətinliklərin uğurla dəf edilməsi və ölkənin inkişafa istiqamətlənməsi, necə deyərlər, sehrli çubuğun sayəsində baş verməyib. Azərbaycanın iqtisadi inkişafı ölkənin güclü potensialına və perspektiv hədəflər nəzərə alınmaqla əvvəlcədən müəyyənləşdirilən konseptual əsaslara söykənir. Respublikamızın ötən illərdə yaradılan reallıqları, həmçinin düşünülmüş siyasət, kompleks islahatlar və qarşıya qoyulan planların müvəffəqiyyətlə icrası kimi mühüm amillər Azərbaycanın yeni şəraitdə inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. İslahatlar kursu, iqtisadiyyatın prioritet sahələrinin inkişafına göstərilən davamlı səylər, ardıcıllıqla həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Ölkənin ümumi inkişaf strategiyası, yaxın və perspektiv hədəflər müəyyənləşdirilərkən qlobal iqtisadi inkişaf təcrübəsində özünü doğruldan kriteriyaların, yeni çağırışların və respublikanın ənənələrinin, digər spesifik cəhətlərin nəzərə alınması bütövlükdə Azərbaycan iqtisadiyyatının dinamikliyini, investisiya cəlbediciliyini təmin edib.
Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar artıb
Məlum olduğu kimi, dünya birjalarında neftin kəskin şəkildə ucuzlaşması iqtisadiyyatı neft amili ilə bağlı olan ölkələrə valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə azaldıb. Belə şəraitdə bəzi ölkələr özlərinin getdikcə artan maliyyə tələbatlarını ən asan yol kimi valyuta ehtiyatlarını xərcləməklə və yaxud ifrat borclanmaya getməklə ödəməyə çalışırlar. Hazırda hətta bir sıra inkişaf etmiş ölkələrdə belə xarici borc ümumi daxili məhsuldan çoxdur və valyuta ehtiyatları xarici borcun heç 20 faizini belə qarşılaya bilmir.
Azərbaycana gəldikdə isə ölkəmiz özünün valyuta ehtiyatlarından səmərəli bəhrələnmək yolu tutub. Azərbaycanın nümunəsinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Birinci rübdə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıbdır. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir. Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə aşağı düşüb, bu il nəinki qoruya bilmişik, birinci üç ayda biz əlavə 1 milyard dollar qazanmışıq. Əminəm ki, biz il ərzində valyuta ehtiyatlarımızı artıracağıq. Bax, bu, çox önəmli məsələdir”.
Azərbaycan son 13 ildə irimiqyaslı layihələrə böyük həcmlərdə vəsait sərf etməklə yanaşı, eyni zamanda, özünün strateji valyuta ehtiyatlarının qorunması qayğısına qalıb. Ölkəmiz neft gəlirləri hesabına formalaşan strateji valyuta ehtiyatlarının risklərdən qorunması məqsədilə şaxələndirilmiş siyasət həyata keçirir. Belə ki, hazırda Neft Fondunun vəsaitləri bir neçə möhkəm valyutada, o cümlədən həm dollarda, həm avroda, həm də Britaniya funtunda saxlanılır. Belə şaxələndirmə siyasətinin, həmçinin iqtisadiyyatın restrukturizasiyası istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, ciddi qlobal risklər şəraitində strateji valyuta ehtiyatlarını qorumaq mümkün olur. Prezident İlham Əliyev ölkənin valyuta ehtiyatlarının xarici borcu beş dəfədən çox üstələməsini bütün dünya üzrə nadir nümunə kimi səciyyələndirərək deyib: “Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Hesab edirəm ki, bu, dünya miqyasında çox nadir hallarda rast gəlinən bir mənzərədir”.
İxracın 50 faiz artması böyük nailiyyətdir
Azərbaycanın istər sənaye, istərsə də aqrar sektorda geniş ixrac imkanları var. Öz növbəsində ölkəmizdə ötən ildən işə salınan təşviq mexanizmi ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır.
Respublikamızda səmərəli təşviq mexanizmi praktiki müstəvidə həyata keçirilən zəruri tədbirlərlə dəstəklənir. Dövlət başçısının tapşırığına uyğun olaraq artıq ixrac missiyalarının təşkilinə və digər tədbirlərin icrasına başlanılıb. Bir neçə istiqamət üzrə məhsul istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib. Bu baxımdan regionlarda aqrar sektorda yetişdirilən məhsulun mərkəzləşdirilmiş qaydada tədarükü və bazarlara çıxarılması istiqamətində görülən işlər də xüsusilə diqqətəlayiqdir. Azərbaycanın yüksək rəqabətqabiliyyətli məhsullarının vahid məlumat bazasının yaradılması və bu məhsulların xarici bazarlara çıxışını təmin etmək üçün həmçinin Azexport.az portalı fəaliyyətə başlayıb.
Ölkəmizdə ötən ildən işə salınan təşviq mexanizmi, həmçinin praktiki müstəvidə görülən tədbirlər respublikamızdan xarici istehlak bazarlarına ixrac olunan məhsulun həcminin artmasına müsbət təsir göstərir. Bu tendensiya cari ilin birinci rübündə də qorunub saxlanılıb. Belə ki, 2017-ci ilin ilk üç ayı ərzində iqtisadi sahədə qazanılan uğurlar sırasında ixracın həcminin artması, idxalın azalması, ticarət dövriyyəsinin genişlənməsi xüsusilə diqqəti cəlb edir. Prezident İlham Əliyev qeyd olunan sahələrdə göstəricilərin yaxşılaşmasını respublikada həyata keçirilən siyasətin nəticəsi kimi səciyyələndirib: “Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz artmışdır. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artmışdır, idxal isə 17 faiz azalmışdır. Bu da bizim siyasətimizin təzahürüdür”.
Aqrar sektorun və sənayenin inkişafı istiqamətində dövlətin başladığı işlər daha da sürətlənməlidir
Azərbaycan artıq özünün postneft dövründə strateji inkişaf istiqamətlərini seçib. Ölkəmizdə qeyri-neft sektoru üzrə bir sıra sahələrin üstün inkişafı perspektivdə də təmin ediləcək. Prezident İlham Əliyev vurğulayıb ki, sənaye istehsalı və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdir. Bu sahədə dövlətin başladığı işlər daha da sürətlənməlidir.
Prezident İlham Əliyev ölkəmizdə sənayenin və kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələri də diqqətə çatdırıb. 2016-cı ildə qəbul edilmiş qərarlar və görülən işlər nəticəsində bu il inşaat sektorunda canlanma müşahidə edilir. Bakıda 300-dən çox yeni hündürmərtəbəli bina tikilir və minlərlə yeni iş yeri yaradılır, inşaat sektorunda 2016-cı ilin sonundan başlayan yüksəliş davam etdirilməli, köhnə binaların sökülməsi və yeni binaların inşası pilot layihəsi gücləndirilməli və bütün şəhər və rayonları əhatə etməlidir. Sumqayıtdakı SOCAR Polimer zavodunun istehsal etdiyi xammal, ilk növbədə, iş adamları tərəfindən alınmalı və yeni iş sahələri yaradılmalıdır. Xarici sərmayənin ölkə iqtisadiyyatına cəlb olunması sahəsində işlər görülməli və bu sahəyə diqqət artırılmalıdır. Sahibkarlığın inkişafına dövlət diqqəti və qayğısı davam etdirilməli, daha da artırılmalıdır. Rayonlarda sənaye mərkəzlərinin yaranması sürətləndirilməlidir.
Aqrar sektorda qarşıya qoyulan vəzifələrin miqyası da kifayət qədər genişdir. Cari ildə 150 min hektar yeni torpaq sahəsinin suvarılması ilə bağlı başlanmış iş yekunlaşmalıdır. Bu, kənd təsərrüfatı məhsullarının istehsalına ciddi təsir göstərəcək. Kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılmış Pivot Suvarma zavodu, Pestisid zavodu və gələn il inşa ediləcək Azot gübrələri zavodunun tikintisi sürətləndirilməlidir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalına öz töhfəsini göstərməlidir. Kənd təsərrüfatı sahəsində böyük aqrar zonaların və iri fermer təsərrüfatlarının yaradılması işi davam etdirilməli, bu sahəyə nəzarət gücləndirilməlidir.
Ölkəmizdə bir sıra sahələrin, o cümlədən də kənd təsərrüfatının və sənayenin inkişafının bundan sonra da diqqət mərkəzində saxlanılması isə təsadüfi deyil. Ekspertlər bunun ölkəmizin reallıqları ilə bağlı olduğunu bildirirlər. Qəzetimizə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov vurğulayıb ki, Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib. Əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır. “Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aqrar sektorda çalışan özəl sahibkarlıq subyektləri dövlətdən davamlı olaraq siyasi və maddi dəstək almaqla yanaşı, eyni zamanda, torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunublar. Davamlı dövlət dəstəyi sayəsində aqrar sektorda böyük istehsal imkanları yaranıb”, - deyə Eldar İbrahimov bildirib.
Eldar İbrahimov qeyd edib ki, yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı ilk növbədə daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Komitə sədrinin qənaətinə görə, fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması aqrar sektorun potensialından daha səmərəli istifadə etməklə ölkənin ixrac imkanlarını artıracaq. Təsadüfi deyil ki, həyata keçirilən tədbirlər sayəsində ölkədən ixrac olunan məhsulların strukturunda aqrar sektorun çəkisi ilbəil artır.
Milli Məclisin komitə sədri əminliyini ifadə edərək vurğulayıb ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin bəhs olunan iclasında müəyyənləşdirdiyi hədəflər respublikamızda aqrar sektorun istehsal və ixrac imkanlarının daha da artmasına müsbət təsir göstərəcək.
“2017-ci ilin birinci rübünün iqtisadi göstəriciləri nikbindir. Hətta bir çox istiqamətlər üzrə proqnozları belə üstələmişdir. Əslində, bu uğurların bünövrəsi əvvəlki illərdə atılan addımlarla qoyulub”. Bu fikirləri isə qəzetimizə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, 2016-cı ildə ölkə Prezidentinin iradəsi ilə keçirilən dərin iqtisadi islahatlar öz nəticələrini 2017-ci ilin birinci rübündə də göstərməyə başlamışdır. Onun sözlərinə görə, makroiqtisadi sabitliyin təmin olunması, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi, ixracın artırılması, yeni iş yerlərinin açılması - bütün bunlar ölkə Prezidentinin 2016-cı ildə elan etdiyi hədəflər idi.
“Qısa müddət keçməsinə baxmayaraq, bütün bu hədəflər üzrə müsbət nəticələrin əldə edilməsi aparılan iqtisadi siyasətin effektivliyindən və nəticə yönümlülüyündən xəbər verir. Bu həm də ölkədə yaradılmış əlverişli sahibkarlıq mühitinin öz bəhrələrini verdiyini göstərir. Birinci rübdə əldə olunan nəticələr ölkə iqtisadiyyatının yeni artım mənbələri hesabına formalaşması fazasına daxil olduğunu göstərir. Keçən illərdə yeni iqtisadi artım mənbələrinin aktivləşdirilməsi və inkişaf etdirilməsi dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynadı. 2017-ci il bütövlükdə iqtisadi artım ili kimi proqnozlaşdırılıb. Sevindirici haldır ki, ilin ilk rübündə əldə olunan nəticələr qarşıya qoyulan hədəflərə çatmaqda bütün potensialın mövcud olduğunu nümayiş etdirdi”, - deyə T.Mirkişili qeyd edib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 872 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31