Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda daxili tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

Azərbaycanda daxili tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

21.04.2017 [09:07]

Prezident İlham Əliyev: Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək
Azərbaycan öz iqtisadi siyasətini yeni şəraitdə meydana çıxan çağırışlara uyğun qurub. Məlumdur ki, hazırda qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalar fonunda milli dövlətlərin ərzaq və digər istehlak mallarına tələbatının təmin edilməsi böyük aktuallıq daşıyır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), digər beynəlxalq qurumların hesabatlarında dünya üzrə ərzağa tələbatın getdikcə artdığı bildirilir. Bu kontekstdə hər dövlət özünün daxili tələbatının ilk növbədə yerli istehsal hesabına təmin edilməsi qayğısına qalmalıdır.
Meydana çıxan digər mühüm çağırış isə ixrac potensialının artırılması ilə bağlıdır. Son illərdə Azərbaycan da daxil olmaqla iqtisadiyyatı neft amili ilə bu və ya digər dərəcədə bağlı olan ölkələrin gəlirləri müəyyən qədər azalıb. Belə şəraitdə neft daxilolmalarının azalmasını qeyri-neft iqtisadiyyatı üzrə ixracın artırılmasından qazanılan gəlirlər hesabına kompensasiya etmək mümkündür. Ölkəmiz yeni şəraitdə həyata keçirdiyi iqtisadi siyasətdə bəhs olunan bu iki çağırışı əlaqələndirərək həm daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olmağa, həm də qeyri-neft sektorunda yeni ixrac potensialı yaratmağa böyük səy göstərir. Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki nitqində xüsusi olaraq vurğulayıb ki, bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik.
Azərbaycandakı gözəl investisiya mühiti istehsal və ixrac imkanlarını artırmaq üçün geniş imkanlar açır
Yeni şəraitdə qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artmasını şərtləndirən amillər sırasında Azərbaycanın investisiya qoyuluşu baxımından cəlbedici ölkə olmasını xüsusi qeyd etmək lazımdır. Respublikamızda mövcud olan davamlı sabitlik, həmçinin həyata keçirilən məqsədyönlü siyasət sayəsində kifayət qədər əlverişli investisiya mühiti formalaşıb ki, bu da iqtisadi aktivlik baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ölkəmizi fərqləndirən bu cəhətə diqqət çəkərək deyib: “Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Biz son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb etmişik”.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib.
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixdə imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərmanı da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
İnvestisiyaların təşviqi mexanizminin işə salınması ölkəmizin sərmayə cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Sahibkarlar təşviq mexanizminin üstünlüklərindən bəhrələnərək müxtəlif sahələrə investisiyalar yönəltməyə böyük maraq göstərirlər. Prezident İlham Əliyev bundan məmnunluq ifadə edərək bildirib: “İnvestisiya təşviqi mexanizmi işə salındı. Artıq qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd verilmişdir. Bu proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulur və qoyulacaqdır”.
İnvestisiyaların strukturuna nəzər saldıqda aydın olur ki, həm yerli, həm də xarici investorlar Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarına sərmayələr yönəltməkdə maraqlıdırlar. Müəyyən çətinliklərlə müşayiət olunan 2016-cı ildə də ölkəmizə investisiya qoyuluşu yüksək səviyyədə olub. Yaradılmış gözəl sərmayə iqlimi hesabına Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə cəlb edilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdən birini tutur.
Daxili tələbatın ödənilməsi birinci dərəcəli vəzifədir
Qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan əhalinin ərzaq təhlükəsizliyinə və digər mühüm istehlak malları ilə yüksək səviyyədə təmin olunmasına ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir. Prezident İlham Əliyev vurğulayıb ki, daxili tələbatın yerli məhsullarla ödənilməsi birinci dərəcəli vəzifədir: “Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”.
Son 13 ildə respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Ölkədə mühüm istehlak mallarına tələbatın yerli istehsal hesabına təmin edilməsi üçün normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib və uğurla yerinə yetirilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncama əsasən isə ölkədə ərzaq və digər mühüm tələbat mallarına olan tələbatın daha dolğun şəkildə ödənilməsini təmin etmək üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılıb. 2017-ci il 10 fevral tarixdə isə Prezident İlham Əliyev respublikamızda qida təhlükəsizliyinin möhkəmləndirilməsi siyasətinin davamı olaraq “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda bildirildiyi kimi, ölkəmizdə qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. 2018-ci il yanvarın 1-dən işə başlayacaq Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə geniş tərkibdə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb.
Ərzaq və digər mühüm istehlak malları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə həmçinin praktiki müstəvidə məqsədyönlü tədbirlər həyata keçirilir. Bəhs olunan müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verərək bildirib ki, istehsalın dəstəklənməsi və ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir. Belə ki, cari ilin ilk rübündə ümumi idxal 17, qeyri-neft idxalı isə 20 faiz azalıb. Spesifik rüsumlar tətbiq edilən məhsullardan sement və klinker idxalı 92, kafel-metlax idxalı 55, alçipan idxalı 49, fındıq idxalı 58, pomidor idxalı 49, armud idxalı 37, alma idxalı 33 faiz azalıb, ərzaqlıq yumurta və soğan idxalı isə, demək olar ki, dayanıb. Ölkəmizdə məhsullar üzrə təminetmə səviyyəsi artdıqca, təhlillər aparıldıqdan sonra əlavə məhsullar da siyahıya daxil ediləcək.
Ümumiyyətlə, respublikamızda bir sıra istehlak mallarına daxili tələbatın yerli istehsal hesabına təmin edilməsində müsbət dinamikanın müşahidə edilməsi böyük nailiyyətdir. Hazırda respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir. Ölkədə aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, respublikamızda heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə artıb və xaricdən mal-qara, ət və süd məhsullarının idxalı azalıb. Hazırda respublikamız mal əti ilə özünü 94, qoyun əti ilə 99, süd və süd məhsulları ilə 88 faiz, əmtəəlik yumurta ilə 99 faiz daxili istehsal hesabına təmin edir. Prezident İlham Əliyev daxili tələbatın yerli istehsal hesabına ödənilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edərək deyib: “Növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaqdır”.
İxrac potensialının artmasına təkan verən yeni layihələr icra edilir
Ölkəmizdə ötən ildən ixracın səmərəli təşviqi mexanizmi işə salınıb və hazırda “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində zəruri tədbirlər görülür. Prezident İlham Əliyevin ixracın təşviqinin stimullaşdırılması ilə bağlı ötən il imzaladığı müvafiq sənədlərə uyğun olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3-6 faizi həcmində təşviq vəsaiti ödənilir.
Həyata keçirilən bu və ya digər tədbirlər isə öz növbəsində sahibkarların ixracyönümlü məhsul istehsalına marağını artırıb. Bu isə cari ilin ixrac göstəricilərində də öz əksini tapıb. İqtisadiyyat naziri Şahin Mustafayevin məlumatına görə, bu ilin ilk rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6 faiz (üzən platformanı istisna etsək, 32,5 faiz), o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 44 faiz, sənaye məhsullarının ixracı isə, həmin platformanı istisna etsək, 25 faiz artıb.
Perspektivdə isə ölkənin ixrac imkanlarının genişləndirilməsi ilə bağlı yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Son illərdə aqrar sektorda yeni yanaşmalara, o cümlədən də intensiv metodların, qabaqcıl təcrübənin tətbiqinə geniş yer verilir ki, bütün bunlar da istehsal və ixrac imkanlarının artmasında öz əksini tapır. Bu baxımdan aqroparkların yaradılmasının önəmini ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsal və ixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Yaradılan aqroparkların önəminə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Hazırda 24 rayonda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına 1,1 milyard manat dəyərində sərmayə qoyulur. Bu aqroparkların yerləşdiyi ərazi, istifadə etdiyi torpaq sahəsi 142 min hektardır. Əminəm ki, bu aqroparkların fəaliyyətə başlaması nəticəsində biz daxili tələbatı 100 faiz ödəyəcəyik və çox böyük ixrac potensialımız yaranacaqdır”.
Müşavirədə vurğulandığı kimi, respublikamızın ixrac potensialının artmasına böyük təkan verəcək növbəti layihələr suvarma ilə bağlıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev torpaqlardan səmərəli istifadə edilməsi, həmçinin dövriyyəyə yeni torpaq sahələrinin cəlb olunması məsələlərini gündəmə gətirib. Respublikamızda cari ildə təqribən 150 min hektar əraziyə su verilməsi qarşıya məqsəd qoyulub. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, bu, böyük inkişafa təkan verəcək bir layihə olacaq: “Təkcə bu il 150 min hektar əlavə əkin sahəsi dövriyyəyə cəlb ediləcək. Orada müxtəlif çeşidli məhsullar yetişdiriləcək və bu da əlavə ixrac potensialımız deməkdir. Bu, böyük inkişafa təkan verəcək bir layihə olacaqdır”.
Məhsullarımız dünya standartlarına cavab verməlidir
İxracın genişləndirilməsini şərtləndirən vacib amillərdən biri də yetişdirilən məhsulun keyfiyyəti ilə bağlıdır. İndiki yüksək rəqabət şəraitində xarici istehlak bazarlarına ancaq yüksək keyfiyyət göstəricilərinə malik məhsullarla çıxmaq mümkündür. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Təbii ki, ixrac ediləcək məhsullar beynəlxalq standartlara cavab verməlidir. Əks təqdirdə, onların ixrac perspektivləri olmayacaq. Ölkəmizdə fəaliyyət göstərən laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir və bu məsələ tezliklə öz həllini tapmalıdır. Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatlar xarici ölkələr tərəfindən tanınmalıdır”.
Qeyd etmək yerinə düşər ki, son vaxtlarda məqsədyönlü ixrac siyasətinə uyğun olaraq ölkədə keyfiyyət infrastrukturunun təkmilləşdirilməsinə və dünya standartlarına uyğunlaşdırılmasına böyük diqqət göstərilir. Məlum olduğu kimi, Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixində “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Fərmana əsasən ölkəmizdə “Standartlaşdırma haqqında” yeni qanun qəbul ediləcək. Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının layihəsini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Hazırda müvafiq qurumlar hər iki sənədin layihəsi üzərində intensiv iş aparırlar. Bundan başqa, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin bəhs olunan qurumun tələblərinə uyğunlaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədilə “Texniki tənzimləmə haqqında” qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub.
Paralel şəkildə keyfiyyət infrastrukturunun texniki-normativ bazasının təkmilləşdirilməsi və müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Təkcə ötən il 12 standart işlənərək dövlət qeydiyyatına alınıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 904 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31